Modern.az

“Əl-Cəzirə” ilə müqavilə bağlayan "Xəzər" rəqiblərini geri qoymaq iddiasında

“Əl-Cəzirə” ilə müqavilə bağlayan "Xəzər" rəqiblərini geri qoymaq iddiasında

Reportaj

14 Oktyabr 2011, 13:35

Modern.az portalının “Redaksiyalardan reportaj” layihəsinin bu dəfəki ünvanı “Xəzər” televiziyası oldu. Qeyd edək ki, “Xəzər” televiziyası Modern.az-ın İctimai Televiziya və AzTV-dən sonra redaksiyasından reportaj hazırladığı üçüncü telekanaldır.

“Xəzər” Azərbaycan teleməkanında ən son yaranan telekanal olsa da, qısa zamanda özünü sübut edərək geniş tamaşaçı auditoriyası toplaya bilib. 2007-ci il oktyabrın 2-də açılan “Xəzər”  televiziyasının bir neçə gün öncə 4 yaşı tamam oldu.

Efir qarşısında əyləşən tamaşaçı həmişə TV “mətbəxi”nə maraq göstərib və “ekrandan o yanda” kimlərin çalışdığını bilmək istəyib. Biz də bunları nəzərə alıb “Xəzər”də kimlərin çalışdığını oxuculara tanıtmaq istədik. Televiziya rəhbərliyinə zəng edib məqsədimizi-televiziya işçilərinin fəaliyyəti, iş şəraiti və iş günü ilə bağlı reportaj hazırlamaq istədiyimizi bildirdikdə, təklifimiz müsbət qarşılandı.

“AzTV kimi böyük əjdahaların yanında çox şeyə iddia etmirik”

 “Xəzər”də bizi televiziyanın kadrlar üzrə rəhbər şəxsi Vüqar İsayev qarşıladı və bələdçiliyi də özü etdi. “Xəzər”in üçmərtəbəli ofisinə “ekuskursiya”mıza elə üçüncü mərtəbədən başladıq. Bu mərtəbədə proqram müdiri, yayım müdiri, proqramlar departamentinin aparıcılarının və müxbirlərinin otağı yerləşir. Eyni zamanda “Xeyir körpüsü”, “Səyyah”, “Vüqarla dünya turu” verilişlərinin montaj otağı da bu mərtəbədədir. Bundan əlavə, üçüncü mərtəbədə “Xəzər FM” radiosu və arxiv yerləşir. Vüqar İsayev arxiv otağı ilə tanışlıq zamanı bildirdi ki, onlarda bütün arxiv elektrondur və şəbəkə sistemindədir. Yəni lazım olan material üçün müxbirin arxivdən gəlib onu götürməsi vacib deyil, öz kompüterindən istədiyi materialı izləyə bilər.

Televiziyalara xas tələskənlik və qaçhaqaç proqram departamentinin işçiləri arasında hiss olunurdu. Hərə öz işini vaxtında yerinə yetirə bilmək üçün tələsir, məsləhətləşmələr aparırdı.

Üçüncü mərtəbə ilə tanışlıqdan sonra televiziyanın direktor müavininin otağına daxil oluruq. Direktor müavini Xəlil İbrahim artıq bizi gözləyirdi.

Xəlil bəy ilk olaraq bizə “Xəzər” televiziyasının yaranmasından danışdı. Bildirdi ki, 2007-ci ildə Azərbaycanda yeni telekanalın açılması ilə bağlı müsabiqə elan olunanda “Xəzər”in iki məsul şəxsi təsisçi olaraq vəzifələndirilib və onların rəhbərliyi altında bu televiziya yaranıb. “Azərbaycan teleməkanında ən son yaranan televiziyadır. Zənn edirəm ki, “Xəzər” Azərbaycan televiziya məkanına yenilikləri ilə bir az fərqli ab-hava, rəng qatdı”.

Televiziyanın adının niyə “Xəzər” seçilməsinə gəlincə, Xəlil İbrahim maraqlı şərh verdi. Onun sözlərinə görə, Xəzəri yalnız bir göl və ya dəniz kimi görmək düzgün deyil. Xəzər tarix boyu bir çox hadisələrə şahid olub. Azərbaycanla Xəzər ayrılmaz bir tamdır. İcraçı direktorun sözlərinə görə, Türkiyəyə getdiklərində Azərbaycan deyəndə insanların ağlına ilk olaraq Xəzər dənizi gəlir. “Biz də bu düşüncədən yola çıxaraq kanalın adını “Xəzər” qoyduq”.

Xəlil İbrahim televiziya olaraq yalnız tək bir hədəflərinin olduğunu qeyd etdi. ““Xəzər” televiziyasının hədəfi odur ki, Azərbaycanda insanlar evlərində axşamlar oturduqları zaman öz ailələrilə birlikdə rahat izləyə biləcəkləri bir kanala baxa bilsinlər”.

Bax bizim əsl hədəfimiz, şüarımız, amalımız və amacımız məhz budur. “Xəzər” televiziyası Azərbaycanın adət-ənənələrinə, tarixinə, dilinə, dininə söykənir. Hesab edirəm ki, bizim uğurumuzun da qaynağı məhz burdan irəli gəlir. Bunu etməyi bacardığınız zaman hər kəs sənə baxar”.

 “Ailənizin “Xəzər”i devizi ilə yola çıxan telekanal bu dörd il ərzində ailələrin rəzbətini qazana bildimi? Suala Xəlil bəyin cavabı “buna məncə tamaşaçılar qərar verə bilər. Ancaq mən şərh verə bilərəm ki, dörd il içərisində çox şey etdiyimizi iddia etmək düzgün deyil” oldu.

“Dörd yaşındakı uşaq hələ düzgün ət yeyə bilmir. Bundan əlavə, dörd il içərisində fəaliyyət göstərən bir televiziyanın AzTV kimi böyük əjdahaların yanında çox şey əldə etdiyini iddia etməsi səhlənkarlıq və böyük danışmaq olar. Çünki birlikdə çalışdığın heyətin də yetişməsi lazımdır. Biz bu şüarla başladıqsa, hə şeyin bir anda başa gəldiyini iddia etmək düzgün deyil. Bunun üçün bizim çox böyük zamana ehtiyacımız var”.

Söhbət əsnasında məlum oldu ki, “Xəzər” televiziyasında 200-dən çox əməkdaş çalışır və onun yalnız 6-sı türkiyəli mütəxəssisdirlər. 

“Əgər bu gün biz ““Xəzər” televiziyasının bir uğuru var” deyiriksə, burda azərbaycanlı gənc  mütəxəssislərin payı böyükdür. Düzdür, türkiyəli mütəxəssislərin də payı ola bilər, amma bu, çox kiçikdir. Onların əlində sehirli çubuq yoxdur ki, hər şeyi birdən dəyişdirsinlər. Bu bizim ortaq işimizdir”.

Bu gün dünya sürətlə inkişaf edir. Xəlil bəy “əgər insanlar texnologiyanı yaxından izləyib, lazım olan yerdə lazımi kadrlardan istifadə edər və onun yetişməsi üçün şərait hazırlayarsa, o zaman çox şeyi bacarar” deyə vurğuladı. O müqayisə üçün yaxşı misal da çəkdi.

“Bizim Anadoluda atları yəhərləyəndə sağı və solu görməsin deyə ona at gözlüyü taxırlar. İnsanların başındakı bu gözlüyü çıxartmaq lazımdır. Çünki gözlüyü taxanda at sağı, solu görməz və dümdüz gedər. Azərbaycandakı cavan mütəxəssislərin dünyayı görməsi üçün şərait yaratdığınız zaman onlar çox sürətlə inkişaf edir. Biz də bunu etdik”.

“Əl-Cəzirə” ilə müqavilələri var...

“Xəzər” televiziyası işində uğurlu olmaq və seçilmək üçün işçilərini Türkiyəyə və digər ölkələrdə dünya təcrübəsini öyrənmək üçün göndərib.

“Məsələn Xəbər mərkəzindəki kadrlarımızı biz tədricən Türkiyəyə göndərdik, orda 1-2 ay böyük televiziyalarda qalıb, onların Xəbər mərkəzlərində işlədilər. Orda dünya, Türkiyə təcrübəsini gördülər və bura gəlib tətbiq etdilər. Bundan əlavə, bizim “Əl-Cəzirə”, Fransanın dövlət  kanalı ilə müqavilələrimiz var, onlarla qarşılıqlı əməkdaşlığımız var. İşçilərimizi həmin kanallarda təcrübə keçmək üçün göndəririk və ya müəyyən vaxtlarda onlar bura gəlirlər. Burda  konfranslar, seminarlar təşkil edirik. Dolayısıyla xaricdə - fərqi yoxdur istər Türkiyə, istər Rusiya, istər Fransa, istərsə də “Əl-Cəzirə”də təcrübə öyrəndiyin zaman o uğuru da özünlə gətirirsən. Bizim də uğurumun bir qaynağı burdadır”.

“Xəzər”in milli serialları...

Direktor müavini bizə eyni zamanda kanalın şəxsi təşəbbüsü əsasında çəkilən milli seriallar haqqında da məlumat verdi. Yəqin hamıya məlumdur ki, “Xəzər” televiziyasında iki milli serial-“Aramızda qalsın” və “Qaynana” yayımlanır. Xəlil bəy son 7 ayda kanalın görünməmiş layihələrə imza atdığını və davamlı olaraq yüksəlişdə olduğunu iddia edir. Onun fikrincə, bu yay fəslində “Xəzər” ən çox seyr edilən kanal olub.

“Azərbaycan telekanalları arasında serial mövzusunda bu qədər hərəkət edib, bu cür layihələr həyata keçirən olmayıb. “Aramızda qalsın” serialı ilə başladıq, “Qaynana” ilə davam edirik”.

Artıq “Xəzər” televiziyasında gələn aydan yeni serialın çəkilişlərinə başlanacaq. Xəlil İbrahim bu serialın rejissorundan tutmuş yaradıcı heyətinə, texniki heyətindən müəlliflərinə, ssenarisinə və ssenaristinə qədər hər şeyin Azərbaycandan olacağını bildirdi.
“Ayrılıq son deyil” adlı serialı gənc rejissor Rövşən İsaq çəkəcək. Serial gələn ilin yanvar ayının ilk həftəsindən etibarən yayımlanacaq. Onu da öyrəndik ki, serialın süjet xətti Azərbaycanda real həyatda yaşanmış bir hadisədən götürülüb.

“Biz həftəiçi hər gün yerli serial verən tək kanalıq. Sadəcə bir serialın dizaynına 150-200 min manat pul xərclənir. İndi sadəcə iki sitkom çəkirik. Bunlar Azərbaycan televiziya məkanında ola biləcək ən böyük yeniliklərdir. Bunun arxasınca digər kanallar da gələcək. Çünki Azərbaycan tamaşaçısı Latın Amerikasından gələn serialları seyr etmək məcburiyyətində deyil. Onlar bizim adət-ənənələrimizə ziddir. Tamaşaçı öz serialını, aktyorunu, aktrisasını görmək istəyir”.

Burda mən də Xəlil bəylə razıyam. Bir tamaşaçı kimi kanallarımızı seyr etdiyim zaman adət-ənənələrimizdən uzaq serialları yox, məhz öz aktyor və aktrisalarımızın oynadığı filmi izləmək istəyirəm.

Nə isə müsahibəmizə davam edirik...

Xəlil İbrahim bir müddət mübahisə mövzusu olan “Aramızda qalsın” və “Qaynana” seriallarının ssenarilərinin Türkiyə kanallarından oğurlandığı iddiasına açıqlıq gətirdi. Deyir ki, dünyanın iri prodakşnları tərəfindən format müəyyənləşir, formatı alan ölkələr onun əsasında proqram hazırlayır və ya serial çəkir. “Aramızda qalsın” və “Qaynana”da da bu cürdür.

“Bu Türkiyə formatı deyil, xarici formatdır. Onlar da formatı alıb serial çəkiblər. Biz də həmçinin. Bu serialların mövzularını 22-28 yaş aralığında 7 gənc azərbaycanlı ssenarist yazır”.

“Dil qüsurlarının günahını təkcə telekanallarda axtarmaq düzgün deyil”

“Xəzər” televiziyasını digər telekanallaran fərləndirən bir xüsusiyyət də “Xəbərlər”in yeni təqdimatla verilməsidir. Bəzilərimiz bunu normal qarşılaşaq da, bir çoxları məlum standartlardan çıxmağı bəyənmədi. Xəlil İbrahim bununla bağlı belə izah verdi:

“Azərbaycanda əhalinin əksəriyyəti peyk vasitəsilə yayımlanan kanalları izləyir və bunun da faizi yüksəkdir. Çünki orada yerli kanallarda tapa bilmədiyini izləyir. Bir insan səhv edə bilər. Bu normaldır. Tamaşaçı məhz o səhvi görmək istəyir. Çünki aparıcı robot deyil ki... O da bizim kimi insandır. Ona görə də Azərbaycan tamaşaçısı yerli telekanallardan qaçır. Televizyanın ən çox seyr edildiyi zaman saat 19:30-la 22:00 arasıdır. Bu aralıqda bütün yerli televiziyaların reytinqlərini toplasan 50 faiz etmir. Bu ümumi telekanalların uğursuzluğudur. Ona görə də bu dəyişiklik şərt idi və biz də bunu etdik. Demək olar ki, tamaşaçılar tərəfindən yaxşı da qarşılandı”.

Bir müddət öncə Milli Televiziya və Radio Şurasının yeni açıqlamasında “Xəzər” dil-üslub pozuntularının ən çox olduğu kanallardan biri idi. Xəlil bəydən buna da şərh verməsini istədik. Cavabı belə oldu ki, teleməkanda efirə çıxan aparıcılar Azərbaycan məktəblərində təhsil alaraq yetişirlər. Azərbaycan universitetlərinin jurnalistika fakültəsindən məzun olanların dillərində problem varsa, bunu düzgün müəyyən etmək lazımdır.

“Bu sadəcə televiziyaların günahı deyil ki... Televiziyalar konkret iş görən, istehsal edən yer, fabrikadır. Bəs bu fabrikaya gələn məhsul niyə araşdırılımır? Sadəcə “televiziyaların dili bərbaddır” deməklə iş qurtarmır. Düzdür, mən də mümkün qədər yaxşısını seçməliyəm, amma onu təzədən məktəbə göndərə bilmərəm ki, gedib dil qaydalarını öyrənsin”.

Proqram direktoru yeniliklərdən danışdı...

Direktor müavini ilə müsahibəmizi yekunlaşdırdıqdan sonra bələdçimiz Vüqar bəy bizi qonşu otağa-Proqramlar departamentinin müdiri Rüstəm Məmmədovun yanına dəvət etdi. Təbəssümlə qarşılandığımız məkanda Rüstəm bəy ilk olaraq bizə “Xəzər”də yayımlanan verilişlər barədə məlumat verdi. Yəqin çoxları bu verilişlərin adını əzbər bilir.
“Xəzər” televiziyasında müxtəlif təbəqələrə və müxtəlif sahələrə aid proqramlar yayımlanır. Burda evdar qadından tutmuş balaca uşağa, işləyən insanlar belə nəzərə alınıb. “Nuş olsun”, “Həyata baxış”, “Yaxşısı budur”, “Star life”, “Gündən-günə”, “Xeyir körpüsü”, “Ay Zaur”, “Topbala”, “Mənim böyük şəhərim” buna misal göstərmək olar.

Söhbət əsanasında məlum oldu ki, kanalda proqramlar baxımından yenilik əsasən gələn ilin yanvardan sonra olacaq. Belə ki, həmin vaxtdan etibarən bu telekanalda həm musiqili-əyləncəli, həm də yarışma tərzində iki yeni proqramı izləmək şanısımız olacaq. Proqram direktoru onu da qeyd etdi ki, burada həm televiziya, həm də prodakşn istehsalı olan proqramlar var.

““Gündən-günə” və iki uşaq proqramı prodakşn istehsalıdır. Televiziya elə bir yerdir ki, o daim inkişafda olmalı, günü-gündən yenilənməlidir. Biz də çalışırıq ki, devizimizdə olduğu kimi ailə kanalı olaq və ailələr rahatlıqla bizə baxsınlar. Biz proqramlarımızda Azərbaycanın milli-adət-ənənlərinə çox diqqət edirik. Bu yöndən bəli, biz seçilirik.

Televiziya istehsalı olan proqramlar binanın birinci mərtəbəsində çəkilir. Amma orda yer kifayət qədər olmadığından yanvarda efirə gedəcək verilişlər üçün ayrıca məkan fikirlərşirik”.

Rüstəm bəy proqramların seçimi zamanı əsasən onun tamaşaçıya faydasının olub-olmadığına və ya onların beynində hər hansı sualı cavablandıra bilib-bilmədiyinə diqqət etdiklərini vurğuladı.

Müsahibim divardakə slaydlarda proqramları bir-bir göstərib onlar haqqında məlumat verərkən diqqətimi çəkən məqamlardan biri tanınmış telejurnalist Qulu Məhərrəmlinin təqdimatındakı “Dost məclisi” verilişinin formatının dəyişməsi oldu. Rüstəm Məmmədov “Dost məclisi”nin artıq “Xəbərlər” departamentinə keçirildiyini və daha çox gündəm, dünyada, respublikamızda baş verən hadisələrin siyasi müstəvidə şərh edilməsinə xidmət edəcək bir veriliş olcağını bildirdi.

Onu da öyrəndik ki, Rüstəm Məmmədov Proqramlar departamentinə təzə gəlib. Bundan əvvəl bir sıra dövlət və özəl müəssislərdə çalışdığını vurğulayan proqram direktoru işlədiyi yerləri sadalamaq istəmədi.

“Xəzər FM”də...

”Xəzərdəki “səyahətimizə” davam edirik...

“Xəzər FM”in yayımlandığı otağa daxil oluruq. Bizi radionun rəhbəri Sərraf Nəzər qarşıladı. Ümumi danışıq zamanı yalnız musiqilərin verildiyi radionun 3 otağının olduğunu öyrəndik. Yayım otağı və işçilər üçün iki otaq. Raionun elə otaqların sayı qədər də işçisi var.

Sərraf Nəzərə ünvanladığımız ilk sual niyə məhz “Xəzər FM” də ancaq musiqilərin səsləndirilməsi və proqramların yoxluğu ilə bağlı oldu. Direktorun cavabına baxaq: “Radio elə bir anlayışdır ki, televiziyadan fərqli olaraq insanlar onu yol gedərkən və yaxud iş yerlərində dinləyirlər. Biz də həm bu tərzi, həm də televiziyamızın “Ailənizin Xəzəri” sloqanını  nəzərə alaraq efirimizdə ancaq Azərbaycan mahnılarının yayımlanmasına üstünlük veririk. Proqram seçməməyimizin səbəbi isə yetəri qədər proqramlı radioların olmasıdır. Düşünürük ki, insanlar proqramlara yox, musiqilərə qulaq asmaq istəyirlər. Bizdə musiqidən əlavə, telekanalımızda xəbərlər efirə gedərkən birbaşa radioda da yayımlanır”. 

Radio otağından təzə çıxırdıq ki, tanış bir simanın harasa tələsdiyini gördük. “Yaxşısı budur” proqramın aparıcısı Billurə Əmirova idi. Billurə xanımın tələsməyinin səbəbi bir azdan efirə çıxacağı ilə bağlı idi. Canlı yayımlanan proqramın aparıcısı “Xəzər” televiziyası yaranandan burda işləyir. Bundan əvvəl isə xanım aparıcı “Lider” və ANS telekanallarında işləyib.

“Hər zaman yeni televiziya açılanda maraqlı olur, yeni nəfəslər, yeni simalar, ən əsası yeni texniki avadanlıq. Məni də dəvət etdilər, gəldim, elə o vaxtdan da burda işləyirəm”-deyə Billurə qısa söhbətimiz əsnasında bildirdi.
Billurə əvvəllər Xəbərlər departamentində işləyib, daha sonra “Gündəmdəkilər” verilişinin aparıcısı olub. İndi isə “Yaxşısı budur” verilişinin əvəzolunmaz simalarındandır. Billurənin efirə tələsdiyini nəzərə alaraq onunla sağollaşırıq.

“Xəzər”də işə qəbul...

Yeri gəlmişkən, bizi “Xəzər” televiziyası ilə tanış edən Vüqar İsayev kadrlar şöbəsinin müdiri olduğundan ondan televiziyaya işçilərin seçiminin necə aparıldığını soruşduq. Əgər səhv etmirəmsə, “Xəzər” televiziyasına uzun müddətdir ki, müsaqbiqə aparılmır və burda bəzi simalar müəyyən vaxtlarda təzələnir.

Vüqar bəy iş axtaranların çox vaxt CV-lərini onlara internet vasitəsiylə göndəriklərini və ya gəlib özlərini təqdim etdiklərini bildirdi.

“Burda olduğumuz müddətdə həmin şəxsləri qəbul etməyə çalışıram. İlk növbədə onların bitirdiyi fakültəyə və bizim televiziyada ona uyğun boş yerin olub-olmadığına baxırıq. İşçini tək mən yox, müvafiq komissiya işə qəbul edir və müəyyən vaxt, hardasa 10-15 gün və ya 1 ay sınaq müddəti veriririk ki, bir-birimizi tanıyaq. Həmin şəxs həmin vaxt ərzində işə götürülməsə belə,  onun zəhmət haqqı ödənir” deyən Vüqar Isayev daha çox dil bilən və qabiliyyətli kadrlara üstünlük verdiklərini vurğuladı.

Hər kanalda olduğu kimi bura da müxtəlif universitetlərdən istehsalat təcrübəsi üçün tələbələr gəlir. Müsahibimizin sözlərinə görə, hazırda onlara Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Təfəkkür Universitetindən tələbələr gəlir.

“Çox zaman bu tələbələr istehsalat təcrübəsini bitirdikdən sonra da gəlib stajor kimi işləyir və universiteti bitirdikdən sonra onlar bizim tələblərə cavab verərsə, işə götürürük. Yəni bu şəkildə də işə qəbul olunanlar var”.

Bu arada işə qəbulla bağlı müsabiqənin niyə aparılmadığını da öyrəndik. Bildirildi ki, müsabiqə yalnız hər hansı proqram açılan zaman ona aparıcı lazım olduğu vaxt elan edilir.

“Rejissor, müxbir lazım olarsa, biz onlarla bağlı müsabiqə elan etmirik. Çünki bizə gündəlik CV-lər təqdim olunur. İndi bizdə yer balaca olduğu üçün çox işçi qəbul edə bilmirik. Amma yeni binamız tikildikdən sonra müəyyən şöbələr genişlənəcək və vakant yerlərimiz çox olacaq. O zaman biz əlavə işçi qəbul edəcəyik”.

Telekanalda işçilərin biliklərini daha da artırmaq üçün onlara mütəmadi konfranslar, seminarlar təşkil edilir.

“Biz işçini işlədib, ona maaş verməklə kifayətlənmirik. Asudə vaxtlarımızda birlikdə dincəlməyə, ekskursiyalara gedirik”.

İkinci mərtəbədə...

Üçüncü mərtəbədə işimizi yekunlaşdırıb ikinci mərtəbəyə düşürük. Bizi müşayiət edən Vüqar İsayev ikinci mərtəbədə Reklam və Xəbərlər departamentinin yerləşdiyini bildirdi. Bundan əlavə burda operatorların otağı, xəbərlərin montaj otağı da yerləşir.
Dublyaj otağına yaxınlaşırıq. İçəridən səs-küy gəlir. Qapını açıb baxırıq. Hansısa film dublyaj olunurdu. Azər Axşam, Vüsal Murtuzəliyev onlara verilən materialı incəliyir. Alınmayan hissəni yenidən səsləndirməyə çalışırdılar. Biz onların işinə mane olmadıq.

Reklam departamentinə daxil oluruq. Departamentin müdiri Gökhan Özkundakcı yerində idi.

Efirdə hər hansı verilişə baxdığımız zaman reklam veriləndə çox əsəbləşirik. Mən bunu bir tamaşaçı kimi deyirəm. Amma istər qəzetlərdə və ya internet portallarda, istərsə də televiziyalarda reklam mühüm rol oynayır. Reklamdan gələn gəlirlərlə onlar öz maddi xərclərini qarşılayırlar.

Gökhan bəylə söhbətimiz elə reklanlardan oldu:

““Xəzər” TV “Ailənizin Xəzəri” sloganı ilə fəaliyyətə başladı. Bütün sahələrdə olduğu kimi reklamda da bu sloqan əsas götürülür. İstəmirik ki, bizi seyr edənlər reklam fasiləsində pultu  götürüb başqa kanala çevirsin. Biz milli adət-ənənələrə və ya pis vərdişləri təbliğ edən məsələlərə aid reklamlar yayımlamırıq”.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən 1 saat ərzində 12 dəqiqə reklam yayımlanmalıdır. Gökhan bəy onlarda bu prinsipə əməl oldunduğunu bildirdi.

“Xüsusilə xəbərlər və serialların yayımlandığı vaxtlarda daha çox insanlar bizi seyr edir. Bu halda biz də çalışırıq ki, əsas reklamlarımızı yayımlayaq”.

Gökhan Özkundakcı ilə söhbətimiz əsasında ondan Azərbaycanda reklam bazarını necə qiymətləndirdiyini soruşuruq. Deyir Azərbaycanda bu bazar hələ də kiçikdir. Reklam müdirinin sözlərinə görə, bu sahədə Türkiyədə milyard dollar tələffüz edilərkən, Azərbaycanda bu rəqəm çox kiçikdir.

“Biz  yerli və xarici şirkətləri bazara cəlb edərək rəqmələri daha yuxarı qaldırmağı hədəfləyirik. Həyatda hər şeyə pul veririk. Bir hava, bir də televiziya pulsuzdur. Televiziyada da yüzlərcə insan. Tamaşaçı reklamdan şikayətçi ola bilər. Bizim də onlardan xahişimiz reklamlars dözümlü yanaşmaqdır. Reklamlarla insanlara doğru informasiyalar verməyə çalışırıq. Əsas buna diqqət edirik. Öz evimdə istifadə etmədiyim heç bir şeyin reklamı biz də efirə getmir”.

Reklam departamentinin 12-13 işçisi var

Xəbərlər departamentiylə tanışlıq...

Reklam müdiri ilə sağollaşdıqdan sonra qonşu otağa yönəlirik. Bu otaq genişliyi və işçilərin daha çox sayı ilə seçilirdi. Bura Xəbərlər departamentinin otağıdır. Hərə öz işinin başında, xəbərlər tapmaqla məşğul idi.

“Bizdə əsasən iqtisadiyyat, siyasət, kriminal, idman, sosial istiqamətlərdə xəbərlə hazırlanır” deyən redaktor Vüsal Gözəlov televiziyanın xəbər siyasəti və müxbirlər barədə məlumat verdi. Burda əvvəllər başqa yerdə işləyib təcrübəsi olan və ya “Xəzər” televiziyasında sıfırdan başlayaraq işləməyə başlayan müxbirlər çalışır.

Redaktorun sözlərinə görə hazırda Xəbərlər departamentində internet sayt əməkdaşlarını və idman müxbirlərini çıxmaqla 15 müxbir fəaliyyət göstərir.

“Bundan əlavə, 7-8 bölgə müxbirimiz var. Əsasən Qarabağda, Gəncədə, Ağstafada, Lənkəranda, Şirvanda, Salyanda, Göyçayda, Qubada və Şamaxıda bölgə üzrə müxbirlərimiz fəaliyyət göstərir”.

Vüsal Gözəlov gündəlik iş rejimini qısa da olsa izah etdi. Burda işçilər səhər saat 09:30-da işdə olmalıdır. Onlara 15 dəqiqə vaxt verilir ki, qəzetlərə və ya internet portallara baxsınlar. Daha sonra toplantı olur və hansı sahədə nələr edəcəkləri barədə təkliflər səsləndirilir.

“Təkliflər bölünür. Eyni zamanda bölgə müxbirlərinə tapşırıqlar verilir. Ondan sonra hər kəs öz işinin başına keçir. Gnorta saat 14.00 və ya 15.00-da axşam xəbərləri üçün toplantı olur. Axşam saat 19.00-da bütün süjetlər hazır olur. Saat 20.00-dan əvvəl başlıqlar, anonslar yığılır, aparıcılar mətinlərlə tanış olurlar”.

Hazırda bütün telekanlarda müxbirlərdən tələb olunan əsas şərt burda da keçərlidir. Redaktor müxbirlərin öz süjetlərini özlərinin montaj etdiyini dedi. Amma istisnalar da olur.

Redaktorun sözlərinə görə, “Xəzər” televiziyasının “Xəbərlər”ində əsas prinsip ictimaiyyəti cəlb edən xəbərlərin verilməsidir. “Ümumiyyətlə, biz çalışırıq ki, yerli xəbərlər daha çox verək. Amma dünyada mühüm əhəmiyyət kəsb edən, əhalinin marağına səbəb olacaq xəbərlər olursa, biz onları da yayımlayırıq”.

Xəbərlərdə seçildiyiklərini qeyd edən Vüsal Gözəlov onlara tutulan iradlar barədə isə “bizlər də səhv edə bilərik. Bizim də xətamız ola bilər. Məsələn, bir xəbəri verirsən, altından başqa şey çıxır. Yaxud hansısa musiqi seçimi və ya səs, montaj insanları narahat edə bilər” deyə əlavə etdi.

“Cinayət xəbərlərində biz canlandırma verirdik, baxdıq ki, bu doğru deyil, bununla insanlara yöntəm öyrətmiş kimi oluruq. Hər xətalara görə tənqid edənlər olur, amma maksimum dərəcədə biz də bunları azaltmağa çalışırıq. Bu xətəlar dünyanın hər yerində var. Dərs, nəticə çıxartmağa çalışırıq. Bizə gələn zənglər nəzərə alınır. Amma o qədər də irad zəngi gəlmir. Xəbərlər efirə gedəndən sonra gələn zənglərin heç biri xəbərə reaksiya vermək məqsədi daşımır. Dillə bağlı zəng gəlmir”.

Redaktor əsasən izləyicilərin qeyri-interaktiv olmasından şikayətləndi.

“Bizi izləyir, xətalı gördüyü şeyi zəng edib demirlər. Televiziya mükəmməl bir mühit deyil, orda alimlər, dahilər oturmayıb. Zəng edib səhvləri demək lazımdır”.

Müsahibimizin sözlərinə görə, “Xəzər” xəbərlərlə bağlı yerli teleməkana bəzi yeniliklər gətirib. “Bizə qədər heç bir kanalda xəbərlərdə alt yazı, qaçan yazılar, təqdimat, vizual görünüşlər yox idi. İlk dəfə bizdə canlı bağlıntılar, müxbirlərin xaricə göndərilməsi, xariclə bağlantılar oldu. Bu Qərb stilində yayımdır. Bizdə Türkiyə kanalları izləndiyi üçün hamı elə bilir ki, onlardan götürmüşük, amma bütün Qərbdə bu belədir”.

Vüsal Gözəlovun sğzlərinə görə, əməkdaşlardan əsas tələb xəbərləri tuta bilmə qabiliyyətinə malik olmaqdır. O hesab edir ki, bu, müxbirlərin xarakterində olmalıdır.

Müxbirlərin əksəriyyəti yerində yox idi. Günorta olduğundan çoxy bahar etməyə getmişdi. Nahardan qayıdan 4-5 həmkarımız isə iş başındaydı.

Müxbirlər...

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu Rüstəm İbadov “Xəzər” televiziyası açılandan burda işləyir və daha çox sosial-siyasət sahəsində xəbərlər hazırlayır.

Rüstəm “Xəzər”ə gəlişini belə xatırlayır: “Digər televiziyalara baxanda jurnalsitikada öyrəndiklərimizi məncə “Xəzər”də reallaşdırmaq daha rahatdır. Məni burda cəlb edən digər cəhət çəkdiklərimizin hamısının efirə getməsinə icazə verilməsidir. Televiziya ilə bağlı çətinliyim yoxdur”.
Həmkarımızın əsas çətinliyi dövlət orqanlarından informasiya almaqdır.

Turan Babayev xarici xəbərlər redaktorudur. “Həftənin 5 günü saat 16:00-da “Dünyada bu gün” xəbər buraxılışımız efirə gedir. Burda ancaq xarici xəbərlər verilir. Və ya günün ən önəmli hadisəsi ilə bağlı canlı telefon bağlantıları olur. Təbii ki, bütün xarici xəbərləri mən hazırlamıram. Müxbir dostlarımız və ya təcrübə üçün bizə müraciət edən əməkdaşlarımız da kiçik tərcümələr zamanı bizə kömək edirlər”-deyə o bildirir.

Turan da “Xəzər” açılandan burda işləyir. Ancaq bura onun ilk iş yeri deyil. “Space” və “Lider”də də işləyib və bundan sonra da yaxşı təklif gələrsə, dəyərləndirəcək. O qeyd edir ki, heç bir iş yeri əbədi deyil.

Zümrüd Dəmirova sosial problemləri televiziyada işıqlandıran jurnaslitlərdəndir. Zümrüd burda artıq 4 ildir ki, çalışır. 10 illik təcrübəyə malik jurnalist bundan əvvəl İctimai Televiziyada və ATV-də işləyib.

“Problemləri, ictimaiyyəti narahat edən məsələləri xalqın diqqətinə çatdıra bilirəmsə, buna sevinirəm. Başqa kanallardan fərqli olaraq məhz “Xəzər” televiziyasında istədiyin materialı heç bir qərəzsiz, heç bir mövqe güdmədən efirə vermək şansı var”.

Gərgin iş rejimindən qorxmayan jurnalist ancaq montaj zamanı gərginlik yaşayır. “Çox vaxt çəkdiyimiz süjetlərin montajını özümüz edirik. Ona görə, ancaq orda montajda gərginlik hiss edirəm. Süjet çəkmək, xəbər hazırlamaq məni heç vaxt yormur”.

Jurnalistlər hər zaman müəyyən maraqlı hadisələrlə rastlaşır. Bəzən olur ki, bir gün başımıza gələnlər bizə gərginlik yaratsa da, müəyyən vaxtdan sonra onu danışanda artıq gülürük. Belə hadisələrlə Zümrüd də rastlaşıb. Və onlardan birini bizlərlə bölüşdü:
“Tam xatırlamasam da yadıma gəlir ki, metroda nəsə baş vermiş və qatarların hərəkəti dayanmışdı. Mənə isə tapşırıq vermişdilər ki, hadisə ilə bağlı süjeti mütləq çəkməliyəm. Yəni hər nə olursa, olsun xəbəri gətirmək lazım idi. Metroya daxil olanda mühafizəçilər məni içəri buraxmadılar. Bilmədim nə edim, onlar qapını bağlayanda əlimi qabağa verdim, barmaqlarım qapıların arasında qaldı. Heç nə olmasa da, mən qışqırmağa başladım. Xəbəri hazırlamaq xatirinə. Çünki geriyə əliboş qayıda bilməzdim. Metroda rəhbərlik məni çağırdı və dedilər ki, “sən ki süjet çəkmək üçün əlini qapının arasına qoydun, biz sənə müsahibə də verəcəyik, istəsən içəri keçib çəkiliş də edə bilərsən”.
Materialı hazırlayıb gətirdim və həmin gün o sujet ancaq bizim kanalda yayımlandı.

Artıq Zümrüdlə sağollaşıb Xəbərlər depratamentinin otağını tərk edirik.

Birinci mərtəbədə televiziya proqramlarının çəkildiyi stüdiya ilə də tanış olduq. Amma çox təəssüf ki, çəkiliş getdiyindən hər şeyi kənardan izlədik. “Star life” verilişinin çəkilişləri gedirdi.

Telekanalda işə mane olmamaq üçün reportajımızı yekunlaşdırmağa məcbur idik. Çünki bir azdan “Xəzər”də toplantı olacaqdı...

"Xəzər" TV-yə gəlmişik...

Kadr şöbəsinin müdiri Vüqar İsayev: "Biz işçini işlədib, ona maaş verməklə kifayətlənmirik...".

"Xəbərlər"in redaktoru Vüsal Gözəlov: "Biz çalışırıq ki, yerli xəbərləri daha çox verək".

"Xəzər FM"in rəhbəri Sərraf Nəzər: "İnsanlar radioda proqramlara deyil, musiqiyə qulaq asmaq istəyirlər"

Reklam müdiri Gökhan bəy: "Reklam olmasa, biz neyləyərik... Tamaşaçılar gərək reklamlara dözümlü olsunlar".

Proqramlar departamentinin müdiri Rüstəm Məmmədov: "Tamaşaçılara yeni sürprizlərimiz var".

"Xəbərlər"in aparıcısı Anar Nəcəfli: “Digər telekanallar "Xəbərlər"in formatını bizə uyğunlaşdırmağa çalışırlar”

Proqramlar departamentinin işçilərini nahar ərəfəsində yerlərində tapa bilmədik...

Zümrüd Dəmirova: "Off, bircə bu montaj işi olmaya...".

Tamaşaçılar onu hələ "Lider" və ANS-dən tanıyırlar... Billurə Əmirova indi hələlik "Xəzər"dədir...

Dublyaj otağında... Şüşənin o üzündə Azər Axşam dublyajla məşğuldur.

"Xəzər xəbər"in müxbirləri... Heyf ki, gəlişimiz nahar zamanına düşdü, müxbirlərlə ünsiyyət qura bilmədik.

Onlar isə reklam axtarışı ilə məşğuldurlar..

Müxbir Rüstəm İbadov: "Əsas çətinliyimiz dövlət orqanlarından informasiya almaqdır".

Xarici xəbərlərin toplanmasında əsas məsuliyyət Turan Babayevin üzərinə düşür.

"Xəbərlər"in efir otağı.., canlı yayım zamanı...

"Xəzər FM" bu otqadan idarə olunur.

Hamı tapşırığını alıb...

"Xəzər" TV-də qonaqlar da nəzərə alınıb.

Bu "Xəzər" TV-yə tikilən yeni 6 mərtəbəli ofisin şəklidir.



Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?