Modern.az

“Bəhram Sarıyev savaş illərində yaralanan əsgərləri təmənnasız müalicə edirdi” - Hidayət Elvüsal

“Bəhram Sarıyev savaş illərində yaralanan əsgərləri təmənnasız müalicə edirdi” - Hidayət Elvüsal

Ədəbi̇yyat

28 Sentyabr 2018, 20:20

Azərbaycanın tanınmış həkimi Bəhram Sarıyev dünyasını dəyişib.

Həkimin dostu, jurnalist Hidayət Elvüsal Bəhram Sarıyevlə bağlı xatirələrini Modern.az-a bölüşüb. Müsahibəni təqdim edirik:

 

- Bəhram həkimlə uzun zamandır dostsunuz. O necə insan idi?

 

- O elə insan idi ki, hər kəslə xoş münasibət qura bilir, ünsiyyət saxlayırdı. Bəhram həkim xəstələri elə davranırdı ki, o dərman verməsə belə, xəstələrini xoş münasibəti ilə sağaldırdı. O həm dəyərli ziyalı, ictimai xadim, həm də gözəl dost idi. Kəlbəcərin ağır vaxtlarında, ziyalıları, həkimləri başına toplayır, vertolyotla tez-tez Kəlbəcərə gedirdi. Bəhram həkim, əhaliyə mənəvi dəstək olur, ürək-dirək verirdi. Hətta savaş zamanlarında cəbhədə yaralanan əsgərləri təmənnasız müalicə edir, sağaldırdı. O mənin xatirimdə çox gözəl, mərhəmətli, xeyrixah insan kimi qalıb.

 

- Həkimin sədrlik etdiyi “Murovdağ” təşkilatında fəaliyyəti necə idi?

 

- Bu təşkilat Kəlbəcər işğal olunandan sonra yaradıldı. “Murovdağ”ın təsisçiləri, dəyərli ziyalılarımız  insanlara dəstək olmağa çalışırdılar. Təşkilatın sədri olan Bəhram Sarıyev rəhbər olmazdan əvvəl də, Kəlbəcər camaatına ağsaqqallıq edirdi. Çətinliyə düşən gənclərə yardım əli uzatmaq, gənclərin təhsil xərclərinin ödəmək, aztəminatlı ailələrə maddi, mənəvi dəstək göstərmək Bəhram həkimin ən səxavətli addımları idi. Bəhram müəllimin başçılıq etdiyi “Murovdağ” cəmiyyətinin əsas fəaliyyəti elə bu cür xeyriyyə işləri idi.

 

- Bəhram həkim həm də çox savadlı həkim idi. Onun həkimlik fəaliyyəti, xarici ölkələrlə əlaqələri barədə nə deyə bilərsiniz?

 

- O, çoxlu elmi əsərlərin və tibb sahəsində əhəmiyyətli olan təkliflərin müəllifi idi. B.Sarıyev ömrünü qalxanvari vəzin xəstəliklərinin tədqiqinə və müalicəsinə həsr etmiş alimdir. Ziyalı ailədə doğulub böyüyən dostumuzun qardaşları da özü kimi ziyalı, savadlı insanlar idi. Tək Azərbaycanda deyil, digər xarici ölkələrdə də tanınan bu insanlar böyük nüfuz və hörmət qazanıblar.

 

- Ailəsi, övladları haqqında nələri bilirsiniz?

 

- Bəhram həkim çox gözəl, ziyalı ailənin başçısı idi. Övladları ali təhsilli, nümunəvi insanlardır.

 

- Az əvvəl Bəhram həkimin xəstələri ilə münasibətindən danışdınız. Onun işgüzar həyatında göstərdiyi fədakarlıqların şahidi olmusunuzmu?

 

Qarabağda müharibə davam edən zamanda Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, İsgəndər Həmidovun qardaşı Sərdar Həmidov çox ağır şəkildə yaralanmışdı. O zamanlar S. Həmidov Tərtərin icra başçısı deyildi. Onu Gəncəyə aparmışdılar, lakin oradakı xəstəxanada müalicəsi mümkün olmadı. Mən və Bəhram Sarıyev vertolyotla Gəncəyə, S. Həmidovun yanına yola düşdük. Elə həmin vertolyotla Sərdar Həmidovu birbaşa Bakıya qaytardıq.  80-ci illərin sonları idi və Qarabağda savaş alovlanmışdı. Bu səbəbdən Bakıda belə, xəstəxanalar xəstələr, yaralılarla dolu idi. Bəhram doktor, öz kabinetini boşaldıb, Sərdar Həmidovu orada yatırır, özü müalicə edirdi. Çünki Sərdar Həmidovun Qarabağı, Tərtəri canı-qanı bahasına qoruduğunu bilir, ona hörmət edirdi. Çox ağır xəstə olsa da, Bəhram həkimin səyləri nəticəsində S. Həmidov sağaldı və öz xilaskarına hər zaman minnətdarlıq etdi.

Bəhram Sarıyev bəzi həkimlər kimi zəhmli, sərt deyildi, səmimi insan idi. Dostlarla bir yerə yığışıb, maraqlı söhbətlər etməyi, musiqini, şeiri, aşıq sənətini çox sevirdi.

 

- Bax elə, B. Sarıyevin bu üstün cəhətindən danışaq. Yadınızda qalan maraqlı hadisələr olubmu?

 

- Əlbəttə. Dostumuzla bağlı yaddaşımda qalan maraqlı hadisələr çoxdur. Bir dəfə yenə vertolyotla Kəlbəcərə getmişdik. Ziyalıların hamısı orada idi. Çox uzun zaman əvvəldən danışıram. İstirahət etmək üçün əyləşdiyimiz yeməkxanda yemək sifariş etdik. Bu anda Bəhram həkim narahatlıqla, saz olmayan yerdə çörək yeyə bilmədiyini dedi. Onun xahişi ilə bir aşıq çağırdılar. Hər kəs yemək yeyirdi, Bəhram isə böyük bir heyranlıqla aşığa qulaq asırdı. Dostlarımızdan biri isə onun bu marağını dilə gətirib, “biz mədəmizi qidalandırırıq, Bəhram həkim isə ruhunu”,- deyə ehtiramla ona baxdı. 

Elə həmin anda Bəhram həkimin millətinə, Azərbaycan xalqının mədəniyyətinə və milli kökünə necə bağlı insan olduğunu bir daha anladım. Son vaxtlar isə xəstəliklər. . .

 

- Həkimin son günlərində səhhəti necə idi? Nədən dünyasını dəyişdi?

 

- Son vaxtlar o əlil arabasına məhkum olmuşdu. Səhhətində ciddi problemlər yaranmışdı. Xüsusilə, Kəlbəcərin dərdi, torpaqlarımızın düşmən tapdağında olması Bəhram həkimin belini bükdü. O, Kəlbəcərdə olsaydı, oranın dağ havasını, suyunu udsaydı daha çox yaşayardı. 86 yaş bir kəlbəcərli üçün çox azdır.

Amma artıq Kəlbəcər ziyalıları üçün “yarpaq tökümü” başlayıb. Bəhram Sarıyevin də haqq dünyasına qovuşmasından sonra məndə belə təəssürat yarandı. O, Azərbaycan üçün çox ağır itkidir. Tibb aləmimiz, ziyalılığımız, ədəbiyyat, insanlıq, mənəviyyat üçün ağır itkidir. Allah Bəhram Sarıyevə rəhmət eləsin. 

 

Aysel Aslan

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir