Modern.az

"Ramil Usubov İrəvana yeyib-içməyə getməyib"

"Ramil Usubov İrəvana yeyib-içməyə getməyib"

Parlament

14 Oktyabr 2011, 19:02

Aqil Abbas: «Düşünürəm ki, belə bəyanatlar Qarabağ Azadlıq təşkilatının özünün əleyhinə işləyir»

«Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağının daxili işlər naziri Ramil Usubovun Ermənistanda keçirilmiş MDB daxili işlər nazirlərinin görüşü ilə bağlı yaydığı bəyanatdan çox təəssüfləndim. Çünki Akif Nağını bir ziyalı, Qarabağı sevən insan kimi tanıyıram. Amma bəzən QAT-ın elə hərəkətləri olur ki, bu, yalnız təəssüf hissi doğurur».

Bu açıqlamanı Modern.az-a millət vəkili Aqil Abbas verib. O deyib ki, Akif Nağının bütün nəsli Qarabağ müharibəsində vuruşub, itkiləri olub, belə bir nəsildən olan insanın bu cür fikirlər söyləməsi düzgün deyil:

«Məsələn, Bakıda beynəlxalq boks çempionatı keçirilən zaman gedib bir plakat asmaq, etiraz etmək olar. Amma idmançıya daş atmağı qəbul etmirəm. Çünki bu idmandır və idmanın sərhəddi yoxdur. Bir-iki dəfə də belə daş atılsa, onda Azərbaycanı idman oyunlarından kənarlaşdırarlar».

QAT-ın nazir Ramil Usubovun səfəri ilə bağlı sonuncu bəyanatına da toxunan A.Abbas deyib ki, yəni Akif Nağı doğurdanmı bilmir ki, Ramil Usubovun bu səfəri sırf MDB ölkələrinin daxili işlər nazirlərinin görüşü ilə bağlıdır:
«Nazirlər  tez- tez bu məkandakı müxtəlif paytaxt şəhərlərində ayrı-ayrı məsələlərlə bağlı görüşürlər. Çünki bunlar uzun müddət bir yerdə yaşamış və hətta vizasız gediş-gəliş olan ölkələrdir. Həmin ölkələrin isə  daxili işlər nazirliklərinin, xüsusi xidmət orqanlarının müəyyən münasibətləri mövcuddur. Əgər bu münasibətlər olmasa, cinayətlərin, terrorun, qaçaqmalçılığın, narkomaniyanın qarşısını almaq mümkün olmaz. Ona görə MDB məkanında birgə fəaliyyət göstərirlər. Necə ki, Avropada İnterpol deyilən qurumda birgə fəaliyyət göstərirlər, eləcə də MDB çərçivəsində».

Millət vəkili xatırladıb ki, ötən il bu tədbir Bakıda olmuşdu. Onun sözlərinə görə, Ramil Usubovun həmin tədbirdə iştirakı ilk növbədə  onun vəzifə borcudur:
«Çünki orda iştirak edən ölkələrin kriminal durumu ilə tanış olmaq, vəziyyəti, vətəndaşların törətdiyi cinayətləri bilmək vacibdir. Yəni hüquqi müstəvidə məsələlər var. Ramil Usubovun səfəri də sırf vəzifəsi ilə bağlı bir səfərdir. Ramil Usubov İrəvana nə yeyib içməyə gedib, nə də hansısa bir erməni ilə söhbət etməyə. Digər MDB ölkələrinin nazirləri  kimi o da görüş də iştirak edib».

Məsələnin ikinci tərəfinə gəlincə, A.Abbas deyib ki, QAT-a hörmət edirlər, amma «Ramil Usubovu qara siyahıya salırıq» deməklə də ciddi səhvə yol verir, insanları özlərindən uzaqlaşdırırlar. Millət vəkili deyib ki, Ramil Usubov 1988-ci ildən bəri savaşın qızğın vaxtlarında həmişə ön cəbhədə olub:
«Bircə faktı deyə bilərəm. Mən o dövrlə bağlı yazılar yazmışam. Onda Ramil Usubov nazir deyildi. Bir il ərzində Ramil Usubov təkcə Ağdamda 274 gün ezamiyyətdə olmuşdu. Bu adam evində olmayıb. Mənim özüm şəxsən o zaman Ağdamdakı milis idarəsinin bufetində onunla tanış olmuşdum. Bu insanlar orda qalırdılar, otel də yox. Göydən bomba yağırdı. Yəni Ramil Usubovun müharibədə xidmətldəri var. Azərbaycanın daxili işlər naziridir, Qarabağlıdır, əslən Xocalıdandır. Onun  67 nəfərdən artıq qohumu müharibədə ölüb. QAT-ın bəyanatında deyilir ki, onların xətrinə İrəvana gedib. Elə onların ruhunun xətrinə getməlidir, vəziyyəti bilməlidir. Çünki sabah savaş başlaya bilər. Digər tərəfən hansı məqsədlə getdiyini kim nə bilir. Bu mənada deyirəm ki, çox təəssüfləndim, lənətləyirik nə deməkdir. Nəslini Qarabağda itirən, torpağı uğrunda mübarizə aparan bir insan barədə bu sözləri demək nə dərəcədə düzgündür».

A.Abbas deyib ki, Azərbaycanın indi elə daxili qoşunları var ki, Qarabağı iki saata alar:
“Amma biz hələ torpaqlarmızı başqa yolla qaytarmaq istəyirik. İndi səhər yazacaqlar ki, mən iqtidarın sözünü deyirəm və s. Mən iqtidarın sözünü demirəm, qarabağlı, bir millət vəkili, ziyalı, yazıçı kimi danışıram. “Qara siyahı” nədir, onu kim tutub və kimlərin adı var. Yəqin bu açıqlamadan sonra mənim də adımı “qara siyahı”ya salacaqlar. Mən bu təşkilatın əleyhinə çıxmaq istəmirəm, gücləri çatan qədər mübarizə aparırlar. Amma bu cür məsuliyyətsiz bəyanat vermək, vəzifə borcunu yerinə yetirən dövlət məmuru barədə belə fikirlər söyləmək də düzgün deyil. Əgər Ramil Usubov Ermənistanın tədbirinə getsəydi, gəzməyə getsəydi başqa məsələ. Axı bu MDB məkanında tədbirdi. Burda harda olmasından asılı olmayaraq iştirak etmək vacibdir. Düşünürəm ki, bu məsuliyyətsiz bəyanatdır və belə bəyanatlar QAT-ın özünün əleyhinə işləyir».

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır