Modern.az

Ərdoğan Qarabağ problemini Obama ilə müzakirə edib

Ərdoğan Qarabağ problemini Obama ilə müzakirə edib

8 Dekabr 2009, 09:57

Ağ Evdə ABŞ prezidenti Barak Obama və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında 2 saatlıq görüş olub. Modern.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata əsasən, görüş nəzərdə tutulan 2 saatdan bir qədər çox uzanıb. Liderlər təkbətək görüşdən sonra mətbuat nümayəndələri qarşısna çıxaraq gündəmdə olan məsələlər barədə məlumat veriblər.

İlk öncə mətbuata açıqlamanı Obama verib. Türkiyəyə “dostum” deməkdən özünü xoşbəxt sanan Obama ABŞ və Türkiyə arasında ən yaxşı münasibətlərin qurulması üçün əlindən gələni  edəcəyini bəyan edib. “Türkiyə ilə bir NATO ölkəsi olaraq bir-birimizi qorumaq öhdəliyimiz var”deyən Obama Ərdoğanla görüşdə ABŞ və Türkiyə üçün ortaq maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparmaq imkanı qazandıqlarını söyləyib. Obama Əfqanıstan, İraq və İranın nüvə probleminin müzakirə mövzusu olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Türkiyənin regionda oynadığı rol ABŞ üçün çox önəmlidir. Obama Türkiyənin İranın mübahisəli nüvə proqramı ilə bağlı problemin həllində vacib oyunçu ola biləcəyinə inandığını bildirib.  

 

“Baş nazir Ərdoğanı türk-erməni münasibətləri prosesində atdığı cəsur addımlardan dolayı təbrik etdim. Bu yolla irəliləyiş əldə olunması üçün onu cəsarətləndiriməyə çalışdım. Bütün dünyaya  terrorçu fəaliyyətlərə qarşı mübarizə aparmaq sahəsində öhdəliklərimizi bir daha təkrarladıq”.

ABŞ prezidenti həmçinin qeyd edib ki, Türkiyə ilə ABŞ terrorla mübarizə məsələsində bərabər hərəkət edəcək.

Öz açıqlamasında Ərdoğan qeyd edib ki,  ABŞ və Türkiyənin regionda müştərək atdığı addımlar var. Orta Şərq və İraq, İranın nüvə problemi və Əfqanıstan müştərək fəaliyyət sahəsidir. Ərdoğan qeyd edib ki, Obama ilə Əfqanıstana türk hərbi qüvvələrinin göndərilməsi məsələsini müzakirə edib. Bununla belə baş nazir detallı açıqlama verməyib.  O, digər mühüm mövzu kimi enerji sahəsini misal çəkib. “Enerji  sahəsində Türkiyə tranzit bir ölkədir. “Nabukko” sazişi imzalandı və biz ciddi addımlar atmağa hazırıq. Azərbaycanla görüşlərimiz davam edir. Bu məsələdə müsbət addımların atılacağına inanıram”,-deyə Ərdoğan bildirib. 

Rəcəb Ərdoğan ayrıca olaraq Obama ilə görüşdə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini  müzakirə etdiklərini deyib. O, qeyd edib ki, Türkiyə - Ermənistan münasibətlərinin normallaşması Qarabağ problemi ilə bağlıdır. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin nizamlanması Qarabağ probleminin həllinə müsbət təsir edəcək.   O,qeyd edib ki, Türkiyə bu məsələdə qərarlıdır. Baş nazir bilidib ki, Minsk qrupu olaraq ABŞ, Fransa və Rusiya münaqişənin həllində daha da irəliləyişə nail olunması üçün daha fəal işləməlidir. “Bunun nizamlama prosesinə müsbət təsir edəcəyini söyləyə bilərəm”-deyə Ərdoğan əlavə edib. Türkiyə - Ermənistan arasındakı normallaşma prosesinin bunanla əlaqəli olduğunu qeyd edən R.Ərdoğan “Türkiyə olaraq biz bu məsələdə qərarlıyıq” deyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir