Modern.az

Fərəc Quliyev: "Referendum keçiriləndə 300-dək deputat biz “SSRİ-ni istəyirik” dedi"

Fərəc Quliyev: "Referendum keçiriləndə 300-dək deputat biz “SSRİ-ni istəyirik” dedi"

Qarabağ

17 Oktyabr 2011, 11:30

“Elçibəy məktəbi” layihəsi çərçivəsində İstiqlalçı deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevlə görüş keçirilib. Partiyadan Modern.az-a bildirilib ki, Azərbaycanın müstəqilliyinə imza atan 43 istiqlalçı deputatdan biri olan Fərəc Quliyev istiqlalın bərpa olunmasında aparılan mücadilə və 20 illik müstəqillik dövründə əldə olunan nailiyyətlər, mövcud problemlər ətrafında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Şəhidlərin yad edilməsi ilə başlayan tədbirdə partiyanın gənclər təşkilatının sədri Seymur Həsənli müstəqilliyin 20 illiyi ilə bağlı görüləcək silsilə tədbirlər haqqında məlumat verib.  

Çıxışına dünya azərbaycanlılarını təbriklə başlayan Fərəc Quliyev 90-cı illərin əvvəlində baş verənləri canlandırıb.

“1991-ci ildə Sovet imperiyasının saxlanılması üçün referendum keçirilməsi haqqında Milli Məclisdə məsələ qaldırıldı. O zaman 47 deputat iştirak etməyəcəyini, 300-dək deputat biz “SSRİ-ni istəyirik” fikrini səsləndirdilər. Yalnız 43 deputat bunun qəti əleyhinə çıxaraq razı olmadı. Buna görə, biz 43 deputat hətta Milli Məclisdə aclıq aksiyası keçirərək öz etirazımızı bildirirdik. Lakin o zaman komendant işləyən Valeri Bünyadovun rəhbərliyi ilə bir qolumuzdan rus əsgəri digərindən isə Azərbaycan milisi tutub bizi zorla Milli Məclisdən çıxarıb yaşadığımız yerə apardılar. Bütün bunlara baxmayaraq, xalq bizimlə idi və xalqın bizimlə olması nəticəsini verdi”.

Daha sonra Fərəc Quliyev rus ordusunun Azərbaycandan çıxarılmasına toxunub.

“Biz rus ordusunu ölkədən çıxartmaqla bağlı bir sıra işlər görürdük. Bu işlərdən biri də mənim rəhbərliyim altında qanunsuz silahlı dəstələrin yaradılması oldu. Bizim başqa çıxış yolumuz yox idi. Çünki SSRİ ordusu öz nüfuzunu itirmiş və öz xalqına qarşı çevrilmişdi. Biz ya təslim olmalı, ya da bu cür silahlı qüvvələrlə mübarizə aparmalı idik. Sonra məni bu əməlimə görə 8 il müddətinə həbs etdilər. Həbs də olduğum illər ömrümün ən şərəfli hissəsi idi”.

“O zaman millət vəkilləri içərisində ən gənci mən idim. Müstəqillik məsələsi qalxanda Şimali və Cənubi Azərbaycan haqqında təklif irəli sürdüm. Yəni, ad olaraq ölkəmizi Quzey və ya Şimali Azərbaycan olaraq adlandırmaq. Ancaq təklifim qəbul olunmadı. Çünki orda oturanlar bu təklifin mahiyyətini anlamırdılar. Əgər bu təklif qəbul olunsaydı, gənc bir dövlətin beynəlxalq aləmdə Şimali Azərbaycan adından çıxış etməsi dünya dövlətlərində belə bir maraq oyadardı ki, bu dövlətin cənubu haradır? Düşünürəm ki, əgər bu təklif qəbul olunsaydı, "Böyük qayıdış" adı altında bumeranq bir siyasət yeridərək topu rəqibin ərazisinə atmalı olacaqdıq”.

Millət vəkili istiqlalçı deputatlara diqqətsizlikdən də danışıb. “Bu gün istiqlalçı deputatlara efir məkanında söz vemirlər, danışdırmırlar. Daha doğrusu, istiqlalın əleyhinə səs verənlər və ya bu məsələyə aidiyyatı olmayanlar bizdən daha çox danışır. Dünyanın hər yerində siqnator deputatlara fərqli baxırlar. Moldovada siqnator deputatlara milli qəhrəman adı veriblər. Və başqa ölkələrdə belə deputatlar parlamentdə səsvermə hüququna sahib olmasa da, müzakirələrdə iştirak edir. Sosial təminat baxımından da istiqlalçı deputatlara sayqısızlıq davam edir”.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?