Modern.az

Səmimi etiraf, yoxsa siyasi ehtiyatsızlıq...?

Səmimi etiraf, yoxsa siyasi ehtiyatsızlıq...?

Ölkə

17 Oktyabr 2011, 11:49

Təhsil naziri hakimiyyəti, yoxsa müəllim ordusunu haqlı sayır?

Son günlər ölkə mətbuatının baş yazılarından biri təhsil sferasıyla bağlı olub və düz bir ay öncə birdən- birə təhsil nazirinin hər üç müavininin istefaya göndərilməsi, ardından oktyabrın 3-də 65 yaşı tamam olacaq Misir Mərdanovun da müavinlərinin dalınca göndəriləcəyi, hətta Əli İnsanovun yanına gedə biləcəyi az qala hər gün müxalif mətbuatın əsas mövzularından birinə çevrilmişdi. Ancaq gözləntilərin əksinə olaraq nazir Misir Mərdanov bu istefa sunamisinə sinə gərməyi və belə deyək ki, qurtulmağı bacardı. Hər halda ilkin təəssürat ondan ibarətdir ki, nazir Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində rəhbəri olduğu qurumla bağlı hazırlanan “torba”nı ilkin mərhələdə cırmağa müvəffəq olub və yalnız nazirliyin Tikinti İdarəsinin rəisi Allahverdi Dəmirov başda olmaqla bir neçə xırda məmurun cəzalandırılmasıyla onu gözləyən təhlükələri qismən neytrallaşdıra bilib.

Maraqlıdır ki, hər zaman qaşınmayan yerdən qan çıxarmadan oymayan mətbuat nazirin hansı günah sahibi olması və nədən məhz müəllimlərin respublika konfransından bir həftə sonra ölkə başçısının qəzəbinə gəlməsini araşdırmağa başlasa da, bu tapmacanın dəqiq cavabı bu günədək sirr olaraq qalır. Ancaq ən ağılabatan ehtimallardan biri nazirin məhz müəllimlərin məlum konfransındakı ehtiyatsız çıxışına görə gözümçıxdıya salınması olub. Belə ki, nazir olduqca səmimi şəkildə bu günki müəllimlərin çox aşağı əmək haqqı aldığını, heç kimin ilin-günün bu vaxtında 200 manata öz enerjisini pedaqoji fəaliyyətə xərcləməyəcəyini bildirmişdi və belə bir ifadə işlətmişdi ki, «sən müəllimə ver 2000 manat, gör o necə can yandırır».

Əlbəttə, əslində nazirin bu açıqlamasında qəbahət axtarılacaq bir epizod yox idi və o hər kəsə, hətta ölkə başçısının özünə yaxşıca bələd olan bir həqiqəti söyləmişdi. Ancaq görünür onun düşmənləri və ya rəqibləri belə hesab ediblər ki, bu cür açıqlama nazirə yaraşmır və elə bunu da tələmtələsik Prezidentə çuğullayıblar ki, “bəs nə durmusan, Misir Mərdanov hakimiyyət əleyhinə siyasi bəyanat verib müəllimlər ordusunu üstümüzə qaldırmaq istəyir”.
Hər halda nazirin bu açıqlamasının ölkə telekanallarında yerli-yersdiz təkrarlanması ondan xəbər verirdi ki, “knopka” daha yuxarıdan basılıb və Misir Mərdanovu ictimai qınaq hədəfinə çevirməklə sıradan çıxarmaq, yaxud bu cür emosional ovqatın təsiri altında Prezidentdən istefa sərəncamını qoparmaq niyyəti güdülüb.

Maraqlıdır ki, mövzu yola saldığımız həftədə bir qədər səngisə də, nazirin müəllimlərin maaşlarının artırılacağıyla bağlı yeni bəyanatı, ardından 2012- ci ilin dövlət büdcə layihəsində təkcə nəqliyyat sektoruna 2,7 milyard manatın ayrılması xəbəri iqtisadçı ekspertlər tərəfindən təhsil sahəsinə bütövlükdə dövlətin ögey münasibəti kimi qiymətləndirilib, bu isə yenidən mövzunun dartışılmasına rəvac verib. Hətta təxmini hesablamalar aparan iqtisadçılar iddia ediblər ki, nəqliyyat sektoruna ayrılan bu vəsait təhsilə yönəldilsəydi, hər bir müəllimin əmək haqqı ən azı 1000 manat olardı.
Əlbəttə, nazirin də iddia etdiyi kimi, yaxın vaxtlarda müəllimlərin maaşlarının Prezident sərəncamıyla artırılacağı gözlənilir. Ancaq gəlin görək bu artım min bir problem məngənəsində sıxılan, hətta auditoriyada şagird və ya tələbə önündə olanda da öz gündəlik qayğılarının bədbin ovqatından xilas ola bilməyən müəllimlər ordusunun çöhrəsinə təbəssüm gətirə biləcəkmi? Çətin ki, artım belə bir nikbinlik yaratsın və ötənlərin təcrübəsindən çıxış edərək iddia etmək olar ki, artımlar simvolik xarakter daşıyacaq və müəllimlərin həyatında yaxşı mənada heç bir iz buraxmayacaq.
Elə isə Misir Mərdanovun səsləndirdiyi fikirlərin haqlılılğı bir daha üzə çıxacaq.

Bununla yanaşı, nəzəri cəhətdən əmək haqlarının artırılmasıyla təhsil sahəsindəki problemlərin birdəfəlik həllini tapacağına da inanmaq sadəlöhvlük olardı. Üstəlik, Azərbaycanda dövlət yol polislərinin və məhkəmə hakimlərinin maaşlarının bir neçə dəfə artırılmasından sonra bu sahədə olan vəziyyətin, yəni rüşvət və korrupsiyanın həmin əmək haqqı artımına adekvat artması kimi bir acı təcrübəni də yaşamaqdayıq. Odur ki, hörmətli Misir müəllimin söylədiyi kimi, hətta müəllimlərin maaşları da bir neçə dəfə artırılaraq bu sahədə vəziyyət köklü şəkildə dəyişsə də, bütövlükdə təhsilin keyfiyyətinin nəzərəçarpacaq səviyyədə qaldırılması mümkün olmayacaq. Bu isə ümummilli problemlərdən və cəmiyyətimizin daşlaşmış eybəcər ənənələrindən qaynaqlanır və Misir Mərdanovun kiminləsə əvəz olumasıyla həllini tapan deyil. Bunlardan ən başlıcası təhsil sistemindəki çoxhakimiyyətlilik və adıçəkilən nazirliyin lazımi səlahiyyətlərə malik olmamasıdır.

Heç kimə sirr deyil ki, istər paytaxtda, istərsə də əyalət rayonlarında yerli İcra Hakimiyyətlərinin başçıları gerçəkdən “balaca padşah”lıq iddiasındadırlar və onlar nəinki təhsil sisteminə qanunsuz olaraq müdaxilə edirlər, hətta Təhsil Nazirliyinin onların “təhsil islahatları”na mane olduqlarını iddia edirlər. Bu sahədəki anormallıq paytaxtda daha eybəcər formada zühur edir və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bir çox məqamlarda Təhsil Nazirliyi rəhbərliyiylə yumşaq desək, yola getmədiyi vaxtaşırı mətbuat səhifələrində hallandırılır. Bütün bunlar azmış kimi, nazirliyə formal müdaxilə və “yuxarı”dan tapşırıqların da bütövlükdə təhsil sistemində qeyri-bərabərlik və xaos mühitinə rəvac verdiyi heç kimə sirr deyil. Odur ki, yaxın zamanlarda cəmiyyətin təhsil sistemində köklü dəyişikliklərin baş verə biləcəyiylə bağlı gözləntilərin özünü doğrultmayacağını proqnozlaşdıra bilərik. Əlbəttə, bütün çatızmazlıqları və neqativləri Misir Mərdanovun adıyla bağlamaq ədalətsizlikdir və istənilən halda bu və ya digər sahəni tənqid edərkən ilk növbədə yaşadığımız sistemin yazılmamış oyun qaydalarını saf- çürük edərək mülahizə yürütmək doğru olardı. Bu zaman əsas günahkarın kimliyini tapmaqda heç kim çətinlik çəkməz. Gəlin hər şeyi olduğu kimi görməyi, söyləməyi və yazmağı bacaraq və bu zaman haqqı nahaqqa verənlərin dəyirmanına tökülən bulanıq su olmayaq...

Zülfüqar Hüseynzadə
“Hürriyyət” qəzetinin parlament müxbiri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!