Modern.az

Bəzi hakimlər, məmurlar Prezidentin əziyyətini niyə yerə vururlar...

Bəzi hakimlər, məmurlar Prezidentin əziyyətini niyə yerə vururlar...

Təhsil

17 Oktyabr 2011, 14:01

Son illər Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının ən yüksək səviyyədə qorunması üçün çox mühüm tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev insanların həyat şəraitinin yaxşılaşdırılması, insan hüquqlarının ən yüksək səviyyədə qorunması üçün mühüm vacib addımlar atır, xüsusi proqramlar təsdiq edir, fərman və sərəncamlar imzalayır. Bu fərman və sərəncamlarla insan hüquqlarının müdafiəsində birbaşa cavabdeh olan məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin əmək haqları artırılır, onların sosial müdafiəsi gücləndirilir. Xüsusən də məhkəmələrin. Hakimlərin əmək haqları artırılıb, pensiya təminatı gücləndirilib, onlar xüsusi statusa malikdirlər. İndi Azərbaycanda məhkəmələrin sayı, hakimlərin ştat vahidləri artırılır, hakimlərə köməkçilər verilir. Bütün bunlar ona görədir ki, hakimlər daha ədalətli olsunlar, daha ədalətli qərarlar qəbul etsinlər.

Amma əfsuslar olsun ki, hələ də qanunları pozan, ölkə Prezidentinin fərman və sərəncamlarına əhəmiyyət verməyən məmurlar, hakimlər var. Bundan isə təbii ki, adi, sıravi vətəndaşlar əziyyət çəkirlər.

Bu cür qanun pozuntularının qarşısının alınması, onların ifşa edilməsi isə hər bir vətəndaşın borcudur.

Bu məqsədlə bir məhkəmə prosesi barədə oxuculara məlumat çatdırmaqla, həm də əlaqədar təşkilatların, yuxarı instansiyaların diqqətini belə faktlara çəkmək istəyirəm.

Bildirirəm ki, 2010-cu il sentyabrın 14-də Bakı Şəhəri Xətai rayonu İnqilab İsmayılov küçəsindəki 58 saylı evin 109-cu mənzilində işləyən fəhlə Asif adlı şəxs (hazırda Suraxanı rayonu Əmircan qəsəbəsi A.Rzayev küçəsində həyət evində yaşayır) həmin mənzili bağlayaraq açarı mənə təhvil verdi. Sentyabrın 28-də isə həmin binanın 106-cı mənzilinə su axması faktı ilə əlaqədar mənə zəng vurdulur və açarı istədirlər. Həmin evin yerini mənim ailə üzvlərimdən heç kim bilmədiyi üçün açarı həmin fəhlə Asiflə ora, yəni, hadisə yerinə göndərdim. Asif mənə İ.İsmayılov küçəsi ev 58-dən zəng vuraraq deyir ki, burada su basma var, amma su bizim mənzildən deyil, yuxarı mənzildən axıb. Açarı zorla məndən aldılar, məni təhqir etdilər, evə buraxmadılar. Mən də ona məsləhət gördüm ki, münaqişəyə girmə, eybi yoxdur, bax gör günah kimindir. Sonda isə mənə məlum olur ki, açarı Asifdən alan şəxslər onu mənzilə buraxmır və oradan uzaqlaşmasını tələb edirlər.

Sonradan mən 106 saylı evin sahibəsi Zivər xanıma müraciət edib, nə baş verdiyini soruşdum. Xanım öz evini göstərdi və yuxarı mənzildən, yəni mənim cavabdeh olduğum mənzildən su axdığını, ona ziyan dəydiyini bildirdi. Mən öz evimizin açarını istədim və evə baxmağın vacibliyini söylədim. Zivər xanım isə açarın Tahir adlı şəxsdə (qohumunda) olduğunu bildirdi. Bu söhbət olmuşdu oktyabrın 1-də. Bunu Zivər xanımın üzbəüz qonşusu da təsdiq  edər.

Mən Zivər xanıma dedim ki, əgər günah bizimdirsə mən öz günahımı yumağa hazıram. Amma açarın Tahir adlı şəxsdə olması və onun bu açarı qaytarmaq istəməməsi mənə qəribə gəlir. Ona görə də açarı almadan heç bir addım atmayacağam. Zivər xanım isə bildirdi ki, Tahir Prezident Aparatında yüksək vəzifədə çalışır, gedin onunla danışın. Sonra mən çətinliklə də olsa Tahir bəyin telefon nömrəsini ala bildim (070-221-02-51) və oktyabrın 10-da saat 17.00-da ona zəng vurdum. Telefon söhbəti zamanı Tahir bəyin dediklərini sizin diqqətinizə çatdırıram. Tahir bəy dedi: “Bilirsiniz vəziyyət necədir? Mən sizin o xanıma, yəni evin əsl sahibəsini zəng vurmuşam, mənə kobudluq ediblər. Mən bunu heç kimə bağışlamayacağam. Bilmirəm siz kimsiniz, mən sizə deyirəm ki, bu evi sizdən alacam, sizi buralara həsrət qoyacağam”.

Mən yenə evin açarını istəyəndə Tahir bildirdi ki, açar Xətai rayon Məhkəməsindədir, gedin oradan alın və “otbiy” verdi. Həmin gün ikinci dəfə ona zəng vururam və evin açarını tələb edirəm, hətta deyirəm ki, mən başa düşmədim, nə olsun Prezident Aparatında işləyirsiniz, vətəndaşın özəl mülkiyyətinin açarını alıb saxlamısınız, biz də bilməliyik görək nə olub. Bu nə hoqqabazlıqdır. Sizin bu hərəkətinizə necə qiymət vermək olar. Ermənilər gəlib torpaqlarımızı işğal ediblər, siz də burda evlərimizi. Yenə cavab dəyişmir: “nağıl danışmayın, gedin açarı  məhkəmədən alın”. Mən məhkəmədən, birinci mərtəbədən məsləhət alıram mənə bildirirlər ki, belə bir şey ola bilməz. Açarı bura niyə verməlidirlər. Məhkəməyə ərizə verirlər, işə baxılır, amma açarın alınması başqa prosesdir və buna bizim praktikada rast gəlinməyib.

 Sonra yenidən danışırıq Tahir bəylə. Bu dəfə o, açarın Zivər xanımda olduğunu bildirir. Noyabrın 8-də isə mən açarı Zivər xanımdan alıram. Evə baxış zamanı başqa bir mənzərənin şahidi oldum.

Evin tavanında su sızması açıq aydın görünür. Qapıdan içəri girən kimi sağ tərəfdə tavanda qara ləkə, su ləkəsi, dəhlizdən mətbəxə keçən yerdə, hamamda, ayaqyolunda və mətbəxdə.

Məsələ aydın olur. Deməli, əslində suyun sızması elə həmin Tahir bəyin evindən olubmuş. Özünü Prezident Aparatının məsul işçisi kimi təqdim edən Tahir Mətləb oğlu Hüseynov həmin evin 112-ci mənzilində yaşayır. Su sızmasını ört-basdır etmək üçün açarı almaqdan başqa, nə fikirləşə bilərdi. Bir də ki, axı Tahir haradan biləydi ki, biz bunun üstünü aça bilərik. 

Bundan sonra bir neçə dəfə telefonla Zivər xanımla danışıram, görüşüb bu məsələyə aydınlıq gətirmək istəyirəm, amma bütün cəhdlərimə baxmayaraq onlar söhbətdən yayınırlar. Yalnız dekabrın 8-də bir nəfər zəng vurur və Zivər xanımın bizi məhkəməyə verdiyini bildirir. Yenə də məsələni araşdırmağa çalışıram bir nəticə olmur. Dekabrın 13-də Tahir bəylə telefonla danışıram, saat 10:37-də və ondan bir daha harada işlədiyini, hansı vəzifənin sahibi olduğunu soruşuram. Tahir həqiqətən də Prezident Aparatında işlədiyini, işin artıq gec olduğunu və dekabrın 14-də Xətai Rayon Məhkəməsində görüşməyi təklif edir.

Dekabrın 14-də məhkəmədə görüşürük. Tahir məndən 15 min manat pul tələb edib dedi ki, evə çoxlu ziyan dəyib, ona görə də bu ziyan ödənməlidir. Mən ona dedim ki, ay qardaş, bir dayan, görüm, sən nə danışırsan, suyun haradan axdığını guya bilmirsən? Nə oyun oynayırsan? 

Tahir bəy deyir: “Əslində siz mənə yaxşı qulaq asın. Uşaq deyilsiniz, bilirsiniz ki, bu iş məhkəməyə çıxsa uduzacaqsınız, əlavə xərcləriniz də çıxacaq, mən sizin ağsaqqallığınıza baxıb 2 min çıxıram, 13 min verərsiniz”.

Mən bir daha soruşuram, siz nə etdiyinizin fərqindəsiniz? Axı su sizin mənzilinizdən axıb.

Çox maraqlı bir cavab: “Ağsaqqal, bunu sübut etmək lazımdır. Bütün qonşular sübut edəcəklər, üzə duracaqlar ki, su məhz sizin mənzildən axıb. Ona görə də deyirəm ki, bu məhkəmə işi sizlik deyil, buranı uduzacaqsınız və daha çox xərciniz çıxacaq, siz məni yaxşı tanımırsınız”.

Soruşuram: Siz həqiqətən də Prezident Aparatında işləyirsiniz? Nə işlə məşğulsunuz?

Cavab: “Şəhidlər və Milli Qəhrəmanlarla bağlı şöbədəyəm, ayda bir dəfə Prezidentə görülən işlər barədə təqdimat verirəm. Sizi qane elədi?”

“Yox” deyirəm, o isə vəkilinin yanına qayıdır. Nə isə danışır, sonra da “Mən bir dəqiqəyə İradə bacıya dəyib qayıdıram. Görüm necədir, yanir” deyir. Sonra ikinci mərtəbəyə qalxır. 

Vəkil isə (yaşlı bir adamdı, Əlisahib müəllim) mənə deyir: “Görürəm abırlı adamsınız, burada mübahisə etməyin, məhkəmə ekspertizası təyin olunacaq və hər şey ondan sonra bəlli olacaq”.

Bax, beləcə iş gedir məhkəməyə.

Əvvəlcə həqiqətən də məhkəmə ekspertizası təyin olunur və ekspertlər bizim iştirakımız olmadan 106 saylı evə, yəni Zivər xanımın evinə 3355 manat məbləğində ziyan dəydiyini bildirir və bununla bağlı akt tərtib edirlər. Mənim xahişim və vəsatətim əsasında yenidən ekspertiza təyin olunur və ekspertlər bu dəfə də 106 saylı mənzilə yuxarı mərtəbədə yerləşən mənzildən su axdığını,  ziyan dəyməsi faktını təsdiq edirlər. Amma suyun 112-ci mərtəbədən axdığını da göstərirlər. Bununla bağlı ekspertlərin rəyində deyilir: “109-saylı mənzilə baxış keçirildi və dəhlizin  ayaqyolu divarına yaxın hissəsində tavanda və divar kağızı üzərində, mətbəxin hamama yaxın hissəsində su sızma əlamətləri müəyyən olundu. Tədqiq olunan 112 saylı mənzilə baxış keçirilən zaman dəhlizdə ayaqyoluna yaxın hissədə döşəmə parketinin üzərində su sızma nəticəsində qaralma müəyyən edildi”.

Hesab edirəm ki, artıq heç kimdə şübhə qalmır ki, su məhz 112-ci mənzildən axıb. Ekspertiza suyun 112-dən axmasını təsdiq edir. 

Rəydə o da bildirilir ki, tədqiq olunan 106 saylı mənzilin döşəmə taxtasının aralanması su sızmadan, eləcə də döşəmə taxtası döşəməyə vurulan zaman istifadə olunmuş ağac materiallarının keyfiyyətsizliyindən, yaxşı qurudulmamasından baş verə bilər. Sonra 106 və 109 saylı mənzillərə dəymiş ziyanın məbləği müəyyən olunur və rəyə tikilir. Bizim, yəni, 109 saylı mənzilə 533 manat ziyan hesablanması narahatçılıq yaratsa da biz evin təmirsiz olduğunu əsas gətirərək dinmədik.

Bu arada məhkəmənin hakimi dəyişir və bunu mənə əvvəlki hakimin məzuniyyətə getməsi ilə əlaqəli olduğunu bildirirlər.

Hakim Habil Məmmədovun sədrliyi ilə ilk tanışlıq iclası keçirilir, tərəflərə çıxışa hazırlaşmaq üçün vaxt verilir və bu zaman hakim Tahir bəyin iddiaçının nümayəndəsi qismində çıxış etməsinin qanuna zidd olduğunu etiraf edir. Çünki Tahir bəy Zivər xanımın nümayəndəsi kimi məhkəmədə iştirak edirdi.

İkinci iclasda isə hakim iddiaçını və onun nümayəndəsi Tahir bəyi dindirir, izahatlarını alır.

Mən etiraz edib bildirirəm ki, Tahir cavabdeh qismində oturmalı olduğu halda niyə ondan iddiaçının nümayəndəsi kimi ifadə alırsınız?

Hakim onu hadisənin şahidi kimi dindirdiyini bildirir. (Şahid məhkəmə prosesində əvvəldən axıra kimi iştirak edə bilirmiş-X.Ə)

Çox qəribədir, mən hakimə işin əsl mahiyyəti, yəni bu adamların qara niyyətləri barədə, yəni, yuxarıdakılar barədə   məlumat verirəm. Əvəzində Habil Məmmədov deyir ki, dediklərinizin bu məsələyə heç bir dəxli yoxdur. Mən bildirirəm ki, bu adamlar əslində bizə məxsus evi almaq istəyiblər. Bizim evdə fəhlə işləyən adam Zivər gildə bu söhbətin şahidi olub. 15 min manat da boş yerdən gəlmir. Bunlar öz aralarında qərara gəliblər və plan cızıblar: evin daha ucuz alınması üçün ən yaxşı şans məhkəmədir. İddia ərizəsi ilə məhkəməyə müraciət edilir və 15 min manat təzminat istənilir. Evin sahibi Azərbaycanda yaşamır. Təbii ki, heç bir çağırış vərəqəsi də onlara yetişməyəcək. Belə olan halda isə məhkəmə bir tərəfli qərar çıxarmaqda haqlıdır. Beləliklə, 15 min məhkəmə qərarı ilə kəsilir, ödənilmədiyi təqdirdə ev satışa çıxarılır. Məhkəmə qiymət qoyduqdan sonra isə ev satılır. Bu zaman bunlardan biri həmin pulun qalanını ödəyir və evə sahib çıxır.

Çox qəribədir, hakim Habil Məmmədov deyir ki, siz narahat olmayın, bura Azərbaycandır, heç kim başqasının əmlakını ala bilməz. Görmürsünüz, ekspertiza həm sizə, həm də Zivər xanıma ziyan dəyməsi barədə akt verib. Biz bu aktlar əsasında işə baxacağıq.

Tahir ayağa qalxıb deyir: “Yoldaş məhkəmə, o rəqəm düz deyil, ekspertlər mənə zəng vurub rüşvət istədilər ki, rəqəmi daha çox yazsınlar”

Hakim Habil Məmmədov onun sözünü kəsərək deyir: “Sizdən  rüşvət istənilibsə bunu başqa instansiyaya bildirin. Bu məhkəmənin işi deyil, gedin Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edin və bir də mən sizə söz verməsəm danışmayın.

Mən dediklərimi sübut edəcək, yəni şahidlik edəcək şəxsləri məhkəməyə dəvət edirəm. Onlardan biri, fəhlə Asif zalda oturduğu üçün hakim onu dindirməkdən imtina edir (baxmayaraq ki, Tahir əvvəldən axıradək məhkəmədə oturub). Eybi yoxdur, mən o biriləri də gətirərəm deyirəm.

Növbəti, üçüncü və sonuncu iclasa da şahid gətirirəm, bu dəfə onları birinci mərtəbədə gözləyirlər. Qarşı tərəf də şahidlərini gətirir. Bunlardan biri, (həmin binanın 5-ci mərtəbəsində yaşayır, milliyyəti azərbaycanlı deyil) rusdilli olduğu üçün Hakim Habil Məmmədov deyir: “Məgər bir normal adam tapmadınız rusu-musu gətiribsiniz, alkaşa oxşayır, bunu dindirməyəcəm, başqasını gətirin”.

Daha sonra mənə üzünü tutub deyir: “Mən yalnız bir şahid dindirəcəyəm, bunu bilin”.

Onlar da o dəqiqə ikinci şahidi, Zivər xanımın yeznəsi Həsəni dəvət edirlər. Təbii ki, o da özünəməxsus şəkildə ifadəsini verir, Zivərin evinə (mənzil 106-ya) bizim evdən (mənzil 109-dan) su axdığını bildirir, və 112-ci mənzildən (Tahirin evi) su axmadığını iddia edir. Mən soruşanda ki, bəs necə olur ki, ekspert rəy verir, siz niyə düzgün danışmırsınız? Hakimə üzümü tutub deyirəm: Möhtərəm hakim, Həsənin dedikləri ilə Tahirin dedikləri üst-üstə düşmür, bunları nəzərə alın, xahiş edirəm.

Hakim Habil bəy isə amiranə bir görkəm alıb deyir: “Onların bütün dedikləri üst-üstə düşür, burada qəribə heç nə yoxdur”.

Sonra sənədlərə baxır, Tahir bəyin iddiaçının nümayəndə olması üçün verilmiş vəkalətnamənin müddətinin ilin sonunda başa çatacağını xatırladır, vəkillə bağlı sənədləri araşdırır, amma vəkillik üçün ödənilən pulun qəbzinin olmadığını bildirir. Sonra da deyir:  Mən qərarımı verirəm. Məhkəmə iddiaçı Zivər Cəfərovaya dəyən zərərin qismən ödənilməsi barədə qərar qəbul etdi. Yəni vəkil üçün ödənilmiş 100 manat xaricində bütün xərclər və dəymiş ziyan ödənilməlidir!

Bu zaman vəkil Əlsahib (əgər adını düz demirəmsə bağışlasın) müəllim  hakimə etirazını bildirir. Siz nə edirsiniz, heç olmasa prosedur qaydalara əməl edin, sizin hərəkətləriniz qanuna ziddir.

Amma bunun heç bir faydası olmadı.

Məhkəmə zalından çıxarkən Habil bəy mənə tərəf dönərək, sanki təsəlli verirmiş kimi “mənim qərarımdan şikayət verə bilərsiniz” dedi.

Mən “narahat olmayın, bu belə də olacaq” deyirəm.

Tahir bəy də eyni eyhamla deyir: Boşuna əziyyət çəkməyin, bütün nəyim var tökəcəm, sənin həqiqətin üzə çıxmayacaq.

Bunu necə edəcəksən deyə soruşuram.

Bunu necə etdim, onu da elə! Sən məni yaxşı tanımırsan və şaqqana çəkərək gülür.

Özüm özümə fikirləşirəm, görəsən bəzi hakimlər və məmurlar Azərbaycan Prezidentinin bu qədər əziyyətini niyə yerə vururlar. Görəsən haqq ədalət nə vaxt öz yerini tutacaq. Niyə bizim hakimlərimiz mübahisələri qanunlarla yox, məmurların tapşırığı ilə həll edirlər. Məgər bu qədər hakim cəzalandırılır, səlahiyyətlərinə vaxtından əvvəl xitam verilir, ya da məsuliyyətə cəlb olunur, bu azdır. Bundan ibrət götürmək olmaz? Niyə Prezident Aparatının Tahir Mətləb oğlu Hüseynov kimi işçiləri və ona havadarlıq edənlər, oturduqları kresloya hörmət etmirlər. Ölkə Prezidentinin xalqın rifah halının yaxşılaşdırılması, hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunması istiqamətindəki fəaliyyətinin üstünə kölgə salırlar.

Sentyabrın 13-də olmuş məhkəmənin qərarına baxanda adam lap dəhşətə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrinin sadalandığı qərarın özü elə həmin Məcəllənin tələblərinə ziddir. Qərardadda Tahir bəyin ifadəsi yoxdur.

Ən başlıcası: Hakim Habil Məmmədov qərardad çıxararkən ekspertizanın rəyini nəzərə almayıb. Maraqlıdır: Necə olur ki, ekspertizanın ikinci rəyində qiymət artımını hakim görür, amma rəydə suyun 112-ci mənzildən axmasını görmür.

İndi isə daha konkret suallar: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində deyilir: “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsində deyilir: “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”.

Qeyd edim ki, hakim MPM-nin təkcə bu maddələrinin tələblərini deyil, 80-ci, 88-ci, 119-cu və digər maddələrinin də tələblərini pozmuş, qərəzli, bəli məhz qərəzli qərar çıxarmışdır.

Bu məhkəmə işində çoxlu suallar var. Məsələnə: görəsən hakim Habil Məmmədov niyə belə qərəzli qərar çıxarıb, Tahir bəyin izahatını niyə göstərməyib (nəinki göstərməyib, heç onun adını belə hallandırmayıb), ekspertin rəyini niyə nəzərə alınmayıb. (Düzdür Milli Məclisin dövlət quruculuğu və hüquq siyasəti komitəsində mənə bildirilib ki, ekspertin rəyində də qərəzlilik var. Yəni yazılmayıb ki, 106-cı mənzilə tökülən su 112-dən axıb. Ekspert sadəcə olaraq göstərib ki, 112-ci mənzildən su axması halı vardır. Buna baxmayaraq bu cümlənin özü hakimə qərar çıxararkən onu nəzərə almağa imkan verir).

Deputatlar, Məhkəmə Hüquq Şurasının üzvü (adını çəkmək istəmirəm), hətta başqa hüquqşünaslar belə etraf edirlər ki,  Məhkəmədə bütün Azərbaycan vətəndaşlarının ifadə vermək hüququ vardır. Mən bunu başa düşürəm və hesab edirəm ki, hətta o şəxs, mənim əleyhimə ifadə versəydi belə hakim onun ifadəsini almalı idi.

Mən bununla, həm də Azərbaycan Prezidentinə, Baş Prokurora, Ədliyyə Nazirinə, Məhkəmə Hüquq Şurasının sədrinə  müraciət edirəm. Yəqin onlar bu cür neqativ halların aradan qaldırılması və bizim pozulmuş hüquqlarımızın bərpası ilə, Qanunun aliliyini deyil, başqa amilləri əsas götürən hakimlərlə bağlı öz sözlərini deyəcəklər.   

Bu məhkəmədə cavabdehin xüsusi nümayəndəsi   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır