Modern.az

Müstəqilliyin əleyhinə çıxanlar - Mixail Zabelin, Arif Rəhimzadə, Madər Musayev, Ziyad Səmədzadə və ...

Müstəqilliyin əleyhinə çıxanlar - Mixail Zabelin, Arif Rəhimzadə, Madər Musayev, Ziyad Səmədzadə və ...

Parlament

17 Oktyabr 2011, 14:36

Sabah ölkəmizin - Şimali Azərbaycanımızın 20-ci əsrdə ikinci dəfə müstəqillik qazanmasının 20 ili tamam olur.  Bu yerdə onu da qeyd edək ki, dövlət başçısı hörmətli İlham Əliyev cənablarının   müstəqilliyimizin 20 illiyinin rəsmi dövlət səviyyəsində qeyd olunması ilə bağlı müvafiq sərəncamına əsasən ötən bir neçə ay ərzində bu və ya digər genişmiqyaslı tədbirlər, konfranslar, diskussiyalar keçirilib və bu tədbirlər artıq yekunlaşmaq ərəfəsindədir. İndi bu məsələnin üzərində geniş dayanmadan düz  20 il öncə baş verənlərə  və bəzi məsələlərə yenidən qayıtmaq istərdim.

Bu müstəqiillik  Azərbaycan türklərinin (Şimal Azərbaycan türklərinin) haqqı idi və xalqımız, millətimiz  hələ ötən əsrin 20-ci illərindən açıq - gizli şəkildə bu istiqamətdə mübarizəsini sərgiləyir, ortaya qoyurdu. Ancaq ötən əsrin 80-ci illərində, xüsusilə 1988-91-ci illər ərzində postsosialist və daha çox postsovet məkanında baş verən proseslər Azərbaycan türklərinin də azadlıq mücadiləsini sürətləndirir, ona əlavə stimul, təkan verirdi. Bəzən belə yanlış və zərərli tezislər irəli sürülür ki, Şimali Azərbaycanın müstəqillik əldə etməsi sadəcə, keçmiş SSRİ-nin bir gündə süqut etməsi nəticəsində  baş verib və xalqımızın bu prosesdə elə də bir rolu olmayıb. Düzdür, SSRİ-nin çöküşü ABŞ başda olmaqla Qərbin bir saylı planı idi və bu planı da icra etmək üçün ən uğurlu bir şəxs - sonuncu SSRİ prezidenti  Mixael Qorbaçov seçilmişdi, amma bununla belə, SSRİ-nin süqutunda 1988-91-ci illər Azərbaycan xalq hərəkatının, Azərbaycan türklərinin də böyük rolu, payı var. O vaxt -1988-ci ildə Qarabağ  hadisələri fonunda vüsət alan Azərbaycan xalq hərəkatı, milli-azadlıq hərəkatı müstəqillik eşqi ilə alışıb-yanan, bizlərdən fərqli olaraq, keçmiş SSRİ-yə sonuncu ilhaq edilən Baltikyanı ölkələrin milli-azadlıq mücadiləsini  öz möhtəşəmliyi və əzəmətlliliyi ilə qısa bir zamanda üstələmişdi. Bu, o zaman çoxları üçün gözlənilməz olsa da, hər halda bir reallıq idi. Heç təsadüfi  deyil ki, səhv etmirəmsə, 1988 və ya 1989-cu ildə, bu mübarizliyinə görə Azərbaycan xalqı-Azərbaycan türkləri  “ilin xalqı” elan olunmuşdu.

Bəzən yenə belə bir yanlış və zərərli tezis ürəli sürülür ki, o zaman “Azadlıq” (keçmiş Lenin) meydanına axın edən insanları-yüzminləri guya buraya keçmiş “KQB” cəlb edirmiş, məhz onlar tərəfindən insanlar bu prosesə yönləndirilirlərmiş. Olduqca, yanlış bir tezisdir. O vaxtkı proseslərin şahidi, sıravi  iştirakçısı kimi deyə bilərəm ki, hətta, istəsəydi belə “KQB” bunu edə bilməzdi, o belə bir gücə malik deyildi, insanlar-böyük əksəriyyət öz qəlblərinin səsi, hökmü, öz istəkləri, azadlıq sevdaları ilə bu milli-azadlıq mübarizəsinə qoşulmuşdular .Və bu mübarizə nə qədər ağrılı-acılı olsa da, öz məntiqi nəticəsini verməliydi və verdi də. Azərbaycan xalqı 1991-ci ilin avqust ayının sonlarında 20-ci əsrdə ikninci dəfə müstəqilliyinə qovuşdu. O vaxtkı Ali Sovet avqust ayında öncə Müstəqillik bəyannaməsinə imza atdı, sonra isə bu prosesin məntiqi davamı kimi həmin ilin oktyabr ayının 18-də  “Müstəqil Azərbaycan” Deputat Blokunun- Demokratik Blokun gərgin fəaliyəti nəticəsində Müstəqillik haqqında Konstitusiya Aktını qəbul etdi. Bu Aktın hazırlanmasında və qəbulunda da o zamankı “demblokçu”ların, o cümlədən, sabiq millət vəkilləri Tofiq Qasımovla Hacıbaba Əzimovun xidmətləri əvəzsizdir.

Yeri gəlmişkən, burada başqa bir məqama da toxunmaq istərdim. Şimali Azərbaycanın müstəqillik ikinci dəfə  əldə etməsindən, SSRİ-nin süqutundan bir neçə ay əvvəl SSRİ-nin qorunub-saxlanması ilə bağlı ümumxalq referendumu keçirildi. Bu referendumla bağlı müzakirələrin, xüsusilə, keçmiş Ali Sovetdəki müzakirələrin canlı şahidi kimi deyə bilərəm ki , 350-dən artıq üzvü olan həmin ali qanunverici orqanın  üzlərindən bir iki-nəfər bitərəf qalmaqla - cəmi 43 nəfəri siyasi iradə və qətiyyət nümayiş etdirərək bu referendumun kecirilməsinin əleyhinə çıxdı, hətta,onlar həyatlarını risqə qoyaraq aclıq aksiyasına belə getdi. Ancaq çox təəssüflər olsun ki, yerdə qalan deputatlar  SSRİ-nin çöküşünün qaçılmaz olduğunu  bildikləri halda həmin referendumun keçiriməsinə razılıq verdilər. İndi  bəziləri deyə bilərlər ki, bu insanlar əleyhinə səs versələr də belə, onsuz da SSRİ-nin qorunub saxlanması ilə bağlı referendum keçiriləcəkdi. Lakin şəxsən mən bu iddiaları heç cür, heç vaxt qəbul etmirəm və etmərəm də. Bu referendumdan cəmi 5 ay sonra baş verənlər bu iddiaların bir daha əsassız olmasını göstərir. Özü də çox təəssüflər olsun ki, Azərbaycanın müstəqillik əldə etməsində mühüm rol oynamış insanlar , məlum “43”-lər deyil, əksinə, müstəqillik  mübarizəsinin əleyhinə çıxmış, SSRİ-nin qorunub saxlanmasına səs vermiş insanlar  bu gün daha çox öndədirlər, belə demək mümkünsə, onlar Azərbaycanın müstəqilliyi ilə bağlı hər gün  palaz-palaz müsahibələr, yazılar verir, ekranı-efiri zəbt edirlər. Çox qəribə və acınacaqlı haldır ki, yenə  həmin “43”-lər deyil,  məhz mart referendumuna səs vermiş və ya müstəqilliyin əleyhinə getmiş insanlar  “Şöhrət”, hətta “İstiqlal” ordenlərini şəstlə sinələrində gəzdirir, dövlətin imtiyazlarından geninə-boluna yararlanırlar. Onların arasında həmin vaxtdan bu yana parlamentdə əyləşən, yəni, indinin özündə də  millət vəkili olanlar var - Mixail Zabelin, Arif Rəhimzadə, Madər Musayev, Ziyad Səmədzadə və digərləri. Ancaq çox təəssüflər olsun ki, bu gün həmin “43”-lərin bir çoxu- İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Bayram Bayramov, Mürşüd Məmmədli, Şadman Hüseyn, Tofiq Bağırov (gəncəli), Şahmərdan Cəfərov, Ədalət Rəhimli, Məmməd Xələfov həyatda deyillər, Tofiq Qasımov artıq neçə illərdir vətəndən xeyli uzaqlardadır, Arif Hacılı  növbəti məhbəs həyatını yaşamaqdadır, Hacıbaba Əzimovun evi başına uçurulub, kompensasiyasını belə ala bilmir, digərləri isə...

Müstəqilliyimizin 20-ci ilinin tamam olmasına cəmi bir gün qalır. Sabah bütün Azərbaycan bu ələmatdar günü qeyd edəcək. Amma nə qədər gec olsa da, bu müstəqillikdə böyük rol oynamış insanlarımızın-başda mərhum Əbülfəz Elçibəy olmaqla hamısının, o cümlədən “43”-lərin haqqı verilməli, onlar dövlətin ən ali insanlar kimi “İstiqlal” ordeninə layiq görülməli, dövlətin ən üstün imtiyazlarından yararlanmaq hüququna sahib olmalıdırlar. Bu, onların haqqıdır və bu haqqı da vermək bizim-bizlərin borcudur.

Bir daha bayramın, müstəqilliyin mübarək əziz millətim-Azərbaycan türkləri!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır