Modern.az

Elçin Şıxlıya verilən İŞGƏNCƏLƏR  

Elçin Şıxlıya verilən İŞGƏNCƏLƏR   

4 Oktyabr 2018, 12:00

Mahir QABİLOĞLU 

 

Başlığa baxıb təəccübləndiniz. Yəqin ilk sözünüz bu oldu ki, Mahir yatıb-yatıb indi ayılıb? Niyə vaxtında bu məsələni qaldırmayıb – Jurnalistlər Birliyinin sədri, Mətbuat Şurasının yaratmaqla KİVDF falını yuvaya qoyan, Müstəqil mətbuatımızın ilk qaranquşlarından sayılan “Ayna”və “Zerkalo”nun yaradıcısı, Əməkdar jurnalist Elçin Şıxlının müdafiəsinə qalxmayıb? Bu işgəncələrin fiziki olmasa da, mənəvi əzablarına şərik çıxmayıb.

Amma, köks ötürüb, “luçşe pozdno çem nikoqda” deyəniniz də tapıldı. Və bir anlıq fikrə getdiniz. Yaxşı, Mahir vaxtında danışmamışdısa, onda bəs Elçinlə bir ton çörək kəsən və araq içən (burdan Nargin adasına qədər ola ya olmaya) dostları, demokrat kimi tanıdığımız Qulu Məhərrəmli, Arif Əliyev, İbrahim Nəbioğlu niyə susublar? Niyə bu işgəncələrə səslərini qaldırmayıblar? Həbs olunmağınımı gözləyiblər ki, sonradan onu vicdan məhbusu adlandırıb müdafiəsinə qalxsınlar?

Nə deyim vallah, sualları mənə verməyin. Mən özümə, öz yazıma cavabdehəm. Düzdür, gecikmişəm. Nə olsun ki... Günahlarımı yumaq istəyirəm. Eyni zamanda da Elçin Şıxlıdan narazılığımı da dilə gətirəcəyəm. Doğma insan doğma insanın düz yolda olmadığını görəndə onu vaxtında bu yoldan döndərər. Amma əksinə hərəkət etdi. Yox, sadəcə susdu. Mən də incik idim ondan. Amma yazmağı özümə borc bildim. Vaxtında da yaza bilərdim. Amma indi ağlım kəsib, böyümüşəm, yaşlaşmışam və başa düşmüşəm.

Gəlin tələsməyək. Yavaş-yavaş, asta-asta yola çıxaq. Mənim sevdiyim, yazılarımın əzəl mübtədası olan suala – Elçin kimdir? – sualına cavab verə-verə işgəncələrin təfərrüatına varaq, mənən də olsa, gec də olsa onun halına yanaq.

 

ELÇİN VƏ FƏRRUX

 

Mən Elçini çoxdan tanıyıram. Qonşu idik. Qapıqonşu deyildik. Tavan-döşəmə qonşusu idik. Üçüncü mərtəbədə onlar, dörddə isə biz yaşayırdıq. Çox hörmətlə yanaşırdım onlara. Elə olmasaydı... hamamda, mətbəxdə olan su kranlarını açıq qoyub dərsə gedərdim, onları qonşu yağmuruna məruz qoyardım. Nə deyəcəkdilər ki... Uzağı-uzağı bircə ifadə: “Su aydınlıqdır”. Xülasə, qonşumuza bu “aydınlıq”  sevincini yaşatmamışam.

Elçini çoxdan tanıyıram. Amma dörd yaşımda daha yaxından tanımağa başladım. Məsələnin başlanğıcını İsmayıl Şıxlı – İsmayıl əmi “Dostum Qabilin qəribə əhvalatları” toplusunda xüsusi qeyd edib. Arxasını isə yazmayıb. Mənimçün də nəsə saxlayıb. Uzaqgörən imiş.  

 

SİTAT: Bir səhər Qabil bizə gəldi. Narahat idi. Sözlü adama oxşayırdı. Ortaya çay qoyuldu. Stəkanı axıracan içməyə səbri çatmadı.

–      Bilirsən, nə var, Mirzə, oğlumu sünnət eləmək istəyirəm.

–      Lap yaxşı eləyirsən, çox mübarək.

–      Sağ ol, amma bir məsələ var.

–      O nədi, elə?

–      Kirvə axtarıram.

Gülməyim tutdu.

–      Gülmə, Mirzə, bizdə – Abşeronda – kirvəlik o qədər dəb deyil. Amma siz tərəfdə dəbdir.

–      Dəb salarsınız, dəbdə olar.

–      Elə məsələ də orasındadır. Bilirsən, Mirzə, Mahir mənim gözümün ağı-qarası bircə balamdır. İstəyirəm onun kirvəsi müqəddəs adam olsun.

–      Yaxşı eləyirsən. Nə çoxdu dost-aşnan.

–      Var. Amma onları istəmirəm.

–      Bəs kimi istəyirsən?

–      Səni.

–      Məni?

–      Həri. Mənə səndən yaxın kim var? Səndən əməllisini hardan tapacam? Düz iki aydır,  götür-qoy eləyirəm, əl çəkən deyiləm.

Mən Qabilə etiraz etdim. Ürəyimin zəif olduğunu, uşağın əziyyətinə dözə bilməyəcəyimi söylədim. Qabil üz vurdu, mən boyun qaçırdım. Axırda əlacı kəsilib susdu. Gördüm yaman pərt oldu. Axı, indiyəcən onun bir sözünü iki eləməmişdim. Birdən gözü söhbətimizə qulaq asan həyat yoldaşıma sataşdı. Dərhal dirçəldi:

–      Ümidə bacı, indi ki, belə oldu, sən Mahirin kirvəsi ol.

–      Boy,  nə danışırsan, Qabil, heç arvaddan da kirvə olar?

–      Niyə olmur, dəbə salarsan, olar.

Razılaşmaqdan başqa yolum qalmadı”. (SON)

 

Bu söhbətdə iki məqamı İsmayıl əmi qeyd etməmişdi. Atam onu bu şərəfli vəzifəyə layiq görəndə, həm də köhnə cəbhəçi olmasını, İBöyük Vətən Müharibəsində dörd il qanlı-qadalı yol keçməyini, yəni ki, qandan qorxmadığını nəzərə almışdı. Əlacı kəsiləndə isə qandan qorxmayan bir sənətin, həkim Ümidə xalanın namizədliyini irəli sürmüşdü. Çünki atam qandan yaman qorxurdu. Barmağından analiz  verəndə az qalırdı ki, ürəyi getsin.

Xülasə, İsmayıl əmi razılıq verir. Qalır əsas məsələ. Bəs uşağı kim “kəsəcək”? Bu zaman Elçinlə Fərruxda uğurla sınaqdan çıxmış Əmbiya adlı bərbər, daha doğrusu BARBAR, aydın dildə, el dilində desək dəllək yada düşür. Onun da telefonu yox. Amma ünvanı yadda qalıb. İndiki kimi yadımdadır. Atam maşını çıxartdı. Qabaqda İsmayıl əmi, arxada isə Elçin və mən oturduq. Uşağın (Elçinin) yaddaşı yaxşı olar. Ata-bala yaddaşlarını təzələyə-təzələyə dəlləyin evini tapdılar. Vaxtı-vədəni razılaşdırdılar. Mən isə maşındaydım. Sağollaşanda atamla İsmayıl əmini maşınacan ötürən Əmbiya arxa pəncərədən başını içəri soxdu. Mənə – keçmişdə edamdan bir gün qabaq qurbanının boynunu sığallayan – cəllad kimi nəzər yetirdi. Hətta güldü də... Mən isə – heç nədən xəbəri olmayan bir cocuq – sevinirdim. Axı toyum olacaqdı. Mənə belə demişdilər. Hətta balkondan, Tolstoy küçəsiylə aşağı enən atamın dostları, qonşularımız Əliağa Kürçaylıya, Salam Qədirzadəyə “Əliağa, Salam (uşaqlıqda onları adlarıyla çağırırdım), sabah mənim toyumdur, bizə gəlin” deyə şifahi dəvətnamələr də paylayırdım. Yanımda əyləşən Elçin isə onda susurdu. Niyə susurdu, niyə demirdi ki, Mahir, düş maşından, qaç. Sabah səni kəsəcəklər, qışqıracaqsan, ağlayacaqsan, sızlayacaqsan. Kirvəni – atamı  “alqış”lara qərq edəcəksən. Bax sonra demə ki, demədim. 13 yaşlı Elçin isə sakitcənə oturmuşdu. Mən isə sevinirdim. Axı, mənə  (bunu əvvəldən demişdilər) pul, qucağıma isə oyuncaq verəcəkdilər. Kim sevinməzdi ki... Səhər oldu. Əmbiya gəldi. Və məni qışqırtdılar.  İndiyəcən özümü bağışlaya bilmirəm o cür ağayana, abırlı kirvəyə dediyim öz məhdud uşaq lüğətimə uyğun “alqış” sözlərimə görə. Sonu “...oğlu”... ilə gəlirdi.

Elçin də, qardaşı Fərrux da çox nümunəvi uşaqlar idi. Həyətdə oynamaqlarını, söyüş söyməklərini, heç yüksəkdən danışmaqlarını da eşitməmişəm, eşitməmişdik. Atam belə asta danışanlara “Qışqırma! Qulağımız batdı!” deyərdi.

Elçinlə növbəti görüşümüz (əlbəttə ki, qonşuluqdan kənar) 190 nömrəli məktəbdə oldu. 1973-cü ilin may ayı idi. 1-ci sinfi başa vururdum. Dedilər ki, sabah “Son zəng”dir. İdman zalında təntənəli mərasim olacaq. Hamınız gül dəstəsiylə gəlin. Siz onlara gül, onlar isə sizə müxtəlif oyuncaqlar, dəftər-kitab, qələm dəsti hədiyyə edəcəklər. Zala yığıldıq. Qarşı tərəfdə 10-cular dayanmışdı. Biz start vəziyyətindəydik. Kimin qucağında oyuncaq vardısa, onu qaralamışdıq. 10-cular isə çox da əndişəli görünmürdülər. O vaxt gül dəstələri eyni sortdaydılar. Ya qızılgül, ya da ki, qərənfil. Payları yalnız bu olacaqdı. O da 2-3 günə solub gedəcəkdi. Birdən gözüm qarşı səngərdə dayanan Elçinə sataşdı. Demə o, 10-cunu bitirirmiş. Demə 190-da oxuyubmuş, mənim də xəbərim yox imiş. Axı mən ikinci növbədə oxuyurdum. Yaxşı ki, Son zəng varmış, bundan xəbər tutdum. Bir az sağa baxdım. Gördüm ki, qonşumuz, Məsud Əlioğlunun qızı, Əli Vəliyevin nəvəsi Afaq da burdadır. Siz onu – müasir tərcüməçilik məktəbinin anası – yazıçı Afaq Məsud kimi tanıyırsınız. Xülasə, rəsmi hissə bitdi. Hədiyə-gül mübadilərsinə start verilən kimi aləm dəydi bir-birinə. Birincilər onunculara, onuncular birincilərə qarışdı. Mən kimə gül verdim, kimdən nə aldım – xəbərim olmadı. Daha doğrusu gülü bir əlimdən qapıb, o biri əlimə rəsm albomu verdilər. Amma o tədbiri ümumiləşdirib və ya səciyyələndirib belə fikir yürüdə bilərəm ki, Elçinə, Afaqa və digər onunculara sərbəst həyata ilk vəsiqəni  gül-çiçəklə biz birincilər, bu məqalə çərçivəsində isə konkret mən vermişəm.

Sonra eşitdim ki, Elçin Xarici Dillər institutuna qəbul olunub. İngilis dili müəllimi olacaq. İnstitutu qurtarandan sonra isə əsgəri xidmətə getdi. Özü də ki, Almaniyaya. Dəqiq yadımda deyil. Əlaqələr isə soyuyurdu. Yox, pis mənada başa düşməyin. Elçingil Üzeyir Hacıbəyov küçəsində yeni ev almışdılar və ora köçmüşdülər. Ona görə də gediş-gəliş azalmışdı. Günlərin bir günüsə eşitdik ki, Elçin evlənir. Artıq elçi də gedib, qızın hərisini alıblar. Atam hələ incimişdi də ki, bəs İsmayıl müəllim, məni niyə elçiliyə gedəndə aparmamısan? Axı...

Gəlin bu incikliyin səbəbini İsmayıl əminin “Atam Qabilin qəribə əhvalatları” toplusuna müraciət etməklə izah edim:

 

SİTAT: Mən mənzilimi dəyişmişdim. Aralı düşmüşdük. Amma əlaqəmiz kəsilməmişdi. Bir gün Qabil yenə qapımızı döydü. Hay-harayla içəri girdi. Xoş-beşdən sonra gözlənilmədən soruşdu:

– Mirzə, hələ səni deputatlıqdan çıxarmayıblar ki?

Qəfil sualdan özümü itirsəm də cavab verdim:

– Yox.

– Lap yaxşı, – deyə azacıq fikrə getdi və sonra yenidən gözünü üzümə zillədi: – Yəqin sənə hələ beş-on gün dəyməzlər.

– Mən də elə bilirəm.

– Sən vəzifədən (Azərbaycan Yazıçılar İttifaqının 1-ci katibi) çıxmısan... bunun deputatlığa nə dəxli?

Keçib əyləşdik. Qabilin sorğu-sualının dalını gözlədim. O məni intizarda qoymadı. Təzədən qəribə sual verdi:

– Deputat sərhəd rayonlarına “propusksuz” gedə bilərmi?

– Gedə bilər.

– Bəs maşında yanınca gedənlər necə?

– Onlar da “propusksuz” gedə bilərlər.

Bu dəfə mən dözmədim.

– Qabil, mus-mus deyincə bir dəfəlik Mustafasını de görək.

– Bu saat, Mirzə, səbr elə. Heç Yardımlıda olmusanmı?

– Yox. Yolum düşməyib.

– Hə, indi düşəcək. Salyanda, Şorsuludan o tərəfdəki sərhəd məntəqəsindən bizi sən keçirəcəksən. Elçin bala əyləşəcək “Volqa”sında, yanında da sən. Arxada da üç nəfər. Birbaş qalxacağıq Yardımlıya.

– Xeyirdimi, Qabil?

– Xeyirdir, Mirzə. Mahir balama elçiliyə gedirik. Onun kirvəsi müqəddəs adam, elçisi də deputat olmalıdır. Yoxsa bizi sərhəddən buraxmazlar”. (SON)

 

Xülasə, başda İsmayıl Şıxlı olmaqla, Qabil, Sabir Rüstəmxanlı, dayılarımın da daxil olduğu nümayəndə heyəti yol alırlar Yardımlıya. Əlbəttə ki, sükan arxasında əyləşən Elçinə “yolda orda dayan, burda dayan”, “təbiətə tamaşa eləyək”, “sükuta qulaq  asaq”, “yavaş sür”, “Bakıda nə var axı, hara tələsirik axı?” göstərişləri verə-verə gedib çatırlar Yardımlaya. Qızın hərisini alıb, bir gecə qalıb, o minvalla da qayıdırlar Bakıya. Təsəvvür edin də… O elçilik heyətində heç kim tələsmir. Bəs maarif nazirinin köməkçisi, kollegiyanın katibi işləyən Elçin necə?  

Üstündən bir ay keçəndən sonra bu proses bir də təkrar edilir. Axı, xalqımızın adət-ənənəsi var. Elçilikdən sonra nişan qoyulmalıdır. Sərhəd Qoşunlarının  Biləsuvarda – Şorsuludakı buraxılış-nəzarət məntəqəsi qüvvəsində qalmaq şərtiylə. Üç-dörd maşın yığılıb yol alırlar Yardımlıya. Əlbəttə ki, qabaqda  sükanı Elçinin əlində olan cağbacağ "Volqa" maşını, başda da İsmayıl Şıxlı olmaqla nişan karvanı. Bu da son olmur. Növbə çatır toya. Yardımlıdan Bakıya yolun uzaq olduğunu və payız yağışlarının hökm sürdüyü oktyabr ayını nəzərə alaraq atam gəlini toydan bir gün qabaq şəhərə gətirməyə qərar verir. Bu dəfə Elçinin işi ikiqat ağır olur. 300 kilometr Yardımlıya maşın sürməli və elə həmin gün də yenidən Bakıya qayıtmalıydıq. Yağışlı, palçıqlı yollarla. Bu vəzifənin də öhdəsindən üzüağ çıxan Elçin üçün bu son əziyyət olmur.

Nəhayət oktyabrın 22-si. Toy günü. Bəs gəlin maşını hansı olmalıdır? O vaxt "Volqa"dan yaxşı maşın yox idi. Elçinin təzə, cağ "Volqa"sından gözəl namizəd ola bilərdimi? Maşının qabağına, yəni kopotuna bağlamaq üçün gəlincik də almışdıq. Dostlarım da əllərində qırmızı qərənfillər və skotç tutub Elçinin maşınla həyətə girməyini gözləyirdilər. Elə ki, Elçin həyətə girdi… şığıdılar maşının üstünə. Bax, burda Elçin dözmədi. Axır ki, səsini eşitdik:

–      Olmaz, skotçla maşına gül yapışdırmaq olmaz. Yapışqanın yeri qalır. Sonra təmizləmək çətin olur.

İndi başa düşmüşəm ki, Elçin niyə əsəbləşibmiş. O vaxt, elə indinin özündə də gəlin maşınını sürənə xələt verirdilər. Bu elimizin adətidir. Əsasən, qəşəng, bahalı köynək, üstündə də qalstuk. Bunu da heç kim Elçinin Qabil əmisinin, Bəyim xalasının yadına salmayıb. Belə çıxır ki, Elçin dörd dənə köynək, dörd qalstuk geridir. Eybi yox… Rusiya özünü SSRİ-nin varisi elan edərək, onun xarici borclarının ödənilməsini necə boynuna götürmüşdüsə, mən də Qabilin yeganə varisi kimi… Nahaq bunu yada saldım. Məşədibad demişkən “Heş hənanın”, üzr istəyirəm, heç xələtin yeridi? Özü də ki, 30 ildən sonra.

Xülasə, dostlarım pərt oldu. Amma razılaşmaqdan başqa əlacları qalmadı. Bir təhər kuklanı kapota bağlayıb həyətdən çıxdıq. Mən bəydadaş isə arxada oturmuşdum. O vaxt Hüsü Hacıyev, indiki Azərbaycan prospekti ikitərəfli idi. Həyətdən çıxan kimi Elçin maşını sağa döndərdi. Üzü Daxili İşlər Nazirliyi tərəfə. DİN-in qabağında isə motosikldə qaişnik (yol polisi)  dayanmışdı. Heç bir xətaya yol verməmişdik. Amma  taxtasını qaldırıb Elçinə dayan işarəsi verdi. Elçin də “Sürüş burdan!” deyib, maşını saxlamadı. QAİşnikin əli "Volqa"dan üzülüb, özünü ikinci maşının qabağına atdı. O da naəlac qalıb saxladı. Milis nəfəri tələbə yoldaşım Etimadın sürdüyü 21-06 markalı "Jiquli"nin krılosunda oturdu. Etimad da eləmə tənbəllik 1-ci skorostla maşını rezki yerindən dəbərdib rezki tormoz verdi. Milis yumşaq yeri üstdə dəydi yerə. Toy karvanı yoluna davam etdi. Kukla teatrının yanına çatanda QAİşnik gəlib bizə çatdı. Dayılarım onun üstünə elə düşdü ki, yazıq qorxusundan səsini çıxartmadı. (Sonra gedib 26-lar Milis idarəsinə şikayət vermişdi Etimaddan. Bu başqa yazının mövzusudur.) İndiki dövr olsaydı, Elçin də, mən də saytların qəhrəmanına çevrilmişdik. Heyf… “Aftoş Elçin” və ya “Xalq yazıçısının aftoş oğlu”. Pis səslənmir, elə deyilmi?!

Xülasə gəlini götürüb gəldik "Moskva" mehmanxanasının restoranına. Yox, Elçinin vəzifəsi bununla bitmədi. Toy qurtarandan sonra  bizi geri qaytarıb qoydu evə. Bununla da… Nəvaxtsa 1-ci sinifdə ona gül verib yeni, sərbəst həyata mən yola salmışdım. O isə sonu görünməyən, yalnız ölümün ayıracağı evlilik həyatına məni öz maşınında gətirib, evə düşürtdü. Heç nə demədi.

Yox dedi. Dedi ki, "xoşbəxt olun". Özü də gülə-gülə. Ürəyində isə, “biz evləndik əlimiz bala batdı. Bu gündən sən də oldun bizim tayımız”. Onda bu sözləri üzündən oxumamışdım. İndi 51 yaşında çatıb mənə.

Elçin, yəni çətin idimi ki, atalarımız Əmbiya ilə görüşəndə, xəlvətdə mənə deyərdin ki, “Mahir, inanma. Bu dediyin toy o toydan deyil. Sənə toy eləməyəcəklər. Sənə toy tutacaqlar. Səni kəsəcəklər, qışqırdacaqlar. Bağıracaqsan, ağlayacaqsan. Səbəbkar dəlləyi yox, səni qaçmağa, dəlləyin əlindən qurtulmağa qoymayan atamı… Yaxşısı budur ki, düş, qaç”.

Hara qaçacaqdım ki, balacaydım. Amma yadımda saxlayacaqdım ki, Elçin mənə bu yaxşılığı elədi. Vaxtında xəbərdar etdi. Elçinin toyunda atam kefi kök olan kimi durub sağlıq deyəndə və bu sünnət məsələsini bittə-bittə danışanda başımı aşağı salıb, mənə tuşlanan, gülməkdən yaşaran gözlərdən bəlkə o qədər də utanmayacaqdım.

Evlənəndə də… hər cür əzablara dözdün. Mən buna işgəncə deyərdim. Düz dörd dəfə Yardımlıya getdin-gəldin. Bir dəfə də demədin ki, “ağlın olsun, Mahir, evlənmə! Subaylıq sultanlıq”dır.  Yox demədin. O cür məsul vəzifəsini proqula qurban verib, mənim ayağımı zəncirlətdirdin. Qabil kimi əmiylə, onun şıltaqlıqlarıyla, nazıyla oturub-durmaq isə sadəcə işgəncəydi. İmamverdiyevlər ailəsinin sənə verdiyi işgəncələr.

Hə, hörmətli oxucu, buracan oxumağınıza peşman oldunuz deyəsən. Özüm belə yazdım ki, Elçin Şıxlının ad gününə (4 oktyabr) həsr etdiyim bu yumorlu və həqiqətən baş verən əhvalatları sonacan oxuyasınız.

Siz də elə başa düşmüşdünüz ki, qəzeti bağlananda polisdə, prokurorluqda ona işgəncə veriblər? Və o da ürək qızdırıb bunları mənə danışıb? Mənə söz demək, sirr açmaq olar. Heç kimə demərəm. “Ya moqila”.  Amma, bircə yazmağım olmaya da… O ki qaldı qəzetlərin bağlanmasına… Mən buna nikbin baxıram. Ruslar demişkən “Boq dal, boq otnyal”. Başqa bir misal da var: “Su gələn arxa bir də gələr”. Bir də ki, Azərbaycan Jurnalistlər Birliyin sədri olmaq çox böyük və şərəfli vəzifədir.

Həyat davam edir. Heç ağlıma gətirməzdim ki, nəvaxtsa Elçinin ad gününə yazı yazacağam, onu təbrik edəcəyəm. Ahıl yaşına keçidin şahidi olacağam.  Gec də olsa ona verdiyimiz “işgəncələr”i sadalayıb, hər iki toyumda yaxından iştirak etdiyinə görə – gec də olsa çox sağ ol deyəcəyəm.  O ki qaldı köynəklə qalstuka… bu sadəcə zarafat idi…

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir