Arxiv
4 Oktyabr 2018, 14:57 | ƏDƏBİYYAT
Məğlub itləri dənizdə yumazlar

Azər Qismət

 
(hekayə)

Sarı itin uduzmağı adamları qəzəbləndirdi. Gözlərini qan örtən gənclər itin sahibinin axtarışına çıxdılar. O isə dənizə tərəf üz tutdu.

Yağlanmayan çarxın cırıltısı arabadakı itin qulağını şəkləndirmədi. Yaşlı ulağa qısa köynəkli oğlanı, laxtalanmış qanına milçək və ağcaqanadlar qonan sarı iti daşımaq çətinlik yaratmırdı. Araba qayalıq tərəfə irəliləyirdi.

Oğlan uduzmuş sarı itinin yazıq görünüşünə dözməyib döyüşün bitdiyini deyəndə, qonşu kəndin adamları davamını istəmişdilər. Sarı itin az qala hönkürəcək gözləri bayaq qurtuluş gözləmişdi. Haylı-huylu azarkeşlərin ovuc şappıltıları, çəpikləri, dişlərinin arasından tüpürcək qarışıq fışıldayan fitləri itin qorxusunu artırmış, sifətini yazıqlaşdırmışdı.  

Çarxın səsi qayalıqlara dəyib qəribə uğultu yaradırdı. Arabada başını qaldırmayan, qulağını şəkləndirməyən sarı itin indiki halı o demək idi ki, bu gündən betər qara gün gözləmir. Arabadakı cırıq, yağışın, qarın altında rəngi solan adyalda dizini büküb oturan oğlan isə düşünürdü ki, itlər ancaq qorxu anında zingildəyir, yaralananda əzabı içlərində çəkirlər.

 Dəniz sahilində sürünən araba yarıçılpaq adamların gözlərinin müşayiəti ilə hələ də qayalığa doğru irəliləyirdi. Onu parçalayacaq gənclərin əlindən yalnız orada gizlənə bilərdi. Kəndin adını rüsvay edən oğlanı kimsə bağışlamayacaqdı: “Hər tərəfi axtarın...kim görsə başını əzsin”. Ləpələrin yaladığı qayaların yaşıl rəngi iti boğuq səslə qımıldatdı. Oğlan iti anladı. İt dənizdə yuyunmaq istəyirdi. Ancaq məğlub itləri dənizdə yumazlar. Bu, kəndin ulu keçmişindən qalma adət sayılırdı.

Gözlənilməz döyüş, gözlənilən məğlubiyyət onun adamların üzünə necə çıxacağını çətinləşdirmişdi. Özü də yerlilərinin xoşlamadığı qonşu kəndin itinə uduzmuşdu. Döyüş əvvəldən düşünülməmişdi. Kəndin şərqindəki yarğanda atası üçün kəklikotu yığanda, başını arxaya - it mırıltısına çevirmiş, nə istədiklərini soruşanda bəstəboy oğlan it boğuşdurmağa gəldiklərini demişdi. Razılaşmayanda gülüb ələ salmışdılar: “Sən nə vaxt kişi olacaqsan?”. Bu onun heysiyyətinə toxunmuşdu.

...Qonşu kəndin adamları məğlubiyyətin heyfini hiyləgərliklə çıxmışdı. Ötən ay gətirdikləri it burada acınacaqlı halda uduzmuşdu: onun zingiltisi təndirə çörək yapan qadınların kündəsini yan aparmışdı, dəmirçinin çəkici baş barmağını əzmişdi. Alçaqlar həmin günün heyfini tülkülüklə çıxmışdılar. Tərəkəmələrin qurdboğan qara itini üç günlüyə götürmüş, şərq tərəfdəki yarğana gəlib heç vaxt it boğuşdurmayan oğlanı tələyə salmışdılar. O da heç vaxt boğuşmayan itini həyətdəki zəncirindən açıb qurdboğan itin qabağına gətirmişdi. İstəmişdi ki, sorağı aləmə yayılsın, dünənə qədər ələ salınan itinin adı it dəftərinə düşsün. Ancaq özbaşına qələti ona baha başa oturacaqdı. Bunu ona bağışlamayacaq, bəlkə də dənizin sahilində olmağını bilib bura gələcəkdilər. Həyət darvazasının ağzından keçən qəriblərə, pişiklərə, səs-səsə verən qazlara ara-sıra hürən itini yerindən dingildətməsəydi, indi əzablı baxışlarından üşənməzdi. Qalib itlərin yaralarını dənizin duzlu suyunda yuyulmasını isə köhnə kişilərdən görmüşdü. Duz yaranı qıcıqlandırıb tez bitişdirərdi. Belə yaralanan itlər növbəti yarışda daha şövqlə irəli atılıb rəqibi altlarına alırdılar. Və yaralanan itlər hər döyüşdən sonra üzü dənizə baxardılar. İt hissiyatı ilə duyardılar ki, sevincli qalibiyyətlə dənizdə yaralarını yuyacaq, qəssabdan aldıqları ilikli sümükləri qabağına qoyacaq, ya da mal başının qaynamasından hazırlanan yalı içirib şirin röyaya daldıracaq, başını tumarlayacaqlar.

 Ancaq bütün bunların ulaq arabasında heç nəyə şəklənməyən, iki yüz evlik kəndin adını bədnam edən, buna görə it qəlbi ilə sahibindən inciyən heyvana aidiyyatı yox idi. Sakit oturduğu yerdə zəncirindən açıb qara itin qabağına çıxarmış, bədənində açılan hər şırıma çəpik çalanların qarşısında heysiyyətini alçaltmış, döyüşdən sonra dənizə sarı baxmamışdı. Məğlub itin yeri çəməndə şöngüyüb gizlənmək, qanqal kolunu müdafiə sipəri seçmək olmuşdu. Ulaq arabasının cırıltısından fikirləri tam aydınlaşmayan oğlana elə gəlmişdi ki, uduzduğunu kimsə bilməyəcək. Ancaq qonşu kəndin it boğuşduranları qalib itlərinin caynağına yapışan sarımtıl tükü qabaqlarına çıxana göstərə-göstərə lovğalanmış, haqq-hesabı çürütdüklərini bağırmışdılar. Atası kəndlilərin qınağına dözməyərək pencəyini geyinib evdən çıxmış, oğlunun curluq etdiyi gənclərdən onun harada gizləndiyini soruşmuş, gümanı gələn yerlərə baş çəkmiş, üzünü qara edən nadürüstün olüsünü-dirisini tapmamışdı: “Beləsi mənim belimdən gələ bilməz”.

Ləpiri ləpələrə dəyən ulağın dayanmasından nə oğlan, nə də it başını qaldırdı. Günəşin istisindən qızan qızılı qum ulağın canına istilik yaydı. Yerində fınxırıb belə ecazkarlıqdan onlara da pay düşməsini istədi. Oğlan könülsüz halda qumluğa atıldı. Gözünü uzaqlara dikib hər qaraltını ardınca gələnlərin olub-olmadığını anışdırmağa çalışdı. Qaraltılar şəhərdən dənizə çimməyə gələnlər idi. O, itin yaralarının üstündə uçuşan milçəkləri qovdu. Köynəyini başından çıxarıb qumluğa atdı ki, qucağına götürəcəyi itin qanı üstünə yaxılmasın, yoxsa ləkələrə baxdıqca, gülüşlər, çəpiklər qulağını əsindirəcəkdi. Əlini heyvanın altından salıb qucağına, ordan da sinəsinə sıxdı. Bu dəfə it qulağını şəkləyib zingildədi. Bu qımıltılı zingiltidə niyə onu bu hala salmasına, alçaltmasına dair çoxlu suallar vardı. Oğlan heç birinə cavab verə bilmirdi. Nə bu tifilin, nə də doğulduğu kəndin adamlarının qarşısında. Hələ sualtı küləklərin tərpətmədiyi yosunların, sualtı qumluqların sovurmadığı şəffaf dəniz suyunda itin yaralarını yumadı. Məğlub iti necə çimdirsin, yaralarını necə yusun?! Təsirlənib hönkürmək istəyini içində güclə boğdu, heyvanı sinəsinə sıxıb ürək döyüntülərini eşitdirmək istədi: “Dinlə ürəyimi, mən də sənin qədər əzab çəkirəm”.

Oğlan dənizə girib döyüşdə ağlayanda gözlərində iz qoyan qızartını, üstünə yaxılan qan damcılarını yudu. İti və ulağı isə çimdirmədi. Bilmirdi ki, kəndinin gəncləri qonşu kəndə xəbər yollayıb ki, çər dəymiş itlərini meydana çəkib mərdi-mərdanə boğuşdursunlar, daha tülkü kimi hinə soxulmasınlar. Ordan gözlənilən cavab adamları üzmüşdü: “Üstünlük yerində, uduzan məğlubiyyətində qalır”. Kəndin məhşur it boğuşduranı Uzun Səməd onu tapmamış evə qayıtmayacağına and içmişdi. Dünənin ağzından süd iyi gələninə görə kəndin adı batmışdı. Yenə qonşu kəndə xəbər göndərdi ki, bayaqkı qara iti gətirib onun boz iti ilə boğuşdursunlar. Boz itin hürməsi ara vermirdi. Sanki zəncirdən qırılıb o kəndə qaçmaq, qara itin anasından əmdiyi südü burnundan piltə-piltə tökmək, adamlar arasında şəstlə şellənib güvənliklə hürmək, yenə də asudə gəzib-dolanmaq, bədənini isladan çəmənlərin şehini günəşin istisində qurutmaq istəyirdi. Ancaq arzusuna çatmadı. Qonşu kənddən yenə xəbər gəldi ki, “üstünlük yerində, uduzan məğlubiyyətində qalır”.

Dənizdən çıxan oğlan nigaranlıqla hər qaraltıdan həyəcanlanırdı. Ancaq hərdən naçar halına qismən işıq düşürdü: it gözünə iri, bütün yarışların bədheybəti görkəmində gəlirdi. Saçılan işıq düşüncəsində yeni fikir də yarandı: “Bəlkə əvəzini çıxım?!” Ancaq itin qorxu dolu gözləri onu fikrindən çəkindirdi. Günəşin qarşısı kəsildi, ətrafını basan kölgələrə görə başını qaldıranda onları gördü: kəndin gənclərini. Uzun Səməd yaxasından yapışıb ayağını yerdən üzdü. Qonşu kənddən gələn üçüncü xəbərə görə əvəzçıxma yarışına bir şərtlə razılaşmışdılar: “Qara itlərinin qarşısına bu gün uduzan sarı it çıxmalıdır”. Oğlanın yalvarışları, itin yaralarını göstərməsi kimsənin tükünü tərpətmədi.  

...Günəşin şəfəqindən gözləri daha da qıyıqlaşan ulağın dartdığı araba sahildəki adamların gözlərinin müşayiəti ilə geri qayıdırdı. Bayaqkından asta, bayaqkından süst. Ulaq oğlanla bərabər iti, uzun Səmədi və iki dostunu dartanda bağırtıdan qulağını şəkləyirdi. O səslər bir istiqamətə  - başını ləpirinə qoymuş yazıq baxışlı iti sığallayan oğlana yönəlirdi. İt sahibinin danlandığını, təhqir edildiyini anlayırmış kimi hərdən ləpirini oğlanın bükülmüş dizinə sürtürdü. Sahibinin heç bir əhəmiyyət verilməyən izahatları isə xırpdan kəsilirdi. Daha izahat keçmirdi. Hansı ağılla ev itini çölün vəhşi itinin qarşısına çıxarmasının yanında ən ülvi, ən haqq donu geyindirilən izahatları gücsüz görünəcəkdi. Ulaq kəndin içindən keçəndə yanlarını uşaqlar basan evdar qadınların paltarları zivədən asmağı, qocaların üzüm tingindən yonulmuş çubuqlara tütün doldurmağı, bostançıların pomidor şitilini basdırmağı, uşaqların mindikləri qarğı atların yaratdığı toz buludu arxada qaldı. Yalnız qaldı. “Adımızı batıran nadürüst” qışqırıqlarını - çəmənləri, yarpaqları əsindirən meh uzaqlara apardı.

Ulaq üzü şərqə yön alanda, günəş buludların arxasına keçdi. Əsən meh qonşu kənddə nə gözləndiyini göz altına alanların saçlarını üfürdü. Elə bil qəsdən döyüş keçən yarğandan asta-asta keçib həm oğlanın, həm itin xatirəsini maşa ilə qurdalayırdı. Belə xatirənin sızıltısı qorxunc görkəm alan itin başını qaldırdı. Oğlandan savayı heç kim o anda itin qəlbindən nələrin keçdiyini bilməzdi, yaşamazdı. O qapıntıları, o zingiltiləri, bir böyük it altında qabaq ayaqlarını qaldırıb məğlubiyyət işarəsini verməsi, bir məşəqqət anlarını geridə qoyan heyvanın qorxu dolu baxışlarını yalnız o, görmüşdü.

...Araba kəklikotulu yarğanlardan keçib torpaq yola çıxdı. Kəndin rüsvay olmasından, adamların xar qalmasından sonra hələ də məğlub itin sığallanması gəncləri hirsləndirib özündən çıxarırdı: “Adımızı batıran it sığal görməməlidir”. Getdikcə oğlan anlayırdı ki, hələ tükətdiyi gücünü toplamayan heyvanla sonuncu təmasıdır: “İkinci döyüş sarı itin ürəyini partladacaq”. Bunu doğulanda keçi südü ilə böyütdüyü, həmyaşıdlarından qorxmaması üçün yanında gəzdirdiyi, qarlı havalarda ac canavarların kəndə enməsindən qorunduğu sadiq itlə sonuncu təmasını quran gəncdən savayı heç kim bilməzdi. Qışqırıqlara, hərdən ayaqları ilə itələmələrinə baxmayaraq, iti sığallayıb qulağına nəsə pıçıldayırdı.

Bir azdan daha araba dartılmadı. Qonşu kəndə çatmışdılar. Kənd meydanındakı gəncləri, az qala kəndirindən qırılıb gələnləri parçalayacaq qara iti, qanlı tamaşaya baxmağa irəliləyən uşaqları, qocaları görüb dayandı. Arabadakılar torpağa hoppandı. Oğlan sarı iti qucağına alıb sinəsinə sıxdı. Yenə də ürək döyüntülərini eşitdirib tək olmadığını anlatdı. Uzun Səmədin tulladığı kəndiri itin boynuna keçirdi. Adətə görə itlər bir-birinə burun-buruna yaxınlaşdırılmalı, sakit baxışlar nifrətə çevriləndə kəndirlər əldən buraxılmalı idi. Sarı it qara iti görmürdü. Oğlan onu adamların hiyləgər, qana həris baxışlarından qoruyurdu. Arabadakı solğun adyaldan kəsib gözünə bağlamışdı ki, belə baxışlar gücünü almasın, qanını dondurmasın. Meydandakı adamlar ona “adyallı köpək” adı qoyub gülüşdülər. Oğlan adamların qışqırıb-bağırmamaları üçün yalvarır, çəpik çalanların əlindən tuturdu. Lakin səslər kəsilmirdi. Hamının gözündən indicə baş tutacaq tamaşaya hərislik yağırdı. Çubuğa tütün dolduran qocaların çoxunun qara itin qalib gələcəyi mərcləri, gonbul uşağın arxadan sarı itə çubuq zollayıb qaçması, samovar qaynadan çayçının tasdakı qaynar suyu qəsdən qonşu kəndin heyvanının yanına şırıldatması kəndliləri güldürürdü. Zavallı itin ürəyi əsirdi. Gözləri bağlansa da, fəhmi ilə ətrafda pis şeylərin baş verdiyini duyurdu. Qara itin burnundan çıxan alovun hənirtisini də duyurdu. Həm də hiyləgərliklə yarğana gələnlərin səhərki döyüşü birinin üstünə beşini qoyub danışmaları, qəlbləri iftixarla doldururdu. İndi onlar qara itlərinin yenə qalib gələcəyindən arxayın idilər: nə gözünü bağladılar, nə qulağına ürək rahatladan sözlər pıçıldadılar: “Onsuz da bizim qara it qalib gələcək”.

Meydanın sağ tərəfində qoyulmuş iri samovarın tüstüsü ilə qızaran bəbəklərin içində iki itin döyüşə hazırlığı əks olunurdu: biri səhərki qalibiyyətdən arxayın halda uzun dilini çıxarıb ləhləyən, digəri dili qarnına girən məğlub it. Adamlar qışqırıb döyüşün başlamasını istədilər. Gonbul uşaq yenə çubuğunu sarı itə çırpıb qaçır, o da sızıldayıb zingildəyirdi. Oğlan acıqlansa da, adamlar gonbul uşağın hərəkətinə gülüşür, bəziləri əcəb etdiyini qışqırırdı. Qalstuklu, köynəyinin boyunluğu əzikli müəllimin dodağının altında “kəndin hörmətini itlə qaldırmazlar” deyintisinə ağız büzdülər, arvadından ərini burdan aparmasını istədilər.

Nəhayət, səslərin güclənməsi itlərin boğuşmasına başlamasından xəbər verirdi. Gözləri bağlı, amma qışqırığı, hər hənirtini, hətta ləpirinin altında qalan qarışqaların xırçıltısını eşidən sarı it kəndirdən qırılmaq dərəcəsinə çatmışdı. Ya qaçıb burdan uzaqlaşmağa çalışır, ya da döyüşün başlanıb ya o yanlıq, ya bu yanlıq olmasını istəyirdi. Bu o zaman baş verirdi ki, oğlan onun qulağına nəsə pıçıldayır, kürəyini sığallayırdı. Həmkəndliləri onlara yaxınlaşıb tələsdirəndə, oğlan sonuncu dəfə itinin belinə dəstək şappıltısı çəkdi.

İtləri burun-buruna gətirdilər. Qara it pəncə atdı, sarı it onu iylədi. Bəlkə də səhərki qoxunun məhz ona məxsusluğunu bilmək istədi. Ənənəyə tam əməl etməklə, itlər iki dəfə burun-buruna gətirildi. Üçüncü dəfəsində kəndirlər boşaldı. O vaxta qədər oğlan adyal parçasını itinin gözündən açmışdı. Adamların hay-küyü qara iti coşdurdu. Sağ tərəfdən sarı itin arxa tərəfinə fırlanıb belindən dişləm aldı. Yaradan qan süzülsə də, özünü itirməyib tez qara itin sifətinə cırmaq atdı. Qara it nisbətən diksindi. Səhər altına aldığı itdən belə cəsarət gözləmirdi. Torpaqlı meydandan qalxan toz uzaq ellərdən kəndə gələn qəriblərdə iri bombanın partlaması təəssüratı yaradardı. Tozdan yaşmaqlanan qadınlar, gözlərini qıya-qıya çubuğuna tənbəki dolduran qocalar öz kəndlərinin itinin müdafiəsinə qalxmışdılar. Qara itin səhər cırdığı bədəni qəsdən yenidən qanatması adamların səslərinin arasından “afərin” dalğası kimi keçirdi. Uzun Səmədlə dostları meydanda sir-sifətini toz basan, itinin yan-yörəsinə keçib hər atdığı pəncəyə, hər qapmaya sevinən oğlana yazıqları gəldi. Yanına addımlayıb kəndlərinin fağır, heç vaxt döyüş üzü görməyən sarı itinin hər həmləsinə sevinib qışqırdılar. İtlər nəfəs-nəfəsə, iki kəndin gəncləri burun-buruna dayanıb hayları ilə od püskürdülər. Dəqiqələr döyüşün taleyini həll edəcəkdi. Qara it döyüşü elə indi saxlayardı. Əgər səhərki döyüşün əksinə olaraq sarı itin altdan çevikliklə çıxmasına təəccüblənməsəydi. İtlərin üz-gözündən, bədənlərindən axan qan damcıları tozlandığından ağcaqanadlar işlərini rahatlıqla görə bilmirdilər. Adamlar hərdən qara itin yorulmasına hirslənir, əlləri ilə qabağa itələyirdilər. Yarışın qaydalarına zidd sayılan bu hərəkətə rəqib kəndin gənclərinin etirazı veclərinə deyildi. Amma məsələnin çətinliyi qara itin heç bir itələmə ilə qabağa getməməsində idi. Ayaqları əsir, addım ata bilmir, başını irəli uzadıb gözünü qırpmadan ləhləyir, sifətindəki bir it yorğunluğu həyata nifrət duyğusunun rəsmini çəkirdi. Onun belə durğunluq halı qocaları hərəkətə gətirdi, səhərki qalib iti qabağa itələdilər. Gonbul oğlanın yenidən arxadan sarı itə çubuq zollamaq cəhdi qulağının ardına şapalaq çəkilməsi ilə alınmadı. Bunu Uzun Səməd etmişdi.

Qara itin durğunluğu adamların həyəcanını artırır, yarışda fasilə elan etmək atmacaları Uzun Səmədlə dostlarının israrlı etirazlarına görə havada qalırdı. İki kəndin üstünlük dərəcəsinə hesablanan bu yarışda meydana girənlərin sinəsindən itələməyə, sarı itə atılan təpikləri yumruqla geri qaytarmağa dəyərdi. Qara it səhərki döyüşü yuxu kimi xatırlayır, bayaqkı arxayınlığı, azacıq nəfəsini dərməsi kəndiri gəmirən anları yenidən qaytarmağa kifayət edərdi. Onun qəfil sıçrayışla sarı iti altına alması adamları coşdurdu. Sarı itin “məğlubiyyət işarəsi” sayılan qabaq ləpirini qaldırması ilə yarış bitəcəkdi. O isə pəncəsini qaldırmadı. Meydan toz dumanına büründü. Hətta çayçının samovarın suyundan meydana səpməsi də baş verənləri aydın görməyə imkan vermirdi. Yalnız itlər adamların görə bilmədiyi o toz dumanında bir-birini çevirib kürəklərini yerə vurur, dəri qopuğundan, qan sızıntısından dişləm almağa yer tapmırdılar. Deməli, bayaq kənara çəkilib qorxunc görkəmlə ləhləmələri qəfil həmləyə, bəlkə də bu tamaşanın sonunu yetişdirməyə görə imiş. İtlərin xırıltılı hürüşləri kəsildi. Yalnız bircə zingilti kəsilmədi. O zingilti kəsilmirdi.

Toz yatdı. Adamlar o səhnəni gördülər ki, bu səhər onlara qalibiyyət gətirən, kəndi hörmətlilər siyahısına salan qara it sarı itin altında yumalanaraq qabaq pəncəsini – “məğlubiyyət işarəsi”ni qaldırıb. Sarı it isə nəfəs çatışmazlığından əziyyət çəkən insanlar kimi boğulur, bir udum hava üçün sinəsini kükrədirdi. İtlərinin məğlubiyyətinə ilk təəssüflərin yerini meydanın ortasında ən xırda tüklərinə qədər əzilən, sanki qaxaca dönən ayaqları üzərində bütün gərdənini saxlayan, sinəsi enib-qalxan, mikroskopik gözlə ürəyinin yüksək sürətlə çırpıntısı aydın görünən sarı itin halı əvəzlədi. Onun sıxıntılı varlığı adamları qəmləndirdi, başlarını yelləndirdi, həyan üçün nəsə bir iş görməli olduqlarını yadlarına saldı. Ən ülvi hissləri tapdamağa, ən sakit insan övladını parçalamağa hazır belə qorxunc, bülə küskün halında kimsə yaxınlaşıb ürək-drək verməyə cürət etmirdi. Qocalar hamını kənara çəkilməyə səslədi. Lakin sarı itin məhz bu halında xoş sözə, sığallanmaya ehtiyac duyduğunu kimsə bilmədi. Bunu yalnız doğulanda ovcunda gəzdirib süd içdirən, gözlərinin açılması üçün ağımtıl irinləri iyrənmədən silib təmizləyən, pencəyinin iç cibinə qoyub kəndin yollarında qorxmadan gəzib-dolanan, qarlı-şaxtalı gecələrdə sobanın yanında yatırdan sahibi duyardı. Belində doğma əlin hənirtisini duyan sarı it gözlərini qaldırıb oğlana baxdı. Çox baxdı. Sonra başını meydanın tozlu torpağına uzadıb kipriklərini qırpmadan dənizə sarı baxdı. Çünki onu ilk dəfə dənizdə yuyacaqdılar.

SON

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09 “Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır 27 May 2019, 12:07 Fransada millətçilər seçkilərdə qalib gəldilər 27 May 2019, 12:00 Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır 27 May 2019, 11:49 Zelenski deputatları ittiham edib 27 May 2019, 11:47 Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir 27 May 2019, 11:44 Ölkədəki faktiki hava şəraiti açıqlandı 27 May 2019, 11:40 Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb” 27 May 2019, 11:25 Bakının enerji etibarlığı artırıldı 27 May 2019, 11:23 Bakı Ali Neft Məktəbinin məzunları iş tapmaqda liderdir 27 May 2019, 11:21 DOST xidmətlərindən 3 mindən çox  vətəndaş faydalanıb 27 May 2019, 11:18 DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı 27 May 2019, 11:11 İyunun 2-də buraxılış imtahanları keçiriləcək 27 May 2019, 11:09 Britaniya səfiri: “Bakıda Avropa Liqasının finalına ciddi hazırlıq işləri aparılıb” 27 May 2019, 10:59 Çağdaş və qədim Özbəkistanda 10 gün - REPORTAJ 27 May 2019, 10:53 Yevlaxda qadının boğazını kəsib öldürən şəxs tutuldu 27 May 2019, 10:52 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 27 May 2019, 10:47 Gəncədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar verildi 27 May 2019, 10:44 Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb 27 May 2019, 10:36 Prezident Cümhuriyyət abidəsini ziyarət etdi - FOTOLAR 27 May 2019, 10:19 Məmmədyarov: "Cəmiyyətlərin sülhə hazırlanması üçün Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir" 27 May 2019, 10:12 “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri istefa verir 27 May 2019, 10:11 Tramp İranla danışıqlar üçün şərt irəli sürdü 27 May 2019, 10:06 “Çin dili körpüsü” müsabiqəsinin seçim turu keçirildi   27 May 2019, 10:04 BirBank-ı artıq meqabaytsız da istifadə etmək olar   27 May 2019, 10:02 Ermənistanda “Cin şüşədən çıxdı” - Paşinyan onu geri qaytara bilməyəcək 27 May 2019, 09:53 Ermənilər cəbhədə təxribatlara davam edir 27 May 2019, 09:39 Konqoda gəmi batdı - 30 nəfər öldü 27 May 2019, 09:09 Litvada yeni prezident seçildi - FOTO 27 May 2019, 09:07