Modern.az

“Kimlərsə zamanında çeklərdən istifadə etməyibsə, bu onların öz günahıdır”

“Kimlərsə zamanında çeklərdən istifadə etməyibsə, bu onların öz günahıdır”

Parlament

4 Oktyabr 2018, 15:43

Sosial şəbəkələrin kimliyi məlum olmayan istifadəçiləri Azərbaycanda özəlləşdirmə çeklərinin dəyərinin bərpası üzrə kampaniyaya başlayıblar.  Kampaniyanın təşkilatçıları yazıçı Çingiz Abdullayev və ziyalılar adından ölkə rəhbərliyini  özəlləşdirmə qəbzlərinin qiymətsizləşdirilməsi fırıldağını həyata keçirən  məmurları cəzalandırmağa çağırırlar.

Bu barədə  "Feysbuk" sosial şəbəkəsindəki müvafiq qrupda, kampaniyanın təşkilatçıları qeyd edirlər.

Çingiz Abdullayev virtualaz.org-a açıqlamasında bu təbliğatçılıq kampaniyasında iştirakı haqda informasiyanı təkzib edib.

"Bunlar əclafdırlar! Onlar mənim şəklimi verir və adımdan ziyalılara müraciət yazırlar. Onlar dövlətə qara yaxmaq və ziyalılarla arasını vurmaq üçün mənim məşhurluğumdan istifadə edirlər".

Milli Məclisin iqtisadçı deputatı Vahid Əhmədov Modern.az-a açıqlamasında  tanınmış şəxslərin adından bu cür kampaniyanın aparılmasının yolverilməzliyini xüsusi qeyd edib:

“Əvvəla, Çingiz Abdullayev kifayət qədər tanınmış yazıçıdır.  Onun adından istifadə edib özəlləşdirmə çekləri ilə əlaqədar belə bir təlimat yaymaq qəbuledilməzdir. Hesab edirəm ki, sosial şəbəkələrdə belə vasitələrə əl ataraq tanınmış insanlardan istifadə etmək düzgün deyil”.

İqtisadçı deputat bildirib ki, ildə bir ya iki dəfə bu çeklər gündəmə gətirilir:

“Halbuki, bu çeklərlə bağlı dövlət başçısının bir neçə sərəncamı olub. Hətta çeklərlə bağlı müəyyən vaxt da verilib. Faktiki olaraq kimlərsə  zamanında istifadə etməyibsə, bu onların öz günahıdır. Ona görə də müxtəlif yollarla fikri çaşdırmaq, diqqət mərkəzində saxlamaq problemdir. Çünki o çekləri özəlləşdirən insanlar artıq bunu həyata keçirib. İndi əldə qalanlar isə elə də böyük çeklər deyil”.

Vahid Əhmədov  eyni zamanda bu cür məsələlərdə rəsmi orqanlara müraciətləri istisna etməyib.

“Əlbəttə, bu çeklərlə əlaqədar dövlət başçısına müraciətlər olur. Çünki o çeklərdən az da olsa əllərdə qalıb. İstifadə edə bilmədiklərinə görə narahatdırlar. Təbii ki, rəsmi orqanlara müraciət edə bilərlər. Amma kimlərinsə adından istifadəyə  yol verilməməlidir”.

Qeyd edək ki, yazıçı Çingiz Abdullayev “Feysbuk”un administrasiyasına və Azərbaycanın hüquq-mühafizə orqanlarına araşdırma aparmaq və yalan məlumat müəlliflərinin şəxsiyyətlərini müəyyənləşdirmək xahişi ilə müraciət edib..

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!