Modern.az

Əli Məsimlidən müstəqillik yoluna mərhələli baxış, əsas nəticələr və yeni çağırışlar

Əli Məsimlidən müstəqillik yoluna mərhələli baxış, əsas nəticələr və yeni çağırışlar

Parlament

18 Oktyabr 2011, 09:43

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri


Müstəqillik verilmir, müstəqillik davamlı mübarizə hesabına qazanılır. Azərbaycan xalqı müstəqilliyimizin bərpasına müxtəlif səpgili müqavimət hərəkatlarından, 37-ci illərin represiyalarından, 20 yanvar qırğınından, Xocalı soyqırımından, on minlərlə şəhid verməkdən, torpaq itkilərindən, humanitar fəlakətlərdən keçməklə nail olmuşdur. Müstəqiliyimizin 20 ili bu yolda ilk kövrək addımlarını atan Azərbaycan üçün hamar keçməmiş, xüsusən onun ilk illəri müharibə, dağıntı, transformasiya böhranı və siyasi, iqtisadi, sosial və cəmiyyət həyatının digər sahələrində ciddi kataklizmlərlə müşayət olunmuşdur. Müstəqillik yoluna çıxdığımız bu 20 ili bir sıra spesifik cəhətlərinə və parametrlərinə görə 3 mərhələyə bölmək olar:

I mərhələ: 1991-1995-ci illəri əhatə edən I mərhələni transformasiya böhranı və müstəqiliyimizin kövrək mərhələsi adlandırmaq olar. Bu mərhələlənin əsas məqamları:

Birinci mərhələ kimi yaşanan dövr olduqca mürəkkəb, təlatümlü, siyasi və sosial-iqtisadi baxımdan kataklizmli bir zaman kəsiyi idi. Belə ki, 90-cı illərin əvvəlində Sovet İttifaqının süqutu, müəssisələr arasında mövcud əlaqələrin pozulması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ərazimizin 20 faizinin işğalı və bunun nəticəsində iqtisadi potensialımızın 15 faizinin itkisi, 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatında ağır bir durum yaratmışdı. Müharibə nəticəsində Azərbaycana azı 60 milyard dollarlıq ziyan dəymişdi.

Bazar münasibətlərinə keçid prosesinin SSRİ-nin dağılması və Azərbaycanın Qarabağ uğrunda müharibəyə cəlb edilməsi şəraitində başlanması Azərbaycanın transformasiya itgilərini postsovet məkanına aid ölkələrin orta statistik göstəriciləri ilə müqayisədə daha çox olmasına gətirib çıxarmış oldu. Belə ki, 1990-cı illə müqayisədə 1995-ci ildə postsovet məkanında enmələr 50 faizdən aşağı, Azərbaycanda isə 60 faiz olmuşdur. Buna baxmayaraq, Azərbaycanın transfotmasiya itkiləri müharibə vəziyyətində olan digər postsovet məkanı ölkələri ilə müqayisədə bir qədər az olmuşdur. Belə ki, 1990-cı illər müqayisədə 1995-ci ildə Gürcüstanda transformasiya enmələri 78 faiz, Ermənistan və Moldovada müvafiq surətdə 63 faiz, Azərbaycanda isə 60 faiz olmuşdur.

Cədvəl 1

Keçmiş SSRİ-yə daxil olan yeni müstəqil dövlətlərdə 1990-cı illə müqayisədə 2010-cu ildə adambaşına ÜDM-in dinamikası

Ölkələr

1990-cı il

    (ABŞ dolları)

2010-cu il

(ABŞ dolları)

1990-cı illə

müqayisədə 2010-cu ildə realartım(+),azalma

(-),dəfə

Azərbaycan

4630

9467

+2.04

Ermənistan

2809

4596

+1.64

Belarus

6808

12517

+1.84

Gürcüstan

5375

4431

-1.21

Qazaxıstan

7081

11344

+1.60

Qırğızıstan

2539

2014

-1.26

Özbəkistan

1993

2774

+1.39

Moldova

4904

2775

-1.77

Rusiya

12690

14318

+1.13

Tacikistan

3378

1854

-1.82

Türkmənistan

5132

6131

+1.19

Ukrayna

8123

6002

-1.35

Latviya

10218

13052

+1.28

Litva

13148

15342

+1.17

Estoniya

10390

16948

+1.63

Orta hesabla SSRİ və keçmiş SSRİ-yə daxil olan yeni müstəqil dövlətlər

6615

8238

+1.25

Azərbaycan, SSRİ və keçmiş SSRİ-yə daxil olan yeni müstəqil dövlətlərin orta göstəricisi ilə müqayisədə faizlə

              70

115

4 dəfə sürətli artım


Mənbə: Cədvəl müəllif tərəfindən Dünya Bankının materialları əsasında tərtib edilmış və hesablanmışdır.

Ən kataklizmli illər hesab olunan 1992-1993-cü illərdə Azərbaycanda inflyasiya 1000-1200 faiz olduğu halda, təkcə 1993-cü ildə Gürcüstanda 7488 faizə, Ermənistanda isə 10996 faizə, Qazaxıstanda 2169 faizə, Ukraynada 10155 faizə, Türkmənistanda 9750 faizə çatmışdı.  

1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü. Yoxsulluq 1990-cı ildəki 33 faizdən sürətlə qalxaraq 50 faizi ötmüşdür. Müəssisələrin əksəriyyəti dayanmış, işsizlik artmış və yüz minlərlə insan bir parça çökək dalınca Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrə üz tutmağa məcbur olmuşdu.

1992-ci il avqustun 15-də milli valyuta-manat dövriyyəyə buraxılmış və Azərbaycan rus rublunun inhisarçı buxovundan, həmçinin  rubl zonasının inteqral tərkib hissəsi olmaqdan qurtulmuşdur.

Azərbaycanın öz vergi, gömrük, mərkəzi bank və kommersiya banklarından ibarət ikipilləli bank sistemi yaradılmışdır.

1994-cü ilin sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu.

Azərbaycan BMT və ATƏT-ə üzv olmuşdur.

II mərhələ: Bu mərhələ 1996-2005-ci illəri əhatə edir. Həmin mərhələni transformasiya itgilərinin kompensasiyası və müstəqiliyimizin qorunub saxlanılması mərhələsi kimi  səciyyələndirmək olar. Bu mərhələlənin əsas məqamları:

Birinci və İkinci özəlləşdirmə proqramları əsasında ölkədə genişmiqyaslı özəlləşdirmə həyata keçirildi.

Aqrar islahatı nəticəsində kolxoz-sovxoz torpaqları kəndlilərə paylandı.

Onlarla yeni neft-qaz kontraktları bağlandı.

İrimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı,inflyasiya səngidi, xalqın həyat səviyyəsinin pisləşməsinin qarşısı alındı.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Bu mərhələdə Azərbaycan iqtisadiyyatı ildə orta hesabla 10 faiz artıma nail olmaqla keçmiş SSRİ-yə daxil olan yeni müstəqil dövlətlərin orta tempi ilə müqayisədə 1,4 dəfə sürətlə inkişaf edirdi və 2005-ci ildə  ÜDM istehsalına görə 1990-cı il səviyyəsinə çata bildi.

III mərhələ: Bu mərhələ 2006-2010-cu illəri əhatə edir. Həmin mərhələni iqtisadi artımdan iqtisadi inkişaf və yüksəlişə keçid və müstəqilliyimizə real məzmun verilməsi mərhələsi kimi xarakterizə etmək olar. Bu mərhələlənin əsas məqamları:

Orta illik artım templəri 20 faizə çatdı. Bu dünya iqtisadiyyatının orta illik artım tempindən 5 dəfə, MDB-nin orta artım tempindən isə 3 dəfə yüksəkdir.

Ölkənin enerji təhlükəsizliyi təmin edildi.

Ölkənin valyuta ehtiyatları 45 milyard dollara çatdı.

Azərbaycanda bir sıra parametrlərinə görə iqtisadi sahədə keçid dövrü başa çatdı.

Hazırda dünyanın 66 ölkəsində Azərbaycanın səfirlik, konsulluq və nümayəndəliyi fəaliyyət göstərir. Eyni zamanda, 56 ölkənin respublikamızda diplomatik missiyaları mövcuddur.

 Azərbaycanın müstəqil 20 ilin əsas  nəticələri:

SSRİ-nin dağılma ərəfəsində həmin dövlətə daxil olan 15 respublikadan yalnız üçü-Rusiya, Belarus və Azərbaycan müstəqil yaşamaq qabiliyyətinə malik potensial dövlət kimi xarakterizə olunurdu.Azərbaycanın müstəqil dövlət kimi yaşamaq potensialı 10 ballıq skala üzrə 7 balla qiymətləndirilirdi. Həmin araşdırmaların nəticələrinin müstəqiliyimizin 20 ilindən sonra nə dərəcədə özünü doğrultduğunu müstəqilliyin 20 ilinin siyasi, ideoloji, qlobal, geopolitik, iqtisadi, sosial, insitusional, bazar qüvvələrinin formalaşması baxımından effetlərindən çıxış etməklə daha aydın görmək olar:

Müstəqiliyimizin 20 ilin siyasi effekti: Azərbaycanın müstəqilliyinin bərpasının 20 ilin ən möhtəşəm nəticəsi odur ki, artrıq bizim müstəqil dövlətimiz var. Azərbaycan hazırkı səviyyəyə çatanacan müharibə, üç böhran, bir artım və bir yüksəliş mərhələsini keçdi, amma duruş gətirə bildi.Müstəqilliyimiz dönməz xarakter alıb və artıq Azərbaycanda köhnə sovet dövlət quruluşunu, siyasi və iqtisadı sistemi restovrasiyasa etmək mümkün deyildir.

Müstəqiliyimizin 20 ilinin ideoloji effekti: Azərbaycan cəmiyyəti tərəfindən müstəqillik ideyası xalqımızın mədəni səviyyəsinin bariz nümunəsi, ən böyük sərvəti kimi dərk və qəbul edilir.

Müstəqilliyin 20 ilinin postsovet məkanının yeni müstəqil dövlətlərinin nəticələri kontekstindən effekti: Müstəqillik yoluna çıxmış 15 yeni müstəqil dövlətdən beşi 20 il ərzində (Gürcüstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna) adambaçına ÜDM istehsalına gorə 1990-cı ilin səviyyəsinə çata bilməmiş, beşi (Rusiya, Latviya, Litva, Türkmənistan, Özbəkistan) 1990-cı illə müqayisədə 13-39 faiz intervalında artmış, digər dördü (Belarus, Ermənistan, Qazaxıstan, Estoniya) 1,6-1,8 dəfə və yalnız Azərbaycan 2 dəfədən çox artıma nail olmuşdur. Müstəqillik illərində Azərbaycanın iqtisadi artım sürəti  postsovet məkanına aid yeni müstəqil dövlətlərin orta statistik artım tempindən 4 dəfə sürətli olmuşdur.

Müstəqiliyimizin 20 ilinin iqtisadi effekti: Əgər 1990-cı ildə Azərbaycanda alıcılıq qabiliyyəti pariteti üzrə adambaşına orta dünya göstəricisinin 43 faizi və orta SSRİ göstəricisinin 70 faizi səviyyəsində-4630 dollarlıq ÜDM istehsal edilirdisə, 2010-cu ildə bundan 2 dəfə çox- 9467 dollar ÜDM istehsal edilərək orta dünya göstəricisinə yaşınlaşmış, postsovet məkanı ölkələrinin orta statistik göstəricisini isə 15 faiz ötmüşdür.

 Müstəqiliyimizin 20 ilinin sosial effekti: Azərbaycan adambaşına ÜDM istehsalı göstəricisinə görə 182 ölkə arasında 100-dən sonrakı yerlərdən  82-ci yerə çatmışdır. Azərbaycan “aşağı gəlirli ölkələr” qrupunu tərk edərək “orta gəlirli ölkələr” qrupuna daxil olmuşdur. BMT-nin İnsan İnkişafına dair hesabatında Azərbaycanın 169 ölkə arasında 101-ci yerdən sürətlə irəliləyərək 67-ci yer tutmuş və “orta insan inkişafı ölkələri” qrupunu tərk edərək “yüksək insan inkişafı ölkələri” qrupuna daxil olmuşdur.

Müstəqiliyimizin 20 ilinin qlobal effekti: Azərbaycan qlobal rəqabətqabilyyətlilik indeksinə görə dünya olkələri arasında 100-dən sonrakı yerlərdən 55-ci yerə qalxmışdır.

Müstəqiliyimizin 20 ilinin geopolitik effekti: Azərbaycan sıradan bir neft hasilatçısından öz karbohidrogen resursları ilə XXI əsrin energetika siyasətinə və iri kommunikasiya xətlərinin istiqamətlərinə korrektələr verə bilmə qabiliyyətinə malik geopolitik oyunçuya çevrilmişdir.

Müstəqiliyimizin 20 ilinin regional effekti: Əgər müstəqillikdən əvvəl Azərbaycan iqtisadiyyatı Cənub Qafqaz iqtisadiyyatın 45 faizə qədəri səviyyəsində idisə, 2010-cu ildə 70 faizi səviyyəsinə qalxmışdır.Azərbaycanda Gürcüstan üstəgəl Ermənistanın birlikdə istehsal etdiklərindən 2,3 dəfə artıq ÜDM istehsal olunur. Azərbaycan, Gürcüstan üstəgəl Ermənistanın birlikdə büdcəsindən 3 dəfə böyük büdcəyə malikdir.

Müstəqiliyimizin 20 ilinin insitusional effekti: Müstəqil dövlətə xas olan idarəetmə sistemi yaranmış, siyasi, iqtisadi, bazar və s. insitutlar formalaşmağa başlamışdır.

Müstəqiliyimizin 20 ilinin bazar münasibətlərinin bərqərar olması baxımından effekti: Bir sıra iqtisadi parametrlərinə görə Azərbaycanda keçid dövrü başa çatmışdır.

Qarşıda duran vəzifələr :

1. Demokratiyanın ilkin mərhələsindən hüququn aliliyinə əsaslanan güclü demokratik dövlət və azad vətəndaş cəmiyyəti quruculuğuna keçid.

2. Bazar iqtisadiyyatınn keçid mərhələsindən azad sahibkarlıq və sağlam rəqabətə əsaslanan sivil bazar münasibətlərinə keçid.

3.Torpaqlarımızın azad edilməsi və həmin ərazilərdə işğalın nəticələrinin aradan qaldırılması.

4.Əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin ölkəmizin potensialına uyğun səviyyəyə çatdırılması.

5.İnhisarçılığın, korrupsiyanın və digər məlum neqativ halların aradan qaldırılması.

6. Qlobal rəqabət qabiliyyətinə görə Azərbaycanın bu sahədə öndə gedən 50 ölkə sırasına daxil olması.

 7.Qarşıdakı 10 il ərzində Azərbaycanın “orta gəlirli ölkələr” qrupundan “yüksək gəlirli ölkələr” qrupuna keçməsi və adambaşına ÜDM istehsalına görə hazırkı 82-ci yerdən qalxaraq 50 ölkə sırasına daxil olması.

8. İnsan İnkişafına göstəricisinə görə hazırkı 67-ci  yerdən  50 ölkə sırasına daxıl olması və “yüksək insan inkişafı ölkələri” qrupunda möhkəmlənməsi

Bundan ötrü Azərbaycanda, hər şeydən əvvəl:

keçid dövründən sonrakı dövrün tələblərinə cavab verən innovasiyalı inkişaf modelinə keçilməli;

cəmiyyət həyatının bütün tərəflərində kompleks islahatlar həyata keçirilməli;

güclü demokratik dövlət və azad vətəndaş cəmiyyəti quruculuğü sahəsində işlər intensivləşdirilməlidir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin ölkəmizin potensialına uyğun layiqli səviyyəyə çatdırılmasının magistral yolu cəmiyyət həyatının bütun sahələrində demokratik islahatların ikinci mərhələsinə başlamaqdan keçir. İfrat inhisarçılıq meyllərinin, korrupsiyanın və digər məlum neqativ halların aradan qaldırılması ışınə geniş vüsət verməklə elə şərait yaradılmalıdır ki, müstəqillik bizim yox, biz müstəqilliyin xidmətçisinə çevrilək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir