Modern.az

SSRİ-nin süqutu və Azərbaycanın müstəqilliyinə gedən yol

SSRİ-nin süqutu və Azərbaycanın müstəqilliyinə gedən yol

18 Oktyabr 2011, 13:06

1987-ci ildə SSRİ-nin baş katibi Mixail Qorbaçov tərəfindən başlanan yenidənqurma siyasəti imperiyanın yenidən modernləşdirilməsi ilə yox, süqutu ilə nəticələndi. XX əsrin əsas geosiyasi hadisələrindən sayılan imperiyanın süqutunu Rusiyada hələ də bəzi siyasətçilər özlərinə bağışlaya bilmirlər. Təsadüfi deyil ki, Rusiyanın baş naziri Vladimir Putinin mətbuatda verdiyi müsahibəsində SSRİ-nin süqutunu "XX əsrin faciəsi" hesab etməsi hələ də Rusiyada imperiya təfəkkürünün yaşandığının göstəricisidir. Artıq onların nə düşünməsindən və demələrindən asılı olmayaraq imperiya tarixin arxivindədir.

SSRİ-nin çökməsi prosesi onun tərkibində olan dövlətlərə və bölgələrdə gedən siyasi proseslərə ciddi şəkildə təsir edirdi. Xüsusilə, köhnə iqtisadi sistemin yerini yeni iqtisadi sistem ala bilmirdi. Bölgələrdə mərkəzdənqaçma meylləri güclənirdi və Kremldən gələn qərarlar öz təsir imkanlarını itirməyə başlayırdı. Qısası, SSRİ demokratik dəyişikliklərə hazır deyildi və nə də ölkəni idarə edənlər yeni sistemə keçməyə hazır idilər. Belə olan halda, islahatlar imperiyada böhranı daha da dərinləşdirirdi. Bir növ, islahatalar imperiyanın çökməsi üçün qarşıda baş verə biləcək hadisələri tezləşdirirdi. 

Belə vəziyyətdə SSRİ-nin tərkibində olan Azərbaycan da bu prosesdən kənarda qala bilməzdi. SSRİ-nin süquta uğraması 70 il əsarətdə olan və imperiyanın caynağından canını qurtarmaq istəyən Azərbaycan üçün münbit şərait yaradırdı. çünki ölkənin gələcəyini düşünən ziyalılar, aydınlar SSRİ-nin belə gedişatla uzun müddət davam gətirə bilməyəcəyini görürdürlər. 
80-ci illərin sonundan başlayaraq yavaş-yavaş müstəqillik, istiqlalçılıq məfkürəsi ölkənin siyasi-ictimai mühitini canlandırırdı və ali məktəblərdə müstəqil elmi klubların əsası qoyulurdu. Əsas məqsəd isə bu klublar vasitəsilə ciddi müzakirələr aparıb, proseslərin sonunu necə nəticələnəcəyini aydınlaşdırmaq idi. Həmçinin, klublar sonradan elmi diskussiyalardan daha çox milli düşüncəni əhatə edən söhbətlərin mərkəzinə çevrilirdi. Məqsəd bu yolla müstəqilliyə gedəcək yolda cəmiyyəti, insanları gələcək hadisələrə hazırlamaq idi. Təsadüfi deyil ki, Azərbaycan Milli Azadlıq Hərəkatının avanqardı olan Azərbaycan Xalq Cəbhəsinin əsas potensial qüvvəsi belə klubların fəallarından təşkil olunmuşdu. 

Sadəcə olaraq, bir qığılcım lazım idi potensial qüvvənin meydana çıxması üçün. Belə qığılcım 1988-ci ildə ermənilərin Dağlıq Qarabağda törətdiyi hadisələr, ondan qabaq isə Qərbi Azərbaycanda yaşayan Azərbaycan türklərinin deportasiya edilməsi və üstəlik, Qarabağda Topxana meşəsində ağacların kəsilməsi hadisələrin alovlanmasına səbəb oldu. Qeyd etməliyik ki, Topxana meşəsi ilə bağlı başlanan mitinqlər heç kimin gözləmədiyi vəziyyətdə milli müstəviyə keçməyə başladı. Düzdür, müstəqilliklə bağlı fikirləri 1988-ci il hadisələrinə bağlamaq olmaz. Hələ 1944-cü ildə İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu və s. ziyalılarımız "İldırım" adlı təşkilat yaradaraq gizli yolla Azərbaycanın müstəqilliyini təbliğ etmək istəyirdilər. Onların deşefrə olunması, təşkilat üzvlərinin Sibirə sürgün olunması ilə nəticələndi. Buna baxmayaraq, zaman-zaman müstəqilliklə bağlı fikirlər gizli yolla təbliğ edilirdi. Ondan sonra isə Azərbaycanın müstəqillik ideyasının yenidən gündəmə gəlməsi və ya milli düşüncənin formalaşması 60-ci illərdə məhrum prezident, milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin Bakı Dölvət üniversitetində təhsil aldığı illərlə sıx bağlıdır. O zaman Elçibəy Azəraycanın müstəqil dövlət olacağını təbliğ edir, milli düşüncənin yayılması üçün geniş çalışmalar həyata keçirirdi. 

Topxana meşəsi ilə bağlı başlanan hadisə Azərbaycan Milli-Azadlıq Hərəkatına çevrildi. Bu hadisə, Azərbaycan tarixində 18 oktyabr müstəqillik aktının qəbul olunması ilə nəticələndi və Azərbaycan ikinci dəfə müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi. 

***
Artıq müstəqilliyimizin 20 illiyini qeyd edirik. Biz müstəqiyimizi qanlar bahasına, Qarabağın itirilməsi ilə nail olsaq da, müstəqilliyimizi qoruyub saxlaya bildik. Bu gün Azərbaycan dünyada yaşayan soydaşlarımızın potensial birləşmə mənbəyinə çevrilib. Azərbaycan beynəlxalq münasibətlərin bir subyekt kimi bir çox regional və qlobal təşkilatın daimi və həqiqi üzvüdür. Azərbaycan beynəlxalq səviyyədə öz sözünü deyir və dünyada gedən geosiyasi proseslərdə öz layiqli yerini tutmağa çalışır. 
Danimarka parlamentinin sabiq üzvü, Sosial-Demokratlar Partiyasının funksioneri Hüseyn Arac bizimlə söhbətində Azərbaycanın müstəqilik tarixini belə qiymətləndirir:
"Azərbaycanın öz müstəqilliyini əldə etmək üçün hansı əziyyətli və tarixin çətin sınağından necə üzüağ çıxdığını yaxşı bilirik. Eyni zamanda müstəqillik Azərbaycana havayı yox, minlərlə azərbaycanlı oğul və qızların şəhid edilməsi bahasına başa gəlib. Bu, Azərbaycanın istiqlal tarixinə yazılan şərəfli günlərdən biridir və bunu heç kim inkar edə bilməz. Bu gün Azərbaycan müstəqilliyinin 20 illiyini yüksək səviyyədə qeyd edir və Azərbaycan uğurlu strategiya yürüdərək, müstəqilliyinin güclənməsi istiqamətində böyük layihələr həyata keçiririr".

Daha bir müsahibimiz Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasının İstanbuldan olan millət vəkili Ali Özgündüz Azərbaycanın müstəqilliyi ilə bağlı fikirlərini bölüşərkən bunları bildirdi: "Mən bir azərbaycan türkü olaraq müstəqil Azərbaycanla qürur duyuram və Azərbaycanın daha da güclənməsi üçün əlimizdən gəldiyi qədər köməyimizi göstərəcəyik ki, o üç rəngli bayraq bir daha yüksəkliklərdən enməsin". 

Sonda fikirlərimizi Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı, böyük dövlət xadimi Məmməd Əmin Rəsulzadənin qərb mətbuatında verdiyi müsahibəsi ilə bitirmək istərdim. Jurnalist Rəsulzadəyə SSRİ-nin sonunu necə görməsi ilə bağlı sual ünvanlayır, böyük öndər cavab olaraq bu sözləri bildirir: "SSRİ bütün imperiyalar kimi süqut edəcək, O zaman Azərbaycanın yenidən müstəqil olması üçün gözəl şərait yaranacaq. Xalqımız bundan istifadə edib azadlığını elan edə bilsə, Azərbaycan yenidən müstəqil olacaq. Əks-halda, yaranmış şəraitdən istifadə edə bilməsə, xalqımız qul kimi yaşamağa məcbur olacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi