Modern.az

İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb  və olmayacaq”

İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb  və olmayacaq”

Ölkə

9 Oktyabr 2018, 20:44

“Bu gün biz ilin 9 ayının yekunlarını müzakirə edəcəyik, ilin sonuna qədər görüləcək işlər haqqında danışacağıq. Deməliyəm ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olub. İlin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayıb” Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.

 

Prezident qeyd edib ki, bugünkü dünyada vəziyyəti nəzərə alsaq, sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir: “Azərbaycanda isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır. Dünyada və xüsusilə yaşadığımız bölgədə vəziyyət gərgin olaraq qalır, yeni qarşıdurma, münaqişə ocaqları yaranır. Əvvəlki illərdə yaranmış gərgin vəziyyət əfsuslar olsun ki, aradan qaldırılmır. Belə olan vəziyyətdə biz əlbəttə ki, özümüzü mümkün olan xarici risklərdən daha da ciddi qorumalıyıq və qoruyuruq. Bir daha qeyd etmək istəyirəm, Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik.

 

Bu istiqamətdə bir çox addımlar atılır, o cümlədən xarici siyasətlə bağlı addımlar. Deyə bilərəm ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Mənim həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşlərim olub. Doqquz ay ərzində mən 12 xarici səfər etmişəm və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim sözümüzə inanırlar. Çünki sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur.

 

Hesab edirəm ki, bu il qonşu ölkələrlə əlaqələrimiz yeni pilləyə qalxıbdır. Mənim qonşu ölkələrin dövlət, hökumət başçıları ilə çoxsaylı görüşlərim olub. Əldə edilmiş razılaşmalar həm ikitərəfli əlaqələrimizi möhkəmləndirir, eyni zamanda, regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına xidmət göstərir. Müsəlman ölkələri ilə bizim əlaqələrimiz həmişə olduğu kimi diqqət mərkəzindədir. Bu, bizim xarici siyasətimizin prioritet məsələlərindən biridir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal və dəyərli üzvüdür və bütün beynəlxalq təşkilatlarda, beynəlxalq tədbirlərdə biz İslam həmrəyliyini göstəririk və bunu təbliğ edirik. Təsadüfi deyil ki, keçən il bizdə “İslam Həmrəyliyi İli” elan olunmuşdur. Azərbaycanda, İslam aləmində birliyin, həmrəyliyin möhkəmləndirilməsi işində bizim fəaliyyətimiz müsəlman dünyasında çox yüksək qiymətləndirilir. İslam Əməkdaşlıq Təşkilatı bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Biz bu istiqamətdə səylərimizi davam etdiririk və etdirəcəyik. Təsadüfi deyil ki, bu il Azərbaycanın ikinci şəhəri, Bakıdan sonra bu dəfə Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı adına layiq görüldü. Biz bunu bütün müsəlman aləminin bizə olan hörmətinin təzahürü kimi qəbul edirik, qiymətləndiririk. Eyni zamanda, əlbəttə ki, bu qərar bizim İslam aləmində oynadığımız müsbət rol ilə bağlıdır və biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik. İslam aləmində həmrəyliyin, birliyin möhkəmlənməsi üçün səylərimizi davam etdirəcəyik, eyni zamanda, İslam dəyərlərini dünyaya çatdırmaq üçün bundan sonra da addımlar atılacaqdır. Bildiyiniz kimi, Azərbaycanda multikulturalizmlə bağlı bir çox tədbirlər keçirilmişdir və həm İslam aləmində, həm Avropada bizim bu səylərimiz yüksək qiymətləndirilir, bu səylərin gözəl nəticələri vardır.

 

Eyni zamanda, bu il bizim iştirakımızla bir neçə önəmli beynəlxalq hadisə baş verib. Onların arasında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsini mən xüsusilə qeyd etmək istərdim. Hesab edirəm ki, bu, tarixi sənəddir və bu sənəddə Azərbaycanın milli maraqları tam şəkildə öz əksini tapıb. Xəzəryanı beş ölkə uzun danışıqlardan sonra razılığa gəlibdir. Yəni, bu, onu göstərir ki, bütün ölkələrin maraqları bu Konvensiyada təmin edilib. Hesab edirəm ki, bu, bölgənin, regionun inkişafı, iqtisadi imkanlarının genişləndirilməsi üçün çox önəmli bir sənəddir, çox ciddi hüquqi sənəddir.

 

Bu il Azərbaycanda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin böyük konfransı keçirilib. Azərbaycan bu təşkilatda uğurla fəaliyyət göstərir və gələn ildən başlayaraq bu təşkilata, dünyanın ən böyük təşkilatlarından biri olan Qoşulmama Hərəkatına sədrlik edəcəkdir. Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcəkdir. Biz bu il Avropa İttifaqı ilə əlaqələrimizin inkişafı istiqamətində növbəti ciddi addım atdıq. Bu ilin yayında Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanıb və hesab edirəm ki, bu, çox önəmli addımdır, önəmli sənəddir. Bu sənəddə bir çox önəmli məsələlər öz əksini tapır. O cümlədən bu sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan müddəalar həm ədalətlidir, həm də bizim mövqeyimizi və maraqlarımızı tam şəkildə ifadə edir. Bu sənəddə göstərilir ki, Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən dəstəklənir. Eyni zamanda, NATO-nun Zirvə görüşünün yekununda qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək bir daha ifadə edilmişdir. Bütün bu sənədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim mövqeyimizi daha da möhkəmləndirir. Onsuz da münaqişənin həlli üçün kifayət qədər geniş hüquqi baza vardır, eyni zamanda, yeni addımlar, xüsusilə ölkəmizin suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri, sazişlərdə əks olunan müddəalar bizim mövqeyimizi daha da möhkəmləndirir”.

 

İlham Əliyev qeyd edib ki, münaqişə ilə bağlı indiki danışıqlar mərhələsi ictimaiyyət üçün bəllidir: “Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır.

 

Bununla yanaşı, əlbəttə ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq. Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Eyni zamanda, bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilib və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilib. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib. Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik. Biz bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik və bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır. Onsuz da bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq. Ona görə biz bu gün bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq. Bu il Bakıda üçüncü müdafiə sənayesi sərgisi uğurla keçirilmişdir. Bir çox aparıcı şirkətlər öz məhsullarını nümayiş etdirmişlər. Azərbaycan öz hərbi-texniki potensialını ortaya qoydu. Bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik. Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Hərbi texnikanın, sursatların istehsalı ilə bağlı bizim yeni planlarımız var və biz onları da həyata keçirəcəyik. Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib”.

 

Dövlət başçısı vurğulayıb ki, bütün planları həyata keçirmək üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir və bu istiqamətdə ardıcıl addımlar atılır: “Əgər bizim güclü iqtisadi imkanlarımız olmasaydı, heç bir planımızı icra etmək mümkün olmazdı. Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür