Modern.az

Feyzullanın çimməkliyi

Feyzullanın çimməkliyi

10 Oktyabr 2018, 13:22

Akif Cabbarlı

 

Həyat etüdləri...


Bu əhvalatı mənə istedadlı, güclü zəka və qələm sahibi olan qonşum – Qulu Ağsəs danışıb. Deməli, qonşumun şərti olaraq Feyzulla adlandırdığı kəndçisi kasıbyana həyat sürürmüş. Əkin-biçin işlərindən savayı imkanlı yerlilərinin əvəzinə mal nobatına da gedirmiş. Bir sözlə, çörək qazanmağın yolunun hansı çətinliklərdən, ziqzaqlardan keçdiyini gözünün altına alanlardan imiş.


Bir gün Feyzullanın paytaxtda yaşayan imkanlı həmkəndlilərindən birinin yolu doğma yurda düşür. Adəti üzrə vaxtilə sinif yoldaşı olmuş Feyzullaya baş çəkir. Feyzulla da naxırdan təzə gəlibmiş. Arvadı Sərvinaza ocağın üstünə iri bir qazanda su qoymağı tapşırıbmış ki, yaxalanıb, təzək iyindən azacıq da olsa azad olsun. Şəhərdən gələn dostunu evə dəvət etsə də, Nemət heç cür razılaşmır. Onu da maşınına mindirib, rayon mərkəzinə babat bir “ujin” eləməyə yollanırlar. Necə deyərlər, nağıl dili yüyrək olar. Feyzulla ilə Nemət heç yerdə qərar tutmayıb, düz Bakıyadək maşın qovurlar. Səbəb isə sadəcə Nemətin üç yüz kilometrlik məsafədə heç bir kafeni, restoranı bəyənməməsi olub. Nə isə... Bakıya çatan kimi Feyzulla ilə məşhur saunaların birində çox cavanların həsrətində olduğu yüz cür ləzzətin dadını çıxarmağa girişirlər. Rus hamamı, fin hamamı, massaj, pivə, sonra da kabab, araq və  sair və ilaxır. Oradan da yollanırlar şəhər kənarındakı otellərdən birinə. Nemət tanış qızlardan da dəvət edir. Feyzulla gecə səhərədək burada elə bir kef çəkir ki, heç yatanda yuxusuna da girməzdi. Sözarası onunla dünyanın alabəzək kefini çıxaran qızdan özünə paytaxtda bir alababat iş də soraqlayır. Qız da elə ertəsi gün onu Şüvəlanda – xalasının bağında xidmətçi, həm də bağban işinə düzəldir. Deyir ki, darıxma, xalamın işlərini yola ver, həftədə, on gündə bir özüm də sənə baş çəkəcəm. Kənddən gətirdiyin odu-alovu külə çevirmək bizlikdir, qaqaş!


Bu minvalla nə az-nə çox, düz üç il Feyzulla Şüvəlan bağında görmədiyi günləri görür, yeyi-içir, hətta özü üçün feysbuk səhifəsi də açır. Nə isə, lap kinolardakı kimi həyat sürür. Bir gün Nemətə deyir ki, kənddən ötəri, Sərvinazdan, balalarımdan ötrü burnumun ucu göynəyir. Maraqlıdır ki, ötən müddətdə Sərvinazdan, qohum-əqrəbadan da bir xəbər-ətər çıxmamışdı. Bəlkə də Feyzullanı ölmüş hesab edirdilər. Nə deyək, Allah bilən yaxşıdır.


Nemət bu sözlərdən təsirlənir, dostunu da götürüb yollanırlar rayona. Feyzullanı kənddəki evinin qənşərində düşürür, dərhal uzaqlaşır. Qorxur ki, evdəkilər Neməti urvatsız edərlər. Nə isə... Feyzulla həyətə girib, qorxa-qorxa, utancaq qızlar kimi evin kandarına yaxınlaşır. Elə bu vaxt Sərvinaz tələm-tələsik qolunda iri hamam dəsmalı ocağın üstündəki qaynar qazana yaxınlaşır, suyu iki vedrəyə boşaldır, götürüb Feyzullaya tərəf boylanır:

-Feyzi, suyun hazırdır, aparıram tövləyə, gəl yaxalan, sonra oturub bir çaydan-zaddan içərik ikilikdə.


P.S.
 Zənnimcə, bu cür mövzulara kinorejissorlarımız diqqət yetirsələr, pis olmazdı.

 

İldırımın dili necə açıldı 


Aylar uzunu çalışandan sonra İldırım biznes strukturlarından birinə işə düzələ bilmişdi. Ona bu məsələdə yaxından kömək edən qohumu başa salmışdı ki, bu idarəyə hər adam yaxın düşə bilmir. Odur ki, İldırım həmişə dilini dinc saxlamalı, yersiz söhbətlərdən, lazımsız müdaxilələrdən yan qaçmalıdır. Belə olarsa, hörməti artar, hər hansı bəlalardan da uzaq olar.


İldırım qohumunun dediklərinə bir müddət əməl eləyə bildi. “Problem yoxdur”, “bu iş mənlikdir”, “darıxmayın, bu məsələni beşcə dəqiqəyə həll edərəm”, “hər şey əladır” və s. vədləri, replikaları dilinə gətirmirdi. Müdir, digər vəzifəli işçilər nə soruşurdularsa, sadəcə başını bulayır, çiynini çəkir, ya da mənasız baxışlarını haralarasa tuşlayıb, balıq kimi susurdu.


Bir gün iclasların birində müdir hərləyib-fırlayıb sözü İldırımın üstünə gətirdi:


-Mən başa düşmürəm, bu oğlanın dili var, ya kökündən dilsizdi. Bu kişi təklikdə də, camaat yanında da nə soruşuram, mənimlə lal dili danışır, gözünü bərəldir, çiyinlərini atır, qulaqlarını oynadır, barmaqlarını şaqqıldadır. Belə olmaz, danışmaq, fikrini, düşüncəni dilinlə - müdir bu arada uzun dilini lap çölə də çıxarır – demək, çatdırmaq lazımdır. Eşitdin, adə?


-Eşitdim, müdir, eşitdim.


Neçə vaxtdır danışmayan İldırımın səsi salona yayıldı:


-Eşitdim, amma yenə danışmayacam. Danışım, nə deyim ey? Dediyimlə mitilimi atacaqsan axı bayıra. Məni sənə tapşıran qohumumun tövsiyəsinə əməl etməsəm, işimi itirərəm, axı. Deyim ki, burada qanunsuzluq baş alıb gedir, qohumbazlıq, yerlibazlıq adi hal alıb, deyim ki, atın qabağına ət, itinkinə ot qoyursunuz, daha nə deyim, korrupsiyaya qurşanmağınızdan, camaatın halalca əmək haqqını, mükafatını da basıb yediyinizdən danışım? Daha nələri deyim? Demirəm də, qardaş. Nəyimə lazımdır? Bu qədər çatışmayan cəhətləri düzəltmək mənəmi qalıb? İnşallah, bu məsələlərə bir əncam çəkilər, onda mənim də ürəyim açılar. Ürəyim yox ey, bax elə lap dilim də açılar ey, dilim də...

 

Bağışla, ora düşməmişəm... 


Həsənqulu Quliyev Novruz bayramında çox yüksək vəzifədə işləyən qonşusuna zəng edib hal-əhval tutmaq, təbrik etmək və çoxdan bəri planlaşdırdığı xahişi dilə gətirmək istəyir. Qonşusu dərhal Həsənquludan soruşur:

-Dünən axşam xəbərlərə baxmamısan?

-Yox, baxmamışam.

-Çıxardılar axı məni işdən. Hazırda sərəncamdayam. Görək, sonrası nə olur.

-Qardaş, sən Allah, məni bağışla. Deyəsən axı mən ora düşməmişəm. Əşi, bu telefonların lap zayı çıxıb, vallah...

 

Qohumum pomidoru niyə sata bilmirmiş

 

Keçən əsrin səksəninci illərində paytaxtın Passaj adlanan bazarında rastlaşdığım mənzərə indiyədək yadımdadır. Ağdaşda yaşayan qohumlarımdan biri özü yetişdirdiyi tərəvəz məhsullarından xeyli yığıb bu bazara gətirmişdi ki, satıb balalarının ehtiyaclarını ödəsin.

Bir dəfə yolumu həmin bazardan saldım. Hal-əhval tutandan sonra Sahib kişi hirslə əlini piştaxtaya çırpıb, sözün əsl mənasında nərildədi:

-Lobyanı, badımcanı satmışam, bu mamadora yaxın duran yoxdur daaa. Heç rus arvadları da almır. Gül kimi maldır. Bilmirəm nə azar keçib camaatın canına.

Gülmək məni tutdusa da, özümü yığışdırıb “necə yəni mamador, ay Sahib?” dedim. Mamador nədir, bəlkə pomidor demək istəyirsən?

-Hə daa, yazıb qoymuşam da üstünə.

Sahibin sarı karton parçasına səliqəsiz şəkildə “mamador” yazıb, pomidor tığının üstünə atdığının şahidi olandan sonra hər şey mənə aydın oldu.

 

Danışığında təhrif etdiyi sözün, eləcə də səhv yazılışı Sahibin başına bəla olmuşdu. Camaat məsələnin dərinliyinə varmadan “mamador”un yanından elə hey səssizcə ötüb keçmiş, ləzzətli Ağdaş pomidorunun dadını çıxarmaq imkanını əldən buraxmışdılar. Bəlkə də elə bilmişdilər ki, “mamador” pomidora oxşasa da, Afrikadan-zaddan gətirilmiş hansısa geni dəyişdirilmiş tərəvəz məhsuludur.


P.S. Elə bu yerdə bir vaxtlar Bakı kəndlərinin birində ət dükanının üstünə vurulmuş bir yazı yadıma düşdü – “Halal kesilmiş taza dona əti”.

Şirvan rayonlarının birində də mağazanın üstünə belə yazmışdılar – “Avtozapçast hissələri maqazini”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir