Modern.az

Deputat şəhid ailələri ilə bağlı yaranan problemi nəzarətə götürdü - FOTO  

Deputat şəhid ailələri ilə bağlı yaranan problemi nəzarətə götürdü - FOTO   

11 Oktyabr 2018, 21:41

Millət vəkili Elmira Axundova deputat seçildiyi Masallı rayonunun Bədəlan kəndindəki ofisində seçiciləri ilə növbəti görüşünü keçirib. Modern.az xəbər verir ki, millət vəkili seçicilərin hər birini  ayrı-ayrılıqda qəbul edərək onları dinləyib, problemləri ilə maraqlanıb.

Qeyd edək ki, millət vəkilinə ünvanlanan müraciətlər əsasən ünvanlı sosial yardım, əlillik dərəcəsinin alınması, aliment və digər məsələlərlə bağlı olub.

 

Müraciətlərin bir neçəsi isə  hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqının alınması üçün şəhid ailələrinin qeydiyyata alınmalarında yaranan problemlərlə əlaqədar olub.

 

Şəhid ailəsi və ya onların vərəsələri olan bir neçə şəxs millət vəkilinə bildiriblər ki, 1994-cü illərdə şəhid olmuş ailə üzvünün sığorta pulunun alınması üçün sənədləri qanuni şəkildə toplayaraq müraciət etsələr də, onlara vaxtı ilə bu sığorta pulun ödənildiyi haqqında elektron cavab verilib.

 

Lakin ərizəçilər onlara o vaxt  yerli İcra Hakimiyyətindən, sadəcə, 100 dollar həcmində  pul verildiyini sözlərinə əlavə ediblər.

 

E.Axundova seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxladığını, həmin çətinlik və qayğıların yoluna qoyulması üçün müvafiq addımlar atacağını qeyd edib. O, adıçəkilən problemlə də yaxından tanış olacağını və aidiyyəti qurumlarla əlaqə saxlayaraq, onun həllinə nail olmağa çalışacağını, yaranmış qeyri-müəyyənliyin qaldırılmasına cəhd edəcəyini əlavə edib.

 

Deputat görüşdə vurğulayıb ki, o, yalnız seçicilərin ünvanladığı müraciətləri aidiyyəti qurumlara göndərməklə kifayətlənmir.

 

Eyni zamanda, həmin müraciətlərin icra vəziyyətini də daim diqqətdə saxlayır.

 

Bununla yanaşı, xanım millət vəkili seçiciləri əmin edib ki, hər zaman olduğu kimi, bundan sonra da zəruri hallarda seçicilərin problemlərini Milli Məclisdə qaldıracaq və o problemlərin həllinə nail olmaq üçün əlindən gələni əsirgəməyəcək.

 

Onu da qeyd edək ki, adıçəkilən problemlərlə yanaşı, əvvəlki illərlə müqayisədə seçicilər tərəfindən müraciətlərin və şikayətlərin az olduğu üzə çıxıb.

 

Xüsusilə də, gənclər tərəfindən müraciətlərin və şikayətlərin azaldığı məlum olub.

 

Yəni Masallıda son illər görülən işlərin, yeni-yeni istifadəyə verilən obyektlərin, konkret olaraq, "Asan Xidmət" Mərkəzinin yerli filialının, Masallı Sənaye Parkının yaradılması və işə düşməsi ilə rayonda işsizlik problemi böyük ölçüdə həllini tapıb, xeyli sayda gənc və orta yaşlı insanlar iş yerlə ilə təmin olunublar.

 

Bu da nəticə etibarı ilə millət vəkilinə ünvanlanan müraciət və  şikayətlərin azalması, minimuma enməsi ilə sonuclanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər