Modern.az

Kreativ düşüncəli alim və yaxud ədəbi əlaqələrin körpüsalanı...

Kreativ düşüncəli alim və yaxud ədəbi əlaqələrin körpüsalanı...

14 Oktyabr 2018, 10:43

(Litva – Azərbaycan ədəbi əlaqələri = Mahir Həmzəyev)

 Pribaltikada  -  Litvada Mahiras Gamzayevas imzası ilə tanınan alim, tədqiqatçı, mütərcim, ictima və ədəbi xadim, həmyerlimiz  Mahir Həmzəyev  Azərbaycan mənəviyyatının yeni Avropa tipinin nümayəndəsidir.   Ədəbi əlaqələrə aid nəzəri fikrimizin təqribən iki əsrlik  tarixini əhatə edən ədəbi əlaqələrə dair tədqiqlərində Mahir Həmzəyev   tarixiliyin təkamülü əsasında ədəbiyyatşünaslığımızın empirik, sinkretik, analitik, bioqrafik və sosioloji mərhələləri məharətlə əhatə edilir, onların tarixi və estetik sərhədləri müəyyənləşdirilir.

 Mahir Həmzəyev ənənələrə güvənən, ənənə ilə mənəvi təmasda olmağı bacaran fikir adamıdır. Onun yazılarında xalqın ən dəyəli milli sərvəti olan SÖZ üçün məsuliyyəti, şərəfi və əzabı duyulmaqdadır. Mahirin  məqalələrində güclü bir fikri gərginlik var. Mənə elə gəlir ki, o, yazılarını çox böyük məsuliyyətlə yazır. Bu, hər şeydən əvvəl onun tədqiqatçı məsuliyyətindən, ziyalı və vətəndaş kimi xalq, cəmiyyət qarşısında cavabdehlik duyğusundan irəli gəlir.

 Onun gördüyü hər bir iş unikaldır, çünki mədəniyyətimizi, ədəbiyyatımızı, xalqımızı tanıtmağa xidmət edir; onun hər yazısı Vətən üçün ismarışdı, ədəbi-mənəvi  stimuldur,  fakta verilən ikinci candır, milli-mənəvi impulsdur.

  Təvəzökarlıq və prinsipiallıq Mahir Həmzəyevin bir alim-tədqiqtçı kimi həyat devizidir; populizm, irrasional emosonallıq onun əməlində yoxdur; rasional düşüncə və bunu reallaşdlran hərəkət, gerizəkalılığa qarşı mübarizə, bizi qəbul etməyənlərə həqiqəti görməyə məcbur etmək bacarığı onun elmi-ictimai fəaliyyət prinsipləridir...

O, yaradıcılığında həmişə milli mənəviyyatda baş verən strateji problemləri diqqətdə saxlayır; milli təfəkkürün Qərb dünysına inteqrasiyasının İpək yolunu qurur, böyük Yusif Vəzirin əsasını qoyduğu,professor Vaqif Arzumanlının  inkişaf etdirdiyi  Litva ədəbi əlaqələrinin qutsal işlərini ləyaqətlə, daha dinamik bir templə davam etdirir...

  
Mahiras Gamzayevas Pribaltikanın coğrafi məkanında Qərbin  fikir sahiblərini maraqlandıran mövzuların genişliyindən və dəyərindən xəbərdardır;  Mahir Azərbaycan diasporunun strateji imkanları siferasında milli dövlətçiliyə və milli ideologiyaya heyranlıqla və ardıcıl xidmət edir...

 
Elmi potensiala malik istedad sahibi olan Mahir Həmzəyevin  üslubunu ekspressivlik, kirreativ düşüncə, milli  əxlaq xrakterizə edir...   Elmi problem və nə­zəri prinsip kimi tarixilik Mahir Həmzəyevin həm monoqrafiyaları­nın, həm də ayrı-ayrı məqalələrinin əsas pafosunu müəyyənləş­dirir. Məncə, peşəkar bir ədəbiyyatşünas kimi onun xidmətlərindən biri də budur ki, Mahir öz yazılan ilə ədəbi əlaqələr siferasının poetikasını zənginləşdirdi, ona daha aydın intellektual və fəlsəfi pafos gə­tirməyə nail oldu.

  Mahirin tədqiqatlarında tarixi fakt zənginliyi müşahidə edilir və bu təbiidir, çünki, ədəbi əlaqələr faktsız mümkün deyil, bu elm bir sistem kimi faktlar əsasında baş verir. Maraqlı bir cəhət odur ki, Mahir əldə etdiyi, tapdığı faktdan asılıb qalmır, sanki onu improvizə edir.Bu əsərlədə müasir düşüncəmizin qəbul eləyə biləcəyi, müasir düşüncəmizin parametrləri ilə ölçülə biləcək ideyalar mövcuddur ki, bu mövcudluq tarixi faktı müasirləşdirir, ona gələcəyə gediş enerjisi verir... Bax, bu anlamda onun tədqiqatları çox qiymətlidir. Çünki burada ədəbi əlaqələrə formal münasibət, kononizm  yoxdur. Müəllif ədəbi əlaqə faktının  ruhuna daxil olur,  onun “əsəb hücüyrələrinin uclarını” hiss etdiyi aşkar görünür. Mən burada sxematizm görmürəm. Tam bir məlumatlılıq, peşəkarlıq və o ruhu duymaq xüsusiyyətləri var, Mahirdə...

 
 Mahir, belə demək mümküns, ədəbi əlaqələri yaradan situasiyaların bütün texnologiyasını incəliyinə qədər bilir və elə buna görə də müvəfəq olur!!

 
 Litva – Azərbaycan dövlətlərarası münasibətləri, eləcə də Azərbaycan dövlətinin beynəlxalq aləmdə çağdaş dövrdə nail olduğu siyasi, iqtisadi və mədəni uğurlar haqqında Mahir Həmzəyev 1980-cı ildən üzübəri  Litva dilində yazdığı siyasi publisistik məqalələrlə müntəzəm çıxış edir. O, 40 ilə yaxındır ki, Pribaltikada, əsasən də Litvada, onun Vilnüs kimi paytaxtında ədəbiyyatımızı, mədəniyyətimizi, ümumiyyətlə Azərbaycanı, dövlətçiliyimizi ləyaqətlə təmsil və təbliğ edir. Yeri gəlmişkən, riyazi dillə anlaşsaq, Mahir Həmzəyevin 1980-2018-cı illərdə Azərbaycan-Litva tarixi, ictimai-siyasi, ədəbi əlaqələri barədə yazdığı 400-dən artıq məqaləsi Litvada və Azərbaycanda işıq üzü görüb.

   Azərbaycan ədəbiyyatı, mədəniyyəti, maarifi, mətbuatı, teatrı, kinosu və xoreoqrafiyası haqqında, eləcə də Azərbaycan yazıçı və şairləri - Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Osman Sarıvəlli, Mikayıl Rzaquluzadə, Süleyman Rəhimov, Rəsul Rza, Nigar Rəfibəyli, Anar, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və digərlərinin  yaradıcılığı barədə 25 adda ensiklopedik məqalələr hazırlayaraq Ümumdünya Litva Ensiklopediyasının 2002, 2008, 2011 və 2012-ci illərdə çıxmış II, XIV, XX və XXI cildlərində çap etdirib.

   Ümumiyyətlə, onun 400-dən çox ədəbi, ədəbi-bədii, siyasi, kultroloji, etnikulturoloji, tarixi əlaqələr və s. müxtəlif mövzularda populyar elmi, tədqiqi və publisistik  məqalələri, bədii tərcümələri, litvaca və rusca tədqiqat işləri, ədəbi-tarixi esseləri, həmçinin siyasi-publisistik yazıları, 1980-2018-cı illərdə “Tiesa”, “Советская Литва”, „Komjaunimo tiesa”, “Kомсомольская правда”, „Vakarinės naujienos“, “Вечерние новости”, “Gimtasis kraštas”, “Czerwony Sztandar”, “Lietuvos aidas”, “Эхо Литвы”, „Lietuvos rytas“, „Lietuvos žinios“, “Respublika”, “Республика”, “Vakarų ekspresas“, „Lietuvos totoriai“, „XXI amžius“, „Slaptieji takai“, „Kauno diena“ adlı respublika qəzetlərində, “Literatūra ir menas”, “Литва литературная”, “Pergalė”, “Metai”, “Nemunas”, „Šiaurės Atėnai“, „Kardas“, “Seimo Kronika”, „Tautinių bendrijų naujienos“ adlı ədəbi-bədii, elmi-populyar, ictimai-siyasi jurnallarda və həftəliklərdə, „Gimtasis Rokiškis”, „Trakų žemė“, „Merkio kraštas“ adlı rayon qəzetlərində, eləcə də ölkənin ELTA, BNS informasiya agentliklərinin saytlarında, həmçinin „Delfi.lt“, „Ru.Delfi.lt“, „Balsas.lt“, „Slaptai.lt“, „Alfa.lt“, „Lietsajudis.lt“, „Bernardinai.lt“, “15min.lt“, „Kauno.diena.lt“, „Klaipeda.diena.lt“, “Voruta.lt” adlı portallarda və internet qəzetlərdə dərc olunub.

   Bunlardan bəzilərini adda-budda olsa da xatırlatmaq yerinə düşərdi:

   
Məsələn, „Ədəbi əlaqələr haqqında monoqrafiya“. Professor Vaqif Arzumanlının 1979-cu ildə Bakıda „Yazıçı“ nəşriyyatı tərəfindən buraxılmış „Azərbaycan – Litva ədəbi əlaqələri“ monoqrafiyası barədə ədəbi məqalə” (1980);  “Şərqin qapısı“  kəhrəba ölkəsində“. Səməd Vurğunun 1980-ci ildə Vilnüsdə „Vaga“ nəşriyyatı tərəfindən Yonas Yakştasın tərcüməsində litvaca çapdan buraxılmış „Şərqin qapısı“ şerlər toplusu barədə ədəbi resenziya (1981);  “Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında” ədəbi məqalə (1982); „Baltikdən Qafqaza qədər“. Litva xalq yazıçısı Antanas Vienuolisin (1882-1957) yaradıcılığında Azərbaycan tarixi, ədəbiyyatı və folkloru ilə bağlı yer almış motiv və süjetlər barədə ədəbi tədqiqat məqaləsi (1982); „Azərbaycan ədəbiyyatının klassiki“. Yazıçı və şair Abdulla Şaiqin (1881-1959) həyat və yaradıcılığı haqqında, onun Litva ədəbiyyatının klassiki Vintsas Kreve (1882-1954) ilə dostluq və yaradıcılıq əlaqələri barədə ədəbi məqalə(1982);  „Əbədi Odlar ölkəsi onu unutmur“ adlı məqalə. Məqalədə Litva ədəbiyyatının klassiki Vintsas Krevenin həyat və yaradıcılığının Bakı dövrü (1909-1920) və onun Azərbaycan ədəbiyyatı ilə əlaqələri haqqında danışılır(1982);  “Litva ilə bağlı əlaqələr“. XIX yüzillikdə və XX əsrin əvvəllərində Litva - Azərbaycan ədəbi-mədəni əlaqələri, həmçinin Vilnüs Universitetinin şərqşünas məzunlarının yaradıcılığında Azərbaycan ədəbiyyatı və folkloru mövzusunun işlənilməsi barədə ədəbi tədqiqat məqaləsi(1984);  Litva və Azərbaycan ədəbiyyatlarından edilmiş tərcümələr əsasında “Litva-Azərbaycan ədəbi əlaqələri və qarşılıqlı ədəbi təsir” mövzusunda ədəbi tədqiqat məqaləsi (1985); Nizami Gəncəvinin 1985-ci ildə Vilnüsdə „Vaga“ nəşriyyatı tərəfindən Linas Broganın tərcüməsində litvaca çapdan buraxılmış „Leyli və Məcnun“ poeması, eləcə də qəzəlləri, rübai və qəsidələrinin tərcüməsi haqqında  “Şam kimi, sən də öz xəzinənlə yan” başlıqlı ədəbi resenziya. Resenziya litvalı şair və tərcüməçi Alfonsas Bukontasla birgə yazılmışdır(1985);  1918 - 1920-ci illər müstəqil Litva-Azərbaycan dövlətlərarası münasibətləri və çağdaş dövrdə onların inkişaf perspektivləri haqqında “Qədim əlaqələr bərpa olunur” başlıqlı müsahibə. (Müsahibəni Azərbaycan Respublikasının Litvadakı Səlahiyyətli nümayəndəsi Mahir Həmzəyevdən litvalı jurnalist Riçardas Lapaytis götürmüşdür (1992);  1990-cı il 20 yanvar faciəsinin 12-ci ildönümü ilə əlaqədar Vilnüsdə keçirilmiş anım tədbiri barədə  “Şəhidlərin ruhuna dua oxundu“ adlı siyasi məqalə. Məqalədə həmçinin ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətləri və Kremlin onlara havadarlığı, milli azadlıq və ərazi bütövlüyü uğrunda ayağa qalxmış xalqa qarşı Sovetlər Birliyinin rəhbərliyi tərəfindən Bakıda ruslarıerməniləri  “xilas etmək kartından” necə istifadə edilməsi, 20 yanvarın Azərbaycanın mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olması haqqında danışılır (2002);  “Azərbaycanın Dövlət Müstəqilliyinin 84-cü ildönümü“ adlı ictimai-siyasi və publisistik məqalə. Məqalədə sözügedən ildönüm ilə əlaqədar Vilnüsdə Litva azərbaycanlıları cəmiyyəti tərəfindən keçirilmiş təntənəli tədbir barədə, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin yaradlması ilə bağlı tarixi, ictimai-siyasi məsələlər və beynəlxalq münasibətlər haqqında bilgilər təqdim olunubdur (2002);  “Bərpa edilmiş Azərbaycan dövlətçiliyinin yeni yolları“ adlı publisistik məqalə. Publikasiyada Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa olunmasının 11-ci ildönümü ilə bağlı Litva azərbaycanlıları cəmiyyəti tərəfindən Vilnüsdə keçirilmiş ictimai-mədəni tədbir haqqında danışılır, həmçinin Azərbaycanın dövlətçilik tarixinin kökləri və mərhələləri, eləcə də Azərbaycan dövlətinin hazırki dövrdə beynəlxalq aləmdə tutduğu mövqe və Litva – Azərbaycan dövlətlərarası münasibətlərinin nadir səhifələri barədə litvalı oxuculara bilgilər təqdim olunubdur(2002);  20 yanvar 1990-cı il Bakı və 13 yanvar 1991-ci il Vilnüs qanlı hadisələrinin ildönümü ilə əlaqədar Litva azərbaycanlıları icması və Litvanın 13 Yanvar Cəmiyyəti tərəfindən Vilnüsdə keçirilmiş birgə anım tədbiri və ortaq dua barədə  “Bakı və Vilnüs yanvar faciələri  - sanki klonlaşdırılmış qətlamdır“ adlı siyasi publisistik məqalə(2003);  “Qəzetinizi oxuyan zaman Tatar icmasının ürək döyüntülərini eşidirəm“. Böyük Litva Knyazlığı tatar varislərinin Azərbaycan tarixi, mədəniyyəti və ictimai-siyasi fikri ilə əlaqələri, Litva tatar xadimlərinin 1918-1920-ci illərdə müstəqil Azərbaycan Demokratik Respublikası quruculuğu işlərində çalışan zaman verdikləri mühüm tarixi töhfələr barədə Litva azərbaycanlıları cəmiyyətinin sədri Mahir Həmzəyevlə müsahibə. Müsahibəni qəzetin Baş redaktoru, fəlsəfə elmləri doktoru Həlim Sitdıgov götürübdür (2006); Litvalı naşir və publisist Gintaras Visotskasın Litva – Azərbaycan ədəbi və mədəni əlaqələrinin tədqiqatçısı, publisist və tərcüməçi Mahir Həmzəyevlə mədəniyyətlərarası dialoq səpkisində sosial-fəlsəfi və dini mövzuda apardığı  “Bu dünyada hər şey satılmır və hər şey alınmır“ başlıqlı müsahibə (2007);  “Mədəniyyətləri bir-birinə qovuşduran körpülər“ adlı müsahibə. Litva azərbaycanlıları cəmiyyətinin sədri Mahir Həmzəyevin Litva-Azərbaycan ədəbi əlaqələrinin qaynaqları və inkişaf mərhələləri barədə, milli etnokulturoloji dəyərlərin Litvada qorunması və zənginləşdirilməsi problemləri haqqında,  dini tolerantlıq  və mədəniyyətlərarası dialoqun vacibliyi mövzusunda düşüncələri. Müsahibəni litvalı jurnalist Zita Voytyuləviçyute götürmüşdür(2007);  “Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadə və onun Litva ədəbiyyatı ilə əlaqələri” haqqında hazırladığı ensiklopedik məqalə(2008);  31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Vilnüsdə Litva Genosid və rezistensiya mərkəzində Litva azərbaycanlıları cəmiyyətinin təşkilatçılığı ilə keçirilmiş anım tədbirində “Azərbaycanlıların soyqırımı tarixinin kökləri, səbəbləri və mərhələləri” mövzusunda məruzə(2009);  “Qara yanvar”ın təkrar olunmaması üçün...” adlı siyasi-publisistik məqaləsi. 20 Yanvar faciəsi barədə Litvada erməni uydurmaları və yalan məlumatlar yayan Litva erməniləri ittifaqının sədr müavini Ruslan Arutyunyanın absurd sayıqlamalarına cavab olaraq ifşaedici tərzdə və şiddətli tənqid ruhunda yazılmış publikasiya(2010);“Milli İcmaların Vətəndaş cəmiyyəti quruculuğu və onun inkişafı prosesində rolu” başlıqlı ictimai-siyasi və analitik icmal. (Litva Respublikası Seyminin İnsan Haqları Komitəsi və Seymin Avropa İnformasiya Bürosunun təşkilatçılığı ilə 11 may 2011-ci ildə Litva Parlamentində keçirilmiş “Avropa Birliyi və Milli müxtəliflik. Litvada Milli azlıqlar” adlı konfranda Litva Milli İcmalar Şurasının sədri Mahir Həmzəyevin etdiyi məruzə - 2011); “Qarabağ: yalanın təcavüzü və yaxud “təyini müqəddərat” haqqında saxtalaşdırılmış tarix”. Siyasi-analitik və publisistik məqalə. 1-ci, 2-ci hissə (2011);   həmcininonun   Azərbaycan yazıçılarının yaradıcılığı, onların Litva ədəbiyyatı ilə əlaqələri və əsərlərinin litvacaya tərcümələri haqqında yazdığı ensiklopedikməqalələr -  M.E.Sabiras, Abasas Sehetas, Siuleimanas Rehimovas, Resulas Rza, Osmanąs Saryvelį, Mikailas Rzakuluzadė, Xelilas Rza Ulutiurkas, Anaras, Nigar Refibeili,  Sabiras Riustemchanly bu qəbiləndir...

 
 Mahir Həmzəyevin siyasi-ictimai mövzuda icmalları, Litva seyminə və prezidentinə məktubları, İcmanın sədri kimi bəyanatları müasir Azərbaycan gercəkliyinin yayılmasında, dərk edilməsində və qəbul edilməsində mühüm əhəmiyyət kəsb edir. Üst-üstə bu qəbildən olan materialların sayı 155-dən çoxdur.

„Dövlətçilik tarixinin parlaq səhifələri“ (2003) adlı ictimai-siyasi məqaləsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradlmasının 85-ci ildönümü ilə bağlı Vilnüsdə Litva azərbaycanlıları cəmiyyəti tərəfindən keçirilmiş təntənəli tədbir haqqında, həmçinin Azərbaycanda dövlətçilik tarixi və ənənələri barədə bilgilər təqdim olunubdur;  „Novruz – zülməti dağıdan işıq, mehribanlıq və yenilənmə bayramıdır“ (2003) adlı məqalə. Publikasiyada Azərbaycanda Novruz bayramının tarixi və mənşəyi, Zərdüştilik etiqadı və Novruzun atəşpərəstliklə bağlılığı, od simvolunun müqəddəsliyi, bayramın əsil mahiyyətindən doğan xalq adət-ənənələri, oyunlar və mərasimlər, eləcə də Novruzun Azərbaycan xalqının milli təfəkkürünün inkişafında, həyata yanaşma, mühakimə və dərketmə qabiliyyətinin yüksəldilməsində, həmçinin azərbaycanlıların digər konseptual baxışlarının təkmilləşdirilməsi, etnokulturoloji dəyərlərinin daha dərin kök atması, digər xalqlarla münasibətlərdə mehriban qonşuluq əlaqələrinə əsaslanan nöqteyi-nəzərlərinin möhkəmləndirilməsi proseslərində oynadığı rol və göstərdiyi təsir barədə litvalı oxuculara tarixi, dini, ictimai, sosial və fəlsəfi ümumiləşdirmələr təqdim olunubdur.

 
Gəlin, unutmayaq ki, ədəbi əlaqələr xoş əməlli “
bumeranq effekti” yaradır, yaxşı nəyi ötürürsə, daha da yaxşı olub üstünə qayıdır...  Mahir hər iki qədim xalqın lap qədimlərdən olan, lakin az qala unudulan, yaxud arxivlərin gizlinclərində qalan tarixən yaranmış ədəbi, siyasi, iqtisadi  əlaqələrə aid faktları üzə çıxarır, onlara yenidən can verərək böyük bir mədəniyyət  sililəsi yaradır ki, bu da xalqların ədəbi-mədəni birliyinə və əlaqəinə xidmət göstərir...

  Mahir Həmzəyevin ən dəyərli, deyərdim ki, əvəzsiz ədəbi tədqiqatı "Kitabi-Dədə Qorqud” Baltik xalqlarının dilində” (Bakı, “Mütərcim” 2017) monoqrafiyasıdır. Kitabın elmi redaktoru və ön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Bu monoqrafiya Azərbaycan və Baltik ölkələri ədəbiyyatşünaslığında bu mövzuya həsr edilmiş ilk tədqiqat işidir. Kitaba "Kitabi-Dədə Qorqud” eposunun Litva, latış və eston dillərinə tərcümələri ilə əlaqədar müəllifin apardığı ədəbiyyatşünaslıq və linqvistik araşdırmalarının orijinal nəticələri, bu eposun öyrənilməsinə dair Estoniya və Latviya müəlliflərinin ən mühüm mədəniyyətşünaslıq işlərinin təhlili və qiymətləndirilməsi, habelə adı çəkilən tərcümələrlə əlaqədar Baltik ölkələri ədəbiyyatşünaslarının rəylərinin analitik icmalı daxil edilib.

 
Qeyd eək ki, Azərbaycan xalqının etnik və mədəni irsinin qədim abidəsi olan "Kitabi-Dədə Qorqud” eposunun Baltik xalqlarının dillərində nəşr edilməsi çoxəsrlik Azərbaycan-Baltika mədəni əlaqələri tarixində parlaq beynəlxalq ədəbi-mədəni hadisədir. Monoqrafiyada göstərilən tərcümələr və araşdırmalar, Baltik xalqlarının akademik dairələrinin nümayəndələri tərəfindən bu eposun öyrənilməsi, onun eston, latış və Litva dillərində nəşrləri, habelə bu epos haqqında Baltik ölkələrində nəşr edilmiş əsərlər, heç şübhəsiz, "Kitabi-Dədə Qorqud”un dünya xalqlarının mənəvi dəyərləri xəzinəsinə daxil olmasını əks etdirən zəngin elmi salnamənin orijinal və qiymətli faktıdır.

 
Akademik İsa Həbibbəylinin bu kitaba ön söz kimi yazdığı "Qorqud müdrikliyi və müasirlik” adlı məqaləsində qeyd edilir ki, “Dədə Qorqud” dastanlarının Baltikyanı respublikalardakı “həyatı” haqqında çox az məlumatlara malik idik. Azərbaycan diaspor hərəkatının tanınmış nümayəndəsi, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyevin “Kitabi-Dədə Qorqud” dastanları Baltik xalqlarının  dillərində” adlı tədqiqat əsəri mövcud boşluğu aradan  qaldıran, bu istiqamətdə geniş elmi bilikləri Azərbaycan cəmiyyətinə çatdıran qiymətli elmi-tədqiqatdır. Bu araşdırmalarda Mahir Həmzəyev böyük zəhməti, məsuliyyətli işi və yüksək  professionallığı ilə əsl vətəndaş-ziyalı səviyyəsində çıxış edir. Onun axtarışları sayəsində “Kitabi-Dədə Qorqud”un Baltik həyatı ilə bağlı nə varsa, bütün təfərrüatları və detalları ilə geniş ictimaiyyətə çatdırılır. Bunlar Azərbaycan Qorqudşünaslığının qiymətli Baltik səhifələridir. Mahir Həmzəyev Azərbaycan Qorqudşünaslıq elminin layiqli Baltik  təmsilçisidir. Onun tədqiqatlarının işığında “Dədə Qorqud”un  Baltik “səyahəti”nin böyük və sanballı salnaməsi yaradılır. ... Mahir Həmzəyevin “Kitabi-Dədə Qorqud” dastanları Baltik xalqlarının dillərində” kitabı Qorqudşünaslıq elminə sanballı töhfədir. Bu, Azərbaycan Qorqudşünaslığına layiqli Baltik ərməğanıdır.”

  Hər bir xalqın tarixində elə şəxsiyyətlər olur ki, onlar nəinki yaşadığı zəmanəsinin,

 həm də özündən əvvəl yaşamış və sonra gələcək nəsillərin birlikdə görə biləcəyindən daha böyük, daha möhtəşəm, daha cahanşümul işlər görür. Belə şəxsiyyətlər haqqında deyirlər ki, o, bir əsr üçün deyil, bütün zamanlar üçündür. Təkcə elə bu “Dədə Qorqud” tədqiqatına görə Mahir Həmzəyev də belə şəxsiyyətlər qatarının müsafirlərindəndir...

 
Cəmiyyətin gerçək inkişafı, mənəvi saflığı, özgürlüyü o cəmiyyətdə yaşayan ziyalı nəslin, ağsaqqal və ağbirçəklərin hamıya nümunə ola biləcək davranışından çox asılıdır.  Bu da akademik İsa Həbibbəylinin sözləridir: “Mahir Həmzəyevin Litvada apardığı çoxcəhətli iş və yaradıcılıq fəaliyyəti təkcə XXI əsrin diaspor nümayəndəsi üçün yox, ümumiyyətlə ziyalı üçün örnək sayılmağa layiqdir.”

  Mahirin yaradıcılığında fikir və ruh yüksəkliyi, millətin və dövlətin gələcəyini düşnərək fəaliyyət göstərmək, onu tanımayanlara tanıtnaq, xalqları qovuşdurmaq nöqtələri axtarmaq və tapmaq cəhdi, sözünün və fikrinin ictimai məsuliyyətini bilmək, sözün və fikrin mənəvi gücündən istifadə etmək bacarığı üstünlük təşkil edir...

 
Mahir Həmzəyev müasir məqamda yaxşı bilir ki, biz dünyanın Azərbaycandan daha çox tanıdığı, geniş miqyasda dəstəklənən, dini mənsubiyyətini hər yerdə həyasızlıqla haqqın, ədalətin başına çıxaran, bundan əlavə, həm də çalışqan, hiyləgərlikdə zirək, gözə girməyi bacaran, murdar və riyakar bir düşmənlə üz-üzəyik və bu düşmənin Pribaltika yaxasındakı riyakarlıqlarına qarşı o, əzmlə, fədakarlıqla, faktın təkzibedilməz məntiqi ilə mübarizə aparır və bu mübarizədə ictimai xadim nüfuzu qazanır.

  
Mahirin Həmzəyevin Pribaltikada mübarizə apardığı başqa bir cəbhə kor-koranə Avropa heyranlığıdır. Qarışıq dünyanın sabitlik adalarından olan, insanlığın, ədalətin, demokratiyanın gələcəyinə ümidlərimizi artıran Avropadan öyrənməyə üstünlük verir, ona heyranlıqla, hətta qul itaətkarlığı ilə vurğunluğu, kopiravit edərək yamsılmağa, milli-mənəvi dəyərləri unudaraq şəxsi xeyirlərinə, maddi çıxarlarına uyaraq təzim etmək səviyyəsinə yenənlərə qarşı çıxır.

  Mahir Həmzəyev öz yaradıcılıq imkanlarından maksimum istifadə yolu ilə ortaq mədəniyyət mühiti yaratmağa çalışır – Pribaltika və Azərbaycan ortaq mədəniyyət mühiti!! O yaxşı bilir ki, siyasi iddialar, qazanc ehtirasları , digər hərisliklər - insanlığın böyük dəyərlərini parçalamağa yönələnlər ədəbi, mənəvi əlaqələr siferasına həmişə zərər gətiriblər.

 
Mahir məsafəcə uzaq olan xalqlar arasında mənəvi, mədəni, ədəbi, tarixi bağlar axtarır, tapır, vəcdlə təbliğ edir və bütün bunları  insanlığın otraq sərvəti kimi qəbul edir. Mahir düzgün dərk edir ki, biz hamımız ortaq ümumdünya mədəniyyətinin yetirmələriyik və bu mədəniyyətlər arasında sarsılmaz körpü yaratmaq bəşəri mədəniyyətə xidmətdir.

 
Mahir Həmzəyev Litva-Azərbaycan əlaqələri siferaında mühüm və lazımlı ictimai işlər də aparır. O, Litva Kitabsevənlər cəmiyyəti Vilnüs şəhər təşkilatının məsul katibidir. Mahir həmçinin Azərbaycan Respublikasının Litvadakı Səlahiyyətli nümayəndəsidir. Vilnüsdə Litva azərbaycanlıları cəmiyyətinin sədri, Litva Hökuməti yanında Milli İcmalar Şurasıın sədri (2009) kimi fəaliyyəti də və bu fəliyyətin qədrbilənliklə qiymətləndirilməsi də təqdirəlayiqdir.

 
2018-ci il martın 8-də Litvada, Vilnüs şəhərində Mahir Həmzəyevin 60 illik yubileyi ədəbi, siyasi, ictimayi elitanın iştirakı ilə  təntənəli şəkildə qeyd edilibdir. Mahir Həmzəyev yubileyi ilə əlaqədar Litva Seyminə dəvət edilib. Yubilyara spiker Viktoras Prantsketisin adından təbrik məktubu və dövlət bayrağı təqdim edilib.

Seymin spikeri təbrik məktubunda qeyd edib ki, Litva müstəqilliyini əldə etdiyi dövrdən başlayaraq M.Həmzəyev səmərəli fəaliyyəti ilə ölkənin ictimai həyatına mühüm töhfə verir. Spiker bu fəaliyyətinə və əsl vətəndaşlıq mövqeyinə görə soydaşımıza təşəkkürünü bildirib: “Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Milli İcmalar Şurasının üzvü Mahir Həmzəyev çoxillik səmərəli ictimai fəaliyyətinə görə Litva Milli icmalarının mədəniyyətlərarası dialoqunun genişləndirilməsinə və vətəndaşlıq şüurunun artırılmasına, Litva-Azərbaycan ədəbi, mədəni və tarixi əlaqələrinin inkişaf etdirilməsinə verdiyi mühüm töhfələrə görə” mükafatlandırılır.

  Sabiq vitse-spiker İrena Dequtiene də yubilyara təbriklərini göndərib. Təbrikdə deyilir: “M.Həmzəyev Litvanın Cənubi Qafqaz ölkələri ilə 1918-1922-ci illərdə dövlətlərarası münasibətləri üzrə istedadlı tədqiqatçıdır. Ölkə ictimaiyyətinin nümayəndələri bunu layiqincə qiymətləndirir və müasir dövrdə Litva-Azərbaycan əlaqələrinin möhkəmlənməsində yaradıcı fəaliyyətinə görə ona minnətdarlıq edirlər.”

  
Yeri gəlmişkən, elə buradaca Mahir Həmizəyevin olduqca geniş, əhatəli və səmərəli  fəaliyyəti haqqında qısaca məlumat verək. Mahir Həmzəyev  1958-ci ildə martın 8- də Quba rayonunda anadan olmuşdur. Orta təhsil almış, 1983-cu ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin qiyabi şöbəsini bitirmişdir. 1984-1989-cu illərdə Mahir Həmzəyev Litva Yazıçılar İttifaqı və Azərbaycan Dövlət Universitetinin zəmanətilə Vilnus Universitetinin Litva filologiyası şöbəsində litvaşünaslıq ixtisası üzrə aspiranturada təhsil almışdır. Həmyerlimiz 1985-ci ildə Vilnus Kitabsevərlər Cəmiyyətinin məsul katibi seçilmiş və 1994-cu ildən bu günədək həmin cəmiyyətin sədridir. Litvda olduğu ilk illərdən Mahir Həmzəyev diaspor sahəsində də fəaliyyətə üstünlük vermiş və o, 1988-ci ildə Litva Azərbaycanlıları Cəmiyyətinin yaradıcılarından olmuşdur.  Mahir Həmzəyev həmin ildən indiyədək Litva Azərbaycanlıları Cəmiyyətinin sədridir. Mahir Həmzəyev 1992-1995-ci illərdə Azərbaycan Respublikasının Litvada səlahiyyətli numayəndəsi olub. Mahir Həmzəyev 1991-ci ildən 2002-ci ilə kimi dəfələrlə Litva hökumətinin yanında Milli Azlıqlar və Mühacirət Departamentinin Milli İcmalar Şurasına üzv seçilib. Hazırda Mahir Həmzəyev  Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. O, eyni zamanda 2006-cı ilin yanvar ayında Riqada təsis olunmuş Baltik Azərbaycanlıları Konqresinin yaradıcılarından biri və həmsədridir. 2006-2007-ci illərdə Vilnusdə Litva-Azərbaycan Assosiasiyasını, "Vilnus dairəsi azərbaycanlıları" və "Vilnus azərbaycanlıları" ictimai-mədəni təşkilatlarını yaratmışdır. 2007-ci il mart ayının 10-da Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti seçilmişdir. Mahir Həmzəyev 2008-ci ilin oktyabr ayının 12-də Litva Respublikası Liberallarının Sayudis Partiyasının xətti ilə Litva Respublikası parlament seçkilərində iştirak etmişdir. 2009-cu ildə isə Litva Respublikası Hökuməti yanında Milli Azlıqlar və Emiqrasiya Departamentinin xətti ilə keçirilmiş seçkilərdə üç il müddətinə Litva Milli İcmalar Şurasının sədri seçilmişdir. Litva Respublikasının baş naziri Andryus Kubilyusun 2009-cu il 17 noyabr tarixli 511 nömrəli sərəncamı ilə Mahir Həmzəyev Litva Respublikası baş nazirinin yanında Litva Milli Azlıqlarının Məsələləri üzrə Koordinasiya Komissiyasına üzv seçilmişdir. 2010-cu il, avqust ayının 4-dən o,  Seymin İqtisadiyyat Komitəsi Sədrinin müşaviridir.

 
2002-2011-ci illərdə Litva Respublikası Seyminin sədri, Litva Respublikası baş naziri, Litva Respublikası mədəniyyət naziri və həmçinin Litvanın digər dövlət və hökumət qurumlarının rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmanlara və yazılı təşəkkurlərə layiq görülmüşdür. Litva Respublikasının baş naziri Andryus Kubilyusun 2009-cu il 18 dekabr tarixli qərarı ilə xüsusi təşəkkur elan edilmiş və Litva adının 1000 illiyinə həsr olunmuş "Fəxri ulduz" hökumət nişanı ilə təltif olunmuşdur. Mahir Həmzəyev 19 noyabr 2004-cü ildə Litva Respublikası Hökuməti yanında Milli Azlıqlar və Emiqrasiya Departamentinin "Xidmətlərə görə" gümüş medalı ilə mükafatlandırılmışdır.

  
2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Mahir Həmzəyev dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə, həmçinin Litva Respublikasının prezidenti Valdas Adamkusun 2006-cı il 7 iyun tarixli 648 nömrəli fərmanı ilə "Litva qarşısında xidmətlərinə görə" dövlət medalı ilə təltif olunmuş, 2011-ci il iyulun 4-də isə jurnalistika sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə gorə Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür. 

 
Həmçinin, Mahir Həmzəyev Ümumdünya Litva Ensiklopediyası Redaksiya Kollegiyasının üzvüdür (2002). Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəxri üzvü (2006) və Litva Ədəbi Tərcüməçilər İttifaqının həqiqi üzvüdür (2016). AYB-nin "Ədəbiyyat qəzeti" redaksiya şurasının üzvüdür (2014). Litva Respublikası "Bədii sənət yaradıcısı və Yaradıcı təşkilatların statusu haqqında Qanun"a uyğun olaraq, 2016-cı ilin may ayında Litva Respublikası Mədəniyyət nazirinin Qərarı ilə “Litvanın Bədii Sənət Yaradıcısı” statusuna layiq görülüb.

 
Mahir Həmzəyevin tərcüməçilik – mütərcimlik fəaliyyəti də özəl qiymətə malikdir. Azərbaycan ədəbiyyatının ən müxtəlif cağlarına və nəsillərinə məxsus yazarların seçmə əsərlərinin Litva dilinə tərcüməsi və Avropa yaxasında tanınması ədəbiyyatımıza böyük və əvəzsiz xidmətdir. Onu bu qəbildən 40-dan çox ədəbi materialı mövcuddur. Təkcə dahi Nizmi Gəncəvinin lirikasında  qəzəllərinin, qəsidələrinin, rübailərinin və “Leyli və Məcnun” poemasının Litva dilinə çevrilməsi faktı öz əlahiddəliyi ilə əvəzsizdir... Həmçinin Mirzə Cəlilin, Abdulla Şaiqin, Bəxtiyar Vahabzadənin, Gülhüseyn Hüseynoğlunun, Məmməd Namazın, Eldar Nəsiblinin, Rəşad Məcidin, Vahid Qazinin, Elçin Hüseynbəylinin, Pərvinin və s. ədiblərimizin  əsərlərinin litvaca bədii tərcümələri və nəşri bu qəbildəndir...

  
Azərbaycan xalq mahnılarını  ilk dəfə  olaraq Mahir Həmzəyev dərin lirizmi ilə birlikdə Litva dilində səsləndirməsi də, bu sahədəki maraqlı və qiymətli faktlardandır...


Belə ki, Mahirin Litva dilinən azərbaycancaya çevirmələri də olduqca dəyərlidir və onun bu qisimdən 60-a yaxın tərcüməsi vardır. Bunlardan “Litva xalq nağılları” (1983), Antanas Stanyaviçyusun,  Alfonsas Maldonisin, Alfonsas Bukontasın poeziyasından nümunələr, Vintsas Krevenin hekayələri və s. bu sıradan müxtəlif və tanınmış litvalı müəlliflərin yaradıcılığından tərcümə etdiyi  çoxlu ədəbi, bədii, publisistik məqalə və oçerklər Litva-Azərbaycan ədəbi əlaqələrinin möhkəm dayaqlarındandır...

 
“Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX - XXI əsrlər)” müxtəsər xronoloji ensiklopediyasından (Bakı, Elm, 2002-ci il) Litva dilinə silsilə tərcümələr, Akademik Ramiz Mehdiyevin „Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri“ adlı tarixi-siyasi oçerkinin silsilə şəklində tərcüməsi müasir publisistikamızın qiymətli tərcümə faktlarındandır.

 
Apardığımız incələmələrdən məlum oldu ki, Mahir Həmzəyevin yaradıcılığının mühüm və böyük bir qismi (122-dən çox) Azərbaycan mətbuatında nəşr olunmuş və ən müxtəlif mətbuat orqanlarında və nəşriyyatlarında yayımlanmışdır ki, bunlardan bəzi nümunələri yuxarıda xatlrlatmışıq... Bunlardan - „İlk addım“. (Səməd Vurğunun 1980-ci ildə Vilnüsdə „Vaga“ nəşriyyatı tərəfindən litvaca çapdan buraxılmış „Şərqin qapısı“ adlı şerlər toplusu barədə ədəbi resenziya (1980), „Kitabi- Dədə Qorqud Litva dilində“. (1978-ci ildə Vilnüsdə „Vaga“ nəşriyyatı tərəfindən litvaca nəşr edilmiş „Kitabi-Dədə Qorqud“ dastanlarının tərcüməsi barədə ədəbi resenziya (1984), Litvanın xalq şairi Alfonsas Maldonis barədə məqalə (1985), „Böyük şairə ehtiramla“ (Xalq şairi Səməd Vurğunun Litva ədəbiyyatı ilə əlaqələri və əsərlərinin Litva dilinə tərcümə edilməsi barədə, həmçinin litvalı rəssam və kiçik qrafika ustası Alfonsas Çepauskasın S. Vurğunun 80 illik yubileyi münasibətilə böyük sənətkara həsr edib yaratdığı ekslibrislər haqqında məqalə (1986), “Azərbaycan - Litva əlaqələri dərin tarixi köklərə əsaslanır”. 1909-1920-ci illərdə Azərbaycan - Litva ictimai-siyasi əlaqələri və 1918-1920-ci illərdə müstəqil Litva - Azərbaycan dövlətlərarası münasibətləri barədə elmi-publisistik məqalə (2001), „Litva ədəbiyyatı“ (XX əsrin 1-ci rübündə Litva – Azərbaycan ədəbi və mədəni əlaqələri barədə məqalə (2006), “Azərbaycanın böyük və səmimi dostu” 1-2-3-4 məqalə, məqalə, (Litva ədəbiyyatının klassiki Vintsas Kreve Mitskəviçyusun 125 illik yubileyi ilə əlaqədar Litva – Azərbaycan ədəbi, mədəni, ictimai-siyasi və diplomatik əlaqələri barədə sənədli oçerk (2007), “28 aprel 1920-ci il çevrilişinin iç üzünü açan keçmiş Litva konsulunun nadir əsəri Litva, Azərbaycan və rus dillərində yayımlanır”.Litva ədəbiyyatının klassiki Vintsas Krevenin Azərbaycan xalqının faciəsi haqqında 1920-ci ildə yazdığı “Bolşeviklər” adlı sənədli siyasi oçerkin Aprel çevrilişinin 90-cı ildönümü ilə əlaqədar olaraq litvacadan Azərbaycan və rus dillərinə tərcümə olunub Litva KİV-ri ilə yayımlanması barədə məqalə (2010), „Litva - Azərbaycan əlaqələri tarixindən qoparılmış səhifələr“ (Litva-Azərbaycan əlaqələrinin tarixi kökləri, XX əsrin 1-ci rübündə Bakı və Tbilisi litvalıları cəmiyyətlərinin fəaliyyəti, 1918-ci ildə müstəqil Litva - Qafqaz respublikaları arasında rəsmi əlaqələrin təşəkkül tapması işində bu təşkilatların rolu, Həmçinin, 1918-1922-ci illərdə Litva - Azərbaycan dövlətlərarsı münasibətləri və müstəqilliyin tanınması yolunda bu ölkələrin 1919-1920-ci illərdə Paris Sülh konfransında birgə atdığı addımlar, ərazi bütövlüyünün qorunması və Qarabağ problemi, eləcə də digər məsələlər haqqında 5-hissdən ibarət tarixi-politoloji oçerk (2012), “Vilnüs-Bakı: mədəniyyət körpüləri” (26 oktyabr 2012-ci ildə Litva Azərbaycanlıları cəmiyyəti və Litva Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Vilnüsdə keçirilmiş beynəlxalq elmi konfransın materialları əsasında hazırlanmış kulturoloji tədqiqat məqalə (2012), “Dağlıq Qarabağ həqiqətləri Litva mətbuatında” (2013),   „Müasir Litva novellasından nümunələr“ (Litva yazıçısı Danielyus Muşinskasın həyat və yaradıcılığı, novellalarının üslubi və bədii xüsusiyyətləri barədə ədəbi məqalə (2013), „Litva ədəbiyyatında lirik nəsrin və Avropa novella formasının banisi“. XIX əsrin sonu XX əsrin əvvəlləri Litva ədəbiyyatının klassiki, Litva milli ədəbiyyatında lirik-psixoloji üslubun - lirik nəsrin banisi, Litva nəsrinin qısa janrının təhkiyə üsullarını ilk dəfə Avropa novellası formasına salmış məşhur nasir Yonas Bilyunasın (1879 – 1907) həyat və yaradıcılığı, novellalarının üslubi və bədii xüsusiyyətləri barədə ədəbu məqalə (2015),„Baltik ölkələrində Azərbaycan mədəni irsini yayma yolları“. 8 hissə, Ədəbi-tarixi, elmi-publisistik və kulturoloji arşdırma (2016). „Kitabi-Dədə Qorqud“ Baltik xalqlarının dillərində“ (4 məqalə) Ədəbi-tənqidi, elmi-publisistik və kulturoloji araşdırma (2016) və s. onlarl əsərlər olduqca mühüm problemlərə həsr edilmişdir.

 
Bunlarla yanaşı, mahir Həmzəyevin 50-yə qədər məqaləsi rus dilində və xeyli Azərbaycan və Litva dillərindən rus dilinə çevirmələri də oxuculara məlumdur... 

 
Onun, polyak dilində oln və Polşada nəşr edilən xeyli məqaləsi də mövcuddur və bütün bu faktlar göstərir ki. Mahir Həmzəyev çoxtərəfli – polifon yaradıcılıq imkanlarına malik olan istedadlı bir qələm sahibi kimi olduqca səmərəli və geniş yaradıcılığa malikdir...

 
Ən maraqlı və yaxşı, təqdir ediləsi cəhətlərdən biri budur ki, Mahir Həmzəyevin bu ciddi, olduqca vacib, Azərbaycançılığa xidmət edən iş və yaradıcılıq fəaliyyəti diqqətdən kənar qalmayıb, müxtəlif ictimai, siyasi səviyyələrdə, tanınmış qələm dostları – yazıçılar, tənqidçilər, alimlər tərəfindən qiymətləndirilmiş, yaradıcılığı haqqında, mədəni, ictimai-siyasi fəaliyyəti barədə xeyli məqalə və məlumatlar mövcuddur. Bunlardan Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, Sabir Rüstəmxanlı, Vaqif Arzumanlı, Hacı Hacıyev, Elçin Hüseynbəyli. Şəhla Nağıyeva, Vaqif Yusifli, Rufik İsmayılov, Ülkər Qasımova, Süleyman İsmayılbəyli, Samirə Əliyeva,  Ağahüseyn Şükürov, Mehdi Mükərrəmoğlu, Elnur Eltürk və başqalarının fikir və mülahizələri bu qəbildəndir...

 
Xalq şairi Bəxtiyar Vahabzadə onu hələ çox illər bundan qabaq "Litvada bizim səsimiz olan gözəl bir gənc" adlandırıb (16 iyun 1982-ci il).

  
Mahir Həmzəyevi “həssas və prinsipial insan” adlandıran tanınmış yazıçı Elçin Hüseynbəyli bu fikrində haqlıdır: “Mahir Həmzəyev həm də ona görə dəyərli ziyalı və şəxsiyyətdir ki, onun vətənini sevənlərə xüsusi rəğbəti var.” (01.06.16.) Bu rəğbətin sayəsində Mahir Azərbaycanın ən görkəmli şəxsiyyətlərini Pribaltikda tanıdıb, onlarıa da orada ədəbi dostlar tapıbdır.

 
 Xalq şairi Sabir Rüstəmxanlı isə hesab edir ki, "Mahir Həmzəyev ömrünü Azərbaycan və Litva mədəni-ədəbi əlaqələrinin öyrənilməsinə, dünyanın iki gözəl xalqının daha da yaxınlaşdırılmasına sərf edib"( 24 iyul 1985-ci il).

  Xalq şair Xəlil Rza onu "Turan dünyasının qüdrətli, cəsur, şair ürəkli, alim zəkalı övladı" adlandırıb (15 iyul 1991-ci il).

 
Xalq yazıçısı Anar "Mahir Həmzəyevi mühüm və xeyirli işlərlə məşğul olan ziyalı" kimi dəyərləndirib (16 may 2005-ci il).

 
Litva Prezidenti Valdas Adamkus 2006-cı ilin iyun ayında Azərbaycan Respublikasına ilk rəsmi dövlət səfəri zamanı onun və xanımının şərəfinə Prezident İlham Əliyev tərəfindən verilmiş ziyafətdə etdiyi çıxışında Litva azərbaycanlılarının o dövrdəki fəaliyyətini belə dəyərləndirib:
“...Cənab Prezident! Məmnuniyyətlə qeyd etmək istərdim ki, Dirçəliş Hərəkatının – Litva “Sayudis”inin hələ ilk təşəkkül tapması dövründə, Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyəti yaradılmış və yaradıldığı gündən indiyədək filoloq araşdırmaçı Mahir Həmzəyevin sədrlik etdiyi bu təşkilat, digər milli azlıqlarla bərabər, Litvanın dövlət müstəqilliyinin bərpa olunmasında fəal iştirak etmiş, Litvanın demokratik Avropa dövlətləri ailəsinə qayıtması üçün çox işlər görmüşdür. Dövlətimizə belə loyal münasibət göstərdiklərinə görə biz Sizin soydaşlarınıza - Litvanın azərbaycanlı vətəndaşlarına minnətdarıq”.

 
Mahir Həmzəyevin ictimai-siysi fəaliyyəti də ədəbi faliyyəti qədər əhəmiyyətli və qiymətlidir. Mahir Həmzəyev Azərbaycan, Qarabağ həqiqətlərini təkcə Litvada və Avropada yaymır, həm də Litvada və ölkənin Parlamentində fəaliyyət göstərən erməni diasporunun pozuculuq əməllərinə qarşı qətiyyətlə çıxır, onların Qarabağla bağlı yalanlarını tarixi faktlar, elmi ümumiləşdirmələr və geosiyasi konsepsiyalarla əsaslandırılmış şəkildə darmadağın edir. Bu istiqamətdə də onun onlarca məqaləsi işıq üzü görüb. Ümumiyyətlə,  Mahir Həmzəyev Qarabağ münaqişəsi, Quba soyqırımı və Xocalı qətliamı mövzusunda 100-ə yaxın tarixi, analitik, polemik və siyasi-publisistik məqalələrin müəllifidir.

 
 Dəyərli bir faktı da xatırlamlı olduq. Mahir Həmzəyev fədakar vətəndaşlıq amalı ilə 1990-cı il 20 Yanvar hadisələrindən dərhal sonra Vilnüs mətbəələrinin birində gizli şəraitdə Azər Qasımzadə ilə birgə rus dilində 10 min nüsxədən ibarət  “Агрессия” (“Təcavüz”) adlı sənədli kitabça çap etdirərək Litvada, Latviyada, Estoniyada, Belorusda, Ukraynada, Rusiyada, Polşada və Azərbaycanda yayımlayıb. Bununla bağlı Bakı şəhərinin hərbi komendantı general-leytenant B.K. Smıslovun göstərişi ilə 1990-1991-ci illərdə axtarışda olub (Bax: Bakı, "Kommunist" qəzeti, 14 mart 1990-cı il, № 54 (21122). 

 
Mahir Həmzəyevin tərcümə etdiyi və "Qartal haqqında nəğmə" rəvayəti mənsur şeir formasında yazılmış əsər olaraq, Azadlığa və Müstəqilliyə oxunan möhtəşəm bir Himn kimi səslənir.” Litvanın klassik yazıçısı Vintsas Krevenin (1882-1954.  1919-cu ilin martından 1920-ci ilin iyun ayına kimi Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətindəki ilk konsulu olaraq çalışıb. O, həmin illərdə Bakıda Vikenti İosifoviç Mitskeviç kimi tanınıb. Abdulla Şaiqin yaxın dostu olubdur.)  “Qartal haqqında nəğmə” əfsanəsindəki bir məqam mənə xoş gəldi və elə bildim ki, bu elə Mahirin öz obrazıdır: “...O, hər dəfə qüdrətli dağın dümağ qarlı zirvəsinə qonanda, güclü qanadlarını getdikcə daha tez-tez geniş açıb uzadaraq, çox-çox uzaqlarda qızıl telli günəşin hər səhər oyanıb qalxdığı üfüqlə qovuşan və ucu-bucağı görünməyən mavi səmaların sonsuz ənginliklərini vurğunluqla seyr edirdi.

Və ürəkdən belə arzulayırdı:

- Qanadlarım qocaman qartalların qanadları kimi möhkəmlənəndə və səmalarda yorulmadan  süzməyi öyrənəndə elə yüksəkliklərə qalxacam ki, orada hələ heç bir qartal süzməyibdir. Mən səmaları yara-yara elə ənginliklərə baş vuracam ki, orada hələ indiyədək heç bir qartal cövlan etməyibdir, mən yer üzündən ucsuz-bucaqsız göylərin sonsuz dərinliklərinə aparan yolu tapacam.

- Bax, onda hamı heyrətə düşəcək və biləcək ki, belə bir Qartal var, qartallar Qartalı, o Qartal ki, uçub elə yüksəkliyi fəth etdi ki, oraya indiyədək heç bir qartal qalxa bilməmişdi, - o Qartal ki, yerdən ən yüksək göylərə təzə yol açdı...”

  Kireativ düşüncəli alim, ədəbi əlaqələrin körpüsalanı və bu körpülərin mahir memarı, Litva – Azərbaycan ədəbi və mədəni əlaqələrinin tədqiqatçısı, publisist və tərcüməçi Mahir Həmzəyev - Mahiras Gamzayevas da “Pribaltika – Azərbaycan ədəbi əlaqələr” silsiləsindəki ən yüksək zirvələrə bu qartal kimi təzə yol açdı və bu yolun Qartal yolşusu oldu! Ona uğurlar diləyirəm!!

 

 

Qurban Bayramov, 
tənqidçi-ədəbiyyatşünas, doktor-professor, 
"Fədakar alim" və "Elm fədaisi" diplomantı,           
"Səməd Vurğun mükfatı" laueratı,  
1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü

08.09.2018 – 14.10.2018.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir