Modern.az

Deputatdan Diaspor Komitəsinin çağırışlarına reaksiya – səs VERİN!

Deputatdan Diaspor Komitəsinin çağırışlarına reaksiya – səs VERİN!

15 Oktyabr 2018, 15:38

Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atdığı addımlar intensivləşib.

 

Komitə müxtəlif tədbirləri həyata keçirir, buna paralel olaraq erməni yalanlarına qarşı da mübarizə aparır.

 

Bu yaxınlarda ABŞ-ın Kaliforniya Ştatının Qlendeyl şəhərindəki Merilend prospektinin adının dəyişdirilərək “Arsax” adlandırılmasına dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları etiraz ediblər.

 

Bu baxımdan Diaspor Komitəsinin də rolu böyükdür. Qurum dünyadakı soydaşlarımızla təmasları gücləndirir, onların yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiya proseslərini sürətləndirir.

 

Ona görə də xaricdə yaşayan azərbaycanlıların son zamanlar daha da aktivləşdiyi müşahidə olunur.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Kaliforniyadakı məlum məsələ ilə bağlı  artıq diaspor təşkilatlarının etiraz məktubları yayılmaqdadır.

 

Etirazlarda bildirilir ki, Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistanın işğalçılıq siyasətinə son qoymasına çağırışla bağlı, BMT başda olmaqla, müxtəlif beynəlxalq təşkilatların dəfələrlə qətnamə, bəyanat və s. qəbul etməsinə baxmayaraq, Kaliforniya ştatında belə bir addımın atılması ciddi təəssüf doğurur. 

Özünü demokratiyanın beşiyi adlandıran, BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair 822, 853, 874, 884 saylı qətnamələrin lehinə səs verən, ATƏT-in Minsk qrupunun həmsədri də olan bir ölkədə prospektin Arsaxadlandırılması, ikili standartların nümunəsidir və  Ermənistanın işğalçılıq siyasətinə dəstək cəhdidir.  

 

Bu haqsızlığın bərpası, işğalçıya dəstək cəhdinin qarşısının alınması məqsədilə müvafiq etiraz kampaniyasına başlanılıb və bununla bağlı petisiya hazırlanıb. Bütün soydaşlarımızın etiraz aksiyasına qoşulması, aşağıda göstərilən linkə daxil olaraq, petisiyaya imza atması və Ermənistanın işğalçılıq siyasətinə dəstək cəhdinin qarşısının alınmasında iştirakı zəruridir. (//www.stopprovocation.com/).

 

Komitənin soydaşlarımızı birliyə, bərabərliyə çağırışı təqdirəlayiqdir. Hələ bu, Qarabağ məsələsi ilə bağlıdırsa, o zaman Diaspor Komitəsinin mesajları xüsusi önəm daşıyır.

Modern.az məsələ ilə bağlı Milli Məclisin deputatı Tahir Mirkişilinin mövqeyini öyrənib.

 

Deputat bildirib ki, bu cür faktlara qarşı kütləvi etirazlar bir çox hallarda daha effektli olur:

 

“Belə faktların aradan qaldırılması üçün həmin ölkələrdə sınanmış üsullar var. Məhz belə metodlardan istifadə edərək cəmiyyətin müxtəlif təbəqələrinin, diaspor təşkilatlarının bir məqsədə yönləndirilməsi çox effektiv nəticə əldə etməyə imkan verə bilər. Bu cəhətdən Diaspor Komitəsinin səyləri təqdirəlayiqdir və düşünürəm ki, bu fəaliyyət nəticə əldə etməyə imkan verəcək”.

 

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi