Modern.az

Eldar İbrahimov: “43 deputat kişi kimi referenduma qarşı çıxdı və müstəqilliyə hamıdan qabaq səs verdi”

Eldar İbrahimov: “43 deputat kişi kimi referenduma qarşı çıxdı və müstəqilliyə hamıdan qabaq səs verdi”

Parlament

21 Oktyabr 2011, 16:33


Milli Məclisdə ötən həftə Azərbaycan Respublikasının müstəqiliyinin bərpasının 20 illiyi ilə bağlı keçirilən müzakirələrdə səslənən fikirlər 1991- cildə baş verən hadisələrə aydınlıq gətirmək əvəzinə bir qədər anlaşılmazlıq yaratdı.

Xüsusilə də müstəqilliyimizin müdafiəsilə bağlı o zaman 43 deputatın imzası məsələsi müxtəlif şəkildə yozuldu.

Modern.az məsələyə aydınlıq gətirmək üçün Milli Məclisin komitə rəhbəri, o zaman isə Naxçıvanda yüksək vəzifədə çalışan və keçmiş Ali Sovetin deputatı olmuş Eldar İbrahimovla əlaqə saxlayıb.

Deputat bildirib ki, hələ 1991-ci il mart ayının 7-də Azərbaycan SSR Ali Sovetin sessiyasında SSRİ-nin saxlanması ilə bağlı referenduma getməklə əlaqədar məxsusi məsələ qoyulmuşdu ki, Azərbaycan referenduma getsin və ya yox:

“Bu zaman ulu öndərimiz Heydər Əliyev bildirdi ki, “SSRİ  dağılır, biz heç bir imperiyanın tərkibində qala bilmərik və referenduma da getməməliyik”.

Ulu öndər referendumun əleyhinə çıxdı. Naxçıvanda referendumun keçirilməməsi də onun xidmətləridir.

Ancaq martın 17-də Azərbaycanda referundum keçirildi. O zaman Ali Sovetdə referendumun əleyhinə imza atanlar da oldu. Heydər Əliyev də imza atdı. Ancaq orada səsvermə olmayıb. Deyilənlərə görə 43 deputat referendumun əleyhinə imza atıb.

Bunun sayını dəqiq bilmirəm. Mən o vaxt iclasda iştirak etməmişəm. Naxçıvanda işləyirdim, Naxçıvanda yaşayırdım. Xəbər edəndə Ali Sovetin iclaslarına gəlirdim. Bir daha qeyd etmək istəyirəm ki, o 43 nəfər ancaq və ancaq SSRİ-nin saxlanmasına dair referendumunun əleyhinə imza atıblar, burada səsvermə söhbəti yoxdur. Onu bilirəm ki, müstəqilliyimizi Heydər Əliyevdən çox istəyən yox idi. İndi qalanları kim olub, mən bilmirəm. Şəxsən mənim məsələdən xəbərim olmayıb, nə mənə deyən olub, nə də eşitmişəm”.

E.İbrahimov daha sonra deyib: “1991-ci il 29-30 avqustda ulu öndər Heydər Əliyevlə biz Bakıya Ali Sovetin sessiyasına gəlmişik. Ali Sovetin sessiyasında müstəqillik haqqında bəyannamə qəbul edilməsi ilə əlaqədar olaraq Heydər Əliyev çıxış etdi. O zaman Heydər Əliyev 5-6 istiqamət göstərdi. Yəni müstəqilliyə getmək necə olmalıdır, bəyannamə necə qəbul edilsin və s... Bundan sonra biz ayın 30-da iclas qurtaran kimi təcili Naxçıvana qayıtdıq. Çünki sentyabrın 3-də Naxçıvanda Ali Məclisə sədr seçilməli idi. O baxımdan biz Naxçıvana getdik, sentyabrın 3-də Heydər Əliyev Naxçıvanda Ali Məclisə sədr seçildi və Bakıya heç bir iclasa gəlmədi”-deyə davam edib.

Komitə rəhbəri 1991-ci ilin 18 oktyabrını belə xatlrlayır: “Burada dövlət müstəqilliyinin bərpası ilə əlaqədar Konstitusiya Aktı hazırlanmışdı.

Qərar oxunan kimi, hamı ayağa qalxdı, əl çaldıq və əl çalanda da hər kəs ürəyində bir hiss keçirdi, mən bilmirəm kim nə hiss keçirirdi. Müstəqil Azərbaycan dövlətinin vətəndaşı olurduq, sevincimdən  gözlərim yaşardı, çünki mən bilirdim ki, müstəqillik nədir, xidmət etdiyim, qulluq etdiyim Kommunist Partiyasının Naxçıvan MSSR Partiya Komitəsinin büro üzvi idim.

O zaman deputatların qeydiyyatdan keçmə məsələsi də yox idi. Hamının qalxıb əl çalması səs vermək demək idi. Əgər kimsə istəməsəydi, iclası tərk edib gedərdi”.

Deputat Eldar İbrahimov deyib ki, 1991-ci ilin iyulun 7-də onu Naxçıvanda tutduğu vəzifədən azad ediblər:

“Şəxsi işimə yazılmaqla töhmət də verdilər. Bilirdim ki, Sovet İttifaqının axırı yoxdur. Referenduma qarşı olduğuma görə  mənə töhmət vermişdilər.

1991-ci ilin martın 17-də Naxçıvanda referundum keçirilmədi.

O zaman Bakıdan Naxçıvana Mərkəzi Komitəninin katibi və Nazirlər Sovet sədrinin müavini gəlmişdi. Mən onların adlarını çəkməyə ehtiyac görmürəm. Naxçıvanın  rəhbəri Afiyəddin Cəlilov onları mənə tapşırdı, o zaman mən Naxçıvanda Nazirlər Soveti sədrinin birinci müavini, Muxtar Respublika Partiya Komitəsinin büro üzvi idim. Onlar qonaq  evində qaldılar. Mən onlara dedim ki, burada Heydər Əliyev-bizim ağsaqqalımız nə deyirsə, o da olcaq, referendum keçirilməyəcək. Onlar Afiyəddin Cəlilovla görüşdülər, amma Heydər Əliyevlə görüşməyə cürət etmədilər. Bilirdilər ki, Heydər Əliyev buna razılıq verməz. Onlar 17 martda gördülər ki, camaat referenduma gəlmir, çıxıb getdilər. Ondan sonra aprelin 4-də Afiyəddin Cəlilovu işdən götürdülər, iyulun 7-də isə məni işdən azad etdilər”.

Millət vəkili deyib ki, əsil həqiqət budur:

“Yoxsa kimsə imza etməyib, sonra bizim arxamızca yazdılar ki, guya biz müstəqilliyə səs verməmişik. Kommunist Partiyasının dövründə işləyən adamlar, o cümlədən mənim, Arif Rəhimzadənin, çoxlu-çoxlu adamların adları bu uydurma siyahıya salınmışdı.
18 oktybar 1991-ci ildə zalda kimlər olubsa, onlar hamısı Müstəqillik Aktina səs verib. Səs vermək başqadır, referendum keçirilməsinə etiraz etmək, imza toplamaq başqa. Bunlar ayrı-ayrı məsələdir. Məsələnin həqiqəti bundan ibarətdir. Bunlar mənim keçdiyim həyat yoludur, gözümün qabağında olan məsələdir.

Ancaq 1991-ci ilin martında SSRİ-nin saxlanması ilə bağlı referenduma qarşı çıxan 43 deputatı alqışlayıram, onlara hörmət-ehtiramımı bildirirəm. Onlar kişi kimi referendum keçirilməsinin əleyhinə imza atıblar. Əleyhinə imza atmaq o deməkdir ki, hamıdan qabaq müstəqilliyə səs veriblər. Bu, bir həqiqətdir. Həqiqəti danmaq olmaz. Referendum keçirilməsinin əleyhinə səs vermək elə müstəqilliyə səs vermək demək idi”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir