Modern.az

Əflatun Amaşov: "İlk dəfə türk dünyasından rekord sayda jurnalist Azərbaycana toplaşacaq"

Əflatun Amaşov: "İlk dəfə türk dünyasından rekord sayda jurnalist Azərbaycana toplaşacaq"

Qarabağ

24 Oktyabr 2011, 13:22

«Türkdilli ölkələrin və toplumların II Media Forumuna hazırlıq işləri davam edir. Tədbirə Türkiyədən, Qazaxıstandan, Özbəkistandan, Türkmənistandan, Qırğızıstandan, Rusiyanın türkdilli xaqlar yaşayan Tatarıstan, Başqırdıstan, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Tuva, Saxa respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, eləcə də Avropanın türklərlə bağlı və onların kampakt yaşadığı ölkələrindən media qurumları təmsilçilərinin qatılmaları nəzərdə tutulur. Artıq nümayəndələrin tam əksəriyyətinin forumda iştirakı təsdiqlənib və bununla əlaqədar zəruri prosedur işlər həyata keçirilib. Ümid edirik ki, türk dünyası üçün müstəsna əhəmiyyət daşıyacaq bu toplantının yüksək səviyyədə təşkilini reallaşdıra biləcəyik».
Modern.az saytının məlumatına görə, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov belə açıqlama ilə çıxış edib.

MŞ sədri bildirib ki, Türkdilli ölkələrin və toplumların II Media Forumu rəhbərlik etdiyi qurumun və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq. Toplantıda başlıca titul mövzu «Qloballaşan dünyada türkdilli media faktoru: fərqliliklər və ortaq maraqlar» olacaq. 60-a yaxın xarici qonağın qatılacağı tədbirdə iştirakçıların ümumi sayı 200-dən çoxdur.

Diqqəti forumun iş planına yönəldən Ə.Amaşov həmçinin vurğulayıb ki, ilk dəfə olaraq türk dünyasından rekord sayda media nümayəndəsi bir yerə - Azərbaycana, ölkənin paytaxtı Bakıya toplaşacaq və bu, işimizin xüsusi əlamətdar cəhətlərindəndir. «Forum oktyabrın 28-də «Kempinski Hotel Badamdar» Kompleksində keçiriləcək. Hazırda gündəliyin dəqiqləşdirilməsi istiqamətində işlərimizi yekunlaşdırmaqdayıq. Belə düşünürük ki, toplantıda ilk olaraq türk dünyasında medianın xarakterik xüsusiyyətlərindən bəhs edilsin. İştirakçıların hər biri təmsil olunduğu bölgədə mövcud istiqamətdəki vəziyyətə aydınlıq gətirsin, türkdilli media orqanlarının iş prinsiplərinə, yerli cəmiyyətlərdə oynadığı rola dair tanışlıq xarakterli məlumat səsləndirsin. Növbəti vacib cəhət kimi qlobal informasiya məkanına inteqrasiya proseslərində türkdilli media amilinə diqqət yetirməyi zəruri sayırıq. Hesab edirik ki, bu yöndə birgə əməkdaşlığın gücləndirilməsinə və perspektiv addımların müəyyənləşdirilməsinə ehtiyac var. Son zamanlar sosial jurnalistikanın bütün dünyada rolu artmaqdadır. Çalışacağıq ki, yeni jurnalistikanın türkdilli media birliklərinin konsolidasiyası prosesinə hansı töhfə verə biləcəyi ətrafında da müzakirələr aparılsın. Nəhayət, tədbirdə Türkiyədə yaradılmış Türkdilli ölkələrin və toplumların Media Platformasının qarşıdakı fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılacaq və qurumun planları açıqlanacaq», - deyə o əlavə edib.

Forumun zəngin proqrama malik olduğunu deyən Ə.Amaşov tədbirin eyni zamanda Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə tanışlıq baxımlı detallarla zənginliyinə xüsusi diqqət yetirildiyini bildirib. O, forum üzrə iş planının oktyabrın 27-dən 30-dək olan müddəti əhatə edəcəyini qeyd edib. Qonaqların oktyabrın 26-dan başlayaraq qarşılanacağını diqqətə çatdıran MŞ sədri ayın 27-də onların Azərbaycan Dövlət Filarmoniyasında incəsənət ustalarının konsert proqramına qatılacaqlarını bildirib. «Həmin gün habelə şəhərimizin görməli yerləri ilə tanışlıq xarakterli gəzinti həyata keçiriləcək. Ayın 28-i bütövlüklə Foruma həsr olunacaq. Oktyabrın 29-da qonaqların Qubaya səfərlərinin təşkili planlaşdırılıb. Burada onlar ermənilərin azərbaycanlılara qarşı soyqrımını əks etdirən kütləvi məzarlığa baş çəkəcəklər. Ayın 29-da xaricdən gələn iştirakçılar İctimai Televiziyanın qonağı olacaqlar», - deyə o vurğulayıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü