Modern.az

Qüdrət Həsənquliyev qurultaya hazırlaşır

Qüdrət Həsənquliyev qurultaya hazırlaşır

Təhsil

24 Oktyabr 2011, 14:26

"Bu çətin günlərdə dərdinizə şərik olduğumuzu bəyan edir, zəlzələ nəticəsində xəsarət alanlara Allahdan şəfa diləyir, qardaş türk xalqının hər zaman olduğu kimi bu sınaqdan da üzü ağ, əzm və mətanət nümayiş etdirərək çıxacağına əminliyimizi bildiririk"

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət, təşkilati və cari məsələlər müzakirə olunub.

İdarə Heyətinin diqqət yetirdiyi ilk məsələ qardaş Türkiyə Cümhuriyyətinin Van bölgəsində baş vermiş, böyük dağıntılara və çoxlu sayda insan ölümünə səbəb olan zəlzələ ilə bağlı olub. BAXCP İdarə Heyəti bu dəhşətli faciədən kədərləndiyini bildirib, zəlzələ qurbanlarının doğmalarına, Türkiyə hökumətinə və bütün türk xalqına dərin hüznlə başsağlığı verib: "Bu çətin günlərdə dərdinizə şərik olduğumuzu bəyan edir, zəlzələ nəticəsində xəsarət alanlara Allahdan şəfa diləyir, qardaş türk xalqının hər zaman olduğu kimi bu sınaqdan da üzü ağ, əzm və mətanət nümayiş etdirərək çıxacağına əminliyimizi bildiririk".

Vəhşiliyə sevinmək vəhşilikdir

BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələ Liviyada baş verən son hadisələrlə bağlı olub. BAXCP İdarə Heyəti Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin tutulduqdan sonra müvafiq məhkəmə hökmü olmadan xüsusi amansızlıqla qətlə yetirilməsini, mərhumun cəsədinin təhqir olunmasını və ictimai nümayişə çıxarılmasını bəşəri və insani dəyərlərə zidd olduğunu bildirib, sivil dünyanın prinsiplərilə zidd olan bu hərəkətləri kəskin şəkildə pisləyib: "Bəzi mətbuat orqanlarında Qəddafiyə qarşı həyata keçirilən qeyri-insani davranışların təqdir olunmasından təəssüfləndiyimizi bildiririk. Eyni zamanda qeyd edirik ki, bu vəhşiliyə sevinənlər heç bir vaxt sivil və demokratik bir cəmiyyət uğrunda mübarizə apardıqları barədə mülahizələrində səmimi olduqlarını iddia edə bilməzlər. Müəmmər Qəddafi öz xalqına qarşı törətdiyi cinayətlərə görə şübhəsiz ki, ən ağır cəzaya layiqdir. Lakin bu cəza yalnız məhkəmənin hökmü ilə, sivil qaydada həyata keçirilməli, insanlığa üz qarası gətirməməlidir".

"Neft Fondu haqqında" Qanun müzakirəyə çıxarılsın

BAXCP İdarə Heyətinin müzakirə etdiyi növbəti məsələ xeyli müddətdir ki, Milli Məclisə təqdim olunan "Neft Fondu haqqında" Qanun layihəsilə bağlı olub. BAXCP İdarə Heyəti Milli Məclis rəhbərliyinə müraciət edərək qanun layihəsinin tez bir zamanda müzakirəyə çıxarılmasının və qəbul edilməsinin vacibliyini vurğulayıb: "Neft Fondu haqqında" Qanunun qəbul edilməsi gəlirlərinin əhəmiyyətli hissəsini neft və neft məhsullarından, eləcə də təbii qaz satışından əldə edən Azərbaycan Respublikası üçün mühüm əhəmiyyət kəsb edir". BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycanın enerji resurslarının ixracından əldə olunan gəlirlər ölkəmizə gətirilməli və bu vəsaitlərin bir hissəsi sahibkarlara güzəştli kreditlərin verilməsi üçün Azərbaycan banklarında saxlanılmalı, bir hissəsi isə Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə qeyri-neft sektorunun, xüsusilə də istehsal müəssisələrinin inkişafına sərf edilməlidir". BAXCP İdarə Heyətinin qənaətinə görə, Azərbaycandan kənarda böyük məbləğdə vəsaitlərin saxlanılması ölkənin təhlükəsizliyi üçün ciddi problemlər yarada bilər.

BAXCP qurultaya hazırlaşır

Toplantının sonunda İdarə Heyətində təşkilati məsələlərlə bağlı müzakirələr aparılıb. Bir sıra rayon təşkilatlarının müraciətlərinə baxılıb, BAXCP Ali Məclisinin oktyabrın 29-da keçiriləcək Ali Məclisinin gündəliyi təsdiqlənib.

Qeyd edək ki, Ali Məclisin sessiyasında BAXCP-nin III (IV) Qurultayının çağırılması və Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması ilə bağlı qərarların qəbul edilməsi gözlənilir.

Xatırladaq ki, partiyanın II (III) Qurultayı 2008-ci il iyunun 7-də keçirilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi