Modern.az

Türkiyənin Azərbaycandakı səfirinin xanımı Günay Kılıc: “Həyat yoldaşım çətin bir imtahan verdi”

Türkiyənin Azərbaycandakı səfirinin xanımı Günay Kılıc: “Həyat yoldaşım çətin bir imtahan verdi”

Müsahibə

25 Oktyabr 2011, 15:00

Azərbaycan Jurnalist Qadınlar  Assosiasiyasının tərkibində fəaliyyət göstərən “Qadın jurnalistlər klubu”nun suallarını bu dəfə Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri Hulusi Kılıcın xanımı Günay Kılıc cavablandırıb. Modern.az həmin söhbəti təqdim edir.


- Günay xanım, təklifimizi qəbul etdiyinizə görə sizə təşəkkür edirik.  Xanımlarımız üçün maraqlıdır, özünüzü bir ana və bir həyat yoldaşı kimi necə xarakterizə edə bilərsiz?

- Ailə quranda 22 yaşım var idi.  Ailədən aldığım tərbiyə və dinimizin gərəyi olaraq ailəni daim müqəddəs qəbul etdim. Atam bizə delə deyərdi : “İçəridə nə yaşarsanız yaşayın,  amma kənarda həmişə dik durun. Probleminizi evdə buraxın, gözəllikləri kənara çıxarın”.  Bu nəsihət mənim və üç bacımım evlilik fəlsəfəsi oldu. Ailəmizi  dolayısıyla həyat yoldaşımızı hər zaman ön planda tutduk. Böyüklərimizin ifadəsiylə həyat yoldaşımızı “evimizin dirəyi” qəbul etdik. Amma bununla bərabər öz mənliyimizi və gücümüzü də mühafizə edı bildik. Türk qadınlığının bilincində olduq. 

Mən 23 yaşımda ana oldum. Oğlumu qucağıma alanda  bənzərsiz  sevginin xoşbəxtliyini yaşadım. Eyni zamanda üzərində olan çox böyük məsuliyyəti də hiss etdim. Övladıma verəcəyim hər şeyin vətənə geri dönəcəyini düşündüm. Oğlum iki yaşında olanda Fransaya getdik. Həyat yoldaşım ikinci bir fakültəyə qəbul oldu. Həm işlədi,  həm də təhsil aldı. Bütün ev məsuliyyətinin mənim üzərimdə olduğu çox çətin 4 il keçirdik. Gənc yaşda xarici ölkədə heç bir ailə yardımı almadan tək başına belə bir məsuliyyətlə yükləndim.  Fakültə bitdi, Türkiyəyə döndüyümüzdə həyatımızın rotası dəyişdi. Çünki həyat yoldaşım çətin bir imtahanı verib Xarici İşlər Nazirliyinə  siyasi məmur olaraq işə düzəldi  Verdiyimiz mübarizənin nəticəsini almışdıq. Həyat yoldaşımın uğuru mənə dörd ildə çəkdiyim sıxıntıları  unutdurdu. Oğlumdan 8 il sonra 31 yaşımda sevgili gözəl qızımızı qucağıma aldım. Eyni duyğularla sarıldım ona , amma təbii ki, bu dəfə daha təcrübəli idim. Bir yandan peşəmə davam edərkən digər tərəfdən həyat yoldaşım və uşaqlarım üçün yaşadım. Mən, həyat yoldaşım və uşaqlar təhsili həmişə ön planda tutduk. Təhsildən heç bir vaxt qənaət etmədik. Özümü isə həmişə ikinci plana atdım. Yaxşı ki, elə də eləmişəm. Şükürlər olsun ki, indi hər iki övladımın da həyatları  yolundadır. Öz ayaqları üzərində durmağı bacardılar və cəmiyyətdə hörmətli yerə sahibdirlər. Övladlarımla qürur duyuram, mənə problem yaşatmadılar. Bir ana daha nə istəyər ki? Xoşbəxtliyin ən böyüyü budur.

- Hulusi bəylə bir-birinizi sevərəkmi ailə qurdunuz?

- Bəli. Universitetdə eyni kursda oxuyurduq. İkinci kursdan etibarən dostluğumuz başladı. Universitet bitincə də evl'ndik.

- Tədbirlərdə həmişə diqqətimizi çəkib ki, Hulusi Kılıc şəkil çəkdirməyi çox sevir. Bu sizi qısqandırmır ki...?

- Niyə qısqanım ki? Bizim ailəmiz elə  çürük iplə bağlı deyil. Əgər bir şəkil çəkdirmək, bu ipi qoparmağa yol açacaqsa,  onsuz da gözləmənin bir anlamı yoxdur. Amma şəkil çəkdirmək istəyən şəxs bunu fərqli anlamda başa düşəcəksə, bu da onun əxlaqi səviyyəsi ilə bağlıdır. 

- Türkiyəlilərin belə bir sözü var: “Hər başarılı kişinin arxasında güclü bir qadın var”. Hulusi bəyin arxasında duran qadının bu başarıda payı nə qədərdir?

- Əslində bu söz bütün Türk dünyasına aiddir. İfadələr fərqli olsa da, məna eynidir. Türk qadınının ailədəki  rolunu, gücünü, dayanıqlığını, vəfasını anladan çox köklü sözdür. Bunu xüsusilə vurğulayıram, evlilik çox fərqli bir bərabərlikdir. Heç tanımadığınız ailənin yetişdirdiyi bir insanla həyatınızı paylaşırsınız. Əslində,  bu heç də asan deyil. Bizim tərəflərdə evlilik üçün “kəsilməmiş qarpız” ifadəsini işlədirlər. Diqqətlə seçsəniz də necə çıxacağı bəlli deyil. Amma qurduğumuz ailənin təməlinin, maddi və   mövqeli  maraqlara  dayanıq olmaması çox önəmlidir. Birlikdə verdiyiniz mücadiləylə  zatən mənəvi və maddi hədəflərinizi yaxalaya bilirsiniz. Bir universitetin birinci kursunda tanış olduq. Yəni cibimizin boş olduğu, kredit alıb təhsilimizi davam etdirdiyimiz zamanlar idi. O vaxtdan bəri də bərabərik. Əlbəttə, çox çətin, problemli günlər də yaşadıq. Amma belə günlərdə fədakarlığın böyük qismi deyəsən qadının üzərindədir. Çünki qadın yaradılış etibarı ilə daha sülhsevər, vasitəçi və qüvvətlidir. Evlilikdə kinə yer yoxdur. Həyat yolunda eniş və yoxuşlarda, yaxşı və pis günlərdə , varlqda və yoxluqda eyni insan olaraq qala bilməyi bacarmaq lazımdır. Əlbəttə ki, həyat yoldaşınızın da bu dəyərlərə sahib olduğundan əmin olmaq şərtilə. Onda bütün həyatınızı paylaşdığınız bir insanın arxasındamı, yanındamı, önündəmi, sağındamı, solundamı durmağınızın nə önəmi var ki? Önəmli olan ona verdiyiniz dəyər və dəstəkdir. Gerisi boş sözlərdir,  məncə.

- Günay xanım, çatışan və çatışmayan cəhətinizi qeyd edə bilərsinizmi?

- Cəmiyyət içində danışarkən həyəcanlanıram. Ümumiyyətlə, səbirli bir insanam,  amma olaylar qarşısında bəzən çaxnaşma yaşayıram. Əlbəttə ki, xoş münasibətimin,  səmimiyətimin suistimal edilmədiyi , sərhədlərimin zorlanmadığı müddətdə. Belə olanda zaman- zaman çox sərt reaksiya verə bilirəm. Sonra da üzülürəm və özümü mühakimə edirəm. Kinli olmadığım üçün çox məmnunam. Yorulmadan gün boyu işləyib, ertəsi gün yenə səhərdən işləməyə başlaya bilərəm. Bu günlərcə davam edə bilər. Amma “mütləq buna sahib olmalıyam” kimi bir ehtirasım yoxdur. 

- Artıq bir neçə ildir ki, Azərbaycandasınız. Azərbaycan və türk xanımlarını mədəni,  dil, din və bir sıra xüsusiyyətlər birləşdirir. İlk dəfə Bakıya gələndə bizim xanımlardakı hansı xüsusiyyət sizin təəccübünüzə səbəb oldu?

- Açığı, çox böyük fərq görmədim.

- Azərbaycan və Türkiyədə  bir çox məsələlərdə bənzərlik var. Bəs qadın hüquqları məsələsində hansı ölkədə vəziyyət daha yaxşıdır, yoxsa  bu məsələdə də ortağıq?

- Mən hüquqşünas deyiləm. Dolayısı ilə qanun çərçivəsində bir müqayisə aparmağım imkansızdır. Azərbaycanda da  Türkiyədə olduğu kimi bəzi problemlər var. Bu problemlərin daxilinə varanda xalqın öz yapısını görə bilirsiniz. Siz istədiyiniz qədər qanun yaradın, təəssüf ki, günlük yaşamda insanlar öz ənənələri ilə yaşayır və öz qanunlarını tətbiq edirlər. Bu da böyük problemlər yaradır.

-  Türkiyədə yaradıcı qadınlara öz fəalliyyətlərini genişləndirmək üçün nə cür imkan yaradılır?

Türkiyədə KOBİ dediyimiz Kiçik və Orta Boy İşlətmələri dəstəkləmək və inkişaf etdirmək üçün proqram tətbiq olunur. Hər hansı sahədə öz işini qurmaq istəyən ev qadınları, gənc sahibkarlar, kiçik iş adamları layihələrini hazırlayırlar. Tətbiqi sahibkarlıq təhsilində müvəffəqiyyətli olub,  sənədini alan hər kəs öz layihəsini təqdim edir. Dövlət layihəsi qəbul edilən iş adamına qrant olaraq, yəni geri ödəməsiz sərmayə krediti verir. Bir sözlə, “Projen hər nədirsə mənə göstər, sərmayəni al” deyir. İşini qurub böyüdənlərə bir il sonra sıfır faizlə təkrar  kredit verir. İş adamı öz şəhərində yaxud qəsəbəsində qalaraq işini inkişaf etdirmək imkanı tapır. Beləcə də bu böyük şəhərlərə köçü durdurmaya yardımçı olur. Çünki bir iş yerinin qurulması bir çox insanlara çörək pulu  qazanmaq imkanı verir. İş adamlarına dəstək proqramı çərçivəsində Yeni İş Fikirləri Proje Yarışmaları da gerçəkləşir. Əlbəttə,  bu yaradıcılığa, dolayısıyla da inkişafa imkan verir.

- Müsahibələrinizdən birində bizim yeməkləri xoşladığınızı demisiniz. Neçə ildir Azərbaycandasınız, sevdiyiniz yeməklərdən hansını bişirməyi öyrənmisiniz?

- Düzünü deyim, mən burda yemək bişirmirəm. Amma yemək reseptlərini yığıram. Türkiyədə öz mətbəximlə baş- başa qalanda mütləq o reseptlərdən istifadə edəcəm. Azərbaycan mətbəxindən ən çox sevdiyim göy qutab,  yarpaq dolması  və süfrələrin şahı plovdur.   

- Azərbaycan mətbəxinin ən məşhur yeməyi plov və dolmadır. Bizim dolmaya ermənilər də sahiblənmək iddiasındadırlar. Sizcə, türk mətbəxinin ən məşhur yeməyi hansıdır?

- Bir yemək adı vermək çox çətindir. Bizim mətbəximiz  çox zəngindir. Uzun illər bir yerdə yaşayan insanların bir -birinin mətbəxindən təsirlənməməsi mümkün deyil. Bəzən evində ilk dəfə olduğunuz birindən belə yemək reseptini alırsınız. Osmanlı mətbəxini fikirləşin, 500-600 il birliktə olduğumuz mədəniyyətlərlə yemək alış-verişimiz olub. Amma bir xalq iddia edəndə çox diqqətli olmalıdır. Sual edilə bilər -  həmin iddia etdiyi yemək adı öz dillərində hansısa məna kəsb edirmi? Sarmak –sarılmak, dolmak-doldurmak cümlələrini dəyişdirmədən lügətdə axtarmaq  və mənasını tapmaq yetərlidir. 

- Ümumiyyətlə, hansı yeməyi bişirməkdən xoşlanırsınız?

- Bütün yeməkləri bişirməyi sevirəm. Yetər ki, hazırladığım yeməyi bərabər yeyə biləcəyim birisi olsun. Ailəmdən və ya dostlarımdan biri ilə paylaşmaq bütün yorğunluğumu unutdurur.

- Bəzən deyirlər ki, qadının istirahət etdiyi yerlərdən  biri də mətbəxdir. Siz necə,   mətbəxdə dincəlirsiniz, yoxsa ailənizin zövqünü oxşamaq üçün yalnız ləziz yeməklər bişirməklə kifayətlənirsiniz?

- Tam da mənim ən çox sevdiyim mövzunu açdınız. Düzdür, mətbəx məni çox  sakitləşdirir  Bu mənim ən böyük hobbimdir. Çünki yaradıcılığı sevirəm. Mətbəxdə isə yaradıcılığın sonu yoxdur. Öz damaq dadınızı, yaratdığınız və ya reseptini başqa yerdən tapdığınız hər yeməyə verə bilərsiniz. Bəzən ilk dəfəylə alınmır,  amma vazgeçmirəm,  təkrar-təkrar edirəm. Ta ki,  damaq dadını tutuncayaa qədər...

- “Mənim həyat yoldaşım Çankırılı olduğu halda Antep paxlavası, kabab, lahmacunlarını çox sevir” demisiniz. Antep yeməklərinin çox sevilməsinə səbəb sənayeninin çox yaxşı olması , yoxsa insanlarının çalışqan olmasıdır?

- İkisi də. Səbəb –nəticə münasibətidir bu. Antep İpəkyolu üzərində yerləşən şəhərdir. Yəni tarix boyunca dəyişən mədəniyyətlərə həmişə açıq olub. Yemək mədəniyyəti də buna daxildir. Amma bu da dəqiqdir ki, insanlar çalışqan , yeniliyi öyrənməyə açıq deyillərsə,  hər şey olduğu kimi qalır, dəyişən heç bir şey olmur.  Heç bir əmək sərf etmədən nəyi bacarmaq olar həyatda?  “Mirasım var” deyəcəksiniz,  amma çalışmasanız o da tez qurtarar. Anteplilərin bir sözü var , o bizim yaşam fəlsəfəmizi anladır. “Oğlum ağıllı malı ( mirası) neyləsin, oğlum dəli malı neyləsin”. Yəni ağıllıdırsa özü öz malını düzəldər, mirasa gərək yoxdur. Dəlidirsə malı neyləyəcəyini bilməyəcək, olanı da yeyib qurtaracaq. Tənbəl insanı belə tərif deyər antepli “Arsız (tənbəl) adama söz neyləsin , iylənmiş ətə duz neyləsin” . Qısacası,  çalışqanlıq anteplilərin təməl fəlsəfəsidir. “Kölə kimi çalışıb bəy kimi yeyərik” deyirlər. Bəy kimi yemək üçün də mətbəxin zənginləşməsi lazımdır. Mətbəx və ağız dadı başlı - başına mədəniyyət yığnağıdır. Bu mədəniyyətin zənginləşməsi isə eyni yeməklərdən uzaqlaşıb, yeni dadlar yaratmaqla olur. Yəni inkişaf etmək üçün çalışmaya, istehsal etməyə davam etmək lazımdır. Bu səbəblə də Gaziantep bu gün mətbəxi ilə bərabər , sürətlə istehsal edən çox böyük sənaye şəhəridir.

- Azərbaycan cəmiyyətində nələri bəyənirsiniz və bunun Türkiyədə də olmasını arzulardınızmı?

- Burda uşaqların muqisi təhsilinə çox erkən yaşdan başlamaları çox gözəl şeydir. Türkiyədə də bu var,  amma fərdi səylərlə, ailələrin öz təşəbbüsləri ilə. Türkiyədə də buradakı kimi dövlət musiqi məktəblərinin olmasını istərdim.

- Azərbaycanın hansı bölgələrində olmusunuz və o yerlər haqqında təəssüratlarınız?

- Demək olar ki, bütün bölgələrdə oldum. Xüsusilə ilk iki il hər fürsətdə gəzdik. Türkiyə ilə müqayisə edəndə məsafələr çox qısadır, ona görə həftə sonlarını belə dəyərləndirirdik. Bakıdan uzaqlaşdıqca təbiət daha yaşıl, hava daha təmizdir. Sanki Anadoluda səyahətə çıxmışıq təsiri bağışlayır adama. İnsanların qonaqpərvərliyini, ürəklərindəki Türkiyə sevgisini gördük. Bir sözlə, çox zövqlə dolaşdıq.

- Türk tarixindən hansı qadının adını çəkə bilərsiniz ki, bu günki Türk qadınını onun simvolu kimi görüb qiymətləndirəsiniz?

- Tariximizdə ilklərə imzan atan  bir çox qadın var. Məsələn, ilk türk qadın roman ustası Fatma Aliyə (1862- 1936), ilk əsgəri qadın pilot Sabiha Gökçen (1913- 2001), ilk müsəlman teatr sənətçisi Afifə Jalə (1902- 1941), ilk türk qadın həkimi Safiyə Ali (1891- 1952), qadınları milli mübarizəyə çağıran Halidə Edip (1884- 1964), Nene Hatunlar, şəhid qadınlar, qazi qadınlar və daha neçələri.  Əlbəttə belə qadınlar digər qadınlara yol açdı və bügünki Türk qadınının təməli oldu.

- Bu baxımdan Azərbaycan qadınının rolunu necə görürsünüz?

- Eyni. Keçmişdən bu günə qədər qadınların verdiyi mübarizə hər zaman təqdirə layiqdir. Bu gün də qadın hər alanda söz sahibidir. Məncə, qadını güclü olmayan cəmiyyət çökməyə məhkumdur.

-  Əgər sizə bir filmdə Azərbaycan qadını rolunu oynamağı təklif etsələr,  razılaşardınızmı?

- Məktəb illərimdə həvəskar kimi bir çox tamaşada oynamışam. Həmişə də çox alqış alırdım. Demək ki, rolumu yaxşı oynayırmışam. İndi rolumu evdə oynayıram. Əgər professional aktrisa olsaydım,  Azərbaycan qadını rolunu məmnuniyyətlə qəbul edib, Türksoylu bir qadın olaraq böyük zövqlə oynayardım. Çünki mən Azərbaycan qadını, Türkiyə qadını deyə bir ayrı-seçkilik salmıram.

- Bizim qadınların geyimləri sizə görə mədəni və müasirdimi?

-  Geyim hər qadının, hər öz seçimidir. Geyimi təndiq etmək, məncə çox mənasızdır. Çünki birisi çox  bəzəkli, rəngli geyər, birisi  sadə sevər. Kimisi klassik geyimdə rahat olar, kimisi modern. Kimisi də her şeyi qarışdırıb öz tərzini yaratmağa çalışar. Bu bir seçim məsələsidir. Önəmli olan o geyimin içində olan insanlıqdır. Bir söz var – “İnsanlar xarici gürünüşünə görə qarşılayıb, ağlına görə yola salarlar”. 

-  Günay xanım, dostluğa münasibətinizi bilmək istərdik. Azərbaycanda dostluq etdiyiniz qadınlar varmı?

- “Yalnızlıq Allaha məxsusdur”,  deyirlər. İnsan dostsuz yaşayamaz. Bəzən çox yorucu  günlərdən sonra bir neçə gün dincəlmək istəyirsiniz. Amma bir boşluq hiss edirsiniz və dost axtarırsınız. Azərbaycanda da dostlarım var. O qədər ortaq tərəflərimiz var ki.

- Dostluqda nələrə üstünlük verirsiniz?

- Hər şeydən öncə sədəqət və güvən lazım. Etiketlər dəyişdiyində eyni qala biləcək, dəyişməyəcək bir dostluq. Yəni daimi dostluq, yaxşı günün dostluğu yox.

- Bir sıra layihələrə imza atmısınız və bu, Azərbaycanda çox bəyənilib. Həmin layihələr sizi razı salırmı və nəticə verirmi?

- Bəyənilibsə nə mutlu bana. Bir projeyi gerçəkləşdirdikdən sonra əlbəttə ki, xoşbəxt oluram. Amma yorğunluğum keçdikdən sonra çox götür-qoy edirəm:  “Bir də etsəm nələrə diqqət etməliyəm, nələr əlavə edə və çıxara bilərəm?”

- Boş vaxtlarınızı necə keçirirsiniz?

- Bakıya gəldiyimdən bəri boş vaxt tapmaq həqiqətən çətindir. Bizim evdəki basırıqlığı xəyal edə bilməzsiniz. Şikayətçi deyiləm, çünki qonağı çox sevirəm. Vaxt tapında kitab oxumağa çalışıram. Tez-tez səyahət edirəm. Hər iki –üç ayda bir Türkiyəyə gedirəm. Uşaqlar Türkiyədə deyil, dolasıyı ilə onlara da, xaricdəki dostlarıma da  baş çəkirəm.  

- Azərbaycanın hansı kanalına və proqramına baxırsınız?

- Televizora baxmağa vaxtım olmur.  Vaxt tapan kimi isə hansı kanalda xəbər gedirsə,  ona baxıram

- Bəs hansı musiqilərimizə qulaq asırsınız?

- Daha çox köhnə musiqilərə qulaq asıram. Türküləri sevirəm. Onlar məni çox sakitləşdirir. Bir sözlə, titrədən deyil, ruha toxunan musiqiləri sevirəm.

- Azərbaycan muğam musiqisinin vətəni sayılır. Dinlədiyiniz muğam ustası varmı?

- Adları yadımda saxlaya bilmirəm, amma bir çox sənətçinin ifasında muğamı dinləmişəm. Xüsusilə uşaq muğam xanəndələri mənə çox təsir etdi.

- Yadınızda qalan Azərbaycan tamaşası və aktyorları varmı?

- Məndən ad soruşmayın, unuduram. Bir çox opera və balet tamaşalarına, konsertlərə getmişik. Hamısı çox gözəldir. Yorğun olduğumuz vaxtlarda bizə hər zaman doping oldu.

- Azərbaycanın tanınmış insanlarının toylarında olmusunuzmu?

- Dostlarımızın uşaqlarının toyunda olduq. Türkiyədəki  mərasimlər kimidir. Hətta təsadüfən kənd toyuna da şahid olduq, eyni Anadoludakı toylardır. Biləziklər, hədiyyələr, halaylar eynidir. 

- Azərbaycan ləhcəsində danışmaq necədir? Hansı sözlərimizin mənasını tapmaqda çətinlik çəkirsiniz?

- Çətin deyil. İlk əvvəllər sözlərin anlamından əmin olmaq üçün lüğətə daha çox baxırdım. Amma sonra baxdım ki, Gaziantep şivəsində imiş. Nənəm və babamdan eşitdiyim, amma istifadə etmədiyim üçün unutduğum sözlərdir. Hətta əvvəllər ö sözləri qeyd də edirdim. Qısacası,  mənim üçün danışmaq çətin deyil, amma dili istifadə etmək vərdiş məsələsidir. Bir-  birimizi yaxşı başa düşürük. Önəmli olan bu deyilmi? Sözlərin mənasını tərcümə etmək isə mənim üçün problem deyil. Əslində buna tərcümə etmək deyil, fərqli sözlərlə ifadə etmək demək daha doğru olar. Bu da bir zənginlikdir. 

- Günay xanım, bayaq bir hobbinizi dediniz. Başqa hobbiləriniz varmı?

- Bir də ipək  parça üzərinə boya ilə çəkməyi çox sevirəm. Türk motivlərini əl boyaması ilə ipək parçaya köçürtmək mənə inanılmaz böyük zövq verir. Tapdığım Türk motivlərinin kompozisiyasını özüm quraşdırıram. Bakıya gəldiyimdən bəri isə boyaya əlimi vura bilməmişəm. Çünki bütün ləvazimatlarım Türkiyədədir. Bundan başqa tikməyi də sevirəm.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü