Modern.az

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - III YAZI

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - III YAZI

Ədəbi̇yyat

26 Oktyabr 2018, 14:13

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor

 

Dil mədəniyyətinin rəqabət imkanları Azərbaycan dilini müasir dünyanın mədəniyyət dəyərləri baxımından da zənginləşdirir. Məsələn, xarizma (xüsusi istedad, insanları ələ alabilmə qabiliyyəti, cazibə – fransız sözüdür), impakt-faktor (elmi jurnalın əhəmiyyətini göstərən hesab göstəricisi – ingilis sözüdür), implantasiya (diş əkilməsi – alman sözüdür), innovasiya (yüksək səmərəliliyə malik yeniliyin tətbiqi – latın sözüdür), insident (toqquşma, hadisə – latın sözüdür), instaqram (şəkil və videoyazıları çəkib mübadilə etmək, onlara filt tətbiq edə bilmək və öz servisindən digər şəbəkələrə ötürmə imkanına malik olan sosial şəbəkə – ingilis sözüdür), interaktiv (əks əlaqəsi olan, dialoqa girən; insan və kütləvi informasiya əlaqələri arasında ünsiyyət yaradan – ingilis sözüdür), internet (informasiyanın saxlanılması və ötürülməsi məqsədilə birləşdirilmiş kompüter şəbəkələrinin ümumdünya sistemi – ingilis sözüdür), kampus (universitet və ya məktəb şəhərciyi – ingilis sözüdür), kofe-breyk (elmi və ya biznes-konfransda qida qəbul etmək və qeyri-rəsmi ünsiyyət qurmaq üçün 10-40 dəqiqəlik qısa fasilə – ingilis sözüdür), kombi (isitmə sistemi – ingilis sözüdür), laminat (əsası taxta lifli lövhələrdən ibarət döşəmə örtüyü – ingilis sözüdür) və s. sözlər və bu qəbildən olan digər yüzlərlə sözlər müasir dünyanın məişət, elm, eləcə də digər sahələrlə bağlı dəyərləri ilə Azərbaycan dilini zənginləşdirir.

Dilin lüğət tərkibinə izdivac olunmuş, idxal olunmuş sözlər təkcə dilin lüğət tərkibini zənginləşdirmir, həm də mənbə dilin enerjisini, ruhunu, gücünü və imkanlarını da özü ilə gətirir. Bunların hamısı üst-üstə yığılaraq dilin lüğət tərkibindəki sözlərin məna zənginliyini, bütövlükdə dilin özünün imkanlarını, sözlər və onların mənalarının bolluğunu təsdiq edir. Belə olduğu üçün bədii ədəbiyyat nümunələri təsirli olur, xüsusilə şeir nitq mədəniyyətinin ən kamil forması kimi özünü göstərir. Sevilən ədəbi-bədii nümunələr şair və yazıçının istedadı ilə yanaşı, onun yazdığı dilin imkanları əsasında reallaşır. Məsələn, Cəfər Cabbarlının “Ana” şeiri bir tərəfdən onun istedadını, digər tərəfdən onun Azərbaycan dilinin lüğət tərkibindəki milli sözlərlə yanaşı, ərəb və fars mənşəli sözlərdən çələng hörmək bacarığı ilə bağlıdır. Cəfər Cabbarlı milli sözlərlə yanaşı, ərəb və fars sözlərini hərəkətə gətirməklə dilimizin lüğət tərkibindəki zənginliyi anlada bilmiş (bu, işin bir tərəfi), digər tərəfdən fikrini, hissini, duyğusunu ifadə etmək üçün monotonluğu yaxşı mənada dağıtmış, milli, ərəb və fars sözləri vasitəsilə politonluq yaratmışdır. Nəticədə Cəfər Cabbarlı dilimizin lüğət tərkibində mövcud olan milli, ərəb və fars sözlərinin enerjisi, potensialı, məna incəlikləri əsasında oxucunu özünə ram etmişdir. “Ana” şeirinin gücü dilimizin lüğət tərkibindəki milli, ərəb və fars sözlərinin yerində, məqamında düzgün istifadə olunmasındadır. Əsl sənətkarlıq da bundadır. Deməli, dilimizin lüğət tərkibindəki alınma sözlərin yaratdığı möcüzə kimi “Ana” şeiri ən böyük sənət əsəridir.

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,

Ürək süqut eləməz aldığı mətanətdən.

Ricavü xövfə məkan vermərəm gər alimlər

Min il də vəz edələr dəhşəti-qiyamətdən.

 

Pələnglər tuta dövrüm, çəkinmərəm əsla,

Və ya ki, vəd edələr dövləti-cahani mənə

Ki, bir kəsə baş əyib iczimi bəyan eyləyim,

Əyilmərəm nə ki, yer, versələr səmanı mənə.

 

Yanımda gər dura cəllad əlində şəmşiri,

Ölüm gücilə mənə hökm edə təslim,

Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun

Gücilə xalqa həqiranə eyləyim təzim?

 

Cahanda yox elə bir qüvvə baş əyim ona mən

Fəqət nə güclü, zəif bir vücud var, yahu,

Ki, hazıram yıxılıb xaki-payinə hər gün,

Öpüm ayağını icz ilə – Kimdir o? Nədir o?

 

Ana! Ana!.. O adın qarşısında bir qul tək

Həmişə səcdədə olmaq mənə fəxarətdir;

Onun əliylə bəla bəhrinə yuvarlansam,

Yenə xəyal edərəm bəzmi-istirahətdir.

 

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!

Atıl, cahana sən, ey ildırım, alış, parla!

Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl,

Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!

 

Bunlar mənə əsər eylərmi? Mütləqa yox! Yox!

Fəqət ana! O müqəddəs adın qabağında

O pak bağrına bassın məni, desin lay-lay,

Təbəssüm oynadaraq titrəyən dodağında.

 

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,

Uçar səmalara o aləmi-xəyalətdə.

Yatar, ölər bədənim, nitqdən düşər bir söz:

–      Ana... Ana... Sənə mən rahibəm itaətdə!..

 

Beləliklə, dilin lüğət tərkibində izdivacın, idxalın yaratdığı qeyri-adiliyi Cəfər Cabbarlının “Ana” şeirinin simasında belə ümumiləşdirmək olar:

Birincisi, dilin sinonim zənginliyinin yaranmasında idxal olunmuş sözlər mühüm rol oynayır. Cəfər Cabbarlı da idxal olunmuş belə sözləri “Ana” şeirində ustalıqla istifadə etmişdir. Məsələn, ərəb mənşəli bəşəriyyət (sinonimləri: insanlıq, insanlar), süqut (sinonimləri: düşmə, yıxılma, enmə), mətanət (sinonimləri: dayanıqlı, sabitlik, möhkəmlik//mətinlik), xövf (qorxu, təhlükə), vəz (sinonimləri: nəsihət, öyüd, möizə), həqiranə (sinonimləri: həqircəsinə, alçaqcasına), vücud (sinonimləri: bədən, cəsəd, cisim; şəxs, nəfər, zat, yaradılmış məxluq), səcdə (sinonimləri: üzünü yerə sürtmə; namazda alını möhürə söykəyib, Quranın bəzi yerlərini oxuyarkən alnını ona söykəyib dua oxuma), fəxarət (sinonimləri: öyünmə; iftixar etmə, iftixar, fəxr) və s., fars mənşəli şəmşir (sinonimi: qılınc), xakpay (sinonimləri: ayaq basılan yer; astana, kandar), bəzm (eyş-işrət, kef məclisi//yığıncaq, məclis; söhbət, ixtilat), pak (sinonimləri: təmiz, ləkəsiz, eyibsiz, nöqsansız; saf, xalis, təmiz; müqəddəs, mübarək, əziz), pərvaz (sinonimləri: uçma, uçuş; uçmağa yeni başlayan quş balası) və s. sözlər idxal olunmuş sözlər kimi dilimizin lüğət tərkibini zənginləşdirmişdir. Dilimizə idxal olunmuş sözlərin yaratdığı məna bolluğunu dillərarası əlaqənin nəticəsi kimi təsdiq etmişdir.

İkincisi, ərəb və fars sözlərinin şeirdə işlənməsi monotonluğu aradan qaldırmış, mümkün qədər fikrin ifadə imkanlarına rəngarənglik vermişdir.

Üçüncüsü, ərəb və fars sözlərinin şeirdə işlənməsi dilçilərə, ədəbiyyatşünaslara, mətnşünaslara anladır ki, sözlərin idxal prosesi dilin zənginliyi ilə yanaşı, dilin zövqünü və estetikasını formalaşdırır.

Dördüncüsü, ərəb və fars sözlərinin şeirdə işlənməsi şairin (Cəfər Cabbarlının) ərəb, fars sözlərini məqamında işlətməklə Azərbaycan dilində mədəniyyət xəzinəsi yaratmaq qabiliyyətinə əyani sübutdur. Həm də milli sözlərimizlə yanaşı, ərəb və fars sözlərindən istifadə etməklə üç millət arasında mədəni əlaqənin mərhələ təşkil etməsinə bir işarədir.

 

Ardı var

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi