Modern.az

“Exo”nun kollektivi qəzeti bərpa etmək istəyib, amma...  

“Exo”nun kollektivi qəzeti bərpa etmək istəyib, amma...   

26 Oktyabr 2018, 15:13

Azərbaycanda 17 il fəaliyyət göstərmiş rusdilli “Exo” qəzeti 2018-ci il mayın 26-da bağlanıb. Mərhum baş redaktor Rauf Talışinskinin may ayında vəfat etməsindən sonra qəzetin maliyyə problemləri artdığına görə, bu rusdilli nəşr fəaliyyətini dayandırmalı oldu.

Qəzetin aqibəti haqqında Modern.az-a danışan tanınmış jurnalist, "Ayna - Zerkalo"nun təsisçisi və baş redaktoru, vaxtilə Rauf Talışinski ilə birgə çalışmış Elçin Şıxlı “Exo”nun aqibətinə təəssüflənib.

“Məlum qərar ictimaiyyətə açıqlanandan sonra “Exo” qəzeti fəaliyyətini bərpa etmədi. Hazırda bununla bağlı fikirlər də yoxdur. Rauf Talışinskinin oğlu Teymur Talışinski hazırda “Trend” İnformasiya Agentliyində çalışır. Qəzeti buraxası olsaydı, Teymur buraxardı. Başqa kimsənin buna səlahiyyəti yoxdur”.

Elçin Şıxlı “Exo”nun işçilərinin əksəriyyətinin digər media orqanlarında işlədiyini bildirib:

“Artıq qəzetin əməkdaşları hərə bir mətbuat orqanında çalışır. “Exo” qəzeti tarixə qovuşdu”.

Rauf Talışinskinin qardaşı Aydın Talışinski də “Exo”nun bərpası ilə bağlı fikir olmadığını qeyd edib:

“Biz may ayında Rauf Talışinskinin vəfatından sonra “Exo” qəzetinin işçiləri ilə məsləhətləşdik. Qəzeti saxlamaq mümkün olmadığına görə, bağlandı. Hazırda işçilər ayrı-ayrı müəssisələrdə çalışırlar”.

“Exo”nun keçmiş baş redaktor müavini Nair Əliyev isə qəzetin bəzi işçilərinin ümumiyyətlə jurnalistikadan uzaqlaşdığını söylədi. N.Əliyev də “Exo”nun maliyyə problemləri ucbatından bağlandığını vurğuladı:


“Bağlanandan bir müddət sonra qəzeti bərpa etmək istədik. Amma səlahiyyətimiz olmadığına görə, bu,  baş tutmadı. Bununla yanaşı, başqa ad altında bir qəzet yayımlamaq üçün isə sponsor tapmaq mümkün olmadı. Bu səbəbdən, “Exo”nun işçiləri qəzetdən uzaqlaşdılar”.

Rauf Talışinskinin oğlu Teymur Talışinski isə “Exo” qəzetinin taleyi haqqında suallarımızı cavablandırmaq istəmədiyini bildirdi.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir