Modern.az

“Ən böyük arzum Qarabağı görməkdir” - 81 yaşlı diplomat

“Ən böyük arzum Qarabağı görməkdir” - 81 yaşlı diplomat

Mədəni̇yyət

28 Oktyabr 2018, 15:54

Oktyabrın 27-də  görkəmli diplomat, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırıcısı, Fransanın “Fəxri Legion Kavaleri” Ordenin sahibi Ramiz Abutalıbovun 81 yaşı tamam olub.

 

Modern.az saytı Ramiz Abutalıbovun 81 yaşla bağlı düşüncələrini öyrənməyə çalışıb. Tanınmış diplomat yaşın üstünə yaş gəldikcə  insanın ağırlaşdığını istisna etməyib.

 

“81 yaşı tamam etdim. Ayaq üstəyiksə, şükür etməliyik. Qocalıqdan isə heç qorxmuram. Sadəcə, yaş artdıqca insana bir ağırlıq gəlir. Bunu gizlətmək olmaz”.

 

“50, 60, hətta 70 yaşınızı xatırlayanda o illərin təəssübünü çəkirsizmi" sualına diplomat özünəməxsus formada cavab verib.

 

“Hər dövrün öz gözəlliyi var. Məsələn, 81 yaşımda bir nəticəm var. Bu böyük xoşbəxtlikdir. Demək bu yaşa çatmışam ki, nəticə görmək qismətim olub. Hər yaşın gətirdiyi xoş məqamlar var. Ona görə də həyatdan şikayət etmək olmaz. Əsas problemimiz Qarabağla bağlıdır. Qarabağımızı geri qaytaraq, qalan məsələlər düzələr”.

 

Ramiz Abutalıbov həyatdakı ən böyük arzusundan da söz açıb.

 

“Həyatdan ən böyük gözləntim hər bir azərbaycanlının gözləntisi kimidir. Gərək işğal altındakı torpaqlarımızı geri qaytaraq. Əsas budur. Ümid edirəm ki, Qarabağ geri qayıdacaq. Düzdü, çox istərdim ki, Qarabağın geri qayıtmasını mən də görüm. Ən böyük arzum Qarabağı görməkdir”.

 

Ramiz Abutalıbov 1937-ci il oktyabrın 27-də Ordubadda ziyalı ailədə  anadan olub. 1980-1984-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Xarici Ölkələrlə Əlaqələr şöbəsinin rəisi, Azərbaycan SSR Ali Sovetinin Xarici İşlər üzrə komissiyasının sədri vəzifələrində çalışıb. 1971-1979, eləcə də 1985-1993-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə katibliyinin – YUNESKO-nun əməkdaşı olub. 1993-2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsində işləyib. Beynəlxalq əlaqələr aləmində 1990-ci ildə Böyük Britaniyada nəşr olunmuş "Kim kimdir?" ("Who is Who?") ensiklopediyasında 259 sovet diplomatı arasında yeganə azərbaycanlı olub.

 

Maraq dairəsində Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətləri həmişə xüsusi yer tutub. Bu barədə sənədlərin aşkara çıxarılaraq Azərbaycana qaytarılmasında xidmətləri var.

 

2000-2003-cü illər ərzində "İçərişəhər"in və "Muğam" sənətinin Ümumdünya İrs siyahısına salınması, Əlimərdan bəy Topçubaşovaxatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması və Əkbər ağa Şeyxülislamovun qəbrinin bərpa edilməsi tədbirlərinin əsas təşkilatçılarından biri olub.

 

Dağlıq Qarabağ münaqişəsinə dair 1989-1992-ci illərdə Fransada çap olunmuş dörd kitabın tərtibçisi və müəllifidir.

 

1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində və inkişafında xidmətlərinə görə Fransa prezidenti Jak Şirak tərəfindən bu ölkənin ən yüksək mükafatı olan "Fəxri Legion" ordeni ilə təltif edilib. Onun mükafatları sırasında 2009-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevdən aldığı "Azərbaycan Diplomatiyasının 90 illiyi" medalı və 2010-cu ildə Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev tərəfindən verilmiş "Puşkin" medalı da var.

 

Beynəlxalq Jurnalistlər İttifaqının üzvüdür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır