Modern.az

Vikipediya-dakı SƏHVLƏRƏ kim cavabdehlik daşıyır?

Vikipediya-dakı SƏHVLƏRƏ kim cavabdehlik daşıyır?

Media

30 Oktyabr 2018, 08:24

Vikipediya bilik əldə etmək və verilən məlumatların doğruluğunu yoxlamaq üçün əvəzolunmaz mənbədir. Bu internet resurs vasitəsilə dünyanın dörd bir yanından yerləşdirilən məlumatları asanlıqla əldə etmək olur. Minlərlə könüllü tərəfindən davamlı olaraq yenilənən Vikipediya əsl ensiklopediyadır.

Vikipediya 2001-ci il yanvar ayının 15-də fəaliyyətə başlayıb. Azərbaycan dilində bu veb-saytın bölməsi isə 2002-ci ildə işə düşüb. Hazırda Azərbaycan dilində olan Vikipediya-da 138.755 məqalə var.


2014-cü il mart ayının 25-də Azərbaycanca Vikipediya-da məqalələrin sayı 100 000-i keçib. Beləliklə bu layihə Vikipediya-nın 10 000+ bölməsindən 100 000+ bölməsinə adlayıb.


Dünyada milyonlarla insan bu nəhəng ensiklopediyanı könüllü olaraq yeniləyir və məqalələrin sayını artırır. Öz Vikipediya-larında könüllü olaraq çalışan hər bir xarici vətəndaş yazılmayan məqalələri yaradır, səhvləri düzəldir.


Son illər ölkəmizdə də Vikipediya-çı könüllülərin sayı artıb. Lakin bununla bərabər, Vikipediya-da yaradılan məqalələrdə səhvlər də kifayət qədər çoxdur. Bu internet resursuna nəzarət tətbiq olunmadığına görə, məqalələrdəki səhvlər, subyektiv əksetdirmələr də olduğu kimi qalır.


Sözügedən problem haqqında Modern.az-a danışan AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk bildirib ki, Vikipediya sərbəst və azad resurs olduğu üçün ona dövlətin hansısa müdaxiləsi Vikimedia Fondu tərəfindən bloklanma ilə nəticələnə bilər. O qeyd edib ki, müxtəlif səbəblərdən xarici və daxili nəzarətçilər tərəfindən Çində Vikipediya-ya giriş bir neçə dəfə bloklanıb:


“Bir neçə il əvvəl bu hadisə Türkiyədə də baş verib və bu gün də orada Vikipediya-ya daxil olmaq mümkün deyil. Bu, hər ölkənin öz daxili işi hesab edilə bilər. Ancaq müasir dünyamızda internet resurslarının önəmi getdikcə artır. Vikipediya da bu resurslardan biridir. Məncə, mövqelərimizin güclü olmasını istəyiriksə, Vikipediya-nın sərbəst resurs olmasını nəzərə alaraq, könüllülərin sayını artırmalıyıq. Azərbaycanda olduğu kimi, digər ölkələrdə də bu mexanizm qurulub. Hətta elə ölkələr var ki, orada dövlətin yüksək məmurları məqalələr yaradır və redaktə edirlər. Sistemli fəaliyyət mexanizminin qurulması, yəni mütəxəssislər, tərcüməçilər və Vikipediya-nın texniki bilicilərinin birgə çalışması azərbaycandilli və müxtəlif dilli Vikipediya-larda Azərbaycanla bağlı məlumatların sayının artmasına səbəb olar. Beləliklə, ölkə olaraq informasiya müharibəsində üstünlük əldə etmiş olarıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!