İtkin düşdüyü iddia olunan "Kanal 13.tv" internet televiziyasının əməkdaşı İsmayıl İslamoğlu tapılıb.
Modern.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi bununla bağlı məlumat yayıb.
Bildirilib ki, oktyabrın 26-da Şirvan rayon sakini, Nadirli İsmayıl İslam oğlunun itkin düşməsi ilə bağlı Yasamal RPİ 28-ci Polis Bölməsinə müraciət daxil olub. N.İsmayılın iş yoldaşı Lamiyə Orucova müraciətində vurğulayıb ki, N.İsmayıl oktyabrın 26-da saat 20 radələrində işdən evə getmək adı ilə çıxaraq, ünvana çatmayıb.
Daxil olan müraciət üzrə keçirilən əməliyyat-axtarış tədbirləri ilə itkin düşmə kimi qeydə alınan şəxsin yeri müəyyən edilərək Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilib. Onunla profilaktik söhbət aparılmaqla ərazi üzrə 28-ci Polis Bölməsinə təhvil verilib.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində N.İsmayılın polis tərəfindən tutularaq saxlanılması barədə söylənilən fikirlər həqiqəti əks etdirmir.