Modern.az

Milli Məclisdəki Əhəd Əhmədovun seçildiyi dairədəki Əhəd Əhmədovdan fərqi

Milli Məclisdəki Əhəd Əhmədovun seçildiyi dairədəki Əhəd Əhmədovdan fərqi

9 Dekabr 2009, 12:45

SEÇİCİLƏRİ DEPUTATIN FƏALİYYƏTİNİ NECƏ QİYMƏTLƏNDİRİRLƏR?

"525-ci qəzet» və Modern.az saytının «Deputat vədi» adlı birgə layihə çərçivəsində əməkdaşımız adı bir neçə dəfə qalmaqalda hallandırılan Milli Məclisin üzvü Əhəd Əhmədovun deputat seçildiyi 80 saylı İmişli-Beyləqan Seçki Dairəsində olub. Parlamentin iclaslarında səsi eşidilməyən millət vəkilinin seçildiyi dairədə necə, səsi eşidilirmi? Dairənin ərazisinə daxil olan bəzi yaşayış məntəqələrinə baş çəkən müxbirimiz deputat Əhəd Əhmədovun deputatlığa namizəd olduğu zamanda verdiyi vədlərin nə qədər yerinə yetirildiyini onun seçicilərindən soruşub.

Deputat Əhəd Əhmədovun seçki platformasının əsasını sosial-iqtisadi problemlərin həlli ilə bağlı vədlər təşkil edib. Ə.Əhmədov seçiciləri qarşısında namizəd olduğu dairənin ərazisinə daxil olan kədlərin qaz, su, işıq təzhizatının yaxşılaşdırılması, yollara asfalt örtüyün çəkilməsi, şəhid ailələrinin və müharibə veteranlarının maddi problemlərinin həlli ilə bağlı öhdəliklər götürüb. Seçicilərin arzularını yerinə yetirməyə söz verən namizədin seçki platformasının ana xəttini aşağıdakı şüar təşkil edib: «Arzularınızın gerçəkləşməsinə səs verin!»

 

2005-ci ilin parlament seçkilərində Ə.Əhmədovun namizəd olduğu 80 saylı İmişli-Beyləqan Seçki Dairəsində ciddi rəqabət olub. Ə.Əhmədov zəngin siyasi təcrübəyə malik olmasa da, çətin rəqibləri üzərində qələbə qazanmağı bacarıb. Milli Məclisin deputatlarından birinə və iki sabiq baş prokurora qarşı mübarizə aparan Ə.Əhmədov səsvermədə iştirak edən 16260 seçicidən 4916-sının, yəni seçicilərin 30,22 faizinin səsini alaraq, həmyerlilərini qanunverici orqanda təmsil etmək hüququ qazanıb.

 

Yollar bərbad, su qəhətə çıxıb

 

Yol mədəniyyət sayılsa da, Ə.Əhmədovun deputat seçildiyi 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinə daxil olan kəndlərdə bu problem özünü qabarıq şəkildə göstərir. Nəinki kəndləri bir-birinə bağlayan yollar, hətta təmas xəttinə qədər uzanan magistral yol da bərbad vəziyyətdədir. Əksər seçicilərinin əliaçıq adam kimi xarakterizə etdiyi deputatın bu problemi hansı səbəbdən diqqətdən kənarda saxladığı bizə məlum deyil. Amma onu bilirik ki, Əhəd müəllim bu kələ-kötür yollarla aydı ən azı iki-üç dəfə doğulduğu Şahverdilər kəndinə gedib-gəlir.

 

Yolların bərbad vəziyyətdə olmasından ən çox taksi sürücüləri əziyyət çəkir. Rüfət Əliyev Qaralar kəndində yaşayır. İndiki İqtisad Universitetinin məzunu olan Rüfət Qarabağ müharibəsi veteranıdır. İxtisasına uyğun iş tapa bilmədiyi üçün taksi sürücüsü işləyir. Rüfət deyir ki, bu kələ-kötür yollarla hər gün Bakıya gedib-gəlir. Çəkdiyi əziyyətinin müqabilində qazancı bir o qədər də çox deyil: «İki övladım var. Uşaqları ürəyim istədiyi kimi geyindirib, yedizdirə bilmirəm. Qazancım ancaq bir tikə çörəyə çatır. Əkin-biçinlə məşğul olmağa şərait yoxdur. Camaat əkin sahəsini suvara bilmir. Əhəd müəllimdən o vaxt razı olarıq ki, rayonun su təchizatını yaxşılaşdırsın. Beyləqanın barlı-bəhərli torpaqları beş-altı iş adımının arasında bölüşdürülüb. Necə olur ki, bu adamlar min hektarlarla taxıl əkirlər, amma bizim məhsulumuz susuzluqdan yanır? Deputat gərək əvvəlcə xalqı düşünsün». 

Traktorlarımız ermənilərin səngərlərini işıqlandırır

 

«Kraun-KO» şirkətinin rəhbəri Elman Həsənov bizimlə söhbət zamanı Ə.Əhmədovun taxıl əkininə xüsusi diqət yetirdiyini təsdiqlədi. Direktor dedi ki, rəhbərlik etdiyi şirkət hər il cəbhənin təmas xəttində 50 min hektar taxıl əkir. Onun sözlərinə görə, bu işi «Əhalinin etibarlı ərzaq məhsulları ilə təminatına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirirlər: «Layihənin rəhbəri Milli Məclisin deputatı Əhəd Əhmədovdur. Məqsədimiz ölkə əhalisini keyfiyyətli buğda ilə təmin etməkdir. Toxumluq buğdanı Rusiyadan gətiririk. Hazırda əkin sahəsinə çevirdiyimiz ərazilərin minalardan təmizlənməsində Əhəd müəllim özü yaxından iştirak edib. Gecələr traktorlar işləyəndə ermənilərin səngərinə işıq düşür. Əhəd müəllim çalışır ki, bir qarış torpağımız da istifadəsiz qalmasın. Ən böyük arzumuz əkin sahəsini 100 min hektara çatdırmaqdır».  

E.Həsənov ucsuz-bucaqsız taxıl sahələrinə sahib olmalarının yerli əhali üçün heç bir problem yaratmadığını dedi: «Biz heç kimin suyunu kəsmirik. Əksinə, Əhəd müəllim şəxsi vəsaiti hesabına arezian quyusu qazdırıb. Şirkətimizdə işləyənlərin böyük əksəriyyəti məcburi köçkünlərdir. Deputatımız bu adamlara həm maddi, həm də mənəvi dəstək olur».

 

Qeyd edək ki, təmas xəttindəki əkin sahələri ilə tanış olarkən «Kraun-KO» şirkətində çalışan məcburi köçkünlərlə söhbət etmək imkanımız da oldu. Əslən Şuşa rayonundan olan Şakir Hüseynov dedi ki, Ə.Əhmədov heç vaxt onlarla öz seçiciləri arasında fərq qoymur: «Artıq bir neçə ildi ki, Əhəd müəllimin rəhbərliyi altında işləyirik. Həmişə ondan qayğı görmüşük. Bütün bayramlarda bizə sovqat göndərir. Haramıda Şuşadan üç ailə yaşayır. Əhəd müəllim söz verib ki, bu yay bizə ev tikəcək. Xahiş edirəm, bunu yazın ki, oxuyanda yadına düşsün».

 

 

Hərbi hissəyə hasar çəkdirir İmişli-Beyləqan bölgəsinə səfərimiz çərçivəsində «N» saylı hərbi hissədə də olduq. Hərbi hissə komandiri də deputatdan razılıq etdi. Komandir dedi ki, Ə.Əhmədov tez-tez əsgərlərə baş çəkir, onların problemləri ilə maraqlanır: «Cəbhə bölgəsində yaxın ərazidə yerləşən bir neçə kazarma Əhəd Əhmədovun şəxsi vəsaiti ilə təmir olunaraq, əsgərlərin ixtiyarına verilib. Əhəd müəllim bütün bayramlarda əsgərlərə sovqat göndərir. O, Qurban bayramında müxtəlif hərbi hissələrdə xidmət edən əsgərlər üçün 55 xırdabuynuzlu, 3 iribuynuzlu heyvan kəsdirib. Hazırda Əhəd müəllim hərbi hissənin yerləşdiyi ərazinin ətrafına təxminən 100 metr uzunluğunda hasar çəkdirir».

 

İmişli rayonundakı fin evlərindən ibarət köçkün qəsəbəsinin sakinləri də millət vəkilindən razıdırlar. Əslən Füzuli rayonundan olan Əsli Sadıqova deyir ki, Ə.Əhmədov tez-tez köçkünlərin ziyarətinə gəlir: «Bu ərazidə iki köçkün qəsəbəsi yerləşir. Qəsəbələrin birində 400, digərində isə 300 ailə məskunlaşıb. Nə dərdimiz olsa, çəkinmədən Əhəd müəllimə deyirik. Mən onu 1994-cü ildən tanıyıram. Hələ o vaxt köçkünlərə un gətirmişdi. Düz, 15 ildi ki, bizimlə əlaqəni kəsmir. Sağ olsun, Qurban bayramında burda yaşayan 700 ailənin hər birinə pay göndərdi».

 

Deputat Əliqulular kəndini niyə unudub? 

İmişli rayonunun Əliqulular kəndi də Ə.Əhmədovun deputat seçildiyi 80 saylı Seçki Dairəsinin ərazisinə daxildir. Kəndi rayon mərkəzindən 16 kilometrlik məsafə ayırır. Yollar bərbad olduğu üçün Əliqulular camaatı bu məsafəni təxminən bir saata qət edir. Yəqin bu səbəbdəndir ki, Ə.Əhmədovun yolu Əliqulular kəndinə nadir hallarda düşür. İmişlinin digər kəndlərində olduğu kimi, Əliqulularda da əhalinin ən böyük problemi iş yerlərinin olmamasıdır. Kənd sakini Bəhlul Şiraslanov dedi ki, kənddə dolana bilmədiyi üçün Haramıda imkanlı bir adamın fermasında işləyir. Bəhlul kişi və iki oğlunun aylıq qazancı cəmi 200 manatdır. Buna baxmayaraq, müsahibimiz qoyunlarını otardığı fermerdən narazı deyil: «Elə ailələr var ki, bir aylıq qazancları 100 manatı ötmür».

 

B.Şirinov deyir ki, deputat Ə.Əhmədovu qiyabi tanıyır. Parlament seçkilərindən ötən dörd il ərzində onlar bir dəfə də olsun görüşməyblər: «Mənim Əhəd müəllimdən heç bir umacağım yoxdur. Amma İmişli camaatının bir arzusunu onun nəzərinə çatdırmaq istəyirəm. İmişlidə şəkər zavodu fəaliyyətə başlayandan sonra həyətimizdəki ağaclar qurumağa başlayıb. Mən demirəm ki, zavodu bağlamaq lazımdır. Yox, neçə adam ordan evinə çörək aparır. Amma Əhəd müəllim bir dəfə zavoda gedib, bu məsələni müzakirə etsə, yaxşı olar. Mənim bu işlərdən başım çıxmır. Savadlı adamlar deyirlər ki, rəhbərlik istəsə, zəhərli maddələrin ətrafa yayılmasının qarşısını ala bilər. Camaat yazıqdı, onları da fikirləşmək lazımdır».

 

Seçici deputatdan pul istəyir 

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində olarkən Akif Şirinov adlı bir ağsaqqalla tanış olduq. Akif kişi müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini dedi: «Dolanışığımız çox ağırdır. İki övladım xəstədir. Özüm də yarımcanam. Qolumda qüvvət yoxdur ki, işləyib beş manat qazanım. İki aydır ki, resepti cibimdə gəzdirirəm. Ümidim Əhəd müəllimədir. Onu görsəniz deyin ki, mənə 70 manat göndərsin. Vallah, bu Allaha da xoş gedər, bəndəyə də. Əgər bu azar canımdan çıxsa, ömrümün sonuna kimi ona duaçı olaram».

 

Deputat şəhid ailəsinə ev tikdirib

 

Layihəmizin məramına uyğun olaraq, problemləri daha çox araşdırmağa çalışsaq da, bloknotumuzda Ə.Əhmədovdan razılıq edən seçicilər haqda xeyli qeydlər var. Bu seçicilərdən biri də İmişli rayonu, Bəhrəmtəpə qəsəbə sakini Qızxanım Kərimovadır. Qızxanım ananın oğlu Rövşən Kərimov 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Q.Kərimova deputat Ə.Əhmədovla seçki kampaniyası dövründə tanış olub: «Əhəd müəllim vəkilləri ilə birlikdə qəsəbəmizə görüşə gəlmişdi. Soruşdu ki, kimin nə problemi var? Mən də ayağa qalxıb dedim ki, evim başıma uçur. Əgər imkanın varsa, mənə bir ev tikdir. «Baş üstə» dedi. Düzü, inanmadım. Bu vaxta kimi o qədər vədlər eşitmişdim ki… Nə isə, bir gün küçə qapısı döyüldü. Eşiyə çıxanda gördüm ki, deputat qarşımda dayanıb. Sağ olsun, evimi ürəyim istəyən kimi təmir etdirdi. Hələ üstəlik əlavə iki otaq da tikdirdi».

Q.Kərimova dedi ki, Ə.Əhmədova yenə işi düşüb. Amma nə qədər israr etsək də bu barədə danışmaq istəmədi. Çox üz vurduğumuzu görəndə isə belə dedi: «Əhəd müəllimə deyin ki, vaxtı olanda gəlib qoca nənəyə də baş çəksin. Sözümü onun özünə deyəcəyəm». Biz yazıb, borcumuzdan çıxdıq. Yaşlı seçici ilə görüşüb-görüşməmək isə Ə.Əhmədovun öz işidir…

 

 

 

Araz çayı bu ərazidən keçdiyi halda, Qaralar kəndinin sakinləri əkinlərini suvara bilmədiklərini deyirlər 

 

Atəş xəttinədək uzanan taxıl zəmisi

 

Deputatın şəhid ailəsinə tikdirdiyi ev

 

«Kraun-KO» şirkətinin Rusiyadan aldığı toxumluq buğda

 

Əhəd Əhmədov hərbi hissəyə hasar çəkdirir

Dərmanpulu axtaran seçici kömək diləyir

 

Şəhid anası: "Düzü deputatın mənə ev tikdirəcəyinə inanmırdım, amma sözünün üstündə durdu"

 

Məcburi köçkün qəsəbəsinin sakini Əsli Sadıqova deyir ki, Əhəd Əhmədov onları yaddan çıxarmır

Seymur VERDİZADƏ

Bakı-İmişli-Beyləqan-Bakı

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir