Modern.az

Milli Məclisin eks-sədr müavini, sabiq səfir: “Mən indi də siyasətlə məşğulam” - MÜSAHİBƏ

Milli Məclisin eks-sədr müavini, sabiq səfir: “Mən indi də siyasətlə məşğulam” - MÜSAHİBƏ

5 Noyabr 2018, 09:59

Milli Məclisin keçmiş sədr müavini, Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyev Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:

 

- Yaşar müəllim, 5 ildən çoxdur ki, ictimai-siyasi aləmdən uzaqsınız. Kənardan prosesləri müşahidə edərkən nələri analiz edirsiniz?

- Əslində sualın bu cür qoyluşu ilə razı deyiləm. Çünki mənim həyat bioqrafiyamla tanış olsanız görərsiniz ki, ömrümün heç bir mərhələsi nəinki siyasətdən kənarda olub, hətta bilavasitə proseslərin içində olub. Belə bir həyat yaşadığım üçün deyə bilərəm ki, siyasət həm də mənim taleyimdir və indi də bilavasitə siyasi fəaliyyətlə məşğulam. Deputat və ya diplomat kimi olmasa da, ictimai xadim və fəal vətəndaş kimi ölkəmizdə və dünyada baş verən prosesləri diqqətlə izləyir və faydalı hesab etdiyim düşüncələri ünsiyyətdə olduğum vətəndaşlarımızla bölüşürəm. Ölkəmizdə keçirilən bütün səviyyələrdə - prezident, parlament, bələdiyyə seçkilərində fəal iştirak edirəm və öz səsimi ulu öndər Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı, görkəmli dövlət xadimi, Prezident İlham Əliyevə və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinə verirəm.

- Bu il  Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ilini qeyd etdik. 27 il bundan öncə baş verənləri necə xatırlayırsınız?

- Məlumdur ki, həmin dövrdə hakimiyyətdə olan rəhbərlərin yarıtmaz və antimilli siyasəti nəticəsində Azərbaycan xaos  və anarxiya ilə üzləşmişdi. Tənəzzülün məngənəsində idi. Eyni zamanda, ermənilər Azərbaycan torpaqlarını işğal edirdilər. Belə bir mürəkkəb və çətin şəraitdə yeganə çıxış yolu ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi idi. Belə bir situasiyada əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək, ulu öndərin ölkəni xilas etməsinin zəruriliyini geniş kütlələrə izah etmək, bu istiqamətdə fədakar və mübariz yanaşma ortaya qoymaq tələb olunurdu. Hələ ulu öndər Naxçıvan MR-da olarkən Heydər Əliyevin Hüquqlarının Müdafiəsi Komitəsinin üzvü kimi mən dəfələrlə muxtar respublikaya səfər etmiş, onunla görüşərək xalqımızın sevgi və rəğbətini ifadə etmişdim. O zaman ulu öndərin Azərbaycanda hakimiyyətə gəlməsinin ölkəmizin ən yeni tarixinin taleyüklü dönüş nöqtəsi olacağını qeyd edirdim. Heydər Əliyev və onu dəstəkləyənlərə qarşı təzyiqlərin olduğu bir dönəmdə parlamentdə də ulu öndərin fəal müdafiəçisi kimi çıxış etmişəm və hər zaman bununla qürur duymuşam.



- Siz 10 il deputat kimi fəaliyyət göstərmisiniz. Hətta yeganə şəxssiniz ki, mandatınızı Heydər Əliyevə vermək istəmisiniz. O dövrün ictimai-siyasi prosesləri fonunda həmin hadisəni necə xatırlayırsınız?

- Mən 1992-ci ilin mayın 18-də AXC-Müsavat cütlüyünün hakimiyyəti qəsb etməsi, qeyri-qanuni yolla və parlamentə təzyiq göstərilməsi metodu ilə İsa Qəmbərin Milli Məclisə sədr seçilməsi ilə bağlı çıxış edərək öncə ölkədəki vəziyyətin müzakirə olunaraq müvafiq qiymətləndirilməsini, bundan sonra parlament sədrinin seçilməsini tələb etmiş və parlament sədri postuna ən layiqli namizədin məhz təcrübəli dövlət xadimi, dünya siyasətini dərindən bilən Heydər Əliyev olduğunu vurğulamışam. Parlamentdə ulu öndər Heydər Əliyevə qarşı kampaniya aparılarkən biz ümummilli liderin Milli Məclisdəki azsaylı müdafiəçilərindən idik. Təəssüf ki, o dövrdə parlamentdə təmsil olunan 360 deputatdan, hansı ki, onların böyük əksəriyyəti Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə dövlət və hökumət strukturlarında vəzifəyə, rayon rəhbərliyinə irəli çəkilmişdi, - yalnız bir neçəsi bu təşəbbüsü dəstəklədi.

AXC-Müsavat hakimiyyətinin “parlament çevrilişi” olaraq 360 deputatın səlahiyyətlərinin 50 nəfərdən ibarət deputata verilməsi ilə yaradılmış Milli Şura əslində qətiyyən milli iradəni ifadə etmirdi. Lakin xalqın nəzərində öz legitimliyini tam itirməmək üçün onun sıralarında obyektivliyi və peşəkarlığı cəmiyyətdə şübhə doğurmayan bir sıra ziyalıların, o cümlədən mənim təmsil olunmağıma imkan verilmişdi. Həmin vaxt AXC-Müsavat hakimiyyəti, xüsusilə parlamentin o dövrdəki rəhbərliyi ulu öndər Heydər Əliyevin Milli Şuranın üzvü olmadığı üçün parlamentə sədr seçilməsinin mümkün olmadığı iddiası ilə çıxış edərkən mən Heydər Əliyevin Milli Şuraya seçilməsi üçün öz deputat mandatımdan imtina etməyə hazır olduğumu bildirərək, vətəndaşlıq mövqeyi nümayiş etdirdim. Hesab edirəm ki, bu addım vətənini, millətini düşünən hər bir Azərbaycan ziyalısının etməli olduğu zəruri və müqəddəs hərəkət idi. Çünki elə bir dövr idi ki, şəxsi və korporativ maraqlar naminə bir qrup siyasətbaz ölkəni dağılmaq və məhv olmaq astanasına gətirmişdilər. Düşmən vətən torpaqlarını ardıcıl işğal edir, kriminal ünsürlər bütün rayonlarda meydan sulayır, iqtisadiyyat dağılır, vətəndaşların gələcəyə ümidi tamamilə puça çıxırdı. Vətənin taleyi şübhə altında idi. Belə bir vəziyyətdə mən ulu öndərin sadiq əsgəri olaraq bu addımı atmalı idim və atdım.

- Siz həm də həkim olmusunuz.  Keçmiş Semaşko (indiki Musa Nağıyev - red.)  adına xəstəxanada uzun müddət baş həkim vəzifəsində çalışmısınız. Maraqlıdır, özünüzü hansında rahat görürdünüz - siyasətdə, yoxsa tibbdə?

- Mənim əmək fəaliyyətimin çox mühüm mərhələlərindən biri, yəni təxminən 13 ili Semaşko adına Baki şəhəri 1 nömrəli xəstəxana ilə bağlıdır. 1982-ci ilin dekabr ayına kimi həkim, sonra baş həkimin müavini və 1984-cü ilin mart ayından etibarən isə həmin xəstəxananın baş həkimi olaraq fəaliyyət göstərmişəm. O zaman ölkəmizdə ən böyük tibb müəssisəsinin baş həkimi kimi 2500 nəfərdən artıq personalın təmsil olunduğu böyük bir kollektivə rəhbərlik edərək, bu müddət ərzində səhiyyə sahəsində innovasiyaların tətbiqi və elmi təcrübə mübadiləsi sahəsində mühüm xidmətlər göstərməyə çalışmışam. Mənim  rəhbərliyim dövründə xəstələrin müayinəsi və müalicəsi sahəsində mühüm irəliləyişlər qeydə alınıb, yeni korpuslar və laboratoriyalar istifadəyə verilib, bəhs olunan tibb müəssisəsinin işi xeyli dərəcədə təkmilləşib. Bu dövrdə çoxsaylı elmi müdafiələr və təcrübələr də həyata keçirilib.
Yuxarıda qeyd etdiyim kimi, belə nəhəng və intellektual bir kollektivə rəhbərlik etməyin özü də idarəçilik bacarığı və  zəruri siyasi hazırlıq tələb edir. Ümumiyyətlə, müasir dünyamız elə qurulub ki, siyasət istənilən ictimai fəaliyyət sferasına daxil olur. Bu baxımdan mənim üçün tibb də siyasət qədər doğmadır və öz həyatımda bunları bir-birindən ayırmazdım.

-  Necə oldu ki, tibb təhsili aldınız, amma aktiv siyasətdə göründünüz? Siyasətə necə gəlməyinizi bilmək istərdik.

- Mənim bioqrafiyamla az-çox tanış olan hər kəs bilir ki, harada işləməyimdən aslı olmayaraq, hər zaman ictimai həyatda fəal iştirak etmişəm. Gənc yaşlarımdan ictimai-siyasi sahədə fəal iştirak edərək partiya və komsomol işində aktivlik nümayiş etdirmiş, respublika və ölkə əhəmiyyətli müxtəlif tədbirlərdə iştirak etmişəm. Bunun nəticəsi kimi, 1975-ci ilin oktyabr ayından 1979-cu ilin may ayınadək Bakı şəhəri Əzizbəyov rayon Komsomol Komitəsinin II katibi vəzifəsinə seçilmişəm. Lakin harda olmağımdan, cəmiyyətdə hansı mövqe tutmağımdan  aslı olmayaraq, hər zaman obyektivlik və vətənpərvərlik prinsiplərini daim uca tutmuşam. Ötən əsrin 80-ci illərinin sonlarında erməni separatizmi baş qaldırdığı zaman Dağlıq Qarabağa ilk ezam olunan partiya işçilərindən biri olmuşam. Bu proseslər mənim aktiv siyasətə gəlməyimə heç şübhəsiz xüsusi təkan verdi və ondan sonrakı siyasi fəaliyyətimi yuxarıda qeyd etdik.


- Ətrafınızda olan siyasətçilərdən kimlərisə bir həklim kimi müayinə etmisinizmi? Yəni sizə müraciət edən siyasətçilər olubmu?

- Bir həkim kimi qəbuluma gələn xəstənin dini, irqi, siyasi və s. mənsubiyyəti məni maraqlandırmamalıdır. Ömrüm boyu da Hippokrat andına sadiq qalmışam. Hesab edirəm ki, siyasi həyatımdakı dürüst fəaliyyətimdə həkimlikdən gələn bu obyektivlik duyğusu hər zaman kömək olub.


- Azərbaycanın Çin Xalq Respublikasında səfiri olmusunuz. Çin həm də uzaq məmləkətdir. Bir qədər də o zamankı səfir fəaliyyətinizdən danışmanızı rica edərdim.

- Mənim ictimai-siyasi fəaliyyətimin mühüm səhifələrindən biri 2002-2011-ci illər ərzində Çin Xalq Respublikasında (ÇXR) Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi çalışmağım təşkil edir. Mən o dövrdə Azərbaycan-Çin münasibətlərinin inkişafına, iki ölkə arasında ticarət dövriyyəsinin artmasına, diplomatik əlaqələrin intensiv xarakter almasına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə töhfələr verməyə çalışdım. ÇXR-də azərbaycanlıların hüquqlarının müdafiə olunması, iqtisadi fəaliyyətinin qurulması və davam etdirilməsi, o cümlədən partiyalararası münasibətlərin – Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin qurulması və inkişafı istiqamətində də bir sıra vacib işlər gördük. Bütövlükdə, bu müddət ərzində ÇXR-dən əlavə, Vyetnam, Monqolustan, Cənubi və Şimali Koreya dövlətlərində ölkəmizin fövqəladə və səlahiyyətli səfiri kimi işləmişəm. Mənim səfir kimi fəaliyyət göstərdiyim müddətdə Çində dəfələrlə Azərbaycan günləri keçirilib. Xüsusi olaraq Çində Olimpiya Oyunları keçirilən il böyük bir mədəniyyət tədbiri - Çində Azərbaycan Mədəniyyəti Günləri təşkil edilib, paytaxt Pekin şəhərində ermənilərin bir çox etirazlarına və səylərinə baxmayaraq  “Şuşa” mədəniyyət mərkəzi fəaliyyət göstərməyə başlayıb. Həmçinin, Şanxay şəhərində ənənəvi olaraq təşkil olunan beynəlxalq “Ekspo” sərgidə Azərbaycan guşəsinin yaradılması və ölkəmizin təbliğ edilməsini də xidmət dövrümün diqqətə layiq hadisələrdən biri kimi qiymətləndirirəm.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi