Noyabrın 6-da mədəniyyət naziri Əbülfəs Qarayev V Bakı Beynəlxalq Teatr Konfransında iştirak edən Rusiyadan olan nümayəndə heyətini qəbul etdi.
Modern.az xəbər verir ki, nazir Azərbaycan-Rusiya teatr əlaqələrinin inkişafı və birgə əməkdaşlıqla bağlı fikirlərini bölüşdü. Bildirdi ki, teatrlar arasındakı münasibətlər təkcə konfranslar zamanı deyil, daim dinamik tempdə inkişaf etməlidir. Buna görə də Azərbaycan teatrlarında rusiyalı teatr mütəxəssislərinin ustad dərslərini, bu sahə ilə bağlı məruzələrinin mütəmadi təşkil edilməsi məqsədəuyğun olar.
Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının direktoru Kiril Krok səmimi qəbula görə minnətdarlığını ifadə etdi. O, nazirin təklifini yüksək dəyərləndirərək yaxın gələcəkdə Azərbaycandan teatr sahəsində çalışan texniki heyətin Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında ikihəftəlik təlim və təcrübə keçmələrini təklif etdi.
Y.Vaxtanqov adına Dövlət Akademik Teatrı yanında Boris Şukin adına Teatr İnstitutu Rejissorluq kafedrasının müdiri Mixail Borisov V Bakı Beynəlxalq Teatr Konfransında iştirakından məmnunluğunu bildirdi. Qonaq 2016-cı ildən Azərbaycan dövlətinin dəstəyi ilə Moskva Teatr İnstitutunda oxuyan tələbələrin təhsili və hazırda tədris prosesinin mərhələləri haqqında nazirə məlumat verdi. O bu istiqamətdə əməkdaşlığın davamlılığının vacibliyini vurğuladı.
Görüşdə iştirak edən S.Obrastsova adına Dövlət Akademik Kukla Teatrının direktoru İrina Korçevnikova, “Moskva İcmalı” televiziyasının baş redaktoru Marina Merkulova, Minsk Dövlət Opera və Balet Teatrının direktor müavini Svetlana Kozulina ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğuladılar. Nazir Əbülfəs Qarayev Rusiya ilə münasibətlərin bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsi üzrə də yüksək səviyyədə inkişaf etdiyini, ölkələrimiz arasında mütəmadi olaraq mədəni layihələrin həyata keçirildiyini diqqətə çatdırdı.
Görüş Bakı Beynəlxalq Teatr Konfransının əhəmiyyəti və gələcəkdə qarşılıqlı birgə layihələr mövzusunda müzakirələrlə davam etdi.
****
Nazir Əbülfəs Qarayev həmçinin V Bakı Beynəlxalq Teatr Konfransının iştirakçısı olan beynəlxalq teatr təşkilatlarının rəhbərləri ilə də görüşdü.
Görüşdə iştirak edən UNESCO-nun sülh artisti Əli Mahdi, Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının (ASSİTEJ) prezidenti İvet Hardi, “Paranthese” Teatrının bədii rəhbəri Emil Salimov (Fransa), Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının (BTTA) baş katibi Mişel Vays, “Artefactum” Holdinqin prodüseri Jilberto Soberanes Rodriges (Meksika), Beynəlxalq Teatr İnstitutu (BTİ) Milli Mərkəzinin prezidenti İbrahim Assiri (Səudiyyə Ərəbistanı) Bakı Teatr Konfransının təşkilinə, göstərilən qonaqpərvərliyə görə təşkilatçılara minnətdarlıqlarını ifadə etdilər.
Qonaqlar Teatr konfransının artıq bir ənənəyə çevrildiyini diqqətə çatdıraraq tədbirin gələcəkdə daha geniş formatda keçirilməsi məsələləri ilə bağlı fikirlərini bölüşdülər. Konfransın dünya teatrlarının bir araya gəlməsi və qarşılıqlı fikir mübadiləsi baxımından önəmi vurğulandı. Bildirildi ki, bu sahənin mütəxəssisləri mövcud olan problemlərin istiqamətlərini və həlli yollarını düşünməlidir. Bakı konfransı bu məsələlərə konseptual yanaşma imkanı verir.
Nazir Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasəti, ölkəmizdə reallaşan beynəlxalq layihələrdən danışdı, mədəniyyətimizin təbliği istiqamətində görülən işlər haqqında qonaqlara məlumat verdi.
Görüş Azərbaycan teatrlarının beynəlxalq təşkilatlarla birgə əməkdaşlığı mövzusunda müzakirələrlə davam etdi.