Modern.az

Sayalı Sadıqova: “Səfirlik və şirkətlərdə Azərbaycan dilinin işlənməsi yarıtmaz vəziyyətdədir”  

Sayalı Sadıqova: “Səfirlik və şirkətlərdə Azərbaycan dilinin işlənməsi yarıtmaz vəziyyətdədir”   

7 Noyabr 2018, 08:32

“Müstəqillik illərində Azərbaycan dilinin lüğət tərkibində köklü dəyişikliklər baş verir. Bu hər şeydən əvvəl, Azərbaycan dilinin başqa dünya dilləri ilə birbaşa əlaqələri ilə bağlıdır”.

Modern.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova “Xalq qəzeti”ndəki məqaləsində bildirib.

S.Sadıqova qeyd edib ki, 2016-cı ildə Terminologiya Komissiyasında “İzahlı dilçilik terminləri lüğəti”, “Rusca-ingiliscə-azərbaycanca hava nəqliyyatında kommersiya terminlərinin izahlı lüğət”i, “Coğrafiya terminləri lüğəti”, “Geokimya terminlərinin izahlı lüğəti”, “Pedaqoji terminlərin izahlı lüğəti”, “Jurnalistika terminləri lüğəti”, “Silahlı qüvvələrdə istifadə olunan hərbi terminləri lüğəti”, “İdman terminlərinin izahlı lüğət”i müzakirə olunub, təkmilləşdirildikdən sonra bu lüğətlər komissiyanın qərarı ilə nəşr edilib.

Onun sözlərinə görə, hazırda Azərbaycan dilində müxtəlif elm sahələrinə aid terminoloji baza dilin öz daxili imkanlarından əlavə, rus və Avropa dillərindən alınmış beynəlxalq terminlər əsasında formalaşıb.

S.Sadıqova bildirib ki, Terminologiya Komissiyası son illərdə demək olar ki, bütün sahələrə aid 100-ə yaxın terminoloji lüğət nəşr etdirib.

Onun  sözlərinə görə, son zamanlar ölkəmizdə KİV-lərin fəaliyyətinin genişlənməsi, internetin cəmiyyətin bütün həyatına nüfuz etməsinin sürətlənməsi nəticəsində ədəbi dil normalarının qorunmasını nəzarətdə saxlamaq çətinləşib:
Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir.

“Son zamanlar dünyaya sürətlə açılan ölkəmizdə xarici KİV-lərin fəaliyyətinin genişlənməsi, internetin cəmiyyətin bütün həyatına nüfuz etməsi, insanların müxtəlif bilik sahələrinə aid məlumatları xarici dillərdən birbaşa qəbul etməsini sürətləndirmişdir. Azərbaycan dilinin reklam işində istifadə edilməsində də ciddi qüsurlar müşahidə olunur, əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir, televiziya ekranlarında bəzən filmlər dublyaj edilmədən göstərilir, Azərbaycan dilinin tətbiq dairəsi süni olaraq məhdudlaşdırılır, səfirlik, xarici nümayəndəlik və şirkətlərdə Azərbaycan dilinin işlənməsi yarıtmaz vəziyyətdədir. Göstərilən qüsurları aradan qaldırmaq üçün qəbul edilmiş dil sənədlərində mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur və həmin proses hazırda davam etməkdədir. Bu baxımdan dil qanunvericiliyi ictimai-mənəvi həyatımızın bütün sahələrində Azərbaycan dilinin tam tətbiqinə rəvac verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bugünlərdə daha bir sənəd – “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalamışdır. Fərmanda Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi”nin yaradılması qərara alınmışdır. Dünya azərbaycanlılarının ümumi ünsiyyət vasitəsi, Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin lokal tarixi və müasir nüfuzunun qorunub saxlanması milli-ictimai ehtiyac, mənəvi-mədəni borcumuzdur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir