Modern.az

Bakıdakı sahibsiz itlər daha təhlükəli olmayacaq - Yeni qurumun PLANLARI var  

Bakıdakı sahibsiz itlər daha təhlükəli olmayacaq - Yeni qurumun PLANLARI var   

Hadisə

8 Noyabr 2018, 09:01

Bakı və Sumqayıt şəhərlərinin küçələrində rast gəlinən sahibsiz itlərlə bağlı tez-tez problemlər yaşanır. Mediada, sosial şəbəkələrdə sahibsiz itlərin insanlara hücum etməsi, bəzi hallarda isə qəddarcasına güllələnməsi, öldürülməsi barədə məlumatlar yayılır. Bir neçə gün öncə də Sumqayıtda baş verdiyi deyilən, sahibsiz küçə itlərinin qanunsuz olaraq güllələndiyini əks etdirən görüntülər müzakirələrə səbəb oldu. Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə görüntülərin köhnə olduğu barədə açıqlama verildi.


Bu məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də laqeyd qalmadı. Nazirlikdən Modern.az-a bildirilib ki, sahibsiz heyvanlara qarşı rəhmsiz hərəkətlər cəzasız qalmayacaq:

“Son günlər ölkədə sahibsiz itlərə qarşı rəhmsiz münasibət göstərildiyi, itlərin güllələndiyi ilə bağlı məlumatlar yayılır, sosial şəbəkələrdə müzakirələr aparılır.


“Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) heyvanlara qarşı qəddar və rəhmsiz rəftarı birmənalı olaraq pisləyir. Sahibsiz heyvanlarla, o cümlədən sahibsiz itlərlə qəddar rəftar edən insanlara qarşı tədbirlərin görülməsini zəruri sayırıq və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə araşdırma aparılır”.


Maraqlıdır ki, ETSN sahibsiz heyvanlara qəddar addım atanları cəzalandırsa da, sahibsiz itlərin küçələrdən yığışdırılması ilə bağlı məsuliyyətli deyil.

“Bu problemin həll edilməsi müvafiq şəhər icra haimiyyətlərinin, yerli bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının səlahiyyətindədir”,-deyə nazirlikdən bildirilib.


Bəs görəsən, sahibsiz itlərin güllələnmədən, öldürülmədən, heç bir ziyan verilmədən şəhər küçələrindən yığışdırılmasının ən ideal variantı necədir?

Sahibsiz itlərlə işin aparılmasında fəaliyyəti ilə seçilən, “Toplan” Sahibsiz itlərə Qayğı Mərkəzi bu sahədə ən optimal təcrübəni həyata keçirir. Mərkəzdən Modern.az-a bildirilib ki, hazırda davam edən sahibsiz itlərlə işin aparılması layihəsi üç istiqamətdən ibarətdir:


“Birinci istiqamət çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı departamentinin Balaxanıda yerləşən Sanitariya idarəsində yenidənqurulma işləri həyata keçirilir. Burada dünya standartlarına cavab verən Sahibsiz İtlərə Qayğı Mərkəzinin inşası başlayıb. 

Qurumun əməkdaşları Bakı ərazisində sahibsiz itləri toplayaraq onları mərkəzə təhvil verəcək. Burada onlara peyvəndlər vurulacaq, itlərin reproduktiv fəaliyyətinin dayandırılması məqsədi ilə müvafiq əməliyyat aparılacaq. Hər bir it çiplərlə təmin ediləcək.

İtlərə tibbi xidmət məqsədi ilə mərkəzdə müasir avadanlıqlar quraşdırılacaq. Burada itlər üçün böyük ölçülü qəfəslər və gəzinti meydançaları yaradılacaq”.


Maraqlıdır ki,  “Toplan” Sahibsiz itlərə Qayğı Mərkəzində itlərə yardım göstərildikdən sonra tutulduqları əraziyə yenidən buraxılacaqlar. Mərkəzin mütəxəssisləri əmin edir ki, sahibsiz itlər bu prosesdən sonra tamamilə sakit olacaq, insanlara heç bir təhlükə yaratmayacaq: 


“Mərkəzə daxil olmuş sahibsiz itlərin mərkəzləşdirilmiş qeydiyyatı sistemi aparılacaq. Mərkəzin nəzdində fəaliyyət göstərəcək “qaynar xətt”ə zəng edərək insanlar üçün təhlükə mənbəyi olan və ya baytar yardımına ehtiyacı olan sahibsiz itlər barədə məlumat vermək mümkündür. Həmçinin “Toplan” Sahibsiz itlərə Qayğı Mərkəzində təcili baytar yardımı xidmətinin fəaliyyət göstərməsi də tədbirlər siyahısındadır.

Sahibsiz itlərlə işin aparılması layihəsinin ikinci istiqaməti çərcivəsində isə kadrların hazırlanması məsələsi dayanır. Mərkəzin binasının inşası bitənədək əməkdaşlar (baytarlar, itlərin toplanması ilə məşğul şəxslər və digər personal) üçün xarici mütəxəssislərin iştirakı ilə təlimlər keçirilir”.

 

Mərkəzdən o da bildirilib ki, sözügedən qurum insanlar arasında maarifləndirmə işlərini də öz üzərinə götürür:

“Layihə barədə Mərkəzin internet saytı, sosial şəbəkələrdəki səhifələri vasitəsi ilə məlumat əldə etmək olar. Maarifləndirmə işi çərçivəsində heyvanlarla bağlı xüsusi animasiya filmlərinin çəkilməsi, sosial videoçarxların, bilbordların, elektron təqdimatların hazırlanması, müxtəlif sərgilərin keçirilməsi nəzərdə tutulur. Sahibsiz itlərlə işin aparılması layihəsi üç il müddətinə nəzərdə tutulub”.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi