Modern.az

DTX-da bayraq günü qeyd edilib - FOTO

DTX-da bayraq günü qeyd edilib - FOTO

Aktual

8 Noyabr 2018, 17:51

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycanın Dövlət bayrağının qəbul edilməsinin 100 illiyinə və 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az DTX-nin saytına istinadən xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev giriş sözü ilə açaraq, şəxsi heyəti bu əlamətdar gün münasibətilə təbrik edib, Dövlət bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını bildirib.

 

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi qeyd edib ki, müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və əvəzsiz səyləri ilə Azərbaycan Xalq Cümhuriyyətinin ülvi yadigarı, 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasında ikinci dəfə təsdiq edilmiş üçrəngli Dövlət bayrağı rəsmi dövlət rəmzi olmaqla yanaşı, milli həmrəyliyin, azərbaycançılıq məfkurəsinin ətrafında bütün vətənpərvər soydaşlarımızın sıx birləşməsinin başlıca amillərindəndir. Bildirilib ki, möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə Dövlət Bayrağı Gününün təsis edilməsi, dövlətimizin başçısının bilavasitə rəhbərliyi və iştirakı ilə paytaxt Bakıda və respublikanın bölgələrində Dövlət bayrağının vüqarla dalğalanması üçün yaradılmış möhtəşəm meydanlar, muzeylər və komplekslər qəlbi hər zaman Azərbaycanla döyünən vətəndaşların qürur, and və milli özünüdərk yeridir.

 

General-polkovnik Mədət Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Dövlət bayrağının Azərbaycanın bütün tarixi və əzəli torpaqlarında daim zirvələrdə dalğalanacağını bildirərək, şəxsi heyətə Vətənin zəfərləri və qüdrətlənməsi naminə xidmətdə müvəffəqiyyətlər arzulayıb.

 

Azərbaycanın müstəqillik rəmzi olan Dövlət bayrağının ilk dəfə yaranması tarixindən danışan DTX-nin Heydər Əliyev adına Akademiyasının professoru, filologiya elmləri doktoru Cəlal Qasımov diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də ilk dəfə Naxçıvanda ucaldılıb. Bu addım ölkə əhalisi tərəfindən tarixi və mütərəqqi bir hadisə kimi dəyərləndirilir.

 

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli fərmanı ilə 9 noyabr tarixi Dövlət Bayrağı Günü elan edilib. Ən müqəddəs rəmzlərdən olan bayraq xalqın varlığının sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Ona görə də özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən bariz ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini, ölkənin suverenliyini və yüksəlişini tərənnüm edən üçrəngli Dövlət Bayrağımız hər bir vətənpərvər azərbaycanlının qürur mənbəyidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi