Modern.az

İlk milli Konstitusiyamız və Parlamentimiz

İlk milli Konstitusiyamız və Parlamentimiz

12 Noyabr 2018, 13:37

Mehman Qayıbov
 

“Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın Əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli  təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin  müvəffəqiyyətli həlli  şəxsən  Heydər Əliyevin xidmətidir”.

 İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

XX əsrin sonlarında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, ictimai-siyasi həyatda hökm sürən qeyri-sabitlik və ölkə rəhbərliyində xalqın mənafeyini əks etdirən siyasi iradənin olmaması dövlətçiliyimizə ağır zərbələr vururdu. Bu vəziyyət 1993-cü il iyunun 15-dək davam etdi. Yalnız ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra cəmiyyətdə köklü dəyişikliklər baş verdi.

Heydər Əliyev parlamentə Sədr seçilərkən Milli Məclisdə verdiyi bəyanatla müstəqil dövlətçiliyimizin inkişaf konsepsiyasını və yollarını sistemli şəkildə açıqladı. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilməyə  başlandı. 1993-cü ilin iyun-oktyabr aylarında və sonrakı dövrdə müstəqil Azərbaycan dövlətinin qorunması və möhkəmləndirilməsi uğrunda ulu öndərin mübarizəsi strateji məqsəd daşıyırdı.

Bu dövrdə ölkə hələ də sovetlər zamanında qəbul edilmiş qanunlarla idarə olunurdu. 1991-ci ildə Azərbaycan öz dövlət  müstəqilliyini bərpa etdikdən sonra artıq yeni Əsas Qanunun – Konstitusiyanın qəbul edilməsi zərurəti yaranmışdı. 1993-cü ildə Prezident seç­ki­lərinin keçirilməsinə baxmayaraq, respublikanın ictimai-siyasi hə­yatında baş vermiş dəyişikliklər ölkənin əsas sənədində öz əksini tapmamışdı. Bütün bunlar müstəqil Azərbaycanın yeni Konstitusiya layihəsinin hazırlanmasını şərtləndirən amil­lərdən idi.

Müstəqilliyin  ilk illərində ölkə həyatında yaşanan siyasi destabillik, dövlət idarəçiliyindəki xaos və anarxiya, müharibə meydanındakı uğursuzluqlar Konstitusiya  yaradıcılığı sahəsindəki  çalışmalara da sirayət edərək, bu mühüm prosesə maneçilik törədirdi.

Azərbaycanın Konstitusiya quruculuğunun keçdiyi tarixi yola nəzər saldıqda görürük ki, Azərbaycan Xalq Cüm­huriyyəti dövründə bir neçə Konstitusiya xarakterli qərarlar, dövlət atributları ilə əlaqədar qanunlar qəbul edilsə də, öl­kənin əsas sənədini təsdiq etməyə vaxt çatmadı. Heç də təsa­düfi deyildir ki, Heydər Əliyev bu dövrdə qəbul edilmiş qə­rarları Konstitusiya quruculuğunun başlanğıcı kimi dəyərləndirirdi.

Sonralar sovet imperiyasının tərkibində olan respub­likamızın ilk Konstitusiyası o dövrkü bolşevik ideyaları əsa­sında 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. SSRİ yarandıqdan sonra müttəfiq respublikaların müstəqilliyi, demək olar ki, tamamilə ləğv edilmiş, onlar yeni bir dövlətin tərkibinə daxil olmuşdular. 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər  qurultayında Azərbaycan Respublikası Konstitusiyasının yeni, SSRİ-nin 1924-cü il Konstitusiyasına müvafiq redaksiyası qəbul olundu. 1937-ci ildə qəbul olunmuş Konstitusiya isə SSRİ-nin 1936-cı il Konstitusiyasına uyğunlaşdırılmışdır.

Sonrakı proseslərin gedişində 1977-ci ildə qəbul edilmiş yeni SSRİ Konstitusiyasının əsasında Azərbaycan SSR Ali Sovetinin 9-cu çağırış 7-ci növbədənkənar sessiyasında, 1978-ci il aprelin 21-də Azərbaycanın yeni Konstitusiyası qə­bul olundu. Bu Konsti­tusiya ölkə həyatındakı yeni mərhələnin reallıqlarını əks etdirməklə yanaşı, əvvəlki illərdə qəbul edilmiş əsas sənədlərdən  fərqlənirdi.

Sonuncu sovet Konstitusiyamızın öz “sələflərindən” əsas prinsipial fərqi ondan ibarət idi ki, o vaxt Azərbaycana milli özünüdərk və özünəqayıdış proseslərinə  böyük önəm verən Heydər Əliyev rəhbərlik edirdi və məhz onun qətiyyəti sayəsində Konstitusiyaya Azərbaycan dilini dövlət dili elan edən  73-cü maddə əlavə olunmuşdu. Sovet totalitar güruhu dövründə bu, misli görünməmiş cəsarət nümunəsi idi. O dövrdə   Azərbaycan Konstitusiyasına belə bir müddəanın daxil edilməsi ulu öndərin müstəsna iradə və əzminin göstəricisi idi.

Müstəqillik illərində isə Azərbaycanın rəhbəri kimi Heydər Əliyev iqtisadi, siyasi, sosial, hüquqi islahatların həyata keçi­ril­mə­si­ni, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olun­masını çox önəmli hesab edirdi. Bu məqsədlə o, ölkənin yeni Kons­ti­tu­siya layihəsinin hazırlanmasına böyük əhəmiyyət verirdi. Məhz buna görə ümummilli lider yeni Konstitusiya layihəsini hazırlayacaq işçi komissiyanın tərkibini parlamentə təqdim etdi.  Milli Məclis 1995-ci il mayın 2-də bu barədə müvafiq qərar qəbul etdi. 1995-ci ilin iyunundan noyabr ayınadək komissiyanın doqquz iclası keçirilmişdi.  Ali sənədin ən yetkin formada olması üçün ulu öndər layihə hazırlanan zaman onun hər bir müddəasını şəxsən nəzərdən keçirir, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşırdı.

Komissiyanın iclaslarında ilk milli Konstitusiyanın yaradılmasının ictimai-tarixi zəmini, əvvəlki dövrlərdə konstitusiya quruculuğu məsələləri nəzərdən keçirilir, təhlil edilir, onlara qiymət verilirdi.  Heydər Əliyev belə bir sənədin hazırlanmasında milli və  ümumbəşəri dəyərlərdən, dünyanın demokratik təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürürdü.  O, komissiyanın sədri kimi layihəni hazırlayarkən, birinci növbədə, dövlətlə, hakimiyyətlə xalq arasında olan münasibətlərin əks etdirilməsinə xüsusi yer verilməsinə böyük önəm verirdi:  “Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Konstitusiya layihəsi hazırlanarkən, onunla eyni vaxtda  parlamentə seçkilər keçirmək üçün qanun layihəsi də Milli Məclisə təqdim edildi və müzakirələrdən sonra qəbul olundu. Konstitusiya layihəsi üzərində iş başa çatdıqdan sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı və həmin gün müstəqil Azərbaycanın ilk demokratik parlamenti seçildi.

Ölkənin referendumda qəbul olunmuş ilk milli Konstitu­siyası əsrlər boyu azadlıq amalını ürəyində yaşatmış xalqı­mızın müstəqil, suveren dövlət qurmaq, dünya birliyində öz layiqli yerini tutmaq, bəşəriy­yətin inkişafına öz layiqli töhfəsini vermək əzmini bir daha nümayiş etdirdi. Bu, müstəqillik tariximizdə mühüm bir hadisə olmaqla yanaşı, dövlətimizin hüquqi, siyasi və iqtisadi inkişafının gələcək istiqamətlərini müəyyənləşdirdi. Heydər Əliyev ölkənin yeni əsas sənədi barədə belə deyirdi:

“Konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən Konstitusiyadır və əminəm ki, bu, daimi olacaqdır. Xalqımız bu Konstitusiyanın müddəalarından istifadə edərək, Azərbaycanın dövlət müstəqilliyini əbədi edəcəkdir. Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan,  Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.

İlk milli Konstitusiyamız ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına təkan verdi. Azərbaycan Prezidenti yeni Konstitusiyanın qəbul edilməsinin milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq, 1996-cı il 1 noyabr tarixli Fərmanı ilə hər il noyabrın 12-nin ölkəmizdə Konstitusiya günü kimi qeyd edilməsini qərara aldı.

Yeni qəbul olunmuş Konstitusiya ilk dəfə olaraq siyasi plüralizm, təqsirsizlik prezumpsiyası, xüsusi mül­kiy­­yət və azad sahibkarlıq, mülkiyyətin toxunulmazlığı kimi prinsipləri özündə ehtiva edirdi. Əvvəlki konsti­tu­siyalardan fərqli olaraq ölkənin yeni əsas sənədində insan hüquq və azadlıqlarına geniş yer verilmiş, Konstitusiyanın müddəalarının üçdə biri məhz bu məsələyə həsr  olunmuşdur.

Konstitusiyanın qəbulu, sadəcə, yeni ictimai-siyasi sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyildi, həmçinin ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə, ilk növbədə, siyasi sistemin mərkəzində insanın və vətəndaşın hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideyalarının durması ilə səciyyələnirdi. Ölkənin əsas sənə­dində məsələnin bu cür qoyuluşu məhz Heydər Əliyevin təşəbbüsü ilə gerçəkləşmişdir.

İlk milli Konstitusiyamız cəmiyyətin inkişafının gələcək mo­deli üçün hüquqi əsas yaratmaqla, müs­tə­qilliyimizin  möhkəmləndirilməsi, onun əbədi, dönməz xarak­ter alması baxımından mühüm rol oynadı.


Məhz Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olan bu böyük tarixi və hüquqi sənəd Azərbaycanın müstəqillik yolunda daha da inamla addımlamasına, milli, mənəvi dəyərlərimizin qorunmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açdı. Yeni Konstitusiyanın verdiyi imkanlar sayəsində Azərbaycanda çox qısa bir vaxtda hüquqi, iqtisadi, sosial islahatları həyata keçirmək, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olması yolunda hüquqi addımlar atmaq mümkün oldu.

Sonrakı dövrlərdə ölkənin ictimai-siyasi həyatında, iqtisadi inkişafında baş verən keyfiyyət dəyişiklikləri, ölkəmizin Avropa hüquq məkanına daxil olması ilə əlaqədar Konstitusiyaya bir sıra əlavə və dəyişikliklərə ehtiyac yarandı. Bu tarixi və təbii proseslərin nəticəsi kimi ölkədə  konstitusiya islahatları həyata keçirildi.

 Azərbaycanın yeni Konstitusiyasının  ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi və onun əsasında parlament seçkilərinin keçirilməsi ilə dövlət quruculuğu sahəsində keyfiyyətcə yeni dövr başlandı. Ulu öndər deyirdi:  1995-ci il noyabrın 12-dən, yəni müstəqil respublikamızın Konstitusiyası qəbul olunduqdan və parlament seçkiləri keçirildikdən sonra başlanan bu dövr dövlət quruculuğu baxımından, əlbəttə ki, bizim tariximizin ən məhsuldar dövrüdür”.

Dövlət quruculuğunda hüquqi islahatların aparıl­ması məqsədi ilə Heydər Əliyevin 1996-cı il 21 fevral tarixli Sərəncamı ilə Hüquq İslahatları Komissiyası yaradıldı. Ümummilli liderin başçılıq etdiyi bu komissiya ölkə həyatının ən müxtəlif sahələrində islahat­ların aparılmasında əhəmiyyətli rol oynadı. O,  komissiya qarşısında duran vəzifələri belə xarakterizə edirdi:  “İndi qar­şımızda Konstitusiya əsasında qanunların qəbul olunması kimi çox böyük vəzifələr var. Hər sahədə qanunlar qəbul edilməlidir... Dörd ildir ki, Azərbaycan müstəqil dövlətdir. Ancaq qanun­ların əksəriyyəti keçmiş Sovetlər İttifaqından qalmış qanun­lardır. Onlara müəyyən dəyişikliklər, əlavələr olunub­dur, ancaq hazırkı qanunların əsası, kökü Sovetlər İttifaqı vaxtında qəbul edilmiş qanunlardır”.

Heydər Əliyevin qarşıya qoyduğu dövlət əhəmiyyətli və ölkəmiz üçün taleyüklü bu vəzifənin yerinə yetirilməsinə ölkə parlamenti də səlahiyyətləri çərçivəsində öz layiqli töhfəsini verdi.

Yeni tərkibli Milli Məclis tezliklə Konstitusiya quruculuğu, məcəllələşdirmə, digər qanunvericilik sahələri, o cümlədən parlament fəaliyyətinə dair Daxili Nizamnamə, deputat statusu, parlament komissiyaları haqqında, habelə ictimai münasibətlərin tənzimlənməsinə yönəlmiş qanunlar qəbul etdi, parlament institutunun konstitusion normalarını  formalaşdırdı.

Bu dövrdə parlament əsas funksiyasını davam etdirərək, ölkədə  sosial-iqtisadi, hüquqi-siyasi islahatların keçirilməsi üçün zəruri qanunvericilik bazası yaratdı. Bir sözlə, ölkənin hüquq sistemi yenidən  müasir dövrün tələblərinə uyğun quruldu.

Ulu öndərin rəhbərliyi ilə Azərbaycanda hüquqi, demokratik, sivil dövlət quruculuğu yolunda gərəkli olan addımlar atıldı. İnsan hüquq və azadlıqlarına geniş yer verilmiş ölkənin əsas sənədində ölüm hökmü cəza növü kimi nəzərdə tutulmamışdır. Onun ləğvinin hüquqi əsasları məhz Konstitusiyada öz hüquqi həllini tapmışdır. Azərbaycanda bu məsələ ilə bağlı belə bir humanist addımın atılması, sözsüz ki, Yaxın Şərq regionunda yerləşən digər ölkələrə də nümunə ola bilərdi.

Ölüm hökmünün ləğvi ilə bağlı Heydər Əliyevin 1998-ci il yanvarın 22-də tarixi əhəmiyyət kəsb edən bəyanatı və fevralın 3-də Milli Məclisə müraciəti onun dərin fəlsəfi, hüquqi düşüncələrinin, obyektiv mülahizələrinin və dünya  təcrübəsinin öyrənilməsinin məntiqi nəticəsi idi. Bu, cəmiyyətimizin demokratiya yolunda atdığı ən cəsarətli addımlardan biri idi.

Beləliklə, 1998-ci il fevralın 10-da ölkəmizdə ölüm hökmü rəsmən  ləğv edildi. Azərbaycan MDB məkanında və  müsəlman dünyasında bu tarixi qərarı qəbul edən ilk dövlət idi. O vaxt hətta Avropa Şurasının üzvü olan bir çox ölkələr analoji addım atmamışdı.

1998-ci il avqustun 8-də ulu öndər konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı mühüm bir qərara imza atdı – mətbuat üzərində senzura tamamilə ləğv edildi. Parlament müdrik rəhbərin təşəbbüsünü dəstəkləyərək tezliklə bu sahəyə aid  “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio ya­yımı haqqında”, “İctimai televiziya və radio yayımı haq­qında” qanunlar qəbul etdi. Bu dövrdə qəbul edilmiş “Məlumat azadlığı haqqında” Qanun Konstitusiya normaları tələblərindən irəli gələn hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığını müəyyən edirdi.

Sonrakı mərhələdə parlament Konstitusiyanın müddəalarına uyğun olaraq, iqtisadiyyatda bazar prinsiplərinin bərqərar olunması sahəsində  mühüm əhəmiyyətli yeni qanunlar qəbul etdi.  Parlament qanunvericilik fəaliyyətində məcəllələşdirmə sahəsində böyük uğurlar əldə edərək sovet dövründə qəbul edilmiş, lakin müvafiq əlavə və dəyişikliklərlə qüvvədə qalmaqda davam edən qanun məcəllələrini yeniləri ilə əvəz etdi. Milli Məclisdə ənənəvi məcəllələrlə yanaşı, mövcud ictimai-siyasi və iqtisadi münasibətlərin tələblərindən irəli gələn yeni məcəllələr də (Seçki Məcəlləsi, Vergi Məcəlləsi) qəbul edildi.

Dövlət quruculuğu sahəsində islahatlar aparmaq, müstəqilliyi  möhkəmləndirmək, beynəlxalq öhdəliklərlə bağlı hüquq münasibətlərini tənzimləmək baxımından bu addımın atılması Azərbaycan parlamenti qarşısında duran ən aktual məsələlərdən idi. Milli Məclis tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan istifadə ilə bağlı münasibətləri tənzimləyən  qanunlar qəbul etdi.

Bu dövrdə ölkəmiz nüfuzlu beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq edir, Avropa strukturlarına inteqrasiya yolunda məqsədyönlü siyasət yeridirdi. Milli Məclis öz növbəsində Azərbaycanın demokratik inkişaf yolunda mövqeyini möhkəmləndirmək üçün Avropa Şurasının bir sıra saziş və konvensiyalarına qoşuldu.

Bu siyasətin məntiqi nəticəsi kimi müstəqil Azərbaycan 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin qərarı ilə bu təşkilatın tamhüquqlu üzvlüyünə qəbul olundu. Təşkilata qəbul zamanı ulu öndər öz çıxışında ölkəmizin müstəqillik  illərində keçdiyi yola nəzər salaraq, qısa zaman kəsiyində Azərbaycanın əldə etdiyi  nailiyyətlərdən danışdı:

“Tarixən çox qısa bir müddət ərzində biz qabaqcıl Avropa təcrübəsinə əsaslanaraq çox şeyə nail ola bildik. Biz bütün çətinliklərə baxmayaraq, liberal iqtisadiyyat və sivil cəmiyyət quruculuğu yolu ilə irəlilədik. Biz insan haqlarının qorunmasını önə çəkdik, vətənimizin və vətəndaşlarımızın totalitarizm dövrünün ağır irsindən xilas olmasına çalışdıq. Biz demokratiyanın inkişafı üçün mühüm şərtlərdən olan daxili sabitliyə nail olduq. Biz azad söz, azad mətbuat və çoxpartiyalı siyasi sistem yaratdıq. Biz müddəalarının üçdə biri insan haqlarının və əsas azadlıqların qorunmasına həsr olunmuş yeni Konstitusiya qəbul etdik. Şərqdə ilk dəfə ölüm hökmünü aradan qaldırdıq, yeni qanunvericilik sistemini yaratdıq, Prezident, parlament və bələdiyyə seçkiləri keçirdik. Bir sıra mühüm siyasi və iqtisadi islahatlar apardıq və aparırıq”.

Heydər Əliyev par­lamentin nüfuzunu həmişə yüksək tutmuşdur. Statistikaya müraciət etsək, görərik ki, 1993-cü il oktyabrın 10-dan 2002-ci il dekabrın 30-dək Milli Məclis tərəfindən qəbul edilmiş 1715 qanun və qərardan 975-i Prezident Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmişdir.

Yüksək səviyyəli Pzezident- Parlament münasibətləri bu gün də davam etdirilir.  Ölkə başçısı İlham Əliyev tətəfindən aparılan islahatlar bu il 100 illiyini qeyd etdiyimiz müstəqil Azərbaycanın parlamenti tərəfindən dəstəklənir.  Milli Məclis rəhbərliyinin keçirdiyi görüşlər,  deputatlarımızın mötəbər beynəlxalq təşkilatlarda iştirakı zamanı Azərbaycan həqiqətləri, Dağlıq Qarabağla bağlı məsələlər ön plana çəkilir.

Heydər Əliyev Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi uğurlar barədə belə deyirdi: “Biz bundan sonra da dünya birliyində özümüzə məxsus  olan yeri tutmağa, saxlamağa çalışacağıq. Biz dünyanın mütərəqqi dövlətləri, birlikləri ilə bundan sonra da əməkdaşlıq edəcəyik. Azad, sərbəst, demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcəkdir”.

Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə müvəffəqiyyətlə davam etdirilir. Dövlət başçısının təşəbbüsü ilə Qədim İpək Yolunun Bakı–Tbilisi–Qars nəqliyyat xəttinin timsalında dəmir  relslər üzərinə keçirilməsi istiqamətində fəal işlər görülür. Azərbaycan qocaman Avropanın enerji təhlükəsizliyi arxitekturasına öz töhfəsini verməklə yanaşı, Cənubi Qafqazda söz sahibi olaraq regionun lider dövlətinə çevrilmişdir. Bu, sözün həqiqi mənasında, əsası ulu öndər tərəfindən qoyulmuş müstəqil Azərbaycanın inkişaf konsepsiyasının uğuru,  Prezident İlham Əliyev tərəfindən davam etdirilən Heydər Əliyev  siyasətinin  təntənəsidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi