Modern.az

“Yadplanetlilərin varlığını inkar edəcək heç nə yoxdur” – “Sabah” tələbəsi ilə “Atüstü söhbət”     

“Yadplanetlilərin varlığını inkar edəcək heç nə yoxdur” – “Sabah” tələbəsi ilə “Atüstü söhbət”     

Aktual

13 Noyabr 2018, 18:15

AzEdu.az Azərbaycanda fəaliyyət göstərən müxtəlif universitetlərin tələbələri ilə “Atüstü söhbət” rubrikasını davam etdirir.

Rubrikanın budəfəki qonağı UNEC SABAH qruplarının II kurs tələbəsi Vəli Səməndərlidir.

 

Vəli Səməndərliylə “Atüstü söhbət”i  təqdim edirik:

 

“Hər hansı çöllükdəsinizsə, əlinizi yumaq üçün 3 litr su sərf etsəniz, bu, anormallıq kimi qəbul olunacaq”

 

-Vəli, əvvəlcə azərbaycanlı tələbənin günlük həyatını təsvir et...

 

-Tələbə həyatı əslində tələbədən tələbəyə və universitetdən universitetə dəyişən faktordur. Tələbələrin bəziləri düşünür ki, oturub dərsi əzbərləməklə nəsə əldə etmək mümkündür. Əslində, bu fikir ötən əsrdən qalan düşüncə idi və indiki dövrlə uyğunlaşmır. Bir qrup gənc də tələbəlik illərini sadəcə universitetə gəlib günün dərsdən sonrakı hissəsini boş-boş gəzməklə keçirir. Bu da düzgün yanaşma deyil. Son illərdə ölkəmizdə tələbələrin həyat tərzində ciddi və müsbətə doğru irəliləyişlər var. Bununla bağlı universitetlər əyləncə və yaxud maarifləndirici tədbirlər hazırlayır. SABAH qruplarında dərslər elə formada qurulub ki, nəyisə öyrənmək istəyirsinizsə, araşdırmalar aparmalı, qrupla işləməlisiniz. Bu faktorlara uyğun ənənəvi “universitet-ev” anlayışından uzaqlaşırsınız. Bundan əlavə, əksər tələbələr müəyyən yerlərdə təcrübə keçməyə başlayırlar. Fikrimcə, zaman keçdikcə Azərbaycan tələbəsinin günlük həyatı müsbətə doğru daha da dəyişəcək.

 

-Səncə, insanlar üçün “normal” sözünün anlamı nədir?

 

-“Normal” sözü əslində, çox dərin məna daşıyır. İnsanlar görməyə alışdıqları hər şeyə “normal” deməyə başlayırlar. “Normal” anlayışı özü də məkandan-məkana dəyişir. Məsələn, hər hansı çöllükdəsinizsə, əlinizi yumaq üçün 3 litr su sərf etsəniz bu anormallıq kimi qəbul olunacaq. Amma şəhər mərkəzində bu normal hal kimi qəbul oluna bilər. Əsas məsələ cəmiyyətin nəyə alışmasıdır. Cəmiyyət olaraq mənfi hadisələrə alışmağa başlasaq, artıq həmin hadisələr də normallaşacaq. Ümid edirəm, belə olmaz.

 

DÜSTÜR: Tələbə= (təhsil+imtahanlar+təcrübə toplamaq+əyləncə)/zaman.

 

-Azərbaycanlı tələbə xarici mühitə düşərsə....?

 

-Bu, əslində, tələbədən tələbəyə dəyişir. Hər il xaricə gedib orda uğur qazananlarla yanaşı, heç nə əldə etməyənlər də olur. Ancaq indiki zamanda azərbaycanlı tələbə xaricə getsə, öyrənməyə can atar və çox şey əldə edər. Çünki son zamanlarda bu məsələylə bağlı ciddi maraq yaranıb.

 

-Tələbə anlayışının  riyazi dildə düsturu necə olar?

 

-Tələbə= (təhsil+imtahanlar+təcrübə toplamaq+əyləncə)/zaman.

 

-Səncə, “hər tələbə bədii kitab oxumalıdır” fikri nə dərəcədə doğrudur?

 

-Təbii ki, doğrudur. İxtisasından asılı olmayaraq, bədii kitablar gələcək iş həyatında tələbəyə çox böyük köməklik edir. Eyni zamanda, özünü ifadə üçün böyük dəstək yaradır.

 

-Tələbənin şəxsi inkişafına ən çox kömək edən vasitələr hansılardır?

 

-Hər şeydən öncə, tələbənin öz maraq dairəsi olmalıdır. Daha sonra digər faktorlar gəlir. Təhsil aldığım SABAH qruplarında dediyim kimi, tələbənin öz araşdırmasına geniş önəm verilir. Bu tələbənin şəxsi inkişafına çox böyük dəstək verir. Çünki tələbə nəyisə araşdıranda digər sahələrə də aid nələrsə öyrənir. Eyni zamanda, tələbənin çevrəsi, mühit də özünü inkişaf məsələsində önəmlidir. Ətrafında hər zaman nəsə öyrənmək istəyən, çevrəsi olan tələbə daha yaxşı inkişaf edir.

 

“Heç bir aktivliyi olmayan gənc əsl tələbə sayıla bilməz”

 

-Kəsrsiz tələbə əsl tələbə sayılır?

 

-Kəsrsiz tələbə deyəndə ki, biri var, 51 toplayıb güclə kəsilməkdən yaxa qurtarmaq. Biri də var bütün qiymətlərinin yüksək (“A”) olması...  Bütün qiymətləri “A” olan tələbə bütün gün oturub ancaq dərs oxumaqla məşğuldursa, heç bir aktivliyi və ya  sosiallığı yoxdursa, məncə, o əsl tələbə deyil. Ümumiyyətlə, insan tələbəlik həyatını elə yaşamalıdır ki, universiteti bitirəndən sonra dönüb geriyə baxanda həm çox şey öyrəndiyini, həm də bu illərdə əylənib, sosiallaşdığını görsün.

 

-Universitetdə heç sevmədiyin müəllim obrazı hansıdır?

 

-Özünü tələbədən üstün tutan, eyni zamanda tələbələrə çox bilik verməyib, onlardan çox bilik tələb edən müəllimləri heç sevmirəm.

 

-Tədris zamanı heç sıxılmadığın müəllim dərsi hansı metodlarla keçir?

 

-O müəllimlərin dərsində biri tərəf danışıb digər tərəf dinləmir. Auditoriyada hamı bir nəfər kimi olur. Qarşılıqlı müzakirə və debat mühitində keçir. Bu zaman nə qədər yorğun olsan da dərsin bir parçası olursan və bu istər-istəməz səni sıxılmağa qoymur.

 

-“Əsl müəllim” söz birləşməsini bir cümləylə ifadə et..

 

-Əsl müəllim tələbəyə sadəcə hər hansı riyazi, iqtisadi qanunları yox, eyni zamanda həyati qanunları öyrədəndir.

 

“Riyaziyyatla yaxın olanların təsadüflərə inandıqlarını düşünmürəm”

 

-Riyaziyyatda olduğu kimi həyatda da “2x2=4” düsturu zərurətdir?

 

-Baxır məsələyə hansı aspektdən baxırsınız. Ola bilər həyatda “2” qəbul etdiyimizin özü başqa aspektdən baxanda “4”olsun.

 

-Təsadüf, yoxsa zərurət?

 

-Təsadüf zərurətdən irəli gəlir. Təsadüflərə inanan biri deyiləm. Riyaziyyatla yaxın olan hansısa birinin təsadüflərə inandığını düşünmürəm.

 

“Yadplanetliləri inkar edən hansısa nəzəriyyə yoxdur”

 

-Dəqiq elmlərdə ən çox bəyəndiyin qanun hansıdır?

 

-“S=VxT”. Həyatda nəsə əldə etmək üçün qət etdiyin məsafə sənin ona sərf etdiyin zaman və ona görə sərf etdiyin qüvvə sənin sürətinlə ölçülür.

 

-Azərbaycanlı tələbə.... cümləni tamamla.

 

-Azərbaycanlı tələbə hər zaman yeni nələrsə öyrənməli və öyrəndiklərini də ətrafındakılarla bölüşməlidir. Yalnız bu yolla həqiqətən yüksək sürətlə irəli gedə bilərik.

 

-Yadplanetlilərin olduğuna inanırsan?

 

-Nəzərə alsaq ki , indiki dövrdə nə qədər ziddiyətli olsa da, Darvin nəzəriyyəsinə inananlar var. Çünki onu inkar edəcək nəzəriyyə yoxdur. Bu baxımdan yanaşdıqda, yadplanetlilərə inanıram. Onların varlığını inkar edəcək dəqiq heç nə yoxdur.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır