Modern.az

“Çox təəssüf ki, mən hələ indi İsa Muğannanın qızı olduğumu dərk edirəm” - MÜSAHİBƏ  

“Çox təəssüf ki, mən hələ indi İsa Muğannanın qızı olduğumu dərk edirəm” - MÜSAHİBƏ   

12 İyun 2019, 10:17

Sevinc Muğanna: “Həmişə atamın adından istifadə etməyə utanmışam”

“İsa Muğanna ədəbiyyatımızın ən çox döyülən yazıçısı olub”

12 iyun tarixi görkəmli Xalq yazıçısı, ssenarist və kinoredaktor, "Nəsimi" mükafatının ilk laureatı İsa Hüseynovun (Muğanna) doğum günüdür.

Yazıçının yeganə övladı Sevinc Muğanna  atası haqqında xatirələrini Modern.az saytının “ART TIME” rubrikası ilə bölüşüb. Onunla söhbəti təqdim edirik:

- İsa Muğannanın qızı olmaq kim olmaq deməkdir?

- Bəlkə də ilk dəfədir ki, belə çətin sualla qarşılaşıram. Bəlkə də çoxlarının maraqlandığı, çoxlarının özündən razı bildiyi, əslində isə həddindən artıq sadə, özünü sıradan biri hesab edən xanımam..

Uşaq yaşlarımdan bu cür sadə olmuşam. Bəlkə də, mənim ən böyük mənfi cəhətim mənim sadə olmağımdır. Başıma gələn çətinliklərin çoxu da sadəliyimdən gəlir. Yalnız son zamanlar dərk edirəm ki, mən kiməm. İndi dərk edirəm ki, mən İsa Muğannanın qızıyam. Təəssüf ki, indi dərk edirəm.

- İsa Muğanna kimi yazıçıları zaman və ədəbiyyat çox az yetirir. Çoxları onu ədəbiyyatımızda ilk fəlsəfi romanın müəllifi kimi tanıyır. Bəs siz necə tanıyırsınız?

- Az əvvəl dediyim kimi, mən onu itirəndən sonra kimin qızı olduğumu dərk etdim. Başqaları bəlkə bundan istifadə edərlər, amma mən həmişə atamın adından istifadə etməyə utanmışam. Atamla vida mərasimi təşkil olunanda, Milli Dram Teatrının qabağındakı izdihamı görəndə, mən atamın necə böyük və əlçatmaz bir yazıçı olduğunu anladım. Mən tək atamı itirmədim, həm dostumu, həm də qardaşımı itirdim.

- Bir oxucu kimi İsa Muğannanın əsərləri ilə tanışlığınız nə vaxta təsadüf edir? İlk oxuduğunuz əsəri hansı olub?

- İlk dəfə çox kiçik yaşlarımda atamın əsərləri ilə tanış olmuşam. İlk oxuduğum hekayəsi “Cığırlar” olub. Mən illər sonra bu hekayə haqqında danışanda atam mənə irad tuturdu ki, “Cığırlar”dan danışma. Onun ruhu məni bağışlasın. Bir də ilk oxuduğum hekayələri sırasında romantik əsərləri də var. O, mənə deyərdi ki, “bu hekayələrin üstündən xətt çək. Bir də onlardan danışma”. Mən atamdan səbəbini soruşduqda deyirdi ki, “onlarda insan şəhvəti öndə verilir. Bu da mənə yaddır”. Atam vurğuladı ki, “mənim məhəbbətim Yunus Əmrə məhəbbətidir”. İsa Muğanna məhəbbəti ilahi sevgidir.


- “Ədəbiyyat tarix, tarix isə hər şeydir” deyərdi İsa Muğanna. Ədibin ən məhşur tarixi romanlarından biri də “Məhşər” romanıdır. Bu roman haqqında nə deyə bilərsiniz?

-
Deyərdim ki, İsa Muğanna yaradıcılığının ən çox sevilən və oxunan romanlarından biri idi. Atam tarixi çox sevirdi. Tarixi mövzuda əsər yaratmaq, roman yazmaq çox çətindir çünkü tarix dəqiq faktlara söykənir. İsa Muğanna yaradıcılığının özəlliklərindən biri də, onun iti hafizəyə və güclü yaddaşa sahib olması idi. Tarixi dəqiqliklə incələyir və daha sonra bununla bağlı əsərin üzərində işləməyə başlayırdı. Roman bu gün də sevilərək oxunmaqdadır, sadəcə, bu roman “İdeal” romanı qədər səs-küyə səbəb olmadı.

- İsa müəllimin ilk qələm təcrübələri haqqında nə deyə bilərsiniz?

-
İlk mətbu əsəri 1947ci ildə yazdığı “Arx” hekayəsi olub. Bununla da yaradıcılığa başlayıb. Sovet dövründə yazılan əsərlər mütləq müsbət sonluqla bitməli, xeyir şərə qalib gəlməli idi. “Arx” hekayəsində yazıçı həyatın özünü göstərmişdi. Güləndəm arvad 150 kiloqramlıq çox kök, yaşlı bir qadın olur. Arvadın qarğıdalıları susuzluqdan yanmağa başlayır. Su verən olmur. Oğlanları və həyat yoldaşı müharibədə olur. Güləndəm arvad  gecəylə arxın qabağına gedib onun axarını dəyişir ki, qarğıdalıları yanmasın. Səhər gəlib görürlər ki, Güləndəm arvad can verərək ölüb.

Mən artıq yetkinlik yaşlarında olanda bu əsərlə tanış olmuşdum. Həcmcə kiçik olmasına baxmayaraq, onu çox uğurlu əsər hesab edirəm. Daha sonra “Dan Ulduzu”, “Bizim Qızlar” hekayələrini yazmışdı. Atam bu əsərlərindən imtina etsə də, mən bu imtinalarla barışa bilmirdim.

- Bəs bu imtinaların səbəbi nə idi?

- Sovet senzurasının tələbi ilə yazılmış əsərlər olması idi. Lakin İsa Muğanna senzuraya sığmayan bir yazıçı  idi. Onu bir çərçivəyə salmaq mümkün deyildi. Alimlərdən çox az adam var ki, onu kəşf etsin.

Şair Zəlimxan Yaqub atamın ruhuna çox yaxın idi. Görkəmli elm xadimimiz alim Nizami Cəfərov atamı tam anlamıyla anlayan bir alim idi. Atamın ona məhəbbəti sonsuz idi.


- Xalq yazıçısının bütün dövrlərdə məhşur ola biləcək “İdeal” romanı bu gün ədəbiyyatımızın ən nadir incilərindən biridir. Siz ilk dəfə “İdeal” romanını oxuyanda nə hisslər keçirdiniz, özünüzü hansı aləmdə hiss etdiniz?


- Çox dəhşətli hisslər keçirdim. Biraz bu romanın doğuluşu haqqında danışmaq istərdim. “İdeal”  romanı öncə bir jurnalda “Eşq dəlisi” adı altında çap olundu. Sonra atam onun üzərində bir neçə dəfə işlədi və əsər “İdeal” adı altında çap olundu. Əsərin korrekturası atama çətinlik yaradırdı və bunu mənə həvalə etmişdi. Gecə mətbəxdə oturaraq, əsəri korrektə etməyə başladım. Təbii ki, əsərin Əbədiyyət bölməsinə, əsərin qapalı dünya hissəsinə gəldikdə orada ilişmişdim. Çətinliyə düşmüşdüm. Bu hadisə 1996-1997-ci illərə təsadüf edir.Həmin illərdə mənə çox əziz olan bir insanı - əmimoğlu Mustafanı itirmişdim. Əsərin qapalı dünya hissəsinə çatanda, başıma qəribə bir hadisə gəldi.
Bunu heç bir müsahibədə deməmişəm. İlk dəfədir ki, sizin rubrikanızda deyirəm. Bilmirəm bu əsərin təsirindən idi ya yox, bir də gördüm ki, əmimoğlu Mustafa öz sevimli kostyumunda, atamın əsərdə dediyi kimi, qəribə bir işığın içində gəlib qarşımda durdu və mənə baxıb gülümsədi. Mən o zaman çox qəribə bir hiss keçirdim. Durub onun dalınca getdim, qışqırmaq istədim, lakin qışqıra bilmədim. O gözümdən itdi. Əsərin korrektəsi çox çətin gedirdi. Bu hadisədən sonra kosmik surətlə əsərin korrekturasını yekunlaşdırdım.

- Bildiyimiz qədər İsa Muğannanın çox ağır və məşəqqətli həyatı olub. Həyatı boyunca bir çox çətinliklərlə qarşılaşıb və bu çətinliklər onun əsərlərinə də yansıyıb. Bu barədə fikirlərinizi eşitmək maraqlı olardı...

- Bəli, atamın çox keşməkeşli həyatı olub. Tibb Universitetinə daxil olub və oranı yarımçıq qoyub. BDU-ya daxil olub, sonra oradan da çıxıb. Daha sonra Maksim Qorki adına Ədəbiyyat niversitetini bitirib. Orada Salam Qədirzadə və Nəbi Xəzri ilə  birlikdə oxuyub və çox yaxın dost olublar.


Çoxuşaqlı ailənin ilk övladı olub. Ailənin bütün çətinlikləri onun üzərində olub. Uzun müddət kirayələrdə yaşayıb. İndi yazıçı Afaq Məsudun yaşadığı kommunal layihəli evdə atamın ailəsi və şair Qabilin ailəsi uzun müddət birlikdə yaşayıblar. Lakin bir dəfə olsun belə dalaşmayıblar.


- Oxucu kimi əsərlərində başa düşmədiyiniz məqamlar olurdu? Bu zaman İsa müəllimə  müraciət edirdinizmi?

- Nəyisə izah etmək onun üçün böyük zövq idi. Lakin iş görəndə ona yaxınlaşmaq olmurdu. Evdə onun xüsusi rejimi vardı. Axşam saat 10-11-də mənimlə anam artıq yatırdıq. Atam bu zaman mətbəxə keçərdi və yazmağa başlardı. Mütləq mətbəxdə çaydan mığıldamalı idi. Çayını yalnız armudu stəkanda içərdi.Səhər saat 5-də yazı masasından qalxıb yatardı. Gün ərzində cəmi 4-5 saat yatardı.

- İsa Muğannanın müasir ədəbiyyatımızda yerini necə görürsünüz?

- Atam ədəbiyyatımızın əlçatmaz yazıçılarından biri olub. Bununla bərabər ədəbiyyatımızın ən çox döyülən yazıçısı olub. Həmişə də ona qarşı olan əks və yersiz münasibətə gülərək keçib .Heç kimə reaksiya verməyib.

- İsa Muğanna iri həcmli romanlar müəllifi olmaqla yanaşı, həmçinin görkəmli ssenarist və kinoredaktor olub. “Tütək səsi”, “Nəsimi” kimi ekran əsərləri məhz onun ssenariləri əsasında çəkilib. Filmlərlə bağlı İsa müəllimin sizə söylədiyi xatirələri olubmu?

- “
Nəsimi” filminin ssenarisini İsa müəllim ulu öndər Heydər Əliyevin istəyi ilə yazmışdı. Rejissor Həsən Seyidbəyli ilə atam çox yaxın olublar. Anam deyirdi ki, “Nəsimi” filminin çəklişi zamanı bir yay atamın üzünə həsrət qalıb. Atam öz ssenarisi əsasında çəkilən bütün filmlərdə əvvəldən sonadək iştirak edib. Bircə “Nizami” filmindən başqa.


- Onun bir oxucu kimi ədəbi zövqü kimlərin üzərdə qurulmuşdu? Sizə oxumaq üçün hansı əsərləri məsləhət görürdü?

-
Üstünlüyü rus ədəbiyyatına verərdi. İlk növbədə Dostayevski. Dostayevskinin “Bəyaz gecələr”ini mənə oxutdurdu. Tolstoyun, Turgenevin, Çexovun hekayələrini mütamadi olaraq mənə oxutdurardı. Fransız ədəbiyyatını və antik ədəbiyyatı çox sevərdi və oxutduaradı. Şekspri oxuyurdum və bu zaman atam mənə əsərləri anlamaq, aydınlaşdırmaq üçün istiqamət verərdi.

- Atanız müasir ədəbi gəncliyimizdən kimləri bəyənirdi?

-
Gənc nəsildən tənqidçi Əsəd Cahangiri çox bəyənirdi. Gənc və istedadlı yazıçı Şamil Sadiqi hər zaman vurğulayırdı.

- Bəs musiqimizlə bağlı düşüncələri necəydi? Bilirik ki, aşıq sənətini çox sevdiyindən saz havası ilə dəfn olunub...

- Bəli, öz vəsiyyətinə görə “Ruhani” havasıyla dəfn olundu. Xalqımıza, cənab prezidentimizə təşəkkür edirəm ki, “Xalq yazıçısı”, atam İsa Muğannanın dəfnində mənə yaxından kömək göstərdilər. Onu Birinci Fəxri xiyabanda dəfn etdilər.

İfaçılara gəlincə isə Aşıq Kamandarı çox sevərdi. Kamandar oxuyan zaman bəzən atam ağlayardı. Estrada ifaçılarından İlhamə Quliyevanın bütün ifalarını bəyənirdi. Gənclərdən isə müğənni Röya Ayxanın səsini və ifalarını xoşlayırdı.


- Sevinc xanım, heç ədəbi yaradıcılıqda özünüzü sınamısınız?

-
1991-ci ildə Bakı Dövlət Universitetini bitirmişəm. 1992-ci ildən həmin Universitetdə çalışıram. Hazırda Universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimiyəm.

Yaradıcılığa gəlincə, bu qabiliyyətim var, sadəcə onun üzərində işləməmişəm. Uzun illər atam və anam xəstə oldular. Tək övlad olduğum üçün onların bütün çətinliklərini həll etmək, onlara qayğı göstərmək mənim üzərimdə idi. 1994-1995-ci illərdə atam ard-arda infakt keçirdi. Lakin biz onun iniltisini bircə dəfə olsun belə, eşitmədik.

- Həyatda ən böyük çətinliyiniz nə vaxt olub?

-
Bu haqda danışmaq mənə çox çətindir. 2014-cü ildə atam dünyasını dəyişdi. Ondan sonra isə anam yatağa düşdü. Atamdan sonra anam bir dəfə də olsun gülmədi.
2016-cı ildə həyat yoldaşım qəfildən dünyasını dəyişdi. Elə həmin ildə də anamı itirdim. Ailənin bütün çətinlikləri mənim üzərimdədir. İki övladımla birlikdə yaşayıram. Tək qadına iki övlad böyütməyin nə qədər çətin olduğunu yəqin ki bilirsiniz...

 - İsa Muğanna ölməzdən öncə sizə nə vəsiyyət etdi? Ürəyində qalan arzusu oldumu?

- Mənim ən yaralı yerimə toxundunuz. Atamın ən böyük arzusu Ağstafadakı evində ev-muzeyinin yaradılması idi. O arzu ilə də İsa Muğanna bu dünyadan köçdü. Mənə vəsiyyət etdi ki, həmin  evdəki heç bir əşyaya toxunmayım. Sınıq əşyalar belə olsa saxlayıb, muzeyə təhvil verim. Ən böyük arzum, atamın vəsiyyəti üzərinə Ağstafada ev-muzeyinin yaradılmasıdır.

- Atanızın 90 illik yubileyinin dövlət səviyyəsində keçiriləcəyini eşitdikdə hansı hissləri keçirdiniz?

-
Çox sevindim. Bunun üçün öncə Azərbaycan mədəniyyəti və incəsənətinin himayədarı, qoruyucusu olan cənab prezidentimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. İsa Muğanna sağlığında həmişə cənab prezidentimizin diqqət və qayğısı ilə əhatə olunmuşdu. Mən çox istərdim ki, onun təqaüdünün müəyyən bir qismi ailəsinə verilsin. Çünkü təkbaşına iki övlad böyütmək mənə çox çətindir. Kanallarımızda ara-sıra İsa Muğannanın ssenari müəllifi olduğu filmlər nümayiş olunur, lakin heç bir kanal filmlərin nümayişi ilə bağlı onun ailəsinə qonorar təqdim etmir.

- İsa Muğanna sevərlərə rubrikamız vasitəsilə nə demək istərdiniz?

-
İsa Muğanna yaradıcılığı özü bir məktəbdir. Bütün oxuculara təşəkkür edirəm. Çox xoşdur ki, Modern.az saytı, incəsənətlə bağlı belə bir rubrika açıb. Qələminiz hər zaman iti olsun. Bu rubrikada İsa Muğannanın həyat və yaradıcılığını işıqlandırdığınız üçün çox sağ olun. Ümüd edirəm ki, İsa Muğanna yaradıcılığı Azərbaycan ədəbiyyatı var olduqca,  yaşayacaq və bütün dövrlərdə sevilərək xatırlanacaq.



Leyla Əsədullayeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır