Modern.az

Yeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıb

Yeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıb

16 Noyabr 2018, 09:35

2019-cu ildə keçiriləcək qəbul imtahanlarında yeni dəyişikliklər tətbiq olunacaq. Belə ki, 2009-cu ildən təhsil müəssisələrində tədris kurikulum əsasında qurulduğuna görə, artıq 2019-cu ildən etibarən qəbul imtahanları yeni formatda keçiriləcək.

Qaydalara əsasən, 2019-cu ildəki buraxılış imtahanlarına daxil edilən fənlər indiki buraxılış imtahanlarında olanlardır - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bir qədər dəyişdirilir.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadə açıqlamasında bildirib ki, 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunacaq:

"Buraxılış imtahanında maksimum 300 bal toplana bilər. Qəbul imtahanında isə abituriyentlər ən yüksək halda 400 ballıq nəticə göstərə biləcəklər. Bu zaman hər iki nəticə toplanıb, ümumi balla müsabiqə keçirilir".

Bu il dəyişikliklərin tətbiq edildiyi ilk il olduğuna görə, qəbul imtahanlarına hazırlaşan abituriyentlər də, onların valideynləri də bir qədər narahatdır. Heç kəsə sirr deyil ki, şagirdlərin əksəriyyəti qəbul imtahanlarına hazırlaşarkən, fərdi müəllimlərə müraciət edir, kurslara, hazırlıqlara gedirlər. Bəs görəsən, bu il abituriyentlərin hazırlıq prosesi necə gedir? Orta məktəb dərsləri ilə paralel aparılan hazırlıqlar şagirdlər üçün problem yaradırmı?

Modern.az-ın bu barədə sorğusunda iştirak edən yazıçı Hədiyyə Şəfaqətin bu il iki övladı ali məktəbə hazırlaşır. Hədiyyə xanım bildirib ki, qızının biri orta məktəbi ötən il bitirib və kurikulum sistemi ilə təhsil almayıb:

“Xüsusilə, böyük qızım üçün imtahanlar çox çətindir. Yeni sistemə hazırlaşmaqda problemlər yaşayır, şikayətlənir. Ötən il qəbul imtahanlarına hazırlaşarkən oxuduqlarının bəziləri lazım olmur. Yeni imtahan sistemi ilə ilk imtahan olacaq, əksər məsələlərdə anlaşmazlıqlar var. Hətta müəllimlər özləri də çaşıb qalıblar”.

Valideyn onu da əlavə edib ki, övladları hazırlıqlara həftədə cəmi üç gün vaxt ayırırlar:

“Kiçik qızım orta məktəbin 11-ci sinfində oxuyur. Dərslərə də vaxtlı-vaxtında gedir, kurslara da zaman ayırır. Hazırlıq kursunda bəzən əlavə dərslər təşkil edir, çağırırlar. Müəllimlər əlindən gələnin artığını edir, kömək üçün pulsuz fərdi və qrup dərsləri keçirirlər. Kiçik qızım idmanla da məşğul olur, kapoera məşqçisidir, bütün bunlara vaxt çatdırıb qəbul imtahanlarına hazırlığı da davam etdirir”.

 XI sinif şagirdi Ayxan İmanlı isə deyir ki, müəyyən olunmuş proqram əsasında lazımi kitabları oxumaqla qəbul imtahanlarına rahat hazırlaşmaq olar. Dəyişiklik edilmiş qəbul qaydaları müsahibimizi qorxutmur:

“Mənim və abituriyent dostlarımın nisbətən əziyyət çəkdiyi məqam açıq tipli test tapşırıqlarının sayının artırılmasıdır. Təkcə kurikulumla bağlı kitablardan istifadə etmək yetərli deyil. Əvvəlki sistemlə hazırlanan kitablar da bizə lazım olur ki, mövzuları ətraflı öyrənək. Açıq testlər xaricində qalan bütün məsələlərdə çətinlik demək olar, yoxdur.

Kurikulum sistemi ilə imtahan götürüldüyünə görə, proqramımızda da dəyişikliklər var. Məsələn, Tarix fənnindən bəzi mövzular çıxarılıb, imtahana salınmır. Aquen kilsə məclisinin çağırılması hadisəsi əvvəlki illərdə çap olunan kitablarda 498-ci il, indiki proqramda isə 488-ci il götürülür. Həmçinin, Azərbaycanda məskunlaşan şumer tayfaları ilə bağlı bölmə də proqramdan çıxarılıb. Bunlar yadımda qalan nümunələrdir”.

Ayxan İmanlının sözlərinə görə, orta məktəb dərsləri ilə hazırlığı çatdırmaqda çətinlik çəkmir:

“Hazırlıqda orta məktəbdə keçdiyimiz dərsləri ümumi olaraq təkrar edirik. Sistemli şəkildə günümüzü böldükdə hazırlığa da, məktəbə də vaxtımız qalır”.

İngilis dili müəllimi Günel Yaşarqızı da hazırlıq üçün ona müraciət edən abituriyentlərin şikayətlərini çatdırıb:

“Şagirdlər deyirlər ki, bəzi ixtisas qrupuna hazırlaşan abituriyentlər buraxılış imtahanlarında qeyd olunan fənlərdən hazırlaşdığına görə, 6 fəndən imtahan götürülməsi onlar üçün ciddi problem yaratmır. Şagirdlərə görə, yeni sistemlə 6 deyil, elə 5 fəndən hazırlaşmalı olublar. Sadəcə IV qrupa hazırlaşan abituriyentlərin bir az çətinliyi ola bilir.

Əsas məsələ isə hər zaman olduğu kimi abituriyentlərin vaxt problemidir. Hazırlığa gedən, fərdi müəllimlərə müraciət edən şagirdlər bunları məktəb dərsləri ilə uyğunlaşdıra bilmirlər. Bu səbəbdən bütün hazırlıqlar günortadan sonraya təyin edilir. Ümumilikdə yeni sistemin yaxşı tərəfi də, pis tərəfi də var. Yaxşı odur ki, bəzi mövzular çıxarılıb, proqram kurikulum sisteminə uyğun nisbəən sadələşdirilib. Abituriyentlər üçün mənfi olan isə açıq sualların sayının artmasıdır. Bundan da şikayətlənirlər”.

Bu il nəvəsi imtahan verəcək olan Sarıtel nənə də saytımıza danışıb. O deyir ki, həm abituriyentin vaxt qıtlığı, həm də valideynlərin hazırlıqlara pul çatdırmaq barədə problemləri var:

“Nəvəm Ziya bu il XI sinifdə oxuyur. 6 fəndən hazırlığa qoymuşuq. Ən ucuz fərdi dərsin qiyməti təxmini 50 manatdır. Nəvəm vaxtının çatmadığından şikayətlənir, orta məktəb dərsləri ilə hazırlıqları paralel apara bilmir. Çox zaman dərsdən qalmalı da olur. İndiyə qədər orta məktəbdə yaxşı oxuyub və daha çox hazırlıqlara, məktəbdə keçdiklərini təkrarlamağa vaxt ayırmaq istəyir.

Oğlum və gəlinim isə uşağın hazırlıqlarına pul çatdırmaqda çətinlik çəkirlər. Yenə də onun yaxşı təhsili olması üçün çalışırıq”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir