Modern.az

Diaspor fəaliyyətində qadınların rolu güclənir

Diaspor fəaliyyətində qadınların rolu güclənir

20 Noyabr 2018, 12:57

Bir neçə gün bundan qabaq Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Skandinaviya ölkələrinə (İsveç, Norveç, Finlandiya və Danimarka) səfər edib. Konfransda İsveç, Norveç, Finlandiya və Danimarkadakı Azərbaycan diaspor təşkilatlarının və soydaşlarımızın daha konstruktiv, məqsədyönlü, aktiv və koordinasiyalı fəaliyyətini təmin etmək məqsədi ilə İsveçdə Azərbaycanlıların Koordinasiya Şurasının yaradılması haqqında qərar qəbul olunub.

"Finlandiya Azərbaycan-Türk gənclər təşkilatının" sədri Ülviyyə Cabbarova, İsveçdə fəaliyyət göstərən yazıçı, SAF təşkilatının üzvü Eluca Atalı, İsveç Azərbaycanlıları Konqresinin üzvü Sara Eveberqer, Norveçdə fəaliyyət göstərən "Can Azərbaycan" təşkilatın rəhbəri Şervin Nəcəfpur Koordinasiya Şurasının əlaqələndiricisi seçiliblər.

 

Diqqət çəkən məqam odur ki, 4 azərbaycanlı qadın Koordinasiya Şurasının əlaqələndiricisi seçilib. İlk dəfədir ki, azərbaycanlı qadınlar bir araya gələrək məsul işə əlaqələndirici təyin olunurlar.

Bəs xanımlarımızın xarici ölkələrdə aktiv fəaliyyəti diasporumuza nə verəcək?

Modern.az bununla bağlı bir neçə tanınmış azərbaycanlı xanımın fikrini öyrənib.

"Diaspor sahəsindəki qadınlarımız çox fədakar və aktivdirlər"


Milli Məclisin deputatı Məlahət İbrahimqızı açıqlamasında Azərbaycan qadınlarının xaricdəki uğurlarına sevindiyini bildirib:

"Azərbaycan qadını elm, təhsil və digər sahələrdə uğurlu inkişaf yolunu tutub. Bu tarix boyu belə olub. Azərbaycan qadını adına ən yaxşı sahələrdə rast gəlmək mümkündür. Bildiyiniz kimi, Azərbaycanın Dağlıq Qarabağ problemi ən yaralı yerimizdir. Hətta torpaqlarımızın azadlığı uğrunda da iştirak edən qadınlarımız olub. İki Milli Qəhrəman qadınımız olan Gültəkin Əsgərova və Salatın Əsgərovanın adını çəkmək olar. Bu gün də bu cür qadınlarımızla fəxr edirik. Sevindirici məqam diaspor sahəmizlə də bağlıdır. Belə ki, vətənpərvər, ziyalı qadınlarımızın adını diaspor sahəsi ilə bağlı da eşidirik. Diaspor sahəsindəki qadınlarımız çox fədakar və aktivdirlər. Bu, bizi çox sevindirir. Çünki ölkəmizdən kənarda yaşayan qadınlarımızın uğurlarını, fədakarlıqlarını eşitdikdə bu cür müsbət hallara sıradan yanaşmaq olmur. Çünki xarici ölkələrdə Azərbaycan xalqının nümunəsini, obrazını yaradırlar. Bu, çox önəmlidir. Bu obrazı yaşatmaqla yanaşı, diaspor sahəsinə də öz töhfələrini vermiş olurlar. Qadınlarımız Azərbaycan həqiqətlərini dünyaya çatdırırlar. Ümumilikdə diasporla bağlı bir kəlmə söyləmək istərdim. Belə ki, Fuad Muradovun komitəyə təyinat alması çox sevindirici oldu. Çünki Fuad Muradov hələ Milli Məclisdə İdman və Gənclər siyasəti komitəsinin sədri olduğu dövrlərdə də gənclər təşkilatının rəhbəri kimi bu sahədə çox işlər görüb. İnanıram ki, diaspor sahəsində də uğurlu inkişaf strategiyasını həyata keçirəcək. Artıq inkişaf göz qabağındadır. Dünyanın hər bir ölkəsində diaspor sahəsinin çiçəkləndiyinin şahidi oluruq. 4 qadının ilk dəfə seçilməsi komitənin uğurudur. Bu o deməkdir ki, aktiv qadınlarımızın sayı daha da çox olacaq".

"Azərbaycan qadınları ölkənin hüdudlarından kənarda da iz qoymağı bacarır"


"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyevanın sözlərinə görə, qadınlarımızın əlaqələndirici seçilməsi çox təqdirəlayiq haldır:

"Mənim fikirlərimə yer verdiyiniz üçün minnətdaram. Bu yaxınlarda mənimlə bərabər "EuroAzNL" təşkilatının rəhbəri Emil Əliyev də Koordinasiya Şurasının əlaqələndiricisi seçilmişik. Təbii ki, çalışacağıq ki, üzərimizə düşən işi məsuliyyətlə yerinə yetirək. Qaldı ki, qadınlarımızın Koordinasiya Şurasının əlaqələndiricisi seçilmələrinə, təbii ki, bu cür işlərdə yüksək mövqe tutmalarını alqışlayıram. Azərbaycan qadınları hər zaman yüksək pillələrdə yer tutublar. Şərqdə ilk operanı Azərbaycan qadını yazıb. Hətta 100 il bundan öncə qurulan Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə Şərqdə qadına seçki hüququ verib. Bu cür nüanslar boşuna deyil. Bugünkü cəmiyyətimizdə qadınlarımızın uğurları da keçmiş ənənələrdən qaynaqlanır. Tarixdən aldığımız nümunələr, örnəklər bizi bu cür müsbət addımlar  atmağa vadar edib. Ümumiyyətlə, Azərbaycan qadını elm, təhsil, səhiyyə və digər sahələrdə inkişaf yolunu tutub. Qadınlarımızın diaspor sahəsində özünü inkişaf etdirməsi ondan irəli gəlir ki, bu gün Azərbaycan qadınları ölkənin hüdudlarından kənarda da iz qoymağı bacarır. Avropada müsəlman dövləti kimi tanınırıq. Çox zaman müsəlman qadının sıxışdırılmasından bəhs edilir. Halbuki, bu belə deyil. Azərbaycan qadını hər zaman özünün dəyərli yerini tutub. Biz öz ölkəmizdə də qadınlarımızın fəallığını görürük. Baxın, Milli Məclisdə, təhsildə, səhiyyədə qadınlarımız təmsil olunur. Biz bu cür məqamları gördükcə ruhlanırıq və xaricdə fəallığımızı artırmağa çalışırıq. Hesab edirəm ki, qadınlarımızın koordinasiyada əlaqələndirici rolu oynaması çox gözəl alına bilər. Bu, təqdirəlayiq haldır".

"4 azərbaycanlı qadının əlaqələndirici seçilməsi yaxşı nümunədir"


Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova isə vurğulayıb ki, 4 azərbaycanlı qadının ilk dəfə belə bir məsul işin icrası üçün seçilməsi müsbət qarşılanmalıdır:

"Komitə olaraq hər zaman qadınlarımızın həm ölkədə, həm də ölkədən kənarda fəaliyyətlərini, işlərini genişləndirə bilmələrinin müsbət nümunə ola biləcəyini söyləyirik. Hər zaman qadınlarımızın ölkəmizin inkişafına töhfə vermələrinə çalışmışıq. Çox sevindirici haldır ki, azərbaycanlı xanımlarımız nəinki diaspor sahəsində, eyni zamanda, müxtəlif ölkələrin seçki prosesində iştirak edirlər və qələbə qazanırlar. Hətta xaricdəki qadınlarımızın hansısa idarəetmədə vəzifə tutmalarını eşidəndə çox sevinirik. Deməli, inkişaf var. Qadınlarımız yaşadıqları xarici ölkələrdə ölkəmiz üçün də töhfələr verirlər. Bildiyiniz kimi, hələ də Azərbaycan qadınları haqqında müəyyən fikirlər var. Guya Sovet dövrü keçmiş xanımlarımız ictimai, siyasi işlərdə uğur qazana bilməz. Yeni müstəqillik əldə edən ölkənin xanımları hansı biliklərə, bacarıqlara sahib ola bilər?! Amma reallıq əksini ortaya qoyur. Xanımlarımız yüksək peşəkarlığa malikdirlər. Bu peşəkarlığı xarici ölkələrdə yaşayan qadınlarımız arasında da görürük. Onlar hansısa xarici ölkəyə yaşamaq üçün üz tutsalar da, orada diaspor sahəsində fəal xidmətlər göstərməyə başlayırlar. Ona görə də 4 azərbaycanlı qadının əlaqələndirici seçilməsinə komitə olaraq ancaq sevinə bilərik. Bu, həm də yaxşı nümunədir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır