Modern.az

“Ermənistan Dilqəm Şahbazı qaytarmaqla aktivinə xeyli xallar yaza bilər” - Zahid Oruc

“Ermənistan Dilqəmlə Şahbazı qaytarmaqla aktivinə xeyli xallar yaza bilər” - Zahid Oruc

20 Noyabr 2018, 17:10

Ermənistanın baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında girov və əsirlərin dəyişdirilməsi barədə fikirlərini bölüşüb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanda saxlanılan erməni diversant Karen Kazaryanla dəyişdirilməsinə razı olmadıqlarını deyib. O, bu barədə Karen Kazaryanın qohumlarının etirazı haqqında danışarkən söyləyib

“Azərbaycan tərəfi hamını hamıya dəyişdirmək barədə plan təqdim edib. Biz buna getməliyik? Bəs ölənlərin ailəsindən soruşmusunuz? Daha iki Ramil Səfərovu qaytaraqmı?”,-deyə Paşinyan bildirib.


Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a deyib ki, Paşinyan inqilabi prosesi seçkilərdə real xalq səsilə hökumətə çevirmək istəyirsə, əvvəlki hakimiyyətlərin Azərbaycanla bağlı həyata keçirdiyi siyasətindən üz çevirməlidir:

“Əks halda, eyni aqibətlə üz-üzə qalmış olacaq. O cümlədən, əsir və girovlarla bağlı məsələdə də əvvəlki xətt yanlış idi. Gördüyünüz kimi, Azərbaycan son günlər bütün əsir və girovların dəyişdirilməsi mövqeyindən çıxış edir. Özünü demokrat adlandıran ölkələr isə əsl diktatura siyasəti yürütməkdədirlər. Şahbaz və Dilqəm bu siyasətin qurbanına çevrilən yalnız iki nəfərdir. İnsanlarımız uzun illər ərzində erməni əsirliyində və girovluğunda qalmaqla, bizim ölkəmizə qarşı aparılan amansız siyasətin canlı şahidlərinə çevriliblər. İş ondadır ki, ermənilər Dilqəm və Şahbaz üzərində qurulan “məhkəmə” prossində bir tərəfdən Qarabağı beynəlxalq hüquq sbuyekti kimi göstərməyə çalışırdılar, digər tərəfdən də burada seçilən hədəf bəlli idi.

Azərbaycanın hansı addımları atmağından asılı olmayaraq, Şahbaz və Dilqəm bizimlə aparılan mübarizədə sanki insanlarımızın əleyinə olan dəyənəkdir, vasitədir”.

 

Z.Orucun sözlərinə görə, ermənilər Azərbaycanın hər iki girovun, eləcə də digərlərinin qaytarılmasını istədiyini dərk edirlərsə, bu yöndə real iradə göstərişi olmalıdır:

“Əslində bu, nəinki beynəlxalq sənədlərdə ifadə olunub, eləcə də Ermənistanın özünün xeyrinə olan məsələdir. Azərbaycan erməni tərəfinin əsirlərinə hər hansı işgəncələr, insanlıq əleyhinə olan iztirablar törətməyiblərsə, belə olan təqdirdə bu dəyişdirilmə əməliyyatları yeni hakimiyyətin sülh danışıqlarına fərqli yanaşması kimi təzahür edə bilər. Onlar bununla həm ölkə vətəndaşları içərisində, həm regional və həm də beynəlxalq miqyasda aktivlərinə xeyli xallar yaza bilərlər. Paşinyan isə Qarabağ məsələsində ilk günlər Sarkisyanvari danışmışdı. Düşənbədəki məlum sammitdən sonra bir qədər taym-aut götürmüş oldu. Ancaq görünür bəlkə də seçki amilinə görə kəskin addımlar atmaqdan çəkinir. Hazırkı şəraitdə o, xalq içərisində müəyyən populyarlığa malikdir. Biz onların səbəbləri üzərində dayanmırıq. Əvvəlki hakimiyyətlər o cür qaniçən, cəllad siyasəti yürütməsəydi, bəlkə də Paşinyan indiki qədər nüfuzlu olmazdı.

Amma bu ona imkan verir ki, nəinki əsir və girovlar məsələsində Azərbaycan tərəfindən anlaşmalara getsin, hətta bunun miqyasını bir qədər də genişləndirsin. Hazırda Ukrayna və Rusiya arasındakı məlum qarşıdurma və gərginliyə baxmayaraq, humanitar missiyanın kanallarını heç kim bağlamır. Ona görə də Paşinyan niyə özünü bundan məhrum eləsin... Görünür dekabrın 9-da keçiriləcək seçkilərdən sonra bu yöndə müəyyən addımlar atılacaq. Hər halda buzun sındırılmasına ehtiyac var. Azərbaycan tərəfi yenə də böyük bir məram nümayiş etdirir ki, həmin addımları atmağa hazırdır. Hesab edirəm ki, bu, beynəlxalq qurumlar, səfirliklər və diplomatik korpuslar tərəfindən də qeydə alınır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi