Modern.az

Monqollar Azərbaycanın korrupsiyaya qarşı təcrübəsini öyrənməyə gəldilər

Monqollar Azərbaycanın korrupsiyaya qarşı təcrübəsini öyrənməyə gəldilər

Aktual

21 Noyabr 2018, 17:27

Monqolustanın  Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin baş direktoru Enkjargal Kurelsukun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi müsbət təcrübə və nailiyyətlərlə tanış olmaq, o cümlədən ixtisaslaşmış anti-korrupsiya qurumları arasında ikitərəfli münasibətlərin təsis edilməsi məqsədilə cari ilin 20-23 noyabr tarixlərində Azərbaycan Respublikasında  səfərdə olub. 

Bu barədə Modern.az-a Baş Prokururluğun mətbuat xidmətindən məlumat verilib.

Enkjargal Kurelsukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş Prokurorluğuna gəlib.

Baş prokuror Zakir Qaralov prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli  müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması  istiqamətində aparılan köklü islahatlar, həmçinin qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib. 


Səmimi qəbul üçün minnətdarlığını ifadə edən Enkjargal Kurelsuk rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş naliyyətləri yüksək qiymətləndirib. Görüşdə ölkələrimiz arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərinin gələcək inkişafına inam ifadə edilmiş, hüquqi əlaqələrin dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

 

Monqolustan nümayəndə heyəti Baş Prokurorluğun Tarix Muzeyində Azərbaycan dövləti, onun hüquq sistemi, dövlət başçısının rəhbərliyi altında aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən guşə və digər ekspozisiyalar ilə tanış olub.

 

Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib.

 

Qonaqları qəbul edən Baş prokurorun müavini - Baş İdarə rəisi Kamran Əliyev ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən hərtərəfli islahatlar, korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər, bu sahədə ixtisaslaşdırılmış qurumlar olan Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, habelə cinayət təqibi orqanı funksiyasını yerinə yetirən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müsbət təcrübəsi və əldə etdiyi uğurlar barədə ətraflı məlumat verib.

 

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparıləb.

Tədbirin gündəliyinə uyğun olaraq noyabrın 21-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidməti arasında korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi baş tutub.

Sənəd Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş İdarə rəisi Kamran Əliyev və Monqolustanın  Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil İdarəsinin baş direktoru Enkjargal Kurelsuk tərəfindən imzalanıb.

Səfər çərçivəsində qonaqlar "ASAN xidmət" modeli, məhkəmə və prokurorluq orqanlarının infrastrukturunun müasirləşdirilməsi istiqamətində aparılan işlərlə də tanış olublar. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə