Modern.az

Milli ideologiyanın mahiyyəti: türk və antitürk nəzəriyyələri

Milli ideologiyanın mahiyyəti: türk və antitürk nəzəriyyələri

10 Dekabr 2009, 12:01

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi, fəlsəfə elmləri namizədi

Azərbaycanda milli ideologiyanın

mahiyyəti və tarixi: türk və antitürk nəzəriyyələri

 

                                                                                     I yazı Azərbaycan xalqının milli ideologiyasını yaratmaq bir zərurət kimi XX əsrin əvvəllərində meydana çıxdığı üçün, ilk ciddi addımlar da bu dövrdə atılıb. Buna səbəb isə, həmin dövrdə dünyada, o cümlədən çar Rusiyasında, eləcə də bölgədə baş verən ciddi dəyişiklikərin, inqilabların həm də Azərbaycan xalqına aid olmasının vacibliyini önə çəkmək və bu qarşısıalınmaz proseslər zamanı yayılmağa başlayan müxtəif ideoloji nəzəriyyələrdə Azərbaycan xalqının ayrıca bir millət olaraq (Qafqaz müsəlmanları, Qafqaz türkləri, Azərbaycan türkləri, Azərbaycan xaqı, azərbaycanlılar və s. ad altında) iştirak etməsini, ondan faydalanmasını və yalnız bu xalqa məxsus milli ideyalarını yaratmaqla təmin etmək zərurəti olub. O dövrün mütəfəkkirlərinin də bundan irəli gələrək Qafqaz müsəlmanlarının-türklərinin ayrıca bir xalq olmasını, onun mənşəyinin qədimliyini və aborigenliyini irəli sürməkdə əsas məqsədləri, ilk növbədə «Azərbaycan-türk xalqı» ideyasını formalaşdırmaq olub. Etiraf etmək lazımdır ki, XX əsrə qədər «Azərbaycan-türk xalqı», «müstəqil Azərbaycan», «Azərbaycan türkləri», «Azərbaycan-türk dövləti» və s. anlayışlar ideoloji və siyasi mənada özünü göstərməyib, yalnız ötən əsrin əvvəllərindən milli ideyalar kimi meydana çıxıb.

Əlbəttə, bu zaman həmin dövrün mütəfəkkirləri arasında milli məfkurənin hansı ideyalar, prinsiplər əsasında formalaşması məsələsində: Azərbaycan xalqının və İslam Şərqi bölgəsinə xas milli mənəvi dəyərlərin önə çəkilməsinin zəruriliyi, Qərb və Rusiya mədəniyyətinin təsiri altında yaranmış ideoloji nəzəriyyələrin təbliği, eləcə də bu nəzəriyyələrin milli ideyalarla uzlaşdırılmasına münasibətdə və s. fərqli, hətta bir-birinə müəyyən qədər zidd olan mülahizələr də irəli sürülüb. Ancaq bütövlükdə, bir xalqın varlığı üçün önəmli olan «müstəqil Azərbaycan», «Azərbaycan-türk xalqı», «Azərbaycan-müsəlman xalqı», «Azərbaycan müsəlmanları»,  «Azərbaycan türkləri», «Azəbaycan-türk dövləti», «Azərbaycan-türk dili» və s. kimi anlayışlar, bu dövrü mütəfəkkirlərinin əksəriyyəti tərəfindən irəli sürülüb və əsaslandırımağa çalışılıb.

Beləliklə, XX əsrin əvvəllərində yaşayıb yaratmış mütəfəkkirlərimiz - Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, N.Nərmanov, S.M.Əfəndiyev, Y.V.Çəmənzəminli, Ə.Topçubaşov, N.Yusifbəyli, C.Məmmədquluzadə, Ü.Hacıbəyov dövrün müxtəlif ideoloji nəzəriyyələrinə (sosial-demokratiya, sosialist-inqilabçılar və s.) meyl etməklə bərabər Azərbaycan xalqının milli idelogiyasının başlıca prinsiplərini, ana xətlərini müəyyənləşdirməyə çalışıb. Bu zaman onlar yerli Azərbaycan-türk xalqının və bütövlükdə islam Şərqi bölgəsinin mədəni irsinə xas milli mənəvi dəyərlərin (türk, Azərbaycan, islam və s.) mahiyyətinə və bu dəyərlərin tarixinə - yaxın keçmişdə (XIX əsrdə), eləcə də qədim dövr və orta əsrlərdə olan münasibətləri, dəyərləndirmələri nəzərdən keçiriblər. Deməli, milli ideologiyanın formalaşmasında mühüm rol oynayan milli mənəvi dəyərlərin mahiyyəti və tarixi, bu dövrün mütəfəkkirlərinin də diqqət mərkəzində olub.

Ümumiyyətlə, milli ideologiyanın təşəkkülü prosesi XX əsrə qədər böyük bir təkamül yolu keçərək, müəyyən bir ardıcılıqla, zəncirvari şəkildə baş verib: buraya milli ideologiyanın formalaşmasında mühüm rol onayan və onun əsas pinsiplərini təşkil edən milli mənəvi dəyərlərin mahiyyəti və tarixi, XIX əsrin I yarısında milli mənəvi dəyərlərə ilk milli-ideoloji münasibətlər, XIX əsrin II yarısında bu dəyərlərin əsasında ideologiyalaşmanın başlanması və Qərb mədəniyyətinin təsiri aiddir.

Milli ideologiya probleminin məzmununu açmaq üçün nəzər salmalı olduğumuz əsas məsələlərdən biri, milli məfkurənin təşəkkülü prosesində mühüm rol oynayan milli mənəvi dəyərlərin mahiyyət və tarixidir. Fikrimizcə, milli mənəvi dəyərlərin mahiyyət və tarixi dedikdə, həm də milli ideologiyanın mahiyyəti və tarixini başa düşməliyik. Birincisi, ona görə ki, 19 yüzillikdən başlayaraq milli ideologiya məhz bu dəyərlər əsasında formalaşmağa başlayıb və bu gün də öz aktuallığını qoruyub saxlayır. İkincisi, milli ideologiyanın təşəkkülünə qədər də milli mənəvi dəyərlərmiz mövcud olub və bu Azərbaycan xalqının təşəkkülünün, milli dilinin, ölkə adının yaranmasının və s. əsasını təşkil edib.

Bu baxımdan milli ideologiyanın təşəkkül tarixini qeyd-şərtsiz XIX əsrdən, bu dövrdə yaşamış mütəfəkkirlərimizin ideyalarından başlamaq ciddi yanlışlıq olardı. Ona görə də, bəzi vacib problemlərin mahiyyətinin tamamilə açılması üçün, burada bir neçə zəruri məsələyə toxunmuşuq.

Birinci məsələ ondan ibarətdir ki, «XIX əsrin birinci yarısında milli ideologiyanın təşəkkülü prosesi» dedikdə, bu dövrə qədər Azərbaycan-türk xalqına məxsus olan ayrı-ayrı milli mənəvi dəyərlərin, obrazların, adət-ənənələrin, təsəvvürlərin və s. ideologiyalaşma prosesi nəticəsində bütövləşməsi, çulğalaşması və vahid xətt üzrə formalaşmasına zəmin hazırlanması nəzərdə tutulub. Bunu, yəni ayrı-ayrı obrazları, təsəvvürləri və s. bu şəkildə formulə edərək ideologiya adlandıran ilk dəfə XIX əsrin əvvəllərində fransız filosofu və iqtisadçısı A.Destyut de Trasi olub. Bu baxımdan, burada irəli sürülən müddəa, Azərbaycanda, Azərbaycan türkləri arasında XIX əsrin birinci yarısına qədər hər hansı bir ideyanın və yaxud ideyaların olmaması deyil, əksinə həmin dövrə qədər olan milli mənəvi dəyərlərin, anlayışların, təsəvvürlərin, obrazların, xüsusiyyətlərin nə cür vahid şəkilə salınması - çulğalaşması, başqa sözlə ideologiyalaşmanın təzahürlərinin XIX əsrdə hansı milli mənəvi dəyərlər nəticəsində meydana çıxması ilə bağlıdır.

Deməli, XIX əsrin birinci yarısına qədər də Azərbaycan-türk xalqının özünəməxsus və yaxud özününkü kimi qəbul etdiyi (məs., islam dini kimi) milli mənəvi dəyərlər olub. Sadəcə yeni dövrdə, həmin milli mənəvi dəyərlər zamanın və şəraitin təsiri altında daha da bütövləşərək ideyalar, ən sonda isə milli ideologiya şəklini almağa başlayıb: yəni XIX əsrdə, xüsusilə bu əsrin ikinci yarısında Azərbaycanın şimalında ideologiyalaşma (İdeologiyalaşma - siyasi və digər ictimai təsisatların bu və ya digər maraqları əks etdirə idelogiyanın daşıyıcıları, müdafiəçiləri və legitimləşdirmə aləti kimi təzahür etməsidir. Bu zaman siyasi və ictimai təsisatların əsas vəzifəsi bu maraqların reallaşdırılması üçün kütlələrin ideolji cəhətdən səfərbər edilməsindən ibarətdir) prosesi başlayıb və XX əsrin əvvəllərində bütün Azərbaycana, Azərbaycan türkləri arasında yayılıb. Bu baxımdan milli ideologiyanın təşəkkülünün başlanğıcı XIX əsrlə bağlıdır, milli ideologiyanın yaranmasına səbəb olan milli mənəvi dəyərlərin tarixi isə qədim dövrlərə qədər gedib çıxır.

İkinci məsələ isə milli mənəvi dəyərlə ideya arasında oxşar və fərqli cəhətləri aydınlaşdırmaqdan ibarətdir. Fikrimizcə, milli mənəvi dəyər də, ideya da xalqın soykökü, dili, dini və başqa vacib milli əlamətlərini əks etdirir. Hər bir xalq özünün milli varlığını qoruyub saxlamaq üçün bir çox milli xüsusiyyətlərini - dilini, dövlətçiliyini, dinini, mədəniyyətini və s. milli mənəvi dəyərlər, ideyalar kimi yaddaşlarda yaşadır və nəsillərdən-nəsillərə ötürür.

 

Ancaq elə milli mənəvi dəyərlər var ki, bu günə qədər qorunub saxlansa da, onları bu mənada ideya kimi qəbul etmək doğru olmazdı. Hər bir milli mənəvi dəyərin ideyaya çevrilməsi üçün onun miqyasına, əhəmiyyətinə və xalqın bütün təbəqələri tərəfindən qəbul edilib-edilməməsinə nəzər salmaq lazımdır. Yalnız bu halda hər hansı bir anlayış milli mənəvi dəyərdən üst səviyyəyə qalxaraq, milli ideyaya və nəticədə də milli ideologiyaya çevrilə bilər. Deməli, yalnız o dəyərlər, anlayışlar ideya kimi qəbul edilə bilər ki, onu yalnız milli mənada deyil, elmi, fəlsəfi, siyasi və ideoloji baxımından da əsası olsun. Hazırda elə milli mənəvi dəyər hesab edilən anlayışlar var ki, onu milli mənəvi təşəkkülün bir ünsürü kimi qəbul etsək də, milli ideya adlandırmaq olmaz. Məsələn, yaşlı insanlara, ağsaqqallara hörmət, qadına - anaya münasibət, namusluluq, vicdanlılıq, toy və yas mərasimlərinə münasibət və s. kimi. İdeya dedikdə, xalqın fəlsəfi, dini, siyasi, mədəni, iqtisadi və s. görüşlərin nəticəsində meydana çıxan, məzmun və formasına, mahiyyət və təzahürünə görə təşəkkül tapan təsəvvürlərin, obrazların bütövlüyü nəzərdə tutulur.

Gördüyümüz kimi, milli mənəvi dəyərlə ideya arasında bir çox oxşar və fərqli cəhətlər vardır. Ona görə də, milli ideologiyanın təşəkkülü posesində ən mühüm rol oynamış ideyaları öncə milli mənəvi dəyərlər kimi nəzərdən keçirərək, həmin dəyərlərin tarixi və mahiyyətini aydınlaşdırmağa çalışmışıq. Əlbəttə, milli ideologiyanın təşəkküllü prosesində mühüm yer tutan, Azərbaycan və bütövlükdə islam Şərqi bölgəsinin mədəni irsinə xas milli mənəvi dəyərlər dedikdə, yalnız o dəyərləri  tədqiq etmişik ki, onlar həm Azərbaycan xalqının etnik mənsubiyyəti, ərazi adı, dövlətçilik ənənələri, dili, dini və başqa xüsusiyyətlərini əks etdirir, həm də XIX əsrin sonu - XX əsrin əvvəllərində, eləcə də sonrakı dövrlərdə irəli sürülən milli ideyalarla bu və ya başqa dərəcədə bağlı olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir