Modern.az

Dekabrın 4-nə nə qalıb ki, Mahir Qabiloğlu?

Dekabrın 4-nə nə qalıb ki, Mahir Qabiloğlu?

23 Noyabr 2018, 11:25

Mülatif Adurov,
Azərbaycan Prezidentinin 
fərdi təqaüdçüsü, veteran jurnalist


Onun doğum gününü hər il dekabr ayının 4-də qeyd edərdik. Qeyd edərdik deyəndə ki, təntənəli yığıncaq olmazdı, sadəcə zarafatlaşıb deyib-gülərdik. Onun özü də təvazökar idi, heç kimi əziyyətə salmazdı. O vaxtlar da indiki kimi idi: toy, doğum günü olanda hədiyyə olmalı idi və ya toya pul salmalıydın. Bu səbəbdən Mahir də heç kimi xərcə salmaq istəmirdi, mərasimlər sadəcə keçirilirdi.


Qələm dostumuz indi də doğum gününü çox güman ki, ancaq ailəsi – həyat yoldaşı Sevinc xanımla, iki qızı, kürəkənləri, beş nəvəsi ilə birgə keçirəcək. 4 dekabr 52 yaşlı qələm sahibinin nə yubileyidir, nə də özünün təntənəli şəkildə doğum günü keçirməyə meyli . 


Amma biz özümüzə borc bilirdik ki, hər ildönümündə heç olmazsa adicə bir yazı ilə onu təbrik edək, sevindirək. Özü də kim qabağa düşsəydi – yəni yazını tez yazıb dərc elətdirsəydi  o qazanardı. Bu istəklə mən də irəli düşmək istədim, dekabrın 4-nü gözləmədim, ürəyimdən keçənləri ağ vərəqlərə köçürüb təbrikimi yekunlaşdırdım.



Jurnalist dostumla uzun müddət həm bir yerdə AzTV-də işləmişik,  həm də ailəvi yaxınlığımız olub. Sonra tale elə gətirdi ki, yollarımız ayrıldı. O məndən əvvəl getdi AzTV-dən, bir neçə yerdən iş təklifi aldı, müxtəlif mətbu orqanlarda işlədi, hətta ən nüfuzlu “Xalq qəzeti”ndə şöbə müdiri, “10 may.az” saytının təsisçisi və baş redaktoru oldu. Burada da qərar tuta bilmədi, sərbəst yaradıcılıqla məşğul olmağa başladı. Təxminən 8 illik mahir qələm ustası kimi fəaliyyəti onun nələrə qadir olduğunu üzə çıxardı. Atasının adına layiq cəfakeş bir övlad kimi özünü göstərdi.


AzTV-də işləyəndə onun xəbər jurnalisti kimi bacarığına heyran qalmışdım. İşində səhvə yol verməzdi, iqtisadi və siyasi biliyinə söz yoxuydu; tapşırığı operativ yerinə yetirərdi. Fenomen yaddaşa malik idi. Son dərəcə qayğıkeş ata idi. Təvazökar idi. Mən heç vaxt hiss etməmişdim, amma bəziləri deyirdilər ki, “Mahir ərköyündür”. Niyə də olmasın? O cür şan-şöhrətli insanın oğlu niyə ərköyün olmasın?



Bunlar bir tərəfə. Sən demə, Mahir İmamverdiyev fitri istedada, əsl ədib bacarığına malik imiş. Desəydilər ki, Mahir rus dilindən şeirlər tərcümə edib kitab şəklində buraxdıracaq (“Poeziya”) inanmazdım. Şair Qabil İmamverdiyevin oğlu indi “Mahir  Qabiloğlu”  ad-soyadını daşıyır. Sərbəst yaradıcılığa başladığı səkkiz ildə 10-dək samballı kitab nəşr etdirib, yüzlərlə ədəbi, elmi məqalənin, bir neçə monoqrafiyanın, saysız-hesabsız oçerkin müəllifi olub. Sovet dövründə oçerk yazmaq  qabiliyyəti hər qələm sahibinə nəsib olmurdu. Dünyasını dəyişmiş Rəfael Nağıyev, Yusif Kərimov, daha bir neçə barmaqla sayılan yazar bu mətbu janrında yaradıcılığı ilə tanınırdı. Mahir Qabiloğlunun isə son vaxtlar yazdığı bir neçə kitabı özünəməxsus üslubda qələmə alınmış oçerklər məcmuəsidir. Sıravi adamlardan, jurnalistlərdən tutmuş adlı-sanlı şair və yazıçılardan, nazirlərdən, generallardan,  dünya şöhrətli müğənnilərdən, aktyorlardan bəhs edən oçerklər qələm dostumuzun nəyə qabil olduğunu parlaq əks etdirir.


Onun ilk kitabları şair Qabil haqqındadır. Mahir atasının arxivini üzə çıxararaq onun yaradıcılığını daha da tanıtdırır. Məlum faktdır ki, hansı sənətkarın fərli övladı varsa o valideynlərinin yazılmamış dahiliyini üzə çıxarır. Bu ailədə də yaradıcılıq axtarışları yeganə övlad Mahirin çiyninə düşüb. Hər gördüyü iş uğurla alınır.


Bir daha deyirəm, mən Mahiri belə bilməzdim. Hər işi bəyənməyən, oğlunu heç vaxt tərifləməyən Qabil yaşasaydı, bu gün “Əhsən, Mahir!” deyərdi. Mahir çox şeyə nail oldu.  Təkcə “Əlimdə-ovcumda SƏN yoxsan ancaq” nisgili onu sıxır. Nə etməli, həyatın qanunudur, uca tanrının işidir.



Birgə işlədiyimiz illərdə qələm dostları ona zarafatla deyərdilər: “Necə şıx görünürsən, Mahir!”. Mahir səliqəli geyinərdi: saçının rənginə uyğun qalstuk taxardı, hər gün ütülənən şalvar, par-par parlayan ayaqqabısı onun yerişinə-duruşuna xüsusi diqqət cəlb edərdi. “Mahir, sən lap nazirə, icra başçısına, böyük vəzifə sahibinə oxşayırsan” deyərdilər ona. O isə “Boş-boş danışmayın, sizə qalmayıb. Təyinat, belə vəzifələr prezidentin səlahiyyətindədir, onun sərəncamları ilə baş tutur” söyləyərdi. Rəhmətlik Qabilin də içində belə arzular yaşayırdı.   
Təbii ki, bunlar səmimi qəlbdən gələn istək, arzular idi. Sağlıq olsun, kim bilir sabah nə olacaq...


Dostları “Bəxtəvər Mahir! Atası onun üstündə tir-tir əsir” deyərdilər. İndi isə Mahir atası üçün tir-tir əsir, onu yaşatmaq, elə hey yaşatmaq istəyir...


Bir xatirə də yadıma düşür: o vaxtlar Mahirə sataşanda deyərdik ki, “sən neyləsən Qabil olmayacaqsan!”. “Mən buna heç cəhd də etmək istəmirəm” – cavabını verərdi. Amma həyat göstərdi ki, etibarlı oğul atasının yolu ilə gedir, əsl qələm əhlidir. Azərbaycan Yazışılar və Jurnalistlər birliklərinin üzvüdür. Uğurların çox olsun Mahir, türklər demiş, yolun açıq olsun! Yaradıcılığında dönə-dönə səsləndirdiyin bir cümləni sənin özünə ünvanlayıram: “ ... Filan, filan yaşın mübarək, Mahir!”(“əlli iki” deməyə dilim gəlmədi, doxsanı, yüzü gözləyirəm).


P.S. Mən bu yazını Mahir Qabiloğlunun uzun illər əməkdaşlıq etdiyi, yüzlərlə məqaləsini çap olunduğu, ona dərin rəğbət bəslədiyi Modern.az saytına verirəm. Məsləhət bilsələr ...
Yenə də Mahirin tez-tez işlətdiyi söz: SON.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir