Modern.az

Ukraynadakı Azərbaycan diasporunun sədri: “Ali Radanın qərarını gözləyirik”  

Ukraynadakı Azərbaycan diasporunun sədri: “Ali Radanın qərarını gözləyirik”   

26 Noyabr 2018, 17:12

Ötən həftədən başlayaraq Ukraynada vəziyyət gərginləşib. Belə ki, Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb. Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb. Məlumata görə, atəş nəticəsində “Berdyansk” kiçik zirehli artilleriya kateri zədələnib. Kater hərəkətdən qalıb, yaralı var. Hətta Rusiyanın Ukraynadakı səfirliyi önündə fəalların aktivliyi müşahidə olunur.


Qeyd edək ki, bundan öncə Rusiya məlumat yayaraq, Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəminin Rusiya sərhədlərini pozaraq, Kerç boğazı istiqamətində irəlilədiyini bildirmişdi.


Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov məlum hadisə ilə bağlı Modern.az-a açıqlama verib. Təşkilat sədri vurğulayıb ki, Ukrayna Ali Radası məsələni diqqətdə saxlayır.


“Ukraynadakı son hadisə məlumdur. Hazırda  Ukrayna Ali Radasında ölkədə müharibə vəziyyətinin elan olunması məsələsinə baxılır. Ola bilsin ki, müharibə mərkəzi şəhərlərdə yox, sərhəd bölgələrdə aparılsın. Ona görə də bununla bağlı Ali Radanın qərarını gözləyirik. Ola bilsin Rusiyanın sərhəd vilayətlərində, Qara dəniz sahillərində, Odessada müharibə vəziyyəti elan olunsun. Düşünmürəm ki, bütün ölkəni müharibə vəziyyəti elan etsinlər. Çünki müharibə  ölkənin iqtisadiyyatına mənfi təsir göstərir. Hər halda Ukraynanın ərazi bütövlüyünə təhlükə var və beynəlxalq konvensiyalar pozulub”.


Hikmət Cavadov azərbaycanlıların məsələyə ədalətli yanaşdığını söyləyib.

“Ukraynada yaşadığımıza görə yox, ölkənin hüquqları pozulduğu üçün ukraynalıların yanındayıq. Gözümüzün qarşısında beynəlxalq konvensiyalar pozulur. Düşünürəm ki, Ukraynanın mövqeyi haqq mövqeyidir”

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...