Modern.az

Bu məsələ qaydasına düşsə, azərbaycanlılar dünyada daha da güclənəcəklər - FOTO

Bu məsələ qaydasına düşsə, azərbaycanlılar dünyada daha da güclənəcəklər - FOTO

27 Noyabr 2018, 15:35

Prezident İlham Əliyevin 2018-ci ilin iyul ayında Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında fərman imzaladı, publik hüquqi şəxs statuslu Azərbaycan Diasporuna Dəstək Fondunun Nizamnaməsi təsdiq edildi.


Fərmandan belə bəlli olur ki, Fond Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə yaradılıb.

 

Yəni artıq Azərbaycan diasporunun fəaliyyəti təkcə dövlət büdcəsi hesabına maliyyələşməyəcək, iş adamlarının, imkanlı şəxslərin və Vətəninə hansısa yardımdan məmnunluq duyan soydaşlarımızın diaspor fəaliyyətinə dəstək göstərmələrinə də şərait yaranacaq. Fondun yaradılması diaspor fəaliyyətinə yeni maliyyə imkanları gətirəcək, lobbiçilik quruculuğunda səmərəli nəticələrin əldə olunmasına şərait formalaşdıracaq. Qeyd edək ki, bəzi digər xalqların diaspor təşkilatlarında bu təcrübədən çoxdan istifadə edilir. Belə təcrübənin Azərbaycan diasporu üçün də tətbiqi ümumi məqsədə çatmağa və ümummilli maraqlara hesablanan hədəflərin reallaşmasına təkan verəcəyi şübhəsizdir.     

Xaricdəki ermənilərin nəinki fond, hətta federasiya yaradaraq onun ətrafında sıx birləşə bildiklərini deyən Belçika-Hollandiya Koordinasiya Şurasının əlaqələndiricisi, EuroAzNL cəmiyyətinin sədri Emil Əliyevin sözlərinə görə, bu ideya öz müsbət nəticəsini verəcək:   


"Ümid edirəm ki, bu ideya ortaya atılıbsa, dəstəklənəcək. Çünki hazırda yaşadığım Hollandiyada ermənilərin bir çox təşkilatları, hətta federasiyaları var. O qədər çoxdurlar ki, federasiyada birləşiblər. Ermənilərin çoxu Hollandiyada, Belçikada və Avropanın bir çox ölkələrində yaşayan erməni iş adamları tərəfindən dəstəklənir. Onların xüsusi Fondları var və həmin Fond vasitəsilə təşkil etdikləri tədbirlər dəstəklənir. Tədbirlərin, aksiyaların keçirilməsi, insanların həmin tədbirlərə digər nəqliyyat vasitələrində gətirilməsi vəsait tələb edir. Avropada bu cür məsələlər çox vəsait tələb etdiyinə görə, problem olmasın deyə, xərclə müəyyən təşkilatlar tərəfindən ödənilir. Ona görə də bu cür dəstək vacibdir. Bütün iş adamlarının Diaspora Dəstək Fonduna yardım etməsi ideyasını dəstəkləyirəm. Bu cür təkliflər Avropada da çox olub. Dünya praktikasına nəzər salsaq görərik ki, buradakı diaspor təşkilatlarının heç biri dövlət tərəfindən maliyyələşmir. Bütün görülən işlər iş adamları, təşkilat rəhbərləri və fərdi şəxslər tərəfindən dəstəklənir. Fondun maliyyəsi həmin şəxslər vasitəsilə təmin olunur. Çox təəssüf ki, Azərbaycan reallığında belə təcrübə yoxdur. Diaspor təşkilatlarının 99%-i bütün dəstəyin dövlət tərəfindən olunmasını gözləyir".

 

"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyeva hesab edir ki, Fonda dəstəyin olması təklifinin özü pis fikir deyil və bu təklifi ancaq alqışlamaq olar:


"Diaspora dəstək Fondunun yaradılması təqdirəlayiq haldır və hər şey transparan şəkildədir. Hər şeydən əvvəl qeyd edim ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov yeni fikirli, müasir düşüncəli şəxsdir. 

Xaricdə yaşayan iş adamları Fonda dəstək olsalar, çox yaxşı olar. Düşünürəm ki, edənlər istisna deyil. Çünki bizim təşkilatımıza kömək edən iş adamları var. Ancaq bu o qədər də böyük məbləğ deyil. Az da olsa, biz o dəstəyi görmüşük. Ona görə də Fonda dəstəyin olması vacibdir. O qədər imkanlı iş adamlarımız var ki, onların dəstəyi sayəsində daha yaxşı təşkilatlanmaq olar. Çünki hər şeyi dövlətdən gözləmək doğru deyil. Özümüz də xalqımız, millətimiz üçün xeyirxah işlərə vəsilə olmalıyıq".   

Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) sədri, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Toğrul Zeynalovdüşünür ki, Fonda dəstək xaricdəki azərbaycanlıların yumruq kimi birləşməsinə xidmət edəcək:


"Rusiyada yaşayan azərbaycanlı Zahid Bəşirovun Fonda dəstək olmaqla bağlı təklifinə aqressiv yanaşmaq olmaz. Düşünürəm ki, iş adamının belə təşkilati işlərlə məşğul olması təqdirəlayiqdir. Təbii ki, o, özünün biznes ilə yanaşı, təşkilat işləri ilə də məşğul olursa, bu müsbət haldır. Sadəcə burada müəyyən fərqi görürəm və onu diqqətə çatdırmaq istərdim. Bildiyiniz kimi, Rusiyada yaşayan azərbaycanlılarla Avropada yaşayan azərbaycanlıların yaşama konsepti çox fərqlidir. Çünki azərbaycanlıların Rusiyaya yerləşdiyi tarixlə, azərbaycanlıların Avropaya yerləşdiyi tarix eyni deyil. Amma heç kim deyə bilməz ki, imkanlı adamlar Fonda dəstək olmamalıdır. Fonda dəstək mütləq lazımdır. Çünki bu Fond xaricdə yaşayan azərbaycanlılara dəstək üçündür. Hərtərəfli dəstək hamımızn yumruq kimi birləşməsinə xidmət edəcək. İstənilən halda, Fonda kömək edilməsini dəstəkləyirəm".


Rusiyanın Kamçatka vilayətində fəaliyyət göstərən azərbaycanlıların diaspor təşkilatının rəhbəri, iş adamı Zahid Bəşirovun özü isə bizimlə söhbətdə Fondun yaradılmasını yüksək qiymətləndirib və onun formalaşmasına dəstək göstəriləcəyini bildirib:


"Bu Fonda dünyada yaşayan bütün imkanlı azərbaycanlıların yardım edəcəyinə inanıram. Çünki bu dəstək Azərbaycanın, millətimizin gələcəyi üçün çox vacibdir. Bizim təşkilat indidən buna hazırdır. Diaspor təşkilatları imkanları daxilində Azərbaycana dəstək olmalıdırlar. Hesab edirəm ki, hansı ölkədə, hansı işin sahibi olmasından asılı olmayaraq hər bir azərbaycanlı bu işə dəstək göstərəcək".  

Qeyd edək ki, Azərbaycan Diasporuna Dəstək Fondunun Fondun yaradılmasının Dünya Azərbaycanlılarının birliyinə və səmərəli fəaliyyətinə müsbət töhfələr verəcəyinə soydaşlarımız arasında əminlik yaradıb. əldə etdiyimiz məlumata görə, artıq bir neçə ölkədən, o cümlədən Rusiya, Türkiyə, Ukrayna və Almaniyadan imkanlı azərbaycanlılar Fonda vəsait köçürmək üçün müraciət ediblər və bu tendensiya getdikcə artır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır