Modern.az

Qürbətdə Cahana sığmayan şair  

Qürbətdə Cahana sığmayan şair   

27 Noyabr 2018, 15:48

Ramazan SİRACOĞLU

 

Məzhəb və təriqət mənsubları tarix boyu əhalinin iqtisadi-siyasi problemlərindən yararlanıb öz ideyalarını əhali arasında yaymağa çalışmış, tərəfdarlarını məqsədyönlü şəkildə həmin istiqamətə yönləndirmişlər. Bu baxımdan Teymurilər xanədanlığı zamanında təşəkkül tapıb böyük bir sürətlə yayılan hürufilik hərəkatı da istisna deyildir. Hürufilər batini və zahiri bütünlüyə çox diqqət edir, davranışlarında ciddiyyətlərini qoruyur və  xarizmatik görünməyə çalışırdılar. “İnsan bütün varlıqların əşrəfidir” düşüncəsinə sarsılmaz inam bəslədiklərindən mümkün qədər qüsursuz olmağa, forma və məzmun vəhdətindən qopmamağa üstünlük verirdilər. ( Bax:  حسین میرجعفري، تاریخ تحولات سیاسی اجتماعی اقتصادي و فرهنگی ایران در دوره تیموریان و ترکمانان .تهران: انتشارات سمت، 1379 ،ص 207 ـ


Tarixi mənbələr göstərir ki, XIV əsrin 80-ci illərində Bakı şəhəri hürufiliyin geniş yayıldığı məkana çevrilmişdi. Fəzlüllah Nəimini Bakıya gətirən başlıca səbəb də məhz bu amil idi.    Nəsimi təxminən 16-17 yaşlarında Bakıda Nəimi ilə  tanış olanda Fəzlullah 50-ni haqlamaqdaydı.  Nəiminin şövq ilə şeir söyləməsi, bəlağətli rəvan və təsirli  nitqi onu dinləyənləri, o cümlədən gənc Nəsimi heyran eləmişdi. O zamanlar  dost- tanışları bu gənci hələ əsl adıyla— Əli kimi tanıyırdılar. Ona “Seyyid” adını Nəimi əlavə etmiş, gənç Əli də heyranı olduğu ustadın təxəllüsünə uyğun olaraq özünə Nəsimi təxəllüsünü götürmüşdü. ( Bax: راوندی،1378، بخش‏1ج‏8، 627).  Nəiminin sözlərinə görə, ALLAH bütün adları Adəmə öyrətdiyinə görə  mələklər və şeytan İnsan qarşısında həmişə acizdir. Nəimi iddia edirdi ki, Bəqərə surəsinin 31-ci ayəsində bu barədə açıq şəkildə məlumat var: وَعَلَّمَ آدَمَ الأَسْمَاء كُلَّهَا – Və əlləmə Adəmə-l- əsmaə kulləha- Və Adəmə bütün adları öyrətdi”. Nəimi böyük bir ustalıqla gənc Nəsiminin təsəvvürlərində İnsanı ucaltmışdı. Nəimi öz müridlərini inandırmışdı ki, insanın sifətində açıq-aşkar ALLAH sözü yazılıb: burun “əlif” hərfidir, burun pərləri “lam”, gözlər isə “hə”dir.  Onun məntiqinə görə, mələklər sadəcə öyədilənləri bilirlər, İnsan isə həm də özü öyrənib özünü təkmilləşdirmə qabiliyyətindədir. Mələklər də özlərinin məhdud bilik sahibi olduqlarının fərqindədirlər. Nəimi öz iddialarını doğrulamaq üçün yenə də Qurani-kərimə istinad etmişdi: قَالُواْ لاَ عِلْمَ لَنَا إِلاَّ مَا عَلَّمْتَنَا - Qalu lə ilmə ləna illa ma əlləmtəna- Dedilər sənin bizə öytətdiyindən başqa bir biliyimiz yoxdur” (Bəqərə, 32). İnsan özü bir kiçik aləmdir (aləmi- səğir ), insanın üzü ilahi kitabdır, əslində insan “ALLAHın danışan kitabıdır” (کتاب االله ناطق - Kitabullahi natiq ). Hürufilərdən başqa heç kim bu həqiqəti bilmir. Hürufilər səbr və əzmlə bu həqiqəəti insanlara izah etməlidir. Gənc Nəsimi böyük maraq və heyrətlə Nəimini dinləmişdi:

Ərş üstündə mələklərlə hər gecə “yahu” söylərəm

Sufi olanlar “la” deyər, mənsə “illahu” söylərəm.

Mən bayquyam, divanəyəm, yüz şəhərlik viranəyəm

Qıy vuraram  saraylarda,  şah tacında “qu” söylərəm. 

Mənim yanımda Qazi kim? Müfti neylər dərgahımda?

Göz olmasan məkanımdan hökmlə “yarğu” söylərəm.

Ey karvan, ey sariban,  gecə oğrusu deyiləm

Pəhləvanam əldə qılınc, sözü “rubəru” söylərəm.


Nəiminin söylədiyi fikirlər  Nəsimini bütün günü düşündürmüşdü: Aləm üç mərhələyə bölünür— 1-ci mərhələ nübubuvvət mərhələsidir, Adəmlə başlamış, Həzrəti-Məhəmməd əleyhüssalamla tamamlanmışdır; 2-ci mərhələ imamətdir, Əmir-əl möminin Həzrət Əli ibn Əbu Taliblə başlamış on birinci imam  Həsən Əsgəri ilə tamamlanmışdır; üçüncü mərhələ uluhiyyət mərhələsidir ki, Fəzlullah Nəimi ilə başlayır. Nəimi sözarası əlavə etmişdi ki, Mehdi Sahibi-əz- Zaman elə onun özüdür…

Nəsimi ertəsi gün utancaq bir tərzdə yənicə yazdığı  şeiri Nəimiyə təqdim etmişdi:

Dinin günəşi, dünyada imanım əfəndi,

Alimlər ümidi, məhi-tabanım əfəndi.

Könlüm, gözümün nuru, vücudumda həyatım,

Hər dəm damarımda yеriyən qanım əfəndi...

Bağım, irəmim, rövzə ilə huri-cinanim,

Bülbüllər üçün tazə gülüstanım əfəndi.

Kanım, gühərim, mə’dəni-yaquti-rəvanım,

Qiymətli olan lə’li-bədəхşanım əfəndi.

Nəimi bu gənc şirvanlı balasının istedadı qarşısında heyrətini gizləyə bilməmişdi: “Ustadına bərəkəllah! Sən yaxın gələcəkdə hürufilərin əmiri olacaqsan”.  Həqiqətən də, çox qısa bir zaman içində Nəsimi öz qabiliyyəti və şəxsiyyəti sayəsində Nəiminin ətrafında olan bütün mürüdlərini, o cümlədən,  Əliyyü’ Əla kimi məşhurlaşmış Əbu’l Həsən İsfahanini, Nəiminin ən yaxını sayılan İzəddin Əbdülməcidi, Kamal Haşimi və Mahmud kimi tələbələrini ötüb keçmişdi. Tərəddüdsüz qeyd etmək lazımdır ki, türk, ərəb və fars ədəbiyyatında Hürufi məzmunlu şeirlər yazmış heç bir şair— Gülşəni, Nədimi, Ərşi, Muhiti, Kəlimi, Niyazi Misri, Gül Baba, Qasım Ənvar və başqaları  heç vaxt Nəsimi səviyyəsinə yüksələ bilməmişlər. Ən yaxşı halda, onlar Nəsimini zəif şəkildə təqlid etmişlər.  

Nəsimi öz ustadı Fəzlullah Nəimidən öyrəndiklərini az sonra Mənsur Həllacın fikirləri əsasında dərinləşdirmişdi. Taleyin işi qəribədir: Nəimini hürufiliyə görə, onun tələbəsi Nəsimini isə Mənsur Həllacın fikirlərinin təbliğinə görə ittiham edib qətlinə fərman vermişdilər:

چو حق بنوشت بر رویش تمامی اصل قرآن را /  رخ او مصحف خوبی و خطش ترجمانسـتی

Çün Həqq üzünə  tam yazmış bütün Quranın əslini   

Xub çöhrəsi müshəfdürür xətti onun tərcümanı.

Haqqında bir-birinə zidd xəbərlər söylənilən,  təvəllüdü və vəfatı haqqında müxtəlif mənbələrdə fərqli tarixlər təsbit olunmuş Nəsimi  qısa zaman içində Azərbaycanda çox məşhurlaşmışdı. İnsanlara azadlıq və ədalət təbliğ edən hürufiləri Teymurilər  öz xanədanlıqları üçün böyük təhlükə mənbəyi olaraq görürdülər. Teymurilərin müşahidəsinə görə, hürufilər başqa dərvişlərdən fərqli idilər, vird oxumur, zikr etmirdilər. Əlincə qalasını özlərinin həcc yeri adlandırması, onun ətrafına dövrə vurmağı özlərinə borc bilmələri, hər səhər “Baba” adlandırdıqları təriqət başçısını ziyarət etmələri, dini mətnləri öz tərzlərində “təvil” adlanan üsulla açıqlamaları, hərfləri gizli mənaları dərk etmək vasitəsi saymaları Teymuri xanədanlığını ciddi əndişələndirirdi. Buxara ilahiyyatçıları (fəqihləri) Nəsiminin bu beytini yanlış şərh edərək Əmir Teymuru qəzəbləndirməyi bacarmışdılar:

لوح محفوظ است پیشانی وقران روی دوست / كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ لاریب اندر شان اوست

(Yarın alnı Lövh-əl-məhfuz, çöhrəsi Quran ayəsidir, “Qəsas” surəsinin 88-ci ayəsindəki “Onun özündən başqa hər şey yox olacaqdır” hökmü, şübhəsiz ki, dostun üzünə görədir. )

 Miranşah  atası Əmir Teymurun israrı ilə bir qrup üləmanı toplayıb Fəzlullah Nəiminin və ardıcıllarının  zındıq olması barədə hökm verdi. Maraqlananlar üçün xatırlatmaq lazımdır ki, hürufiləri zındıq adlandırmanın hüquqi əsası yoxdur. Ərəblər atəşpərəstlərə “məcusi”, Zərdüştə aid edilən “Zənd” kitabına iman gətirənlərə isə  “ زندیق  -zəndiq” deyirdilər. Əslində, bu söz pəhləvicədir- “زندیك – zendik”. Sonralar batində islami ehkamları qəbul etməyib zahirən özünü müsəlman kimi göstərənlərə də “zındıq” deyilməyə başlamışdı. Ümumiyyətlə, islam hüququnda islam dininə qarşı çıxan fərqli qruplara müəyyən tanımlamalar var: mürtəd, mülhəd, müşrik, kafir, laməzhəb, asi vs.  ( Bax: المزهر سیوطی و المعرب جوالیقی ص 166  )


Hurufilərin ALLAHa inanmaması haqqında irəli sürülən mülahizələr doğru deyildir. Hətta bir ara bizdə də belə bir yanlış fikir irəli sürülmüşdü ki, `Nəsimi “Məndə sığar iki cahan” yox, “Məndə sığar ikən cahan” yazıb. Axı o dinə inanmırdı, iki cahan deməzdi” (!?)


Fəzlullah Nəimi və onun xələfi İmadəddin Nəsimi Şirvani də daxil olmaqla bütün hürufilər iliklərinə qədər müsəlmandırlar. Sadəcə, onların mütləq həqiqət olan ALLAHa qovuşmaq prinsipləri ənənvilikdən fərqlidir. Hürufilər  təsəvvüfdə mövcud olan “ صحو بعد المحو  - Səhv bə’d-əl- məhv- Yox olduqdan sonra oyanıb özünə gəlmək“ prinsipini qəbul edib onu daha da dərinləşdirmişdilər. Sufilərin (və də hürufilərin ) etiqadına görə, ilahi eşqin on mərtəbəsi var: məhəbbət, iradət, şəbabət, ğəramət, vədadət, şəğavət, eşq, tətəyyüm, təəbbüd, hüllət. Bu sonuncu mərtəbə - فناء فی‌اللّه وبقاء باللّه fəna fillahi  və bəqa billahi – ALLAHda yox olub ALLAHda əbədi qalmaq” dərəcəsidir.  Həmin dərəcəyə yüksələ bilənlər ALLAHa qovuşub onda yox olub əbdiyyətə qovuşurlar.  Hürufilərin düşüncəsinə görə, insan  əngin ümmana qovuşduqdan sonra yox olmuş  kimi görünən çaya bənzəyir. Başqa sözlə, çay ümmana qovuşduqda,   həm də ümman olursa, Haqqa qovuşan insan da Haqqın bir zərrəsi şəklində həm də Haqq olur. Bu mənada hürufilər Mənsur Həllacın məşhur “ اناالحق  - Ənə-l- Həqq- Mən Haqqam” fikrini qəbul etmişdilər. Nəsimi az sonra bu fikri “Haq mənəm, haq məndədir, haq söylərəm” şəklində poetikləşdirmişdir.


Xanədanlığa xidmət edən, rəsmilərin verdiyi pulla fəaliyyət göstərən ilahiyyatçılar fürsət düşdükcə hürufiləri vurmağa, xalq arasında onları nüfuzdan salmağa çalışır, bacardıqları dərəcədə onları zərərsizləşdirmək üçün bütün mümkün bəhanələrdən yararlanırdılar. Belə bəhanələrdən biri, hürufilərin istinad gətirdikləri “  من عرف نفسه فقد عرف ربه  - Mən ərəfə nəfsihu fəqəd ərəfə rəbbihu- Özünü dərk edən, əslində Rəbbini dərk edər” hədisi oldu. Din rəsmilərinin iddiasına görə, həmin hədisi hürufilər qəsdən dəyişdirmiş, insanın əzəmətli, güclü, heç bir şeyə möhtac olmayan, heç nədən asılı olmadığını göstərmiş və beləliklə,  avam kütləyə insanın ilahlaşdırılmış bir varlıq olduğu fikrini aşılamağa çalışmışlar. İddiaya görə,  o hədis əslində tam fərqli şəkildəymiş: من عرف نفسه بذلها وعجزها وفقرها عرف الله بعزه وقدرته وغناه الله من بعدÖzünün zəifliyini, dəyərsizliyini və acizliyini dərk edən şəxs, gerçəkdən də,  ALLAHın əzəmət, qüdrət və zənginliyini idrak edər”. Hürufilərin düşüncəsinə görə, bütün varlıqların görüntüsü, həcmi, ölçüsü, çəkisi olduğu üçün bu xüsusiyyətlər  Mütləq Varlığın özünə də aiddir və ALLAH özünü hərflər  və o hərflərin tələffüzü zamanı yaranan səslər şəklində təcəlli etdirmişdir.  İstinad olaraq da İslam Peyğəmbərinin dilindən söylənmiş bir hədisi gətiridilər. ( Bax: خياوي، روشن؛ حروفيه تحقيق در تاريخ، آراء و عقايد، نشر آتيه، اول،1379هـ ش، تهران، ص215   )


Miranşahın əmri ilə Nəimi Əlincə qalasında  xüsusi amansızlıqla qətl edildikdən sonra Nəsimi Kiçik Asiyaya gedir. Bursa şəhərində onu zındıq elan etdikləri üçün çar-naçar oranı tərk edib Ankaraya, Hacı Bayram Vəlinin yanına  gəlir, bir müddət sonra Hələb şəhərinə getməyə qərar verir. Hələb o zaman çərkəz məmlüklərinin idarəsindəydi. Hələbdə Nəsiminin gizli təkkəsi yaranır və müridləri fəaliyyətə başlayırlar. Hicri qəməri 811-ci ildə ( miladi 1408 ) yazılmış “کتاب بشارت‌ نامه - Bəşarətnamə kitabı”na görə, Nəsimi hicri qəməri 807-ci ildə ( miladi 1405 ) ildə qətlə yetirilmişdir. Tədqiqatçılar M. Fuad Köprülü, A. Gölpınarlı və  A. Hüseyn də həmin tarixi Nəsiminin qətl tarixi hesab etmişlər.  Müdərris Təbrizi “Reyhanatu’l ədəb” əsərində 1405 tarixinin daha mötəbər olması fikrindədir.   “Bəşarətnamə” əsərində qeyd olunur ki, Nəsimi 36 yaşında qətlə yetirildi. “Ə’lamu’n nubəlai bitarixi Hələb” və “Kunuz  zəhəbiyyə fi tarixi Hələb” kitabında  İmadəddin Nəsiminin qətli barədə qeydlər var.  Həmin qeydə görə, Nəsiminin qətlinə Hələb sultanı Müəyyəd Şeyx əl-Mahmud fərman və  şeyx Şəhabəddin ibn Hilal fətva vermişdir. Tarixi mənbələrə görə isə, məmlük Müəyyəd Şeyx əl-Mahmudun hökmranlıq illəri 1412 - 1421-ci illərə təsadüf edir.  Bu dəqiq tarixdir. O zaman, Nəsiminin 1405-ci ildə qətl edilməsi haqqında fikirlər özünü doğrultmur. Nəsiminin Hələb şəhərindəki məzar sanduqəsində isə onun qətl edilməsi tarixi hicri qəməri təqvimlə 824-cü il ( miladi 1421 ) olaraq göstərilmişdir. Bizcə, bu tarix də dəqiq deyil.


İmadəddin Nəsimiyə olan sevgisini, məfkurə bağlığını göstərmək üçün çox şair öz şeirlərində Nəsimini xatırlayıb, hətta onun təxəllüsünü qəbul edib şeir yazmışlar. Ara-sıra müxtəlif kitabxanalarda  Nəsiminin nəşr olunmamış şeirlərinin aşkar edilməsi  xəbərləri gəlir.  Bu bir tərəfdən yaxşıdır, digər tərəfdən  isə sonra  müəyyən problemlər yarada bilər. Nəsimişünaslar bu məsələdə çox ciddi olmalıdırlar. Fürsətdən istifadə edib mətbuatda Nəsiminin daha bir yeni əlyazmasının aşkarlanması haqqında subyektiv fikrimi bildirmək istəyirəm.

 

Maraqlıdır ki, Nəsiminin farsça “Divan”ında “دیوان فارسی حضرت سلطان العارفین و برهان المحققین و مالک طه و یس، ابوالفضل امیر سید نسیمی - قَدَّسَ الله سَرُّهُ العَزیز “- Divan-e farsi həzrət sultan’ul arifin və malik-e Taha vo Yasin, Əbu’l fəzl əmir Seyyid Nəsimi qəddəsə-l-lahu sərruhu’l əziz” sözləri yazıldığı halda, Azərbaycan türkcəsindəki divanında bu epitetlər bir qədər qısaldılmışdır: Divani- həzrət Seyyid Nəsimi qəddəsə sərrihu’l əziz”. Yeri gəlmişkən, “ - قَدَّسَ الله سَرُّهُ  - Qəddəsə-l-lahu sərruhu” ifadəsi böyük şəxsiyyətlərə ehtiram əlaməti olaraq işlənilir və “ALLAH onun məzarının torpağını pak etsin ” mənasındadır.

Ey sifati- bəhr- i zatın kövsəri-zat-i Xuda

Mə’dəni- fəzl-i vücudun ya Rəsuli- Kibriya.

Surətin “Taha” vü “Yasin”, zülfi-ənbəri- şanınız

Fərtəqib təti-s- səmavat duxani” “qul kəfa”

Surətin “İnna fətəhna”dır, cəmalın “qaf” imiş,

Ey yüzün misli “təbarək”, “sidr’ül müntəha”.

“Kuntu kənz”in mənisi səndən açıldı aləmə

Ey sifətin elm şəhri, vey dəlilin rəhnüma…


Sadəcə ilk dörd beyt əsasında  ( hürufilər bütün varlığın təməlində dörd ünsürün— su, od, torpaq, hava- olduğunu iddia edir, dördü müqəddəs bilirdilər  ) mülahizə yürütmək istədiyimiz örnək parçada xeyli üslubi və qrammatik səhvlərin olması bizdə “bu şeir doğrudanmı İmadəddin Nəsimiyə aiddir?” şübhəsi yaradır.


Örnək parçanın ikinci beytinin ilk misrasında yanlışlıq var: “Surətin “Ta Ha” vü “Ya Sin”, zülfi- ənbər şanınız”.  “Ta” “Ha” və “Ya” “Sin” “hurufi- muqəttəə”- “kəsilmiş hərflər” adlanan və Qurani-kərimdə 29 yerdə mövcud olan, mənalarını indiyədək dəqiq şəkildə  heç kimin aça bilmədiyi ilahi hikmətdir. Ayrı-ayrı oxunur, طاها  və یاسین şəklində yazılması düzgün deyil,  həmin “hurufi- muqəttəə” müvafiq olaraq  طهیس  şəklində yazılmalıdır. Misranın yanlış orfoqrafiyası həm də şəirin təfiləsinin pozulmasına səbəb olub. Əruz şeirində “əlif”, sait kimi oxunan “vav” və “yə” hərfləri qapalı heca yaradır, uzun və qısa saitlərin düzümü isə  şeir arxitektonikasını yaradan önəmli amildir.

“Fərtəqib təti-s- səmavat duxani” “qul kəfa” ( Duxan surəsinin  10-cu ayəsinə aid olan bu ifadə, təhrif olunub, əslində , السَّمَاء بِدُخَانٍ – “səmau bi duxanin” şəklində olmalıdır ) – Göylərdən seyrək duman gələcəyini gözlə” , “söylə: yetər” ( “ qul kəfa” sözü də yanlış yazılmışdır, İsra surəsinin 96-cı ayəsindən götürlmüş həmin ifadə “əlif bi surəti-yə”-ilə yəni, “a”- kimi oxunan “yə” ilə yazılmalıdır: “كَفَى“ ) Nümunə gətirdiyimiz mətndə “sidr’ül müntəha” ifadəsi də yanlış yazılmışdır. Nəcm surəsinin 14-cü ayəsinə aid olan həmin ifadənin düzgün yazılış şəkli “  سِدْرَةِ الْمُنْتَهَى   - sidrət’ul muntəha“dır. İnanca görə, “sidrət’ul muntəha” göyün yeddinci qatında bitən  ağacdır, “Mələkut” aləmindən “Cəbərrut” aləminə keçid məqamında yerləşir. Oradan o tərəfə hətta baş məlaikə Həzrət Cəbrail də keçə bilməz. Daha sonra “Lahut” aləmi gəlir. O aləm haqqında heç kim heç nə bilmir. Əshabələri bir dəfə İslam Peyğəmbərinə “o aləmdə görəsən nə var?”- deyə soruşduqlarında Rəsulillah qısaca “   فیه ما فیه – Fihi ma fihi- O aləmdə o aləmdə olan var”- söyləmişdi. Çox sonralar Mövlana o sözə eyniadlı bir əsər yazmışdır.


Örnək parçanın sonuncu beytinin ilk misrasındakı “kuntu kənz” ifadəsi də yanlış yazılmışdır. İslam aləmində məşhur olan həmin ifadə əslində “ كنت كنزا مخفيا فأحببت أن أعرف فخلقت خلقاً  - Kuntu kənzən məxfiyyən fəəhbəbtu ən urifə fəxələqtu’l xəlqən- Mən bir gizli xəzinə idim, bilinmək istədim və məxluqu yaratdım“ şəklindədir və çox yayğın olan  hədisi-şərifdən alıntıdır. Nəsimi kimi dahi söz sərrafının kiçik bir parçada bu qədər yanlışlığa yol verməsi əsla və əsla mümkün deyil. Nəsimi hesab edirdi ki, ALLAH “qeyri-məhsus” qüdrəttir. “Qeyri-məhsus”, insanın sahib olduğu beş duyğu— “görmə, eşitmə, lamisə, dadbilmə, qoxu”—üzvünün heç biri ilə inikas etməyən misilsiz və əbədi gücdür. İnsan öz yaradıcısı ilə yalnız SÖZ vasitəsi ilə bağlantı qura bilər. SÖZdən başqa heç bir vasitə İNSANın istək, dilək və yalvarışlarını o ilahi dərgaha yetirə bilməz. Bütün hürufilər kimi, Nəsimi də sözə çox böyük diqqət və önəm vermişdir. Unutmaq olmaz ki, Nəsimi hürufiliyin banisi Nəiminin xələfidir, Nəimi özü ona “seyyid” titulu vermişdi, hürufilərin hamısı Nəsimiyə “əmir” deyə müraciət edirdilər.


Divan ədəbiyatının qaydasına görə, şeirin ilk beytinin ölçüsü bütün şeir boyu gözlənilir. Çox nadir hallarda, ( mütəvvəl qəsidələrdə, məsnəvilərdə ) şairlər yeknəsəkliyi aradan qaldırmaq naminə bilərəkdən şeirin bəhrini dəyişirdilər. Örnək parçanın ilk beyti “müzare” bəhrində ( məf’ulu fa’ilatu məfailu failun ), sonrakı beytlər isə rəməl bəhrindədir ( failatun failatun failatun failun ).  Eyni zamanda, bu iki fərqli bəhr, həm də əruzun müxtəlif  dairələrindəndir. Məlum olduğu kimi, rəməl bəhri “daireyi- müctəlibə”, müzare bəhri isə, “daireyi-müştəbihə” qrupundandır. Sözə böyük önəm verən, şeir sənətini mükəmməl bilən Nəsimi divan ədəbiyatının tələblərini əla bildiyi üçün başlanğıcda belə yazması təəccüblü təsir bağışlayır. Bu yanlışlığı yazını köçürmüş, qələmə almış katibin adına çıxmaq inandırıcı görünmür. Ehtimal ki, bu örnək şeiri hürufilərdən kim isə sonralar yazmış, Nəsimiyə olan sevgisindən  o şeri Nəsimi adıyla tamamlamışdır, yaxud da  bu şeir XVII əsrdə yaşamış və özünü Kul Nəsimi adıyla Anadoluda  tanıtmış, bəktaşi təriqətinə mənsub olan bir şairə  aiddir.  Bəktaşilərin hürufilərin xələfləri olması faktı  isə inkarolunmaz bir gerçəklikdir.


Nəsimiyə kafir deyən cahil, onun gözəl şeirlər yazdığını inkar edə bilmir: هذا الرجل كان كافرا ملحدا  وله شعر رقيق أ  - “Bu adam kafir və dinsiz idi, lakin zərif şeirləri vardı”.

( Bax: سبط ابن العجمي، موفق الدين    الجزء : 2  صفحة : -١٢٥ )

Axı bu kəlamı söyləyəni dinsizlikdə nəcə ittiham etmək olardı?

Kə’bə üzündür canıma, еşq ilə məscudam ana,

Еy zülfü kafir, gör nеcə gеrçək müsəlman olmuşam.

Bəndə Nəsimi görəli nuri-хuda üzündə mən

Indi şəhadət əhliyəm, çün əhli-iman olmuşam.

           
Məşhur şairimiz  haqqında olan rəvayətlərdən birində deyilir ki, Nəsimi qətlə yetirildiyi günün ertəsi, erkən sübh çağı şəhər qapıçıları onu Hələb şəhərindən çıxan görüblər. Üst-başı al qan içində imiş. Qapıçılardan biri heyrətlə “bu vəziyyətdə haraya gedirsiniz, necə gedəcəksiniz?”- deyə soruşanda Nəsimi qətiyyətlə “Bizimkilər xəbər tutublar, gələcəklər  məni aparmağa!” deyərək  qeyb olub.

           
Çox istərdim ki, şəhid Nəsiminin Hələb qapıçılarına söylədikləri gerçək olsun… 

 

Şəkildə: İmadəddin Nəsiminin Hələb şəhərindəki məzarı. Məzar sanduqəsində  belə yazılıb: Əlfatihə.  Həzə mərqədu’ş şəhidu’l mutəəbbədu’s sufi, əl kəbiru’l arifu billahi vəliyullah əş-Şəyx Əli İmadəddin Nəsimi. İstəşhədə fi sənəti 824 hicri. Rəhməhu’llahu Təala və qəddəsə sərruhu.

Fatihə. Bu məzar, ALLAHı və onun vəlisinin böyük bilicisi, sufi inancına etiqad edən Şəhid Şeyx Əli İmadəddin Nəsiminindir. Hicri 824-cü ildə ( miladi 1421-ci ildə) şəhadətə yetirilmişdir. Uca ALLAH  rəhmət eləsin, məzarının torpağı pak olsun.) 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu