Mahir Hacı oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, Mahir Hacı oğlu Quliyev əmək fəaliyyətinə 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlayıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb.
2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilib və 8 sentyabr 2006-cı ilədək bələdiyyə sədrinin müavini postunu tutub.
8 sentyabr 2006-cı ildən 26 aprel 2011-ci ilədək Astara rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışıb.
26 aprel 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.