Modern.az

Doğum günü məlum olmayan və ya vəzifəni hörmətə mindirən Aslan Nəsibov!

Doğum günü məlum olmayan və ya vəzifəni hörmətə mindirən Aslan Nəsibov!

İqtisadiyyat

9 Noyabr 2011, 09:33

Aslan  Yunis oğlu Nəsibov! Bu ad-soyad  indi  bəzilərinə, xüsusilə, son 15-20 ilin nəslinə bir şey deməsə də, ancaq  əslində çoxlarına, ötən əsrin 60-80-ci illərinin nəsilinə çox şeylər deyir. Sözün əsl və həqiqi mənasıda İnsan olan bu  Aslan müəllim sovet dövrünün, kommunist sisteminin yetişdirməsi, nomenklatura nümayəndəsi, uzun illərin partiya-sovet işçisi olmasına baxmayaraq, o vaxtın və elə indinin özündə  yüksək titullu bir sıra  vəzifə sahiblərinə müyəssər olmayan saflığı, təmizliyi, yüksək mənəvi-əxlaqi keyfiyyətləri, şəxsiyyəti, siması  ilə tanınıb-seçilib, hörmət-izzət sahibi olub. Aslan müəllimi vəzifənin hörmətə mindirdiyi vəzifə sahiblərindən deyil, vəzifəni hörmətə mindirən, vəzifəyə hörmət gətirən məmurlardan olub. Məndən yaşca təxminən iki dəfə böyük olmasına baxmayaraq, artıq 7 ilə ilə yaxındır  Aslan müəllimlə dostluq edirəm və ötən dövrdə  bu dostluq münasibətləri daha da  irəliyə gedərək ailəvi dostluğa, mənəvi ata-oğul münasibətlərinə kecib. 39 yaşım olsa da, bir qədər böyük çıxmasın və qeyri-təvazökarlıqlıq olmasın, yaşıma görə, həyat təcrübəm elə də az deyil. Bu illər ərzində böyüklü-kiçikli, vəzifəli-vəzifəsiz çox insanlar görmüşəm, ancaq nə deyim Aslan müəllim kimsinə  çox az, hətta, nadir hallarda rast gəlmişəm. Çünki qardaşlarımız osmanlı türkləri demişkən, Aslan müəllim içi-dışı eyni olan insanlardan, mayası  səmimiyyətlə, kübarlılıqla, insaniyyətlə, yüksək mənəviyyatla yoğrulan şəxsiyyətlərdəndir. Çox qəribədir, lap uşaq yaşlarımdan, ağlım kəsən dövrdən bu yana hər zaman öz həmyaşıdlarımdan uzaq olmuşam, daha çox yaşca  özümdən qat-qat  böyük olan insanlarla oturub-durmağa, onlardan nələrisə  öyrənməyə, əxz etməyə çalışmışam və  bu xasiyyətim indiyə kimi davam edir… Aslan müəllimlə tanışlığı  Böyük Yaradanın mənə olan lütfü hesab edirəm və ona sonsuz minnətdarlığımı, şükranlığımı bildirirəm. Eyni zamanda, məni bu insanla tanışdırdıqlarına  görə tanınmış partiya-sovet işçiləri mərhum Əhəd Kərimova və gözəl insan Bilal  Mahmudova da  sönsuz təşəkkürlərimi bildirirəm. Məhz onların sayəsində mətbuatdan uzaq, guşənişin həyat tərzi yaşayan Aslan müəllimin  belə demək mümkünsə, “saqqızını oğurlamağa”,  ondan bir zamanlar  işlədiyim “525-ci qəzetdə” müəllifi olduğum  “Sabiqlər”  rubrikası üçün müsahibə almağa nail oldum və tanışlığımız  da məhz  elə o vaxtdan-2005-ci ilin  gözəl mart günlərindən başladı…

Aslan müəllim, yaşının təxminən 30-35 ilini yüksək dövlət vəzifələrində işləsə də, ancaq onun  həyat yolu, taleyi təsəvvür edilməyəcək dərəcədə enişli-yoxuşlu, keşməkeşli, ağrılı-acılı olub. Çox erkən yaşlarından hər iki valideynini itirən, ata-ana itkisi, acığı yaşayan, uşaq evində böyüməyə məcbur olan Aslan müəllim bütün yaşadıqlarına rəğmən həyat yollarında heç zaman sınmayıb, əyilməyib, gərdişi-dövrana baş əyməyib, hər zaman mətin, əyilməz olub və bu gün də belədir. Amma   taleyin acı hökmü  ilə vaxtsız valideyn şəfqətindən uzaq düşən Aslan müəllimin  doğum tarixi doğru-dürüst  də bəlli deyil, sadəcə, vaxtilə ona yaxın olan bir insanın qəfil, gözlənilməz təklifi, təşəbbüsü ilə  hər ilin 10 noyabr tarixini Aslan müəllim yaxınlarının  əhatəsində  öz  simvolik doğum günü kimi qeyd edir. Sabah isə Aslan müəllimin simvolik doğum günü, 80 illik yubileyidir. Bu əlamətdar gün münasibətilə ailəlikçə Böyük İnsan, Bütöv Şəxsiyət olan Aslan Yunis oğlunu təbrik edir,  ona səadət, firavanlıq, cansağlığı arzulayıram və deyirəm ki, Böyük Yaradan heç zaman sizin kölgənizi bizlərin-sizi sevənlərin üstündən əskik etməsin. Amin!

Eyni zamanda , təxminən 6 ay-1il öncə  Xaçmaz, Siyəzən, Şabran və Tovuz rayonlarında  görüşdüyüm, söhbətləşdiyim, yəni, bir zamanlar Aslan müəllimlə birgə çalışmış, qurub-yaratrmış insanların bəzilərinin  fikirlərini oxucuların  diqqətinə təqdim edirəm.

“Dəvəçidə dirçəlişin başlanğıcını, təməlini Aslan müəllim qoydu”

Qərib Orucov - Sosialist Əməyi Qəhrəmanı

– Mən Aslan Nəsibovu 1972-ci ildən tanıyıram. Həmin ilin iyul ayının 19-da yoldaş Nəsibovu bizim rayona birinci katib göndərmişdilər. Bu, mənim indiki kimi dəqiq yadımdadır. Bu insan vəzifəyə gəldiyi ilk gündən özünü sözün yaxşı mənasında göstərməyə başladı. Onun vaxtında Dəvəçidə dirçəliş əmələ gəldi, xüsusilə, kənd təsərrüfat sahəsində. Həmin dövrdə Dəvəçidə texnika sarıdan qıtlıq idi. Məhsulu yetişdirirdik, amma onu güclə məntəqəyə daşıya bilirdik. Aslan müəllim gələndən sonra “Avtobaza”nın rəhbərliyinə göstəriş verdi, onlara məxsus olan “Zil” maşınlarını sovxozlara paylatdırdı. O cümlədən bizim təsərrüfata 10-15 ədəd “Zil” maşını göndərildi, onlar da hər axşam gəlib istehsal olunan məhsulları yükləyib aparıb məntəqəyə təhvil verirdilər. Bununla da Dəvəçidə dirçəlişin başlanğıcı, təməli qoyuldu... Aslan müəllim həm də əldalətli adam idi, fəhlə onun canı-ciyəriydi. Fəhlələrə doğma qardaş kimi münasibət göstərirdi. Dəfələrlə gəlib bizim sahədə çörək yeyərdi. Bir dəfə möhkəm külək əsirdi, kələm sahəsində alaq otlarını təmizləyirdik, bu zaman dedilər ki, Nəsibov gəlir. Yoldaş Nəsibov bizim yanımıza gəldi və gördü ki, çörək yeyirik. Bundan sonra mənimlə güclü dostluq etməyə başladı, düzünü deyim, əvvəllər münasibətlərimiz o qədər də yaxın deyildi. Düzdür, Aslan müəllimdən əvvəl, 1966-cı ildə mənə keçmiş birinci katib Səmədovun dövründə Sosialist Əməyəi Qəhrəmanı adını vermişdilər, amma müəyyən adamlar, gözügötürməyənlər bundan narazı idilər, hətta ərizə də yazmışdılar. Gəldilər, yoxladılar, o zaman adını deməyəcəyəm, bir müxbir gəlmişdi, ona zarafatla deyiblərmiş ki, Qərib yeyib-içəndir, ona görə, içəndən sonra hər şeyi dürüst danışır. Gəldi, dedi ki, səninlə yeyib-içməyə gəlmişəm. Dedim, başüstə, gedək “stalovaya”. Getdik, oturduq, yedik-içdik, sonra gördüm ki, əlindəki blaknotunu vərəqləyir. Dedim xahiş edirəm, sizi kim bu məqsədlə bura göndəribsə, get de ki, Qərib Səmədovla qohum deyil. Bunun deyəndən sonra, insaf xatirinə, həmin müxbir blaknotunu qatlayıb təzədən cibinə qoydu və çıxıb getdi. Gedəndən sonra bir gün Nəsibov mənimlə görüşdü və qayıtdı ki, o nə sözdür demisən, dedim nə demişəm, demişəm ki, Səmədov qohumum deyil də... Mən tat, o ləzgi, mən quşçulu, o qusarlı, mən hara, o hara? Dedim ki, mən bunları görə-görə gəlmişəm, yetimçiliklə böyümüşəm, bu yerə gəlib çatmışam, Allah canlarını sağ etsin, mənə də hörmət qoyublar. Nə isə, bu söhbətdən sonra Aslan müəllimlə münasibətlərimiz daha da istiləşdi, mehribanlaşdı...

Xaçmazda birinci katib işləyəndə Nəsibovun qardaşı rəhmətə getmişdi. Başsağlığı vermək üçün onun yanına getdim, katibəsinə dedim ki, Aslan Nəsibova deyin ki, sizi filankəs görmək istəyir, mümkündürsə, görüşək. Elə bunu demişdim, gördüm ki, özü otağından çıxdı və məni görcək dedi ki, gəl görüm Orucov, haradan gəlib çıxmısan? Dedim ki, iki dəqiqəlik söhbətim var, qardaşınız rəhmətə gedib, gələ bilməmişəm, ona görə indi başsağlığı verməyə gəlmişəm. Dedi ki, gedək kafeyə, orada çay içə-içə söhbət edərik, inanın Allaha, yığdı kollektivi, dedi ki, bu adama yaxşı fikir verin, bu gün bu geymlə, sabah başqa geyimlə gələ bilər, birisi gün başqa geyimlə. Mənimlə əgər Mərkəzi Komitənin birinci katibi otağımda çörək yeyərsə, bu adam kənarda oturub çörək yeməli deyil, bu addım mənim ən istəkli adamlarımdan biridir, siz bunu yaxşı tanıyın. Bu adam bu sözləriylə bir daha məni ucaltdı, böyütdü və bununla özü də bir daha mənim gözümdə böyüdü, ucaldı... Mən ona cansağlığı, uzun ömür, xoşbəxtlik, firavanlıq arzulayıram. Allah onu sevənlərinə, bizlərə çox görməsin!

“Aslan müəllim insanlara “raykom” katibi kimi yox, ata, sirdaş kimi yanaşırdı”

Mədinə Nurməmmədova - Xaçmaz rayon komsomolunun keçmiş birinci katibi, hazırda Xaçmaz rayon təhsil şöbəsinin müdiri

– Açığını deyim ki, bu gün bu səviyyəyə gəlib çatmağımda, rayon təhsil şöbəsinin müdiri vəzifəsində işləməyimdə onun böyük xidmətləri olub. O mənada ki, gənclərin irəli çəkilməsində, yetişdirilməsində, onlara istiqamət verilməsində biz hər zaman Aslan müəllimdən yararlanmışıq. Bəlkə həyati təcrübəni də ondan öyrənmişəm desəm, yanılmaram. Çünki o zaman mən gənc, cavan idim, haradasa 24-25 yaşım vardı. O zaman Xaçmaz rayon komsomolunun birinci katibi vəzifəsinə də məhz Aslan müəllimin məsləhəti ilə irəli çəkildim.

Mən hər zaman demişəm, indi də deyirəm ki, ömrüm boyu Aslan müəllimin gənclərə olan qayğısını, münasibətini unutmaram. O illərdə onun gənclərə qayğısı olmasaydı, – deyim ki, o vaxtlar işləmək də çətin idi, idarə, müəssisə rəhbərləri demək olar ki, gənclər təşkilatlarını tanımaq, hesablamaq istəmirdilər, – bizlər bugünkü səviyyəyə çata bilməzdik. Onun vaxtında biz ən azı 2-3 gəncə komsomol toyu etmişdik...
Bildiyimə görə, Aslan müəllimin 80 yaşı tamam olur. Mən öz adımdan və xaçmazlılar adından Aslan müəllimə ən xoş, ən səmimi arzularımı, diləklərini çatdırıram. Allah, daim onun köməyində olsun!

“Aslan müəllim bizimlə birgə şadlanıb, bizimlə birgə kədərlənib”

Vaqif Abdulov - Xaçmaz rayon elektrikşəbəkənin keçmiş direktoru 

– Mən Aslan müəllimi hələ Dəvəçidən tanıyıram, o vaxtlar doğulub boya-başa çatdığı Siyəzən rayonu bu rayonla biri idi. Onu da qeyd edim ki, mən 1973-cü ildə Xaçmazelektrikşəbəkəyə baş mühəndis vəzifəsinə göndərilmişdim və bu vəzifədə də 9 il çalışdım. 1982-ci ildən 2002-ci ilə qədər isə 20 il burada direktor işlədim. Hələ Siyəzən şəbəkənin rəisi işləyərkən istirahətə gedəsi oldum, qayıdıb gələndə gördüm ki, Sumqayıtelektrikşəbəkə Siyəzəni Xaçmaza verib. Bundan sonra qərara gəldim ki, Xaçmazda işləyərəm, Siyəzən-Dəvəçiyə baxaram. Bunu isə katib təsdiq etməliydi, Aslan müəllim də bizə yeni gəlmişdi və deyim ki, burada da vəziyyət yaxşı deyildi, keçmiş rəhbər işçilər rayonu pis vəziyyətə salmışdılar, rayonda heç bir inkişaf yoxuydu. Məni direktorumuz bir gün Aslan Nəsibov yanına apardı. Dedi ki, bu cavan oğlanı sizin rayona şəbəkə rəisi qoymaq istəyirik. Baxdı-baxdı, dedi ki, etiraz etmirəm, amma burada işlər çox ciddidir, islahatlara başlamışıq, sən əgər üzünə tüpürülmək istəmirsənsə, gəl işlə. Mən də cavan oğlanam, dağlıyam, söz götürən deyiləm,   qayıdıb dedim ki, mənə qarşı bu hərəkəti edənə bundan 5 qat artığını edərəm. İkincisi, mən elə işləməmişəm və işləmərəm ki, kimsə buna cəhd etsin, mənə çəp-çəp baxdı və dedi ki, sənin ciddiliyindən, qətiyyətliliyindən çox xoşum gəlir. Direktorumuza dedi ki, bunu təsdiq edirəm, əmrini verin, gəlsin, işləsin.

Sonra Aslan müəllim Xaçmaza birinci katib gələsi oldu. O vaxt mən dediyim kimi, Xaçmazelektrikşəbəkədə baş mühəndis vəzifəsində işləyirdim. Aslan müəllimlə Xaçmazda da münasibətlərimiz davam etdi. O istəyirdi ki, məni direktor vəzifəsinə təyin etsin, ancaq razı olmurdum. Amma bir gün elə oldu ki, onun təklifilə razılaşdım və direktor vəzifəsinə təyin olundum. Həmin vaxtdan indi neçə illər keçsə də, Aslan müəllimlə münasibətlərimiz bir an olsun belə kəsilməyib, əksinə əlaqələrimiz davam edir. O mənim, yaxınlarımın istər şad günlərində, xeyir işlərində, istərsə də kədərli günlərində, yas mərasimlərində iştirak edib, hər zaman öz böyüklüyünü, ağsaqqallığını, ucalığını göstərib, bir an olsun belə diqqətini bizdən əsirgəməyib, bizimlə şadlanıb, bizimlə kədərlənib...
Bu il onun yubileyidir,  80 yaşı tamam olur. Bu, şəxsən mənim üçün ən əlamətdar məqamlardan biridir, bunu sözlə ifadə etmək çox çətindir. Mən şəxsən ürəyimdə nə xoş arzularım varsa, onları Aslan müəllim üçün də arzulayıram. Allah onu bizlərə çox görməsin!

“Xaçmazın inkişafında daha çox əməyi olan adamlardan biri Aslan Nəsibovdur”

Əhməd Şadıyev – Axıska türkü, Xaçmaz rayon sakini, keçmiş sovxoz direktoru

- Aslan müəllimi hələ Dəvəçidə işlədiyi dövrdən tanıyırdım. Vaxtilə bizi qrup şəklində Dəvəçi rayonuna yoxlamaya göndərirdilər, dəvəçililəri də bizim rayona – Xaçmaza. Yəni, o zamanlardan  Aslan müəllimi tanıyırdım. Xaçmazdan Dəvəçiyə birinci katib gələndən sonra isə onunla daha yaxından tanış olmaq imkanı qazandım. Onun haqqında deyə bilərəm ki, bizim rayonda ən çox zəhmət çəkən, Xaçmazın inkişafında daha çox əməyi olan adamlardan biridir, üstəlik də Nəsibov kasıb-kusubun adamı olub. Onun varlılarla, dövlətlilərlə yaxınlığı olmayıb. Harada kasıb, yoxsul, kimsəsiz adam var, onlara sahib çıxıb. Təsərrüfatlara çıxanda manqa başçılarını, briqadirləri tapıb söhbət aparardı. O cümlədən də mən axıskalı olmağıma baxmayaraq, yaşadığım bu kənddə şöbə müdiri işləyirdim. Sonradan məni baş aqronom vəzifəsinə keçirdilər. Məni bu vəzifəyə seçəndən sonda Nəsibovun yolu bura tez-tez düşürdü. Tahirov Məmmədmusa adlı direktorumuz var idi, əslən qubalı idi. Aslan müəllim Məmmədmusanın yanına gəlib-gedəndə mənimlə tanış oldu, mənim zəhmətimi, işimi də bəyəndi. 1978-ci ildə ikinci bir üzümçülük təsərrüfatı yaradıldı – “Qələbə” sovxozu. Məni üzümçü mütəxəssis kimi bura – sovxoza direktor göndərdi. Dediyim kimi, 1978-ci ildə sovxoz direktoru təyin olundum, amma məni təsdiq üçün Üzümçülük-Şərabçılıq Komitəsinə göndərmədi. O, həmin vaxt Üzümçülük-Şərabçılıq Komitəsinin sədri işləyən Yunis Rzayevlə yaxın dost idi. Mənim əmrimi elə oradan göndərdilər. 1978-ci ildə həmin vəzifəyə gedəndə o təsərrüfat tərəvəzçilik sovxozu idi. Həmin ili orada 1200 hektar üzüm bağı saldırdım. O təsərrüfat da Xudata bitişik bir təsərrüfat idi. 1978-ci ildən 1994-cü ilə qədər də orada sovxoz direktoru işlədim.

Aslan Nəsibov çox tələbkar, işgüzar bir adam idi. Özü də çox real, obyektiv rəhbəriydi. Mənim direktor işlədiyim kənd Xudat kəndi adlanırdı ki, Xaçmazın ən çətin kəndlərindən idi. Mən ora direktor təyin olunana kimi orada sovxoz direktor və kolxoz sədri bir ildən artıq bu vəzifədə işləyə bilmirdi. Yoldaş Nəsibov hər dəfə görəndə deyərdi ki, atan rəhmətlik, məni bu xudatlıların “yazı-pozusunun” əlindən qurtarmısan. Mən orada təxminən 26 il işlədim. Həmin müddət ərzində bir dənə də olsun “yazı-pozu” olmadı. Ona görə Aslan müəllim həmişə mənə hörmət edirdi.

Onu da qeyd edim ki, əmək fəaliyyətim dövründə 14 birinci katib və ya icra başçısı ilə işləmişəm. Bir dəfə də olsun mənə töhmət verilməyib, yaxud xəbərdarlıq edilməyib. O vaxt Nəsibov bizdə birinci katib işləyəndə Ağayev Cəbrayıl adlı ikinci katib var idi. Aslan müəllim məzuniyyətə çıxanda bir dəfə necə oldusa, mənim Ağayevlə sözüm düz gəlmədi, yaxşı alınmadı. O, məni başqa bir yerə dəvət edirdi. O zaman bizdə ot unu dəyirmanı var idi. O dəyirman da Mərkəzi Komitənin sərəncamındaydı. 6 kilo yaxşı otdan 1 kilo un əldə edilirdi. O zaman plan dolmadı, Ağayev isə məni məcbur edirdi ki, get, “yazı-pozu” apar, planı artır. Yoldaş Nəsibov məzuniyyətdən qayıdana kimi o mənə bir dəfə töhmət verdi. Nəsibov məzuniyyətdən qayıdandan sonra bir gün məni yanına çağırıb dedi ki, sizin aranızda nə olub ki, töhmət verib. Mən də real adamam, dedim bəs filan məsələyə görə. Həmin günün səhərisi təcili “raykom”un Bürosunu çağırdı, töhmətimi elə oradaca ləğv etdirdi.

O, Xaçmazdan sonra Tovuza birinci katib göndərildi. Bir gün mən həyat yoldaşımla Tiflisə gedirdim. Gördüm ki, yoldaş Nəsibov yolun qırağında üzümlük sahəsində dayanıb. Gəlib yola çıxdı, tapşırığını verdi, mənə də dedi ki, otur maşına dalımca gəlin. Düz sürüb getdik Tovuzun mərkəzinə. O zaman Tovuzun ikinci katibi qadın idi. O qadına tapşırdı ki, bu bacı ilə sən məşğul olarsan, mənimlə də kabinetində oturub ayrıca söhbət etdi. Dedi ki, Xaçmaz camaatı çox yaxşı camaatdır. Mən bunu hər yerdə deyirəm, bir-iki nəfəri çıxmaqla – adlarını çəkmədi – xaçmazlılar kimi yaxşı insan mən heç yerdə görməmişəm. Bundan sonra mənə bir yaxşı qonaqlıq da verdi, sonra da bir nəfəri bizə qoşdu ki, aparıb bu kişini gedəcəyi yerə çatdırarsan və qayıdıb gəlib məlumat verirsən. Bax, Nəsibov yoldaş belə bir insandır. O, mənim xatirimdə, yaddaşımda belə qalıb və belə də qalacaq. Onun xatiri həmişə mənim, eləcə də bütün xaçmazlılar üçün daim əziz olub, əzizdir və əziz də olacaq.
Onu bütün ailə üzvlərim, yaxınlarım, tanışlarım, cəmi Xaçmaz əhli adından 80 illik yubileyi münasibətilə təbrik edir, özünə, ailəsinə uzun ömür, cansağlığı, xoşbəxtlik, firavanlıq, səadət arzulayıram.

“Xaçmazı Xaçmaz edən Aslan Nəsibov oldu”

Nuru Rizvanov - Axıska türkü, Xaçmaz rayon sakini, Azərbaycan SSR Ali Sovetinin keçmiş deputatı

- Uzun illər Xaçmaz rayonunun “Yeni həyat” sovxozunda üzümçülük briqadiri işləmişəm. Bir gün dedilər ki, rayona yeni raykom gəlib. Mən də həmin vaxt, dediyim kimi, briqadir işləyirdim, sahəyə su çıxarmaq istəyirdim. Elə oldu ki, asfalt yol gölləndi. Hər zaman da rezin çəkməm, bel yanımda olurdu. Başladım asfaltı sudan təmizləməyə. Bir də gördüm ki, “Niva” maşını yanımda saxladı, bir nəfər maşından mənə tərəf dedi ki, ay bala kimsən, neynirsən, dedim ki, üzüm sulayıram. Dedi, axı sən asfaltı su ilə gölləndirmisən. Sonra bir daha soruşdu ki, kimsən, nəçisən, cavab verdim ki, fəhləyəm. Dedi, sən fəhləsənsə, briqadiriniz kimdir? Bu zaman mən özümü saxlamayıb güldüm. Qayıdıb dedi ki, nəyə gülürsən, axı mən sənə söz deyirəm. Vallah, neyləyim, tanımırdım da kimdir. Özümü ələ alıb cavab verdim ki, elə briqadir də mən özüməm. Dedi ki, briqadir sənsənsə, bəs sənin fəhlələrin hanı? Bildirdim ki, fəhlələrim evə fasiləyə gediblər, iş dayanmasın deyə onları mən əvəz etməli olmuşam, bir azdan gələcəklər. Nə edim, yalan danışmağa məcbur oldum... Bu ayaüstü söhbətdən bir az sonra o çıxıb getdi. Yenə də bilmədim ki, bu şəxs kimdir. Rayonun mərkəzinə çatan kimi dərhal, o zaman sovxozumuzun direktoru işləyən yoldaş Tahirova zəng edər ki, bəs, filan yerdə işləyən briqadirin adı, familiyası nədir?  Bunun üstündən bir xeyli keçəndən sonra – haradasa dekabr ayı olardı – artıq üzüm tinglərini budama vaxtı idi. Tahirov mənə dedi ki, yoldaş Nəsibov camaatı bura yığıb gətirir. Eyni zamanda, Bakıdan özü ilə bir nəfər alim də gətirir. Dedi ki, sənin sahənə baxış keçirəcəklər. Nə isə haradasa yüzə yaxın aqronom, briqadir, sovxoz direktoru gəlmişdi. Dedilər ki, yoldaş Nəsibov özü də gəlir. Öz-özümə dedim ki, hə, deməli, o gün gördüyüm, söhbət etdiyim adam Nəsibov imiş. Mən Nəsibovu yalnız onda tanıdım. Nəsibov dedi ki, sovxozun direktoru ilə aqronom yanıma gəlsin və bunlar hamısı başladılar onun başına yığışmağa. Birdən dedilər ki, buranın briqadiri də gəlsin. Mən lap arxada dayanmışdım, birtəhər gəlib qarşısında dayandım. Dedi ki, sən o dəfə asfaltı sulayırdın, burda nə işin var? Bildirdim ki, yoldaş Nəsibov asfaltdan burayacan mənim briqadir olduğum sahədir. Heç nə demədi, sonra qayıtdı ki, budamanı bilirsənmi? Cavab verdim ki, budamanı bilməyən briqadir ola bilməz. Sonra dedi ki, bıçağın varmı? Dedim ki, bıçağım yox, qayçım var. Qayçını çıxartdım və başladım tingləri budamağa. Yoldaş Nəsibovla Bakıdan gələn həmin alim – özü də qadın idi – mənim başımın üstündə dayanmışdı. Ona dedim ki, qoy budamanı bitirim, nə əyrim-düzüm varsa, ondan sonra deyərsiniz. Həmin qadın bir kəlmə də dillənmədi. Budamanı başa çatdırandan sonra Nəsibov həmin qadından soruşdu ki, düzmü budama apardı? Dedi, vallah düz elədi, amma bir zoğu artıq kəsdi. Mən də öz növbəmdə nəyə görə belə bir budama apardığımı izah edəsi oldum. Həmin xanım gəlib əlini çiynimə qoyub dedi, halal olsun, kaş Azərbaycanın bütün üzümçülük briqadirləri belə bilikli olsun. Bunun üstündən heç bir il keçməmişdi, dedilər ki, Ali Sovetə deputatlığa namizədliyin verilir. Doğrusunu deyim ki, deputatlıq nə olduğunu da ona kimi bilmirdim. Məni rayona çağırdılar, getdim yoldaş Nəsibovun qəbuluna. Yoldaş Nəsibovun kabinetində onunla yanaşı ikinci və üçüncü katiblər də əyləşmişdilər. Nəsibov dedi ki, bu, çox yaxşı briqadirdir, çox zəhmətkeş adamdır, onun namizədliyini irəli sürürük, siz nə deyirsiniz. Onlar da mənim namizədliyimə razılıqlarını verdilər. Həmin vaxtdan bir müddət sonra seçkilərdə mən Azərbaycan SRR Ali Sovetinə deputat seçildim. Ümumiyyətlə, 1981-ci ildən 1990-cı ilə qədər dalbadal iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı oldum.

İşlədiyim dövrdə xeyli katiblər, rəhbərlər görmüşəm, ancaq Nəsibov kimisinə rast gəlməmişəm. Xaçmazı Xaçmaz edən Nəsibov oldu. Kim bunu nə cür qəbul edir-etsin özü bilər, ancaq tam səmimi sözümdür ki, Xaçmazı ayağa qaldıran Aslan müəllim oldu. Ona kimi Xaçmaz darmadağın olmuşdu, alver baş alıb gedirdi. Amma o, Xaçmaza gələndən sonra hər şeyi qaydasına saldı, yoluna qoydu. O kişinin zəhmətini kim itirirsə, mən onu nankor hesab edirəm. Tam səmimiyyətimlə deyirəm, yoldaş Əliyevdən sonra bəlkə də respublikada ən güclü partiya, dövlət adamı Nəsibov idi. Mən şəxsən belə başa düşürəm, kim necə başa düşür, özü bilər. O gələnə kimi Xaçmaz 80-90 min tondan yuxarı üzüm istehsal etməyib. Amma bu kişinin zəhməti sayəsində Xaçmazda üzüm istehsalı 150 min tona çatdı. Buna nə söz? Mənim əlimdə səlahiyyət olsa, bu kişini ən yüksək vəzifələrdən birində əyləşdirərdim. Çünki o, əsl dövlət adamı, yüksək bacarığa malik təşkilatçı idi. Mən indi Aslan müəllimə nə arzu edə bilərəm? Onu arzulaya bilərəm ki, Allah-Təala ona bundan sonra da neçə illər ömür versin. Allah onun ömrünü uzun, canını sağ etsin!

“Belə bir insanı unutmaq, əməyini yerə vurmaq böyük günah olardı”

Ağadadaş Tağıyev – Xaçmaz rayon keçmiş “Engels” adına sovxozun direktoru

- Yoldaş Nəsibov Xaçmaz rayonuna birinci katib gələndən təxminən 4-5 ay sonra fəaliyyətimi nəzərə alaraq, məni kənd soveti sədri vəzifəsindən çıxararaq, işlədiyim sovxoza direktor təyin etdi. Bildirdi ki, mən fəal kadrlarla işləmək istəyirəm. Eşitdiyimə görə, siz də neçə illərdir kənd təsərrüfatı sahəsində işləmisiniz və özünüzü bacarıqlı mütəxəssis kimi təsdiq etmisiniz. Ona görə sizi bu vəzifəyə məsləhət görürük. Mən isə bildirdim ki, yoldaş Nəsibov etimadınıza görə çox sağ olun, amma bir qədər qorxuram. Onu da dedim ki, sovxozun vəziyyəti çox ağırdı, iki kilo badımcan toxumu almağa belə hesabında pul yoxdu. Dedi, elə ona görə səni bu vəzifəyə məsləhət bilirik. İşləyək, mənimlə işləyəcəksən, mən sənə kömək edəcəyəm. Dedim ki, qorxuram etimadınızı doğrultmayam, yanınızda pis vəziyyətdə qalam. Cavab verdi ki, düzlük olsa, etimad doğrular. Düzə Allah da kömək edər, bəndə də. Bildirdi, heç nədən qorxma, bir yerdə işləyəcəyik, 12 sentner taxıl verən sovxozu bundan qat-qat çox sentner taxıl istehsal edən sovxoza çevirəcəyik. Həmçinin dedi ki, yoldaş Əliyev məni bura göndərəndə bildirib ki, əgər sən də o birisilər kimi “işləsən”, gözümə görünmə. Mən də indi bunları sənə deyirəm, sənə arxayınam.

Gəlib camaatı kəndin klubuna yığdı və soruşdu ki, ay camaat, bu kişi sizin kənd sovetiniz işləyib, necə adamdır, necə işləyib? Camaat da dedi ki, çox gözəl işləyib, özü də planları yerinə yetirdiyinə görə ona mükafat kimi “Moskviç” markalı maşın veriblər. Camaat onu da dedi ki, bu kişi sovxoz direktoru olmağa layiqdir, təmiz insandır, Allah adamıdır. Bundan sonra Nəsibov dedi ki, artıq bu gündən bu sovxozu sənə tapşırıram, əgər sən də qabaqkılar kimi 12 sentner məhsul versən, vəziyyətin, taleyin onlar kimi olacaq, gözümə də görünməzsən, partbileti də aparıb özünlə birgə dənizə atarsan. Dedim, yoldaş Nəsibov, vallah qorxuram, mənim heç kəsim yoxdur. Qayıtdı ki, göydə Allah, aşağıda da mən sənə kömək edəcəyəm, amma bir şərtlə ki, sovxozu ayağa qaldırasan, onu ən varlı sovxozlardan birinə çevirəsən. Mən də, necə deyərlər, gecəmi-gündüzümə qatıb çalışdım, sovxozu ayağa qaldırmağa nail oldum. Təbii ki, Aslan müəllimin yaxından köməkliyi, qayğısı və diqqəti sayəsində.

O zaman İsmayıllı rayonunun indiki “Nikitin” adına sovxozda müşavirə keçirilirdi. Həmin vaxt da “İvanovka”nın sovxoz direktoru məşhur Nikitin idi. Elə oldu ki, Aslan müəllimlə birlikdə mən də Nikitinin yanında əyləşdim. Aslan müəllim dedi ki, yoldaş Nikitin, mən bunu sovxoz direktoru qoymuşam, sovxozun da vəziyyəti çox ağırdır, ildə cəmi 12 sentner taxıl götürürlər, imkan varsa, buna 5-10 ton toxumluq buğda verəsiniz. Çox sağ olsun, Nikitin də Aslan müəllimin sözünü yerə salmadı, həmin toxumluq buğdadan hər hektardan 40 sentner taxıl götürdük. Bir il hətta sovxozumuz 2500 ton taxıl götürdü. Astaradan belə bizim sovxoza gəlib toxumluq buğda aparmağa başladılar. Bu, artıq böyük göstərici, nailiyyət idi. Əgər o vaxta kimi sovxozda bir inəkdən cəmi 5-6 yüz litr süd əldə edilirdisə, bu göstəricini 1200 litrə çatdırdıq. Adamın başı üstündə Allah var, bunlar hamısı o kişinin sayəsində baş verib. O, elə vaxt olurdu ki, gecələr saat 2-də sovxoza gəlirdi, taxılın, heyvandarlığın vəziyyətilə maraqlanırdı.

Sonra burada tərəvəzçilik inkişaf etməyə başladı. Bayaq yuxarıda qeyd etdiyim kimi, bir vaxtlar əkməyə, becərməyə badımcan, pomidor toxumu tapmaq olmurdu. Aslan müəllim camaatı başına yığıb dedi ki, sizə təmiz bir kadr göndərmişəm, özünüz də tanıyırsınız, özünüz də tərifləmisiniz, tək bu adam çabalamaqla deyil, ona kömək etmək lazımdır. Hamınız əl-ələ verirsiniz, bu sovxozu ayağa qaldırırsınız. Bundan sonra hardasa 6 min ton tərəvəz məhsulu istehsal etdik. O zaman Xaçmaz 100-105 min ton tərəvəz istehsal edirdisə, onun elə 6 minini elə biz verirdik. Biz bu məhsulları yığıb birbaşa Rusiyaya göndərirdik. İnanın ki, tərəvəz, taxıl əlindən yer tapmaq olmurdu. Yer tapmırdıq onları tökək. Bir gün Büronun iclasında dedi ki, gedin, “Engels” sovxozunun vəziyyətinə baxın, görün necə işləyirlər. Mən orada 8 ilə yaxın direktor işlədim. İndi də gedib camaatdan soruşsalar, deyərlər ki, biz elə nə görmüşüksə, o dövrdə görmüşük. Bunlar da məhz, heç şübhəsiz, yoldaş Nəsibovun birbaşa diqqəti, qayğısı sayəsində baş vermişdi. İndi belə bir insanı necə unutmaq, onun əməyini necə yerə vurmaq olar, bunu Allah da bağışlamaz, bəndə də. Bu camaat hər zaman Nəsibova duaçıdır...

“Aslan müəllim kasıbların, imkansız təbəqədən olanların böyük köməkdarı idi”

Allahverdi Qasımzadə - Şabran şəhər bələdiyyəsinin sədr müavini

- 1971-ci ildə Xaçmaz rayon İstehlak Cəmiyyətinə yoxlayıcı işinə götürülmüşəm. Mənim özüm dəvəçili (şabranlı) olmağıma baxmayaraq, əmək fəaliyyətinə Xaçmazdan başlamışam. Həmin müddət ərzində gənc komsomolçu kimi etimad göstərərək məni İstehlak Cəmiyyətində komsomol təşkilat katibi vəzifəsinə seçdilər, bununla yanaşı, yoxlayıcı kimi fəaliyyətimi də davam etdirirdim. Sonra elə oldu ki, Aslan müəllimi Xaçmaz Rayon  Partiya Komitəsinin birinci katibi vəzifəsinə göndərdilər. Yadımdadır, o zaman keçmiş SSRi-nin 19-cu partiya qurultayı keçirilirdi. Həmin qurultaya da nümayəndə kimi Aslan müəllimi göndərmişdilər. Qurultaydan sonra Aslan müəllim rayona gəldi, qurultay iştirakçısı kimi onun ilk görüşü rayon İstehlak Cəmiyyətində gənc komsomolçularla oldu, həmin görüşü də komsomol katibi kimi mən təşkil etmişdim. Qeyd edim ki, bu görüş də çox gözəl alındı. Onu bildirim ki, Cəmiyyətin 850-yə yaxın işçisi var idi ki, onlardan da 550 nəfəri komsomol təşkilatının üzvüydü. Bu görüşdən razı qalan Aslan müəllim böyük etimad göstərərək məni Rayon İstehlak Cəmiyyətinə sədr seçdi. Ancaq bu vəzifədə çox da işləmədim. İşdəki fəaliyyətimi nəzərə alaraq o vaxt məni Bakıya – “Azərittifaq”a apardılar və baş əmtəəşünas vəzifəsinə təyin etdilər.

Aslan müəllimlə az müddətdə işləsəm də, qeyd etməliyəm ki, o, gözəl, bacarıqlı partiya rəhbəri, dövlət adamı idi. İşlədiyi müddət ərzində də hər zaman insanların etimadını doğrultmağa çalışırdı və buna da nail olurdu. O əsl fəhlə-kəndli partiyasının nümayəndəsi kimi elə daim fəhləyə, kəndliyə böyük önəm verirdi, onlara arxa-dayaq olmağa çalışırdı. O kasıbların, imkansız təbəqədən olan insanların böyük köməkdarı idi. Onda demək olar ki, bütün müsbət keyfiyyətlər cəmləşmişdi. Onunla bir yerdə işlədiyim dövrdə, demək olar ki, hər zaman mənim fəaliyyətimlə, işimlə də maraqlanırdı, Xaçmazdan Bakıya gedəndə də, sonralar görüşəndə də hər zaman deyirdi ki, gərək gənc, bacarıqlı bir mütəxəssis kimi qalıb burada işləyəydin, sən məni atdın getdin...
Bu insan haqqında çox sözlər demək olar, o bütün gözəl sözlərə layiqdir. Mən bu insana cansağlığı, uzun ömür arzulayıram. Arzu edirəm ki, onun 80 yaşının üstünə hələ neçə onilliklər gəlsin. Allah onu bizlərə və əzizlərinə çox görməsin!

“Tovuza çox katiblər gəlib-gedib, amma onun kimisi Tovuza gəlməyib və gəlməyəcək”

Gilas Əsgərova – Tovuz rayon keçmiş Nizami adına sovxozun sağıcısı, Azərbaycan SSR Ali Sovetinin deputatı

- Aslan Nəsibov mənim yaddaşımda əsl dövlət, xalq adamı kimi qalıb. O bilirdi ki, mən savadsız idim, təhsil almamışdım, amma hər dəfə deyirdi ki, bu qoçaqlıq ki, sən də var, Allahın altında gərək 5-ci sinifə kimi oxuyaydın, səni bir vəzifəyə göndərərdik. Mən əlli il fəhlə işləmişəm, işlədiyim dövrlərdə çox katiblər görmüşəm, amma yoldaş Nəsibov kimisinə rast gəlməmişəm,Tovuza çox katiblər gəlib-gedib, onun kimisi Tovuz rayonuna gəlməyib. O elə bil fəhlənin cibinin pulu idi. O, hər bir işçinin, fəhlənin işini, yaşayış şəraitini gedib öz gözü  ilə görməsə, heç kimin sözünə inanmazdı, heç kimin sözü ilə oturub-durmazdı, qərar verməzdi.

Nəsibov birinci katib gəlməzdən əvvəl də mən qabaqcıl adam kimi çox qurultaylarda nümayəndə olmuşam. Amma o bizim rayona gələndə elə bil maldarlıq sahəsinə rəhbərliyi mənə verdi. Ailə podratı oldu, bir tövləni mənə həvalə etdilər. Biz ailəlikcə sağıcı idik. Elə bil 40 ildə ki işim havayı idi, onun vaxtında işlədiyim təxminən 10 il tamam başqaydı. Mən yalnız o dövrdə bildim ki, hansısa işdə işləyirəm. O, tez-tez bizim sovxozun fermasına, xüsusilə mənə həvalə olunan tövləyə gələr – onun başından  ayağınacan gəzərdi, deyərdi ki, sənə halal olsun. Həmin vaxt mənimlə birgə işləyən qızlarımdan birini də qurultaya nümayəndə kimi göndərdi, ona orada hədiyyə, mükafat verdilər.

“Bu gün də yediyim o Kişinin çörəyidir”

Bayram Bayramov – Tovuz rayonu, Əsrik-Cırdaxan kənd sakini, rayon komsomolunun keçmiş ikinci katibi

- Mən o vaxtlar Əfqanıstanda hərbi qulluqda olmuşam. Hərbi xidmətdən qayıdıb gələndən sonra kəndimizdə anamla tək yaşayırdım. Onu da qeyd edim ki, mən Daşkənddə Aviasiya zavodunda işləmişdim, istəyirdim ki, yenidən oraya işləməyə gedim. Anam isə qoymadı ki, burada qal, vəfat edəndə məni kim yerdən götürəcək və sair. Nə isə bir gün anamla Partiya Komitəsinin birinci katibi olan Aslan Nəsibovun qəbuluna gələsi olduq. İçəri keçdik, anama dedi ki, bacı, nə istəyirsiniz, dedi ki, oğlum Özbəkistanda işləyib, institut qurtarıb, istəyir, yenə ora qayıdıb getsin. Ona mümkündürsə, bir iş düzəldəsiniz. Qayıdıb dedi ki, bacı, düzələcək. Qeyd edim ki, Aslan müəllimdən öncə raykomda katiblərdən birinin qəbuluna gəlmişdim, mənə dedi ki, nə istəyirsən, dedim ki, iş istəyirəm. Sonra dedi ki, Tovuzda bircə Arxiv İdarəsində boş yer var, ora düzəldə bilərik. Mən də bununla razılaşmayıb çıxıb getdim. Nəsibov Bakıdan qayıdıb gələndən sonra dediyim kimi, anamla onun qəbuluna gəldik. Qəbulda iştirak edən həmin katib dedi ki, axı mən sənə iş təklif etmişdim, sənin ixtisasına uyğun olan iş bizdə yoxdur. Bunu deyərkən, yoldaş Nəsibov onun qolundan tutdu, dedi ki, bilirsən, bu haradan gəlib, odun-alovun içindən gəlib, biz ona borcluyuq. Ona iş də verməyə, qulluğunda da durmağa borcluyuq. Bundan sonra həmin katib də daxil olmaqla, hamı onun sözünü təsdiqlədi. Anam da dedi ki, dilinə qurban olum, qoyma, oğlumu getməyə. Bildirdi ki, get bir həftə gözlə, gözləyə bilərsənmi, dedim ki, niyə gözləmirəm. Həm də dedi ki, görün bu necə insandır ki, əsgərlikdən bir həftədir gəlib, amma özünə iş axtarır, tüfeyli həyat sürmək istəmir, belə gənclərlə fəxr etmək lazımdır. Bunun üstündən bir həftə keçdikdən sonra məni qəbuluna çağırtdırdı, görüşdük, salamlaşdıq, dedi ki, kənddə komsomol təşkilatı katibi vəzifəsi boşdur, ora gedərsənmi. Dedim ki, yoldaş Nəsibov siz hara göndərsəniz, canla-başla gedərəm, mən sizin əsgərinizəm. Güldü, dedi ki, Fərman Nağıyevlə aran necədir, dedim ki, yaxşı. Dedi ki, ərizənin üstünü yazıram, get nəzərdəsən. Getdim, bir il orada komsomol təşkilat katibi işlədim. İşlədiyim dövrdə də enerjili, cavan vaxtlarım idi, evlənməmişdim, bütün qayğılardan uzaq idim. Gəlirdi görürdü ki, fermadayam, sahəyə gedirdi görürdü ki, yenə oradayam, üzüm sahəsinə gedirdi, görürdü ki, oradayam. Məni iki dəfə təriflədi və  dedi ki, hara gedirəm, görürəm oradadır. Elə bilirdim, onun burada adamı var, zəng edib deyir ki, Aslan Nəsibov filan yerə gedir, tez ol, oraya get. Amma yox, görürəm ki, belə deyil, o sadəcə, öz işinə məsuliyyətlidir, çalışqandır.

Burada bir il işlədikdən sonra kəndimizdə kənd sovetində (indiki icra nümayəndəliyində) kənd soveti sədri və Rayon Komsomol Komitəsində ikinci katib vəzifəsi boş idi. Məni çağırdı, dedi ki, gəlsənə səni ikinci katib vəzifəsinə təyin edək? Cavab verdim ki, yoldaş Nəsibov, siz hara desəniz, ora getməyə hazıram. Dedi ki, görürəm ürəyindən kənd soveti vəzifəsi keçir, ancaq istəyirəm ki, komsomolda ikinci katib vəsifəsində olasan. Səni 2 min adam, yoxsa 150 min adam tanısa yaxşıdır? Dedim, əlbəttə, 150 min! Qayıtdı ki, ona görə buranı məsləhət görürəm. Aradan 3-4 gün keçdi, məni Bakıya Komsomolda söhbətdən keçməyə göndərdilər. Orada 2-3 gün qalası oldum, Komsomolun ikinci katibi varıydı, Seyran Seyranov. Onun qəbuluna gələndə ayaq üstə durub mənimlə görüşdü, yanımda da rayon üzrə kuratorumuz varıydı, o çox məəttəl qaldı. Dedi ki, Nəsibov zəng edib və bildirib ki, yanınıza cavan bir oğlan göndərmişəm, onu orada nə çox gözlədirsiniz. Sonra qeyd etdi ki, burada neçə illərdir işləyirəm, hələ görməmişəm ki, hansısa katib zəng edib işçisi ilə belə maraqlansın, Aslanov deyibsə, bizim üçün qanundur. Oradan qayıdıb gəldim, əmrimi aldım, bir xeyli müddət komsomolun 2-ci katibi vəzifəsində çalışdım. İşlədiyimiz dövr ərzində də hər zaman mənimlə, ailə vəziyyətimlə, yaşayışımla maraqlanırdı.

Buradan birinci katib vəzifəsindən getdikdən bir neçə il sonra Aslan müəllim o vaxtkı Dövlət Əmlak Komitəsində işləməli oldu. Mən də həmin vaxtlar Tovuz rayon Sovetində işləyirdim. Bir dəfə elə oldu ki, ismarıc göndərdi ki, Dövlət Əmlak Komitəsinin Tovuz rayon şöbəsində müdir vəzifəsi boşdur, məsləhətdirsə, mənimlə görüşsün. Yanına getdim, görüşdüm, dedi ki, orada şöbənin müdiri vəzifəsi boşdur, orada işləyə bilərsənmi? Yenə əvvəllər olduğu kimi dedim ki, harada desəniz, orada da işləyərəm. Sənədlərimi götürüb Əmlak Komitəsinin sədrinin yanına apardı. Dedi ki, bu cavan oğlanı çoxdan tanıyıram, namizədliyini də mən verirəm. Bir az söhbətdən sonra məni Əmlak Komitəsinin Tovuz rayon şöbəsinə müdir vəzifəsinə təyin etdilər. Bu vəzifədə də bir müddət işlədim. Hər dəfə də Komitəyə gedəndə məni orada bütün şöbələrə aparır və deyirdi ki, bu, mənim gənc dostumdur. Aslan Nəsibov bu sözü də hər adama demirdi.

“Tovuzluların ürəyində onun bir heykəli var”

Məzahir Bayramov – Yeni Azərbaycan Partiyasının (YAP) Tovuz rayon təşkilatının sədri, Tovuz şəhər bələdiyyəsinin sədri

- 1984-cü ildə Aslan müəllim məni Rayon Partiya Komitəsinin təbliğat-təbliğat şöbəsinin müdiri vəzifəsindən təşkilat şöbəsinin müdiri vəzifəsinə keçirdi. Sonra isə öz xahişimlə məni Rayon İcraiyyə Komitəsinin sədr müavini təyin etdi. Düzünü desəm, o zaman məni buraxmaq istəmirdi. Həmin vaxt Mərkəzi Komitəyə söhbətdən keçmək üçün gedəndə də gördüm ki, orada belə bir fikir yaranıb ki, guya Aslan müəllim məni dəyişir. Ancaq əslində belə deyildi. Rayon Partiya Komitəsində çalışanda da Aslan müəllim məni başa salır, məsələləri izah edir, belə demək mümkünsə, başıma ağıl qoyurdu. Amma buna baxmayaraq, yenə də onun köməyilə mən İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə getdim. Bundan sonra biz yenə də, xüsusilə təsərrüfat sahələrində görüşməyə, bir yerdə işləməyə başladıq.

Qeyd edim ki, bəzən elə olurdu Aslan müəllim gecə saat birəcən, ikiyəcən işləyirdi. Heç şübhəsiz ki, təşkilat şöbəsinin müdiri də yerində olmalıydı. Bir dəfə dekabr 31-i – Yeni il gecəsi idi. Hamımız gözləyirdik ki, o, işini tez başa çatdırsın, biz də çıxaq evimizə-eşiyimizə gedək. Gördük ki, saat 11 oldu, 12-nin yarısı oldu, Aslan müəllimdən bir səs çıxmır. Bir də gördüm daxili telefonla zəng etdi, dedi ki, Bayramov, düş həyətə, gedək. Mən də həyətə düşdüm və qayıdıb dedi ki, Bayramov, sən bilən indi biz hara getməliyik? Dedim ki, saat 12-yə 15 dəqiqə qalıb, yəqin evimizə getməliyik. Cavab verdi ki, sən cavansan, bizim görməli işlərimiz hələ çoxdur. Həmin vaxt Aslan müəllimin sürücüsü əlindəki bir dəstə gülü maşına qoydu və biz də maşına oturası olduq. Dedi, sür xəstəxanaya. Getdik rayon Mərkəzi Xəstəxanasına. Oradakı otaqları, palataları bir-bir gəzdi, xəstələrin, gecə növbəsində çalışan tibb işçilərinin hamısını bir-bir təbrik etdi. Bildirdi ki, biz hamımız çıxıb evimizə-eşiyimizə gedəcəyik. Amma bunlar, Yeni il gecəsini burada keçirmək məcburiyyətindədirlər. Ona görə bu diqqət, bu qayğı onlara lazımdır. Demək istəyirəm ki, Aslan müəllim belə bir həssas insandır. Aslan müəllimin haqqında ən böyük sözləri tapıb deyə bilsəm, onlar da çox güman ki, onun bütün xarakter cizgilərini, məziyyətlərini, keyfiyyətlərini tam açıb ortaya qoya bilməz. O, çox yüksək təşkilatçı, çox savadlı bir partiya xadimi, çox qayğıkeş bir insandır...

O zaman Aslan müəllimin Tovuz rayon Partiya Komitəsinin birinci katibi vəzifəsindən uzaqlaşdırılması ilə bağlı keçirilən Büronun iclası bu gün də gözümün qabağındadır. Tam səmimiyyətimlə deyirəm ki, oraya yığılan insanlar hamısı ağlaşırdı, hamı göz yaşlarına qərq olmuşdu. İnsanlar onun vəzifədən getməsini istəmirdilər. Bunun üstündən indi bir xeyli müddət gəlib keçib. Amma zaman hər şeyi saf-çürük edir, ortaya qoyur ki, biz o zaman kiminlə işləmişik, hansı rəhbərin himayəsində olmuşuq, ondan nələr götürmüşük, nələr öyrənmişik. Sonrakı həyatımızda da, taleyimizdə də nə qazanmışıqsa, yenə o Kişiyə - Aslan müəllimə borcluyuq. Onun məktəbindən keçən insanlar – sonradan bunlardan bir-ikisi də birinci şəxs oldular – hamısı etiraf edirlər ki, qazandıqları bütün nailiyyətlərə, uğurlara görə Aslan müəllimə borcludurlar. O yolu ki, o müəyyən etmişdi, o yolla haqqa gedib çıxırdın, mətləbə gedib çata bilirdin. O, belə bir insan idi.

Plenumlarda məruzələr hazırlayırdıq. Adətən həmin plenum məruzələrini başqaları birinci katiblərə hazırlayıb verirdi, onlar da üzündən oxuyurdular. Mən Rayon Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri olanda gördüm ki, Aslan müəllim, sən demə, gecələr qalıb, bizim hamımızın şəxsi işlərimizlə tanış olurmuş. Bir dəfə məni yanına çağırıb soruşdu ki, ixtisasın nədi? Dedim, mühəndis elektro-mexanik. Qayıtdı ki, mühəndis hara, təbliğat-təşviqat şöbəsi hara? Nə qədər izah etməyə cəhd etsəm də, düzünü desəm, ağlabatan, inandırıcı bir şey ortaya qoya bilmədim. Açığı mənə heç nə demədi. Üstündən yarım ay keçəndən sonra dedi ki, plenumdur, Mərkəzi Komitədən gələnlər olacaq, məruzəni də hazırlamaq təbliğat-təşviqat şöbəsinin müdiri kimi sənin işindir. Əslində Aslan müəllimin bu məruzəyə də ehtiyacı yox idi, o, məruzəsiz də çıxış edə, plenumu apara bilərdi, sadəcə, məni yoxlamaq istəyirdi. Məruzə hazırladım, deyilən vaxtda aparıb orada texniki katib var idi, ona verdim ki, Aslan müəllimin stolunun üstünə qoysun. Vaxt gəlib-keçir, plenuma da cəmi bir neçə gün qalırdı. Gördüm ki, heç bir səs-küy yoxdur. Mən də narahatam ki, bu məhsulum necə qiymətləndiriləcək. Ancaq yenə bir xəbər çıxamadı, plenum gəldi-keçdi, Mərkəzi Komitədən gələn şəxs də plenumu, məruzəni çox yüksək qiymətləndirdi. Dedi ki, mən çox rayonlarda plenumlarda iştirak etmişəm, özüm də partiya işçisi olmuşam, amma birinci dəfədir ki, bu cür yüksək səviyyəli plenum görürəm. Onu da qeyd edim ki, plenum qurtaranda adamın üstündən sanki bir yük götürülürdü, insanlara bir asudəlik gəlirdi. Biz də hamımız bir yerdə çıxıb getdik çörək yeməyə. O zaman qayda beləydi ki, hamı hər yerə gedə bilərdi, amma gərək əvvəlcədən xəbər verəydi. Elə gedib yenicə oturmuşduq, bir stəkan çay gətirmişdilər ki, xəbər gəldi, bəs sizi çağırırlar. Aslan müəllim məruzəni çox yüksək qiymətləndirdi və dedi ki, sizi elə buna görə çağırmışam deyəm ki, plenumdan çox razı qaldım. Bayramova da demişdim ki, mühəndis ola-ola necə gəlib təbliğat-təşviqat şöbəsinin müdiri işləyirsən? İndi bildim ki, Bayramov necə gəlib bura çıxıb. Deməkdə məqsədim odur ki, o, hər şeyə dəqiq yanaşan, hər işin, hər insanın qiymətini verən bir rəhbər idi. 

Eyni zamanda qeyd edim ki, Aslan müəllim Tovuza gələnəcən raykomda işləyən partiya təşkilat katibləri nüfuzsuz, sovxoz direktorlarının, belə demək mümkünsə, buyruqçuları durumunda idilər. O gələndə məsələni tamam başqa bir istiqamətdə, yəni, partiya prinsipləri nöqteyi-nəzərindən ortaya qoydu. Sovxoz direktorlarına dedi ki, siz partiya təşkilatı katibinə tabesiniz, o, sizin hesabatınızı dinləyir, siz onun kommunistlərindən birisiniz. Bu, bəzilərinin xoşuna gəlmirdi, amma Aslan müəllim bu məsələni qaydasında yoluna qoydu.

Mən də o vaxt “raykom” aparatının partiya təşkilatının katibi idim. Belə deyək, Aslan müəllim də həmin təşkilatın üzvlərindən biri idi. İndi üzvlük haqqı yığılmalıydı, üzvlük haqqı cədvəlini götürüb Aslan müəllimin qəbuluna getdim ki, ondan da üzvlük haqqı alım. Dedi ki, Bayramov nə məsələdir, cavab verdim ki, üzvlük haqqı məsələsi üçün gəlmişəm. Qayıtdı ki, Bayramov, sən partiya təşkilat katibisən, mən gəlib sənin yanında üzvlük haqqını verməliyəm, belə olmaz. Məni öz otağıma qaytardı, aradan 15 dəqiqə keçəndən sonra gəldi, üzvlük haqqını verdi, cədvələ də qol çəkdi, getdi. O nə edirdisə, özünün şəxsi nümunəsi ilə edirdi. O, bütün məsələlərdə nümunə idi və o nümunəni də insanlar görür, ondan istifadə edirdilər. O, bütün sahələrdə özü də təpədən-dırnağacan tərbiyəçi idi. Onunla birgə işləmiş bizlər bütün həyatda əldə etdiklərimiz, hətta uşaqlarımızın tərbiyəsindən tutmuş, nələrə nail olmuşuqsa, hamısı üçün ona borcluyuq.

“Aslan müəllim əsl fəhlə-kəndli adamı idi”

Asya Məmmədova –Azərbaycan SSR Ali Sovetinin deputatı

- Mən həyatımda, işlədiyim dövrdə çox rəhbərlər, çox vəzifəli şəxslər, birinci katiblər görmüşəm, ancaq tam səmimiyyətimlə deyim ki, Aslan müəllim kimisinə rast gəlməmişəm. O, əsl fəhlə-kəndli adamı idi. Hamıya öz əməyinə, öz zəhmətinə görə qiymət verməyi bacarırdı. Heç kəsin haqqını tapdalamırdı. Şəxsən onun dövründə işləyən bir şəxs kimi deyə bilərəm ki, məni də öz “donumda” görürdü. Mənim də işimə qiymət verirdi. Hər dəfə gələndə görürdü ki, ayağımda rezin çəkmə, əlimdə qayçı, qarın içərisində budama edirəm. O bunu görürdü və qiymətləndirirdi. Eyni zamanda görürdü ki, mən bu ada-sana elə-belə nail olmamışam, öz zəhmətim hesabına bu yerlərə gəlib çıxmışam. Aslan müəllim də bunu görür, qiymətləndirir və hamıya da deyirdi.
Aslan müəllim haqqında günlərlə, saatlarla danışsam, yenə də az olar, vaxt çatmaz. Ancaq atalarımızın bir məsəlində deyildiyi kimi, görünən kəndə nə bələdçi? Mən ona ancaq və ancaq cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram. Allah onu min budaq eləsin! Onu bizlərə çox görməsin, yaşının üstünə neçə-neçə illər gəlsin!

“Aslan müəllimlə Qardaşlığımız bu gün də davam edir”

Mücaməddin Axundov – Tovuz rayon İstehlak Cəmiyyəti İttifaqının sədri

- Mən Aslan müəllimi Tovuz rayonunda birinci katib işləyəndən tanıyıram. O dövrdə mən öz sahəmiz üzrə həmkarlar təşkilatının sədri işləyirdim.  1984-cü ilin avqustunda rayonda ticarətin vəziyyəti ilə əlaqədar Büronun iclası keçiriləsi oldu. İclasın gedişatında “raypoittifaq”ın sədrinin vəzifədən getməsi məqsədəuyğun sayıldı. Sədr vəzifəsinin də icrasını müvəqqəti olaraq mənə həvalə etdilər. O zaman çoxları da Aslan müəllimin yanına gəlirdilər, gedirdilər, minnətçi düşürdülər ki, öz adamlarını bu vəzifəyə təyin etdirsinlər. Ancaq yatsam yuxuma gəlməzdi ki, bu vəzifə mənə həvalə olunacaq. Ona görə ki, elə sən deyən imkanım və yaxud vəzifədə olan adamım yox idi. O dövrdə hamı bilirdi ki, müəyyən adamlar vəzifəyə təyin ediləndə onlardan pul alınmalıdır. Sən demə, o dövrdə də müəyyən adamlar varmış ki, bu vəzifəyə gözləri düşübmüş, öz adamlarını təyin etdirmək istəyirlərmiş. Hətta bir nəfər o vaxtkı pulla 150 min rubl təklif edibmiş ki, filankəsi bu vəzifəyə qoyarsınız. Aslan müəllim də həmin adama söz veribmiş ki, həmin adamı həmin vəzifəyə təyin edərəm...

Qeyd edim ki, Aslan müəllim çox işgüzar adam idi. Səhər saat 5-də durur, təsərrüfatı hərlənir, saat 10 tamamda raykomun qabağında dayanırdı. Rayokomun həyətində yerləşən bufetdə bir qismət səhər yeməyini yeyər və kabinetinə qalxardı. Özü də çox ciddi adam idi. İndi gördüyünüz mülayim Aslan müəllim deyildi. O, təsərrüfatları hərləndikcə, hər yerdə insanlarla söhbət edib, müəyyən adamlardan da məni soruşurmuş ki, “raypoittifaq”da belə bir adam var, o necə adamdır? Ümumi götürəndə rayonun o yeri qalmır ki, orada məni soruşmasın. Yaxşı oğlandır, işinin öhdəsindən gələ bilər deyənlərin sayı da çoxuymuş, müəyyən adamlar da xətir, ona yarınmaq üçün deyirlərmiş ki, hələ çox cavandır, ora böyük idarədir, öhdəsindən gələ bilməz. O vaxt da mənim 35 yaşım varıydı. Nə isə ümumi fikrə gələndən sonra bizdə üçüncü katib varıydı – sonra ikinci katib işlədi – axşamüstü saat 8-dən sonra məni və bizdə əmtəəşünas işləyən Sədaqət xanımı  yanına çağırdı və zərf verdi. Dedi ki, bunu açmağa ixtiyarınız yoxdur, bunu “Azərittifaq”a aparacaqsınız. Başa düşdüm ki, mənə etimad göstəriblər. Eyni zamanda, bizə tapşırıq verildi ki, Bakıya gedəcəyinizi heç kim bilməməlidir. Sözün qısası hər ikimiz Bakıya getdik, səhər tezdən sənədlərimizi “Azərittifaq”a təqdim etdik. Sədaqət xanım səhərisi qayıtdı, ancaq mən bir-iki gün ləngiməli oldum. Bu, haradasa 1984-cü ilin sentyabr ayının 10-na təsadüf edirdi. O vaxt “raypoittifaq”ın sədri Mərkəzi Komitədən təsdiqdən keçməli idi. Mərkəzi Komitədə Mikayıl Nəzərov varıydı, o bizi təsdiqdən keçirdi, razılıq verildi, sentyabr ayının 12-də Tovuzun Mədəniyyət Evində bizim müvəkkillər, rayon ictimaiyyətinin geniş iştirakı ilə seçki keçirildi, Aslan müəllim mənim namizədliyimi təklif etdi və belə bir söz işlətdi ki, baxmayaraq, Axundovun əmisi məlum olmayan səbəblərdən Türkiyədə yaşayır, ancaq Büro onun namizədliyini irəli sürür. Seçki keçirildi, mən “raypoittifaq”ın sədri seçildim, başladım işləməyə.

Onu da qeyd edim ki, 1972-ci ildə partiya üzvlüyünə namizədiydim Bürodan keçməliydim. Mənə dedilər ki, tərcümeyi-halında əminin xaricdə yaşaması məsələsini qeyd etmə. Bəlkə də bunu mənə məqsədli şəkildə deyirdilər, deyə bilmərəm, o vaxt gəlib Ağsaqqallar Şurasından keçməli oldum. Orada tərcümeyi-halımı oxudular, bir nəfər də milliyyətcə rus olan qadın var idi – maliyyə şöbəsinin müdiriydi – o bir “zapiska” yazıb Şuranın sədrinə tərəf uzatdı. Orada göstərilirdi ki, bəs Axundovun əmisi Türkiyədə yaşayır. Nə isə sonradan məsləhət bildilər, xidmətlərimi, fəaliyyətimi, ailə tərkibimi nəzərə aldılar – atam “Lenin” ordenli əməkdar müəllim olub – və dedilər ki, get bildir ki, əmin Türkiyədə yaşayır, amma onunla heç bir əlaqəniz yoxdur. Namizədliyim təsdiq olunanda mənim tərcümeyi-halımı heç oxumadılar. Büro üzvlərinin hamısı dedi ki, yaxşı kişinin oğludur, tanıyırıq, məsləhətdir, filandır, keçsin və keçdim. Bunu da bir qrup adam bilirdi. “Raypoittifaq”da yenicə fəaliyyətə başlamışdım, heç bir ay keçməmişdi, ərizələr yazılmağa başladı, nə başladı. Yazırdılar ki, əmisi xaricdə yaşadığı halda, partiyaya daxil olanda, tərcümeyi-halında bunu gizlədib, amma belə bir adamı Aslan müəllim “raypoittifaq”ın sədri qoyur. Bunu da təşkil edənlər həmin 150 minin marağında olan adamlar idi, Aslan müəllimin işinə pəl vurmaq istəyənləriydi. Həmin ərizələr də sel kimi Aslan müəllimin üstünə qayıdıb gəlirdi, o da üstünə yazırdı “k delu – k delu”. Müəyyən adamlar da məəttəl qalır ki, bu nə məsələdir, niyə buna “k delu” yazır, niyə yazmır ki, araşdırın, filan edin. Aslan müəllim də işini bilən adamıydı, Mərkəzi Komitəyə təsdiq üçün elə-belə adamı göndərməzdi, yəni, mənim fəaliyyətimlə, keçmişimlə tam tanışıydı. Mənim də vəzifəyə təyin olunmağım, bir daha qeyd edirəm, o kişiylə bağlıydı, bir manat da olsun, məndən nə təmənna umub, nə də pul alıb. Açığını dedim ki, o dövrdə o pulu vermək imkanım da olmayıb. 150 min manat da o dövr üçün çox böyük pul idi. Ancaq bu kişi həmin puldan imtina edib, məni pulsuz-parasız bu vəzifəyə təyin etdi, o cümlədən məni axıracan da müdafiə etdi. Aslan müəllim eyni zamanda bildirdi ki, prokuror, milis rəisi, Xalq Nəzarəti Komitəsinin sədri “raypoittifaq”ın anbarına girə bilər, ancaq oradan icazəsiz bir dənə iynə götürə bilməz. Bundan sonra çoxları elə bildi ki, bizim əvvəllərdən tanışlığımız, yaxınlığımız var. Hətta bəziləri müəyyən dövrlərdə yanıma gəlməyə başladılar ki, Aslan müəllimə onu de, bunu de və sair. Ancaq mənə ona istəsəydim belə heç nə deyə bilməzdim. Məni çağıranda ki, “raykom”a gəlməlisən, həmişə çəkinə-çəkinə, qorxa-qorxa gedirdim. Mən qorxusuz-ürküsüz onun otağına girə bilmirdim. Hər zaman özümdə məsuliyyət hiss edirdim.

Bir dəfə də ilk partiya təşkilatının hesabat yığıncağı idi, Aslan müəllim də bu yığıncağa gəlməliydi. Axşam saat 7 idi, idarənin qarşısında onu qarşılamalı idim. Gəldi və pilləkənlə yuxarı qalxanda dedi ki, narahat adam varsa, onları mənə de. Dedim ki, bizdə narahat adam yoxdur, varsa və mən onun öhdəsindən gələ bilmirəmsə, deməli, yerimdə deyiləm, işimin öhdəsindən gələ bilmirəm. Allah işini avand etsin, o kişi ilə uzun müddət bir yerdə işlədik, rayonun bütün tədbirlərində də, demək olar ki, birlikdə iştirak etdik. Hətta bir dəfə burada böyük bir mətbəx yarmarkası, sonra kitab bayramı təşkil etdik, gənc sağıcıların müsabiqəsini keçirdik. O, çox işgüzar adam idi. Tovuzda “Döyüş şöhrəti” muzeyini təşkil etdi, Aşıq Hüseyn Bozalqanlı adına “Aşıq-ozan” muzeyini yaratdı, “Rəsm qalereyası”nı açdı, “Şahmat məktəbi”ni tikdirdi, bizim idarə ilə üzbəüz ərazidə - vaxtilə üfunət iyi verən, zibilliklə dolu olan bir yer idi – nümunəvi park saldırdı. Bir dəfə mənə dedi, rayonda Veteranlar evi açılmalıdır. Qeyd edim ki, o vaxta kimi heç yerdə belə bir şey yoxuydu. Bizim idarə ilə üzbəüz bir bina var idi, oranı düzəltdirdim və orada həmin Veteranlar evini açılışını etdik. Oranın açılışında da Büronun qərarı ilə mənə fəxri fərman verdi.

Sonra bir gün dedi ki, konserv zavodunun fəhlə yataqxanası istifadəsiz qaldığı üçün oranı təmir edib, uşaq bağçası etmək lazımdır. Düzünü desəm, o zaman həmin zavodun direktoru bu işi etməkdən boyun qaçırmışdı. Mənə dedi ki, oranı uşaq bağçası düzəltdirə bilərsənmi? Dedim, niyə etmirəm. İkimərtəbəli binanı bir ay müddətində təmir etdirib oranı nümunəvi uşaq bağçası etdik. Adını özü qoydu – “Bənövşə”. Yenə bir dəfə yolu Böyük Qışlarq tərəfdən düşür, baxır, görür ki, orada bir “budka” var, hamı ora çay içməyə yığışır. Mənə dedi ki, o “budka”nın yerində bir dənə yeməkxana tikdir. Dedim, baş üstə. Çünki təşkilatımız çox imkanlıydı, onun imkanı hesabına həmin yeməkxananı tikdirdim, adını da yenə özü qoydu – “Aygün”. İbrahimhacılının üstündə bir primitiv pavilyon var idi, dedi ki, onun yerində nümunəvi bir yeməkxana tikdir, mən də tikdirdim, adını da “Kəmalə” qoydu. Bunların hamısında nümunəvi kabinetlər təşkil etdirdim. Bəzi mundar adam başladılar deməyə ki, bəs, yoldaş Nəsibov yeməkxanalarda özünə ayrı-ayrı kabinetlər təşkil etdirir. Amma adamın başının üstündə Allah var, o bir dəfə olsun belə həmin kabinetlərdə oturmadı. Bundan başqa, Çökəli deyilən yerdə Meşə İdarəsinin 2 otaqdan köhnə binası varıydı, dedi, onu da düzəltdir, nümunəvi yer olsun. Onu da düzəltdirdik. Özü də hər şeyə nəzarət edirdi. Nəzarət edirdi ki, onun tapşırıqları necə icra olunur.

O bütün sahələr üzrə nümunəvi bir katib oldu. Kişi kimi gəldi, Kişi kimi getdi. Mən ömrüm boyu o Kişiyə borcluyam. O olmasa o dövrdə bu cür məsuliyyətli vəzifəyə, özü də təmənnasız heç kim məni irəli çəkməzdi. Artıq 27-ci ili tamam olur ki, mən bu vəzifədə işləyirəm. Onunla münasibətlərimiz bu günə qədər də çox istidir, bir ay mən onunla danışmasam, o da narahat olur, elə mən özüm də. Tez-tez də Bakıya yolum düşəndə evinə getmişəm, ona baş çəkmişəm və çəkirəm. Çünki bu mənim o böyük İnsan, Şəxsiyyət qarşısında borcumdur. Mən bunu özümə borc bilmişəm və bilirəm. Qohumlarım da onu tanıyır, mən də onun qohumlarını tanıyıram. Vəzifədən gedəndən sonra cəmi 3 dəfə Tovuzda olub, hər üçündə də bizim evdə qonaq olub. Mən onu qarşılamışam, mən onu yola salmışam.

Bir dəfə əslən tovuzlu İsa Əsgərov var – Moskvada Şərab Zavodunun baş direktoru idi – övladına toy edirdi, Aslan müəllimi də toya dəvət etmişdi. Mənim də əvvəlcədən bundan xəbərim yoxuydu, toya oğlu Yunislə birlikdə gəlmişdi, dedim ki, narahat olmayın, axşam bizdəsiniz. Yunisin  Aşağı Ayıblıda dostu yaşayırdı, onlar da nəzərdə tutublarmış ki, gecəni orada qalsınlar. Demək istəyirəm ki, o həmin təklifdən xoşhal oldu və gecəni də bizdə qaldılar...

Aslan müəllim Tovuzdan gedəndə də mən “fin evin”də yaşayırdım, düzünü desəm, onun qorxusundan təzə kostyumumu belə əynimə geymirdim, bir dəct  kostyumu bütün il boyu geyinirdim. Ümumiyyətlə, heç birimiz artıq hərəkət edə bilmirdik ki, birdən eşidər, xəbər tutar. Xətrimi nə qədər çox istəyirdisə, o məni səhvlərimə görə bir o qədər də cəzalandıra bilərdi. Çünki heç kimə səhvinə görə güzəştə gedən insan deyildi. Təkcə mənə 8 dəfə partiya cəzası vermişdi. Burada da 3 ildən – 5 ildən bir seçki keçirilirdi, seçilən və seçiləcək adamın da cəzası olmamalıydı. Amma xətrimi nə qədər çox istəyirdisə, mənim bir o qədər də məsuliyyətimi artırırdı, mən də çalışırdım ki, onun etimadını doğruldam.

...Aslan müəllimi insan kimi də, keçmiş rəhbər şəxs kimi də bu gün yenə həmin səpgidə qəbul edirəm. Özü də həmişə deyib ki, Allah-Təala sənin kimi bir insanı mənə bəxş edib. Sən mənim qardaşımsan. Bu sözü mən ona xoş gəlmək üçün deyə bilərəm, ancaq o, özü bu sözü deyib və bu gün də bizim qardaşlığımız davam edir.

Mən özüm və bütün ailə üzvlərim, qohum-əqrabam adından Aslan müəllimə, o böyük İnsana və Şəxsiyyətə uzun ömür, cansağlığı, xoşbəxtlik arzu edirəm. Arzu edirəm ki, Allah-Təala onu bizlərə çox görməsin. Amin!

“Biz hamımız Aslan müəllimin şinelindən çıxmışıq”

Bəhruzər Rüstəmov - Tovuz rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri

- Baxmayaraq ki, keçmiş Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universitetini) qırmızı diplomla, fərqlənmə ilə bitirmişəm, amma mənim həyat müəllimim Aslan müəllim olub. Mən şəxsən  onu belə qəbul etmişəm, hamımız, belə demək mümkünsə, Aslan müəllimin şinelindən çıxmışıq. Bu gün Tovuzda və Tovuzdan kənarda üzdə olan nə qədər insan varsa, onlar hamısı Aslan müəllimin yetirmələri olub. Baxmayaraq ki, ötən müddət ərzində neçə ictimai-iqtisadi formasiyalar dəyişdi, ancaq Aslan müəllimin şinelindən çıxan insanlar bu yolda  büdrəmədi, bu burulğandan sağ-salamat çıxdı, xalqa, dövlətə qulluq etdi və bu gün də etməkdədirlər. Alimlər və bu işlə məşğul olanlar hesablayıblar ki, Azərbaycan ərazisində indiyə qədər 45 milyondan artıq insan  yaşayıb, tarix və xalq isə onlardan cəmi 157-i insanı yaddaşında saxlayıb. Bilmirəm, 100 ildən, 200 ildən sonra xalq 20 və 21-ci əsrdəkilərdən kimi yaddaçında saxlayacaq, ancaq mənim anlamıma görə, Aslan müəllim də yaddaşlarda qalacaq belə şəxsiyyətlərdəndir.

Tovuz rayonu 1930-cu ildə yaranıb. Acaq bura tarixən Şəmsəddinin sultanlığına aid olub. Buranın çox sultanları, bəyləri olub, amma bu yerin insanları yalnız iki rəhbəri yadında saxlayıb: biri Həbib Məmmədov, biri də Aslan Nəsibov. İnsanı başqalarının yaddaşında haqqı nahaqqa verməməsi və obrazı şəkildə desək, yetim başı tumarlaması ilə qalır, var-dövlət yığanlar yadda qalmır. Aslan müəllim isə yaddaşlarda məhz belə qalıb.

Aslan müəllim Dəvəçidə, Xaçmazda, sonra Tovuzda birinci katib oldu, özü də çox hörmətli birinci katib oldu. O, mərhum Heydər Əliyevin ən hörmətli kadrlarından biri idi, onun tərbiyəsindən bəhrələnmişdi. Ona tovuzlular “bala Lenin” təliğəsi (ayaması) vermişdilər. Düzdür, indi Lenini lənətləyirlər, amma bizim ağsaqqallar deyərdilər ki, Lenin hər şeyi Məhəmməd peyğəmbərdən, Qurandan götürüb. Yəni, Aslan müəllim sosial ədalətə tam əməl edən bir şəxs idi.

İnsan səmavi kitablarla tanış olduqca, kamilləşdikcə onu yaşadan o enerjilərdi, o dualardı. Aslan müəllimin də bildiyimə görə, 80 yaşı tamam olur. O, ağır cərrahiyyə əməliyyatları keçirib. Mənim anlamıma görə məhz o dualardı, müsbət enerjilərdi, xalqın alqışıdı onu saxlayan, yaşadan. 16 ilin katibinin bir maaşından savayı heç bir var-dövləti olmadı, ancaq yaşadı, ləyaqətlə, kişi kimi yaşadı və yenə də yaşamaqdadır. Bir vaxtlar onunla bir yerdə işləyən katiblər də, o nazirlər də, o hökm-fərman insanlar da tarixin səhifələrindən çıxıb getdilər, ancaq o kişi həmin tarixdə ləyaqətlə qaldı və qalır.

Kamil Həmzəoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir