Modern.az

Bizimkilər - Araz Zeynalov: “Bu yolda daha nə qədər gedəcəyimi bilmirəm” - FOTOLAR  

Bizimkilər - Araz Zeynalov: “Bu yolda daha nə qədər gedəcəyimi bilmirəm” - FOTOLAR   

4 Dekabr 2018, 08:33

“Jurnalistika bizə  maddi zənginlik qazandıra biləcək vəziyyətdə deyil”

 

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın növbəti qonağı jurnalist Araz Zeynalovdur.

 

Araz Zeynalov 10 dekabr 1973-cü ildə Bakıda anadan olub. 1978-ci ildə atasının xidməti işi ilə əlaqədar ailələri Şəmkir şəhərinə köçüb. 1991-ci ildə Şəmkir şəhəri Məhəmməd Füzuli adına orta məktəbi, 1996-cı ildə Axundov adına Pedaqoji İnstitutu (indiki Bakı Slavyan Universiteti) bitirib. 1996-98-ci illərdə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında həqiqi hərbi xidmət keçib. Jurnalist fəaliyyətinə 1993-cü ildə “Kadr-1” qəzetində başlayıb. Daha sonra “Bu gün” (1998-2002), “Ayna-Zerkalo” (2002-2003), “Xəzər” (2005-2006), “Bakı-Xəbər” (2007-2009), “Xalq Cəbhəsi” (2009-2010) qəzetlərində və “Gün.az” İnformasiya Agentliyində (2011-2016) işləyib. 2016-cı ilin dekabrından fəaliyyətini “Yeni Çağ” Media Qrupunda davam etdirir.

Ailəlidir, 3 övladı var.   

 

- Araz bəy, sizi jurnalistikaya gətirən səbəb nədir? Necə oldu ki, bu sahəni seçdiniz?

 

- Hələ aşağı siniflərdə oxuyarkən, yaşımıza uyğun məzmunda istənilən mətni birnəfəsə yazmaqda çətinliyim olmayıb. Yadıma gəlmir ki, hansısa inşa mövzusunu evdə yazıb sinifdə köçürüm. Həmişə birbaşa sinifdə yoxlama inşa dəftərinə yazırdım. Sinifdən-sinfə keçdikcə bu, belə davam etdi.

Jurnalistikaya marağımın yaranması və bu sahəyə gəlişim bir zamanlar Azərbaycan mətbuatının siması olan, topladığı tirajın uzaq gələcəkdə də təkrarlanmayacağı “Bu gün” qəzetinin sahibi, dostum Nəsib İsmayılovun sayəsində oldu. İndiki Slavyan Universitetində ikinci kursa başlayanda, Nəsib mənimlə və bir neçə tələbə yoldaşımızla qəzet açmaq niyyətini bildirdi. Sözdə hər çür dəstək göstərəcəyimizi desək də, Nəsib bütün ağırlığı üzərinə götürüb “Kadr-1” qəzetini ərsəyə gətirdi. “Kadr-1” yeni ruhda  fərqli məzmunlu gənclər üçün qəzet idi. Mənim iki yazımın dərc olunduğu o qəzetin ilk sayı 1993-cü ilin aprelində çıxdı. Mətbuatda debütüm belə oldu. Ancaq maddi çətinliklərə görə bir il sonra “Kadr-1” bağlandı. 1996-cı ildə Universiteti bitirib hərbi xidmətə yollanmaq ərəfəsində Nəsib artıq “Bu gün” qəzetini nəşrə hazırlayırdı. “Bu gün”ün ilk sayını 1997-ci ildə əsgərlikdə olarkən gördüm və çox sevindim. 1998-ci ildə hərbi xidməti bitrirdikdən sonra qəzetdə işə başladım. Əvvəl “Kadr-1”, daha sonra “Bu gün”lə  başlayan jurnalist fəaliyyətim hələ davam etməkdədir.

Yəni mətbuata gəlişimin ilkin səbəbi bu sahəyə marağım olub. İllər keçdikcə isə həmin maraq artıq tərzə çevrilib.      

      


- Bu günə qədər çalışdığınız yerlərdən sizin üçün ən unudulmazı hansı olub?

 

- Qeyd etdiyim kimi, çalışdığım ilk qəzet “Kadr-1”, daha sonra isə onun əsasında yaranan “Bu gün” olub. Hazırda Azərbaycan mediasında böyük nüfuza malik həmkarlarımızın çoxu məhz “Bu gün” qəzetinin şinelindən çıxıblar. Nəsib İsmayılov həqiqətən, çox güclü heyət toplamışdı. 2002-ci ildə “Bu gün” fəaliyyətini dayandırdıqdan sonra təqribən bir il “Ayna-Zerkalo” qəzetində  işlədim. Daha sonra ardıcıllıqla “Xəzər”, “Bakı-Xəbər”, “Xalq Cəbhəsi” qəzetlərində, beş ilə yaxın müddətdə Gün.az İnformasiya Agentliyində çalışdım.
2016-cı ilin iyununda Gün.az-ın bağlanmasından sonra bir neçə ay mənim üçün məcburi istirahət dövrü oldu. Yalnız 2016-cı il dekabrın ilk günlərində dostlardan “Yeni Çağ” Media Qrupunun yenidən komplektləşdirildiyini öyrənib, əlaqə saxladım. Media Qrupunun rəhbəri Aqil Əlsəgərlə görüşüb, anlaşdıq və işə başladım. Bir neçə gündən sonra “Yeni Çağ”da fəaliyyətimin iki ili tamam olacaq.

Tam səmimi deyirəm, işlədiyim bütün media orqanlarının hər biri özünəməxsus mehribanlığı, xoş ortamı ilə seçilib. Təbii, onların içində fərqləndirə biləcəyim qəzet “Bu gün”dür. Həm jurnalist fəaliyyətimə orada başlamağım, həm də Nəsib İsmayılovla münasibətlərimiz  mənim özümdə “Bu gün”ə fərqli münasibət yaradıb. Nəsibin hazırda jurnalistikadan kənarda  qalmasını mətbuatımız üçün çox böyük itki sayıram. Şübhə etmirəm ki, o, yüz il sonra da öz novatorluğu ilə mən qarışıq hər kəsi təəccübləndirməyi bacarar. Ümumiyyətlə, çağdaş mediamızda aşağıdan yuxarı baxacağım tək insan Nəsib İsmayılovdur.

Ancaq dediyim kimi, işlədiyim digər yerlərdə də çox mehriban kollektivlər, xoş mühit, səmimi münasibətlər olub... “Ayna-Zerkalo”dakı sərbəstlik və intellektual zarafatlar, “Bakı-Xəbər”dəki səmimilik, Gün.az-dakı doğmalıq... Hər birinin öz yeri var.  Hazırda işlədiyim “Yeni Çağ”da da ailə doğmalığı, səmimi atmosfer hökm sürür.    

          

- Övladlarınızın jurnalist olmasına razılıq verərdiniz?

 

- Üç övladım var, orta məktəbdə oxuyurlar. Onların heç birində jurnalistikaya xüsusi marağın olduğunu müşahidə etmirəm. Uşaqlar elə yaşdadırlar ki, dərsləri ilə məşğuldurlar, ixtisas-peşə seçimi barəsində hələ ki qəti qərarları yoxdur. Daha doğrusu, seçəcəkləri ixtisasla bağlı fikirlərinin tez-tez dəyişən vaxtlarıdır. Mənsə onlarda jurnalistikaya maraq yaratmağa çalışmıram. Ancaq övladlarımdan hansısa biri şüurlu şəkildə bu sahəni seçəcəksə, mətbuatın indiki vəziyyətinə baxmayaraq, yəqin ki ona mane yox, dəstək olaram.  

 


- Nə zamansa jurnalist olduğunuz üçün peşmanlıq çəkmisiniz?

 

- Yox, belə hal olmayıb. Ümumiyyətlə, nə jurnalistikaya gəlişim, nə də başqa qərarlarımla bağlı peşmanlıq çəkirəm. Hətta özünü doğrultmayan addımımı belə atıldığı an baxımından, doğru saymışam. Əlbəttə, sualınızın məqsədi aydındır. Səbəbini bildiyimiz çətinlikləri, sıxıntıları bu gün həmkarlarımızın əksəriyyəti yaşayır. Amma bir çox qələm dostlarımızın yarızarafat-yarıgerçək “Lənətlənmiş dairə” adlandırdıqları mediadan qopmaq, uzaqlaşmaq mümkün olmur. Bu, artıq peşmanlıq haqda düşüncələri yaxına buraxmayan bir həyat tərzidir.

 

- Həm qəzetdə, həm də saytda işləmisiniz, hansı daha çətindi? Hansında işləyən jurnalist jurnalistikanın digər sahələrində də asanlıqla uğur qazana bilər?

 

- Jurnalist fəaliyyətimin sadəcə, son səkkiz ili onlayn media ilə bağlıdır. Təbii, çap  və onlayn media arasında müqayisəyəgəlməz  fərqlər olduğu kimi, hər birinin özünəməxsus üstünlükləri və çatışmazlıqları var. Onlayn medianın əsas üstünlüyü əldə edilmiş informasiyanın operativ qaydada oxucuya ötürülməsidir. Hazırda saytlar arasında əsas rəqabət də operativlik göstəriciləri üzərindədir -  mühüm bir xəbərin yayımlanmasında hətta saniyə fərqi ilə olsa belə, önə keçmək, digərləri üçün əlçatmaz olan hansısa informasiyanın ilk mənbəyi olmaq və sair. Sabit İP bazası və reytinq-listlərdə ön sıralarda yer tutmaq onlayn medianın fəaliyyətində ən çox qabaran elementlərdir.

Print-mediada isə iş prosesi başqadır. Çapa hazırlanan nömrənin planlaşdırılması, tapşırılmış mövzuların vaxtında təhvil verilməsi, səhifələnmə, korrektə... Yəni çoxmərhələli bir prosesdir. Onlayn  mediadan fərqli olaraq, qəzetlər də minaaxtaranlar kimi yalnız bir dəfə səhv edirlər. Artıq satışda olan qəzetdə hər hansı səhvi düzəltmək mümkün deyil. Saytlarda yayımlanan materiallara isə istədiyin qədər əl gəzdirə, hətta xahiş-minnət və ya tələb əsasında yazını lentdən “itirə” də bilərsən. O baxımdan, onlayn medianın operativlik kimi üstünlüyü olsa da, məsuliyyət və keyfiyyət məsələsində çap mediasından geri qalır.             

Vəsiqəsindəki kateqoriyaları çox olan sürücülər müxtəlif tonnajlı  maşınları asanlıqla idarə edə bilirlər. Qəzetdə formalaşan  jurnalistləri həmin sürücülərlə müqayisə etmək olar. O fikirdə deyiləm ki, qəzet məktəbi keçmiş bütün jurnalistlər sanballı qələm sahiblərinə çevrilirlər. Yox. Ancaq hazırlıq və püxtələşməkdən danışırıqsa, qəzetdə  yetişmək onlayn mediada işləməyi xeyli asanlaşdırır. Bunu mətbuatımıza ümumi nəzər saldıqda da görürük. Baxın, bütün tanınmış imzalar çap mediasının yetirmələdirlər.  Bu fakt özlüyündə mənzərəni tam aydınlaşdırır.      

 


- Nə zamansa bu sahədən getməyi düşünmüşünüz?

 

- Yox, belə bir düşüncəm, planım olmayıb. Məsələ heç də başqa sferalarda daha əlverişli iş variantlarının ortaya çıxıb-çıxmamasında deyil. Bayaq da dedim, jurnalistika bir həyat tərzidir, onu dəyişmək olmur. Hətta  işin gərginliyindən bezib bir neçə gün istirahətə çəkildikdə belə,  insanda narahatlıq yaranır, tezliklə iş başına dönmək istəyirsən. Bu yolda daha nə qədər gedəcəyimi bilməsəm də, hələ ki dayanmaq haqda fikirləşmirəm.     

 

- Bu sahə sizə nələri qazandırıb?

 

- İlk növbədə əvəzsiz dostlar və  cəmiyyətdə bəlli bir status qazandırıb. Maddi planda isə hər hansı qazancdan danışmağa dəyməz. Jurnalistika bizə  maddi zənginlik qazandıra biləcək vəziyyətdə deyil.

 

- Özünüzə kənardan baxmağı bacarırsınız? Sizin fikrinizcə jurnalistlər sizdən razıdırlar?

 

- Hərəkətini və sözünü bilən insanların özlərinə kənardan baxmalarına ehtiyac yoxdur. Dost-tanışlarımın hər beş nəfərindən üçü jurnalistdir. Həmkarlarımın məndən razı olub-olmamaları isə geniş monitorinq predmetidir. 

 


- İllərin jurnalistisiniz, jurnalistikada nələrdən narazısınız?

 

- Sualınız mənə “perestroyka” dövrünün ən parlaq ekran əsəri saydığım “Yaramaz” filmini xatırlatdı. Filmdə  radiojurnalist baş qəhrəman Hətəmə sual verir: “Sizin müəssisədə yenidənqurma necə gedir?”. Hətəm də qorxu içində sağa-sola boylanıb pıçıltı ilə cavab verir: “Getmir”. Təəssüf ki, mətbuatımızın indiki vəziyyəti Hətəmin “Getmir” cavabının reallığıdır. Mərhum Sirus Təbrizli 20 il əvvəl qıcıqlandırıcı formada deyirdi ki, mətbuat bir “JEK” müdirinin də cəzalandırılmasına nail ola bilmir. Mətbuat 20 il əvvəl olduğu kimi, bu gün  də hansısa məmuru cəzalandırmaq gücündə deyil. Yenə sitat gətirməli olacam: Boris Yeltsin Rusiyada hakimiyyətə gəldikdən sonra Qorbaçovla arasındakı münaqişəsinin səngiməsini nəzərdə tutub deyirdi: “Hərdən təəssüflənirəm ki, duellər dövrü geridə qaldı”. Bizim media üçün də “duellər dövrü” çox arxada qalıb.   

 

- Ən yadda qalan müsahibəniz hansı olub?

 

- Azərbaycan siyasətinin indi meydanda olub-olmayan bütün tanınmış fiqurları ilə müsahibələrim olub. Hətta onlardan bəziləri ilə söhbətimiz müsahibədən çox müharibəyə bənzəyib. Bəlkə də əvvəllər həmin müsahibələr arasında müzakirə doğuranları, özümə də çox maraqlı görünənləri olub. Ancaq indi o siyasətçilər də, onların söylədikləri fikirlər də əhəmiyyətini itirdiyi üçün xüsusi xatırlayacağım bir müsahibə yoxdur. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir