Arxiv
5 Dekabr 2018, 13:28 | MƏDƏNİYYƏT
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi: “Bizim ictimai dəstəyə ehtiyacımız var” - MÜSAHİBƏ

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramin İgidovun Modern.az saytına Gürcüstandakı dini situasiya ilə bağlı müsahibə verib.

 

- Mümkünsə, Gürcüstan Müsəlmanları İdarəsinin fəaliyyəti barədə ümumi məlumat verərdiniz.

- Gürcüstan Müsəlmanları İdarəsi 2011-ci ilin əvvəllərində yaradılıb. Təbii ki, qurum yaranan zaman müəyyən yanlışlıqlar olmuşdu. Biz bunu inkar edə bilmərik. Bir az da təcrübəsizlikdən irəli gələn məsələ idi. İdarənin yaranma məqsədi barədə danışım: açıq deyirəm, bəziləri bizi Qafqaz Müsəlmanları İdarəsinə qarşı qoyurlar. Amma bu yanlış məsələdir. Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyi var və mən uzun illər həmin idarədə axund kimi fəaliyyət göstərmişəm. Unutmayaq ki, bu ölkədə 5 millət və etnik qrupa mənsub müsəlman yaşayır. 

Qafqaz Müsəlmanları İdarəsi bütün müsəlmanların işinə yetişə bilmirdi. Bunun bir səbəbi madiyyatla bağlı idi. İkinci tərəfdən isə millət və məzhəb məsələsi də müəyyən faktor rolunu oynayır. Həmçinin, dini təşkilatları toplayıb bir konqres yaratmaq arzusunda idik. Burada işləyən təşkilatların bəzilərinə İranla, bəzilərinin isə Türkiyədəki əşkilatlarla əlaqəsi var idi. Şiə məzhəbinə mənsub təşkilatlar İrandan, sünni məzhəbinə mənsub təşkilatlar isə Türkiyədən dəstək alırdı. Qərara aldıq ki, azərbaycanlı olaraq Azərbaycan dövlətindən yardım alaq. Məsələn, kitab çap edək, məscidləri təmir edək. Məbləğ də yadımdadır. 2005-ci ildə yazdığımız məktubda ayda 10 min dollar məbləğində vəsait istəmişdik. Din xadimlərimizə də 100 dollar maaş verilməsini planlaşdırmışdıq. Amma olmadı. Mən özüm də Qafqaz Müsəlmanları İdarəsinin axundu kimi işlədiyim müddətdə onlardan 1 lari pul ala bilməmişdim.

Açıq deyəcəm, şiə müsəlmanları Qafqaz Müsəlmanları İdarəsi ilə işləmək istəyirdilər. Sünni azərbaycanlılar isə Türkiyəyə meyl edirdilər. Zatən, o tərəfdən də böyük dəstək alırdılar, Diyanətlə işləyirdilər. Bu bəlkə də Qafqaz Müsəlmanları İdarəsinin şeyxinin şiə olmasından irəli gəlirdi. Digər tərəfdən dediklərinə görə 200 mindən çox sayı olan acar müsəlmanları Qafqaz Müsəlmanları İdarəsi ilə ümumiyyətlə işləmək istəmirdilər. Türkiyənin dəstəyi ilə Qərbi Gürcüstanda yüzdən çox məscid inşa olunub. Kistin müsəlmanları yaşayan ərazilərdə Qafqaz Müsəlmanları İdarəsi ümumiyyətlə olmamışdı. Oraya gedəndə sakinlər Qafqaz Müsəlmanları İdarəsinin  nümayəndəsinin də həmin əraziyə gəlmədiyini dedilər. Avar müsəlmanlarının da onların fəaliyyətindən xəbəri yox idi. Biz Qafqaz Müsəlmanları İdarəsindən soruşanda ki, Şərqi Gürcüstanda nə qədər məscid var, deyərdilər ki, 57-dir. Amma özümüz getdik gördük ki, onların sayı 110-dur. Təsəvvür edin ki, məscidlərin sayından xəbərsizlik var idi. Bütün bunların da səbəbi o idi ki, Qafqaz Müsəlmanları İdarəsi yalnız azərbaycanlılarla işləyirdi. Digər xalqları isə unudulmuşdu.

 

- Bəs Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstanda müftisi yox idi?

- Xeyr, o idarənin Gürcüstanda nümayəndəliyi var idi. O nümayəndə Hacı Əli Əliyev şiə idi. Onun müavini müfti Yasin Əliyev sayılırdı. Amma o, hazırda bizimlə işləyir. Xülasə, demək istədiyim odur ki, digər xalqlar, millətlər Qafqaz Müsəlmanları İdarəsi ilə işləmək istəmirdi və aramızda əlaqə də yox səviyyəsində idi. 
Gürcüstan dövləti burada hər zaman bir boşluq görürdü. Ölkədə çoxlu millətlər, 27 dini icma var. Təsəvvür edin ki, fərqli dinlərlə yanaşı, İslam daxilində də təriqətlər var idi. Düzdür, Gürcüstan şiələri arasında yalnız cəfəri təriqəti var, şiəliyin başqa qolları ölkəyə gəlməyib. Amma sünnilərdə hənəfi, şafii təriqətləri, Türkiyədən gəlmə süleymançı camaatı, mahmudçu camaatı, nurçu, fətullahçı camaatlar var. Bəzi radikal əqidəli təriqətlər də ölkəyə gəlmişdi. Gürcüstan dövləti özü çaşqınlıq içində idi. Mənbəyi məlum olmayan təşkilatlar kütləvi məscidlər tikməyə başladı. Qafqaz Müsəlmanları İdarəsi ilə də hesablaşılmırdı. Bəlkə bu dövlətdə ona yüksək status verilməmişdi. Amma fakt bu idi, Gürcüstanda 30-a qədər dini QHT müxtəlif dini fəaliyyətlər həyata keçirirdi. Amma bir aidiyyatı İdarə ilə məsləhətləşmirdi. Gürcüstanda Azərbaycandakı kimi Dini Komitə də yox idi ki, icmaları qeydiyyata alsın, özbaşınalıq idi. Buna görə də bütün müsəlmanları birləşdirəcək idarənin yaradılmasına ehtiyac duyuldu. 
Bizim qurum yaradılan zaman Gürcüstan tərəfi ilk olaraq Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəsinə rəhbər olmağı təklif etdi. Yəni Gürcüstan dövlətinin məqsədi parçalamaq deyil, status almış bir rəsmi qurumun və millət və məzhəbləri birləşdirən idarənin mövcud olması idi.

 

- Qeydiyyat üçün müraciət olunmuşdu?

- Bu məsələyə ciddi yanaşılmırdı. Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana gələndə bizim çox dərdimiz, diləyimiz var idi. Amma nədənsə bizimlə görüş heç alınmadı. Mən özüm axund kimi Bakıya da getdim. Amma bizə görüş də verilmədi. Azərbaycan bizim milli dövlətimizdi, amma bu məsələlərdə müəyyən yanlışlıqlar oldu. Gürcü ruhaniləri ilə, patriarxla görüş olurdu, amma biz ruhanilərə sözümüzü demək üçün görüş verilmirdi. Bilmirəm, bəlkə bizi başqa ölkənin adamı hesab edirdilər. Amma əgər biz yad idiksə, nə üçün mən axund təyin olunmuşdum?

 

- Hazırda Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyi ilə Gürcüstan Müsəlmanları İdarəsinin münasibətləri necədir? 

- Məndən öncə şeyx səlahiyyətlərini icra edən şəxs təəssüf ki, Qazfqaz Müsəlmanları İdarəsinin əleyhinə danışırdı. Amma mən faəaliyyətə başlayanda bütün bunların bir nəfərin fikirləri olduğunu anladım. Biz bilirik ki, Qafqaz Müsəlmanları İdarəsi 1823-cü ildə yaradılan idarədir və 1832-ci ildə müftiliklə birləşib. 8-ci şeyxə qədər hamısı Gürcüstanda oturub. Onların böyük keçmişi var. Biz onların əleyhinə deyilik, onların bir çox məsələlərdə mənəvi hüququ var. İlk gündən fəaliyyətə başlayanda Şeyxülislama məktub yazaraq əməkdaşlıq istəmişəm. Gürcüstan dövləti də buna müsbət baxırdı. Dəfələrlə müxtəlif kanallarla əlaqə qurmağa, görüşməyə çalışdım. Təbii ki, burada İranın, Türkiyənin və başqa ölkələrin nümayəndəlikləri var. Amma bizim üçün daha vacib olanı Azərbaycanın dini qurumu ilə əlaqə qurmaqdır. Azərbaycan bizə sahib çıxacaq dövlətdir. Dinimiz bir, milliyətimiz birdir. Ona görə də dərdimizi Azərbaycana deməliyik. Azərbaycanla əlaqəmizin olmaması bizə ziyandır.


 - İndi Qafqaz Müsəlmanları İdarəsi ilə Gürcüstan Müsəlmanları İdarəsi arasında heç bir dialoq yoxdur?

- Təssüf ki, yoxdur. Bizim ictimai dəstəyə ehtiyacımız var. Şiə məzhəbindən olduğum üçün mənə heç yerdən dəstək yoxdur. Deyə bilərsiniz, bəs İran? İnanın, heç onların da burada mütəşəkkil bir işi yoxdur. Bizim sünni qardaşlarımızın fikirlərindən anlaşılır ki, onlar İranla yox, ancaq Türkiyənin Diyanət İşləri Nazirliyi ilə əməkdaşlığa tərəfdardırlar. Mən İran barədə danışanda yanlış anlayırlar. Bizim İranla və İrakla birləşdirən ideoloji prinsip var o da müctəhidlərə təqliddir.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi dəfələrlə müraciət etdi ki, Azərbaycandan da nümayəndələr olsun. Onlar əməkdaşlığa çox sevinirlər. Gürcüstanın və Azərbaycanın dini maraqları eynidir. Azərbaycan da Gürcüstanda dini sabitlik istəyir, dinin siyasətə qarışmamasını istəyir. Ziddiyyətli heç bir məqam yoxdur. Mən həmişə demişəm ki, dini baxımdan bizə örnək İran ya Türkiyə yox, Azərbaycandır. 
Diaspor Komitəsinin sədri Fuad Muradov da Gürcüstana gələndə ona dedim ki, bizim üçün ən gözəl örnək Azərbaycandır.

 

- Gürcü müsəlmanlarla azərbaycanlı müsəlmanlar arasında münasibətlər necədir?  

- Gürcüstan Müsəlmanları İdarəsi onları birləşdirməyə nail oldu. Bu qurum olmayana kimi bizim onlar, onların isə bizim haqda məlumatımız yox idi. Münasibətlərimiz gözəldir. Aramızda problem yoxdur. Hətta onlar şiə mərkəzlərinə getdilər, Kərbəlanı, Məşhədi ziyarət etdilər və anladılar ki, şiələr haqda təsəvvürləri yanlış imiş. İndi elə tədbirimz yoxdur ki, onları çağırmayaq. Onlar da bizi çağırır.

 

- Bəs digər konfessiyalarla, Gürcü Pravoslav Kilsəsi, Erməni Apostol kilsəsi ilə əlaqələriniz necədir?

- Əvvəlcə Gürcü Pravoslav Kilsəsi bizimlə məsafə saxlamaq istədi. Bu yəqin ki, Qafqaz Müsəlmanları İdarəsinə görə idi. Amma sonradan onlar anladılar ki, bu idarəni görməzdən gəlmək doğru deyil. Gürcü Pravoslav Kilsəsinin tədbirlərinə dəvət alırıq, partiarx II İlya ilə də görüşlərimiz olub. Hətta, xaricdəki beynəlxalq təşkilatlarla görüş zamanı da müsəlman icması adından biz, pravoslav icması adından onlar gedirlər. Buna görə müsəlmanlara həmişə ikinci söz haqqı verirlər. Erməni Apostol Kilsəsi, yaxud katoliklərə gəlincə, onlarla da əlaqəmiz var. Erməni Apostol Kilsəsinin nümayəndəsi maraqlı bir təklif vermişdi. Dedilər ki, gəlin oturaq, bir yerdə çay içək. Bir dəfə dəvət etdilər gedə bilmədik. Sonra yenə də dəvət etdilər. Açığı, onlar bizi, biz də onları bütün dini tədbirlərimizə çağırırq. Görüşümüzün vaxtını bir qədər uzatdıq. Hələ görüşməmişik. Biz də onları çox çağırmışıq. Qurban bayramı, dini bayramlar zamanı dəvət etmişik. Biz dini icmaları seçə bilmərik .


- Gürcüstanda dini təhsillə bağlı vəziyyət nə yerdədir? Gürcüstan azərbaycanlıları dini təhsili harada alırlar?

- Açığı, Sovet İttifaqı dağılandan sonra 25-30 il müddətində Qafqaz Müsəlmanları İdarəsi düzgün kadr siyasəti aparmayıb. Bizim dindarlarımızın Türkiyə, yaxud İranda dini təhsil almağa getməsi düzgün qarşılanmır, amma Azərbaycana gedib oxumaq normal qarşlanır. Çünki biz azərbaycanlıyıq və mən özüm də dini təhsilimi Azərbaycanda almışam. Cəlilabadda İrana bağlı mədrəsədə oxumuşam. Azərbaycandakı dini müəssisələrdə, İlahiyyat fakültəsində buradan gedib oxumaq istəyənlər var. İldə 5 nəfəri qəbul etsəydilər, yaxşı olardı. İdarəmizin Şura üzvlərinin təhsili yaxşıdır, amma yerlərdə kadr problemləri var. Yəni yerlərdəki kadrların dini biliyi  axund vəzifəsini icra etməyə imkan verir. Amma din bilgiləri lazımı həddində deyil. Sonradan İrana 5-10 nəfər oxumaq üçün getdi. Aralarında təhsilini başa vuranlar da oldu. Yarımçıq qayıdanlar da. Bəziləri kifayət qədər savadlıdır, qalanları elə də yox. Amma bu, şiə məzhəbinə aiddir. Azərbaycanlıların sünni məzhəbində də savadlı kadır çox azdır. Çünki buradakı mədrəsələrdə təhsilin səviyyəsi yüksək deyil. Amma deyə bilərəm ki, acar müsəlmanları arasında savadlı kadrlar var.

 

- Türkiyənin, İranın Gürcüstanda dini fəaliyyətinin olduğunu dediniz. Azərbaycanlılar yaşayan ərazilərdə onlar çox fəaldırmı?

- Mən İrana bağlı təşkilatlarla çox sıx işləmişəm. İstər-istəməz müəyyən layihələr çərçivəsində əməkdaşlıq etmişik. Bir təşkilat yaratmışdıq - "İman". Orada jurnal çap edirdik, kitablar tərcümə edirdik və dini mərasimlər təşkil edirdik. Həmin təşkilatı İran maliyyələşdirirdi. Burada İranın əsas 4 təşkilatı fəaliyyət göstərir - "Əhli Beyt" cəmiyyəti İrandakı "Beynəlxalq Əhli-Beyt Assambleyası"nın bir qoludur. Onların Gürcüstandakı mərkəzi Marneulidə yerləşir. Daha bir təşkilat "Ahlu Beyt" adlanır. Müsahibə üçün əyləşdiyimiz məkan onların  mərkəzidir. Əslində bu təşkilat daha çox İraqa bağlıdır, Ayətullah Sistaniyə məxsus bir təşkilatdır. Qardabani rayonunda "Əl Hikmət" müəssisəsi var. Ayətullah Həkimi tərəfindən yaradılan təşkilatdır və o da İraqa aiddir. Əslində, hamısı İrana aid edilsə də, bölgədə İraqa aid təşkilatlar daha çoxdur. Təkcə onu deyim ki, İran Gürcüstanda məscid tikməsə də, İraqa aid olan bir neçə məscid var. Məsələn. Soğanlıq kəndinə "Əhli Beyt" məscidi, Marneulidə yeni tikilən "İmam Hüseyn" məscidi İraqa bağlı təşkilatlar tərəfindən inşa edilib. İranın "Əl Mustafa" dini universiteti də çox önəmli fəaliyyətlə məşğuldur. Onların Tiflisdə və Marneulidə mərkəzləri var. Ayətullah Xameneiyə bağlı mərkəzdir. "İman" təşkilatına qayıtsaq, bu ayətullah Xameneinin administrasiyasına bağlı bir təşkilatdır.

 

- Türkiyənin Gürcüstanda, xüsusən Kvemo-Kartlidə hansı təşkilatları fəaliyyət göstərir?

- Türkiyənin əsas camaatları burada fəaliyyət göstərir. Bunlardan əlavə, dövlətə bağlı olan Diyanət Nazirliyinin nümayəndəliyi, "Əziz Xudayi Vəqfi"nə bağlı "Gəncliyə Yardım Fondu" fəaliyyətdə olan əsas təşkilatlardır. Təşkilatlar çox olsa da, onlar ya süleymançı, ya da mahmudçu camaatıdırlar. Gürcüstanda Türkiyənin Diyanət nazirliyinə bağlı olan bir mədrəsə də yoxdur. Yeri gəlmişkən, Diyanətin təqdim etdiyi elmli İslamı bəyənirəm. Amma camaatlarda qapalılıq, bir az sələfilik var. Ona görə Türkiyə Diyanət Nazirliyinin çap etdiyi kitabları gətirməyə çalışırıq. Onların dərslikləri məqbuldur, məzhəbə qarşı təhqirlər yoxdur.

 

- Siz radikallıqdan danışdınız. Növbəti sualım, radikal dini cərəyanların azərbaycanlılar yaşayan bölgələrdə aktivliyi ilə bağlıdır. Suriya və İraqda döyüşməyə gedən azərbaycanlılar olub?

- Sözün düzü, Gürcüstan hökuməti bu məsələləri gizli saxlamağa çalışır. Məqsədlərdən biri gürcü cəmiyyətində İslamafobiyanın yaranmaması ilə bağlıdır. Kiçik dövlətin cəmiyyəti belə təhlükəli nifrətin öhdəsindən gələ bilməz. Eşitdiyimə görə, Gürcüstandan 70-ə qədər şəxs Suriya və İraqa döyüşməyə gedib. Azərbaycanlılardan hətta bir neçə nəfər ölənlər də olub. Amma cənazələri bura gətirilməyib. Bu ilin əvvəllərində biz yaşadığımız yerdən 500 metr aralıda bir hadisə baş verdi. Əhməd Çatayev adlı çeçen döyüşçünün qaldığı evdə partlayış oldu. Partiarx II İlya da tez bəyanat verdi ki, cəmiyyətdə baş verənlərlə bağlı bir nifrət yaranmasın. Hadisə zamanı xüsusi təyinatlılardan biri də ölmüşdü. Amma məsələni şişirtməyə qoymadılar. Bu məsələyə nəzarət etmək vacibdir.

 

- Gürcüstan cəmiyyəti dini hissləri güclü olan cəmiyyət sayılır. Bəs İslamafobiya meylləri bu cəmiyyətdə varmı?

- Avropada olan İslamafobiya hərəkatının dalğası Gürcüstana da gəlib çıxmışdı. Onlar bir neçə dəfə yürüş etməyə də cəhd göstərmişdilər. Amma bizə deyirdilər ki, yerli müsəlmanlara qarşı yox, ərəb İslamına qarşı çıxış edirlər. Maskalı şəkildə aksiya keçirmək istəsələr də, qarşısı alındı. Xaricdən millətçi, nasist şəxslər onları dəstəkləyirdi.

 


- Sizin praktikanızda İslamı qəbul edən gürcü və ya erməni olub? Bu kimi hallarla rastlaşmısınız?

- Belə hallar olur. Corc Buşu partlatmaq istəyən erməni Arutunyan tez-tez həbsxanadan bizə məktublar da göndərir. Onunla görüşməyimizi xahiş edir. Ümumilikdə, az insan dinini dəyişir. Dəyişənlərin də nə dərəcədə səmimi olduğunu bilmirik. Məsələn, burada Baptist kilsəsinin yepiskopu müsəlmanların içində namaz qılır. Mən bunu səmimi hesab etmirəm. Hərə öz inancına görə ayini icra etməlidir. O isə camaatın sırasına girib namaz qılır. Kilsələrinin yanında 3 otaq tikiblər. Biri xristianlar üçün, biri yəhudilər üçün və biri də müsəlmanlar üçündür. Hədiz dərəcədə tolerantlıq nümayiş etdirirlər. 

 

- Xaricdəki azərbaycanlıların diaspor təşkilatları ilə, Azərbaycanın Diaspor Komitəsi ilə əməkdaşlıq edirsinizmi?

- Biz Azərbaycandakı Dini Komitə ilə əməkdaşlıq etmək istəyirdik. 2005-ci ildə Rafiq Əliyev sədr olan zaman onun müavini ilə görüşərək, öz sözümüzü dedik. Onlardan dəstək istəsək də, təəssüflər ki, bir cavab gəlmədi. Bu vaxta qədər təəssüf ki, bir görüş alınmadı. Diaspor Komitəsinə gəlincə, Azərbaycanlların Mədəniyyət Evində də bir müddət işləmişəm. Orada çıxan bir çox qəzet, jurnalların çapına nəzarət etmişdim. "Region Press" qəzetində də çalışmışam. Bu yaxınlarda komitə sədri Fuad Muradovla ayaqüstü görüşümüz oldu. Ona Gürcüstanda "Din haqqında" Qanunun qəbul olunmaması haqda məlumat verdim. Gürcüstan sekulyar dövlət olsa da, qanunun qəbulu çox yaxşı olardı. Çox istərdim ki, ətraflı oturub görüşək. Azərbaycan səfirliyi ilə əməkdaşlıq edirik, Müstəillik günü tədbirlərinə qatılırıq. Öz növbəmizdə Xocalı soyqırımı, 20 Yanvar və s. anım günlərində Quran oxutdururuq. Burada Azərbaycan dövləti haqqında fəxrlə danışırıq. 

 

Bakı-Tbilisi-Bakı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Norveç ikili vətəndaşlığa icazə verəcək 20 Avqust 2019, 22:44 Qaçaqmalçılardan 5 milyonluq kitab götürüldü: Əlyazmanın 5 min yaşı var 20 Avqust 2019, 22:29 Napoleon da tarixin qumsallığına gömülür 20 Avqust 2019, 22:23 Qubada dağlıq ərazidə başlayan yanğın söndürüldü 20 Avqust 2019, 22:07 Gənclərin sosiallaşması...  20 Avqust 2019, 21:44 Qabil Hüseynlidən müxalifətə:Dəfnə gəlməyin 20 Avqust 2019, 21:33 Som “üzən məzənnəyə” keçən kimi batır 20 Avqust 2019, 21:19 Qaradağda ana və azyaşlı oğlunu yük maşını vurdu 20 Avqust 2019, 21:04 Dövlət Gömrük Komitəsindən iddialara CAVAB 20 Avqust 2019, 20:49 Helikopter dənizə düşdü: ölənlər var 20 Avqust 2019, 20:33 Sərnişinlə dolu avtobusu girov götürən belə zərərsizləşdirildi - VİDEO 20 Avqust 2019, 20:17 Xaçmazda 38 yaşlı kişi istirahət mərkəzində öldü 20 Avqust 2019, 20:02 Milyarder Maqomedov qardaşlarına yeni ittiham və... 20 Avqust 2019, 19:40 “Müxalifəti maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan geniş istifadə edilir 20 Avqust 2019, 19:25 Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü 20 Avqust 2019, 19:12 Tramp 10-cu dəfə baba oldu 20 Avqust 2019, 19:03 Paşinyan kəndçini özünə müşavir təyin etdi 20 Avqust 2019, 18:53 Nazir MiQ-29 təyyarəsi ilə bağlı Türkiyə tərəfinə təşəkkür edib 20 Avqust 2019, 18:44 İtaliyanın baş naziri istefa verdi 20 Avqust 2019, 18:20 Efirdə Putinin anasını söyən jurnalist işdən qovuldu 20 Avqust 2019, 18:10 Qala Adam 20 Avqust 2019, 17:54 Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi - YENİLƏNİB 20 Avqust 2019, 17:48 İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL 20 Avqust 2019, 17:43 Manatın sabaha olan məzənnəsi 20 Avqust 2019, 17:23 Putin Makronla Qarabağı müzakirə etdi 20 Avqust 2019, 17:21 Şabranda YANĞIN: 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb 20 Avqust 2019, 17:10 Hirkan qoruğundakı yanğının söndürülməsinə helikopter cəlb edildi 20 Avqust 2019, 17:05 “Qaçqınkom” sədri vətəndaşları əmin etdi 20 Avqust 2019, 16:47 Gələn il yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır 20 Avqust 2019, 16:33 5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq 20 Avqust 2019, 16:27 Bakıda 19 yerdə məktəb yarmarkası fəaliyyətə başlayıb 20 Avqust 2019, 16:22 Azərbaycana 7 ayda gələn turist sayı... 20 Avqust 2019, 16:14 Azərbaycanda Avrasiya Xalqları Günləri keçiriləcək 20 Avqust 2019, 15:56 Şuranın dəstəyi ilə grant.az saytı yaradılacaq 20 Avqust 2019, 15:53 Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin axtarışına qoşulanlara təşəkkür etdi 20 Avqust 2019, 15:36