Modern.az

“Bütün münasibətləri qadın başladar, qadın da bitirər” - Psixoloq gündəmdəki məsələlərdən DANIŞIR  

“Bütün münasibətləri qadın başladar, qadın da bitirər” - Psixoloq gündəmdəki məsələlərdən DANIŞIR   

5 Dekabr 2018, 12:00

“Ona görə ki, qadın çox şeyə qadirdir”.

 
Modern.az psixoloq-konsultant Zeynəb Əyyubova ilə müsahibəni təqdim edir:


– Zeynəb xanım, öncə sizi oxucularımızla tanış edək. Daha doğrusu, özünüz özünüzü, qısaca da olsa, tanıdasınız.

 

– Mən psixoloq-konsultant Zeynəb Əyyubova. Azərbaycan Müəllimlər İnstitutunun Filologiya və Psixologiya fakültəsində bakalavr, həmçinin magistr təhsili almışam. On bir il bundan əvvəl isə Regional Psixologiya Mərkəzində Elnur Rüstəmovla, mərhum Dəyanət Rzayevlə birlikdə çalışmağa başlamışam. Analıq məzuniyyətlərinə görə bir müddət işimindən qismən aralı düşmüşəm. Artıq bir-neçə ildir ki, aktiv şəkildə işimin başındayam.

– Bildiyimiz qədər, bir müddətdir öz sahənizlə bağlı ödənişsiz seminarlar təşkil edirsiniz. İndiki zamanda belə bir işi təmənnasız görməkdə məqsədiniz nədir? 

 

– Bəli, bir müddətdir tədris mərkəzlərində, kolleclərdə, uşaq bağçalarında, həmçinin böyük həcmli konfrans zallarında ödənişsiz seminarlar keçirəm. Məqsədim sadəcə maarifləndirməkdir. Ödənişsiz olmasınının səbəbi isə odur ki, son dövrdə bəzi problemlər çox aktuallaşıb. Məsələn, intihar, valideynlə övlad arasında rabitənin qırılması, ər-arvad arasında münasibətlərin düzgün qurulmaması və bağların itməsi və s. Bu və s. problemlər ölkəmizdə o qədər artıb ki, artıq bunun qarşısını almamaq üçün şüuraltı bəhanlər yaranıb. Həmin şüuraltı bəhanləri aradan qaldırmaq üçün bu seminarlara başlamışam. 

Kifayət qədər izləyici sayı olan “Instagram” səhifəm var. Gün ərzində ora gələn suallardan, mesajlardan belə başa düşürəm ki, insanların bəzi təbəqələrinin ödənişli seminarlardan faydalanmağa maddi imkanı çatmır. Ödənişsiz seminarlar etməklə, həm də bu bəhanəni aradan qaldırmış oluram. 

 

– İnsanlar ödənişsiz seminarlar barədə necə xəbər tutur?

– Seminarlarımızın keçiriləcəyi yer, vaxt və mövzusu barədə öncədən sosial şəbəkələrdə, sosial mediada elanlar verilir. Elanlardan agah olan insanlar dostlarına, yaxınlarına bu barədə məlumat verirlər. İstəyən şəxslər də gəlib, heç bir ödəniş etmədən seminarlarımızdan yararlanırlar. 

– Nəticə necə olur, gözlədiyiniz reaksiyanı ala bilirsinizmi, iştirakçıları qane edirmi fikirləriniz?

– Hər seminardan sonra o qədər xanımlar yaxınlaşır ki, “biz bunu bilmirdik, biz bunu etmirdik, bilməyərəkdən etdiyimiz səhvlər və ya düzlər var”. Və həmin iştirakçılar seminarlardan müəyyən nəticələr əldə edirlər, həyatlarına dəyişikliklər verirlər. Hər seminarımda da, ən azı, 80-90 xanıma müraciət edirəm, maarifləndirirəm. Bilirəm ki, həmin xanımlar da gedib, ən azı, öz ailələrində, başqa dostları arasında həmin mövzunu müzakirə edəcəklər. Bir xanım, minimum, dörd nəfərə bu barədə danışsa, deməli, bizim maarifləndirməyimiz gedib istədiyimiz hədəfə çatacaq.

Onu da qeyd edim ki, mənim seminarlarımdan, hətta qardaş Türkiyədə də xəbərdardırlar. “Instagram” səhifəm oradan da izlənilir deyə.  Bu yaxınlarda məni Türkiyənin “Beyaz TV” telekanalında yayımlanan “İyi ki varsın” proqramına dəvət etmişdilər. 

– Məktəb psixoloqlarına da ödənişsiz dərslər verirsiniz. Bu, hansı ehtiyacdan və ya səbəbdən yarandı?

 

– Bəli, seminarlardan əlavə, artıq iki ildir ki, təşkil etdiyim bir proqram var. Belə ki, son dövrdə Azərbaycanda psixoloqların narahat olduqları bir məsələ vardı: məktəb psixoloqlarının əmək haqqları onların xüsusi dərs almalarına imkan vermir. İki ildir mən iyul, avqust, sentyabr aylarında yüngül məntiq imtahanından keçən şəxslərə oktyabr ayından başlayaraq, may ayına qədər psixologiyanı tədris edirəm. Təbii ki, onlara psixologiyanı ödənişsiz şəkildə praktik öyrədirəm. Artıq məzunlarımızdan psixoloq kimi fəaliyyət göstərəni də var. Bəziləri isə öyrəndikləri bilikləri öz ailələrinə və ya övladlarına tətbiq edir. Bu ilin oktyabr ayından da artıq yeni qrupla başlamışıq və may ayında dərslərimiz bitəcək. Bu il həftədə iki dəfə 80 tələbəyə dərs keçirəm. Bunu hər il davam etdirmək fikrim var. Məqsədim də insanların ruhunun xoşbəxt olmasıdır. 

– İndiyə qədər nə qədər belə seminar təşkil etmisiniz, mövzular nədən ibarət olub?

– “Sirli nağıl” uşaq bağçasında valideynlərə silsilə şəklində seminarlar təşkil etmişik. Seminarlarımız hiperaktivlik sindromu, hiperaktiv uşaqlarla iş, onların valideynləri ilə işlərin necə aparılması mövzularını əhatə edib. Həmçinin belə uşaqlarla praktik şəkildə işləyən psixoloqlara seminarlar vermişəm. “Yellənçək” uşaq bağçasında da bir neçə dəfə “açıq qapı” devizi altında seminarlarımız olub. Burada da məqsəd valideynlərin narahatçılıqlarının açıq şəkildə aradan qaldırılması olub. “Paradise Baku Hotel”də ailədəki kişi-qadın münasibətlərində doğru bildiyimiz yanlışlar mövzusunda seminarımız olub. Seminarda həm ailəli, həm nişanlı, həm də sevgili olan cütlüklər iştirak ediblər. Bəzən doğru bildiyimiz yanışların sayəsində xoşbəxt ola bilmirik. Seminarlarımızda da məqsədimiz iştirakçıları bu barədə məlumatlandırmaq olub. 

Seminarlarımızın mövzuları, ümumiyyətlə müxtəlif formada, həmçinin silsilə şəkildə olur. Kolleclərdə isə xüsusilə özgüvən, yeniyetmələrin valideynləri ilə münasibətləri barədə seminarlar təşkil etmişik.

– Sizcə, bugünkü cəmiyyətimizdə hansı yaş təbəqələrinin, həmçinin hansı cinsin nümayəndələrinin belə seminarlara daha çox ehtiyacı var?

 

– Əslində, bu gün hər kəsin ruh halında problem var. Hər birimizin ruhunun dincəlməyə ehtiyacı var. Bu gün biz azərbaycanlı olaraq həm ruhən, həm fiziki cəhətdən çox yorulmuşuq. O qədər təlatümdəyik ki, başımız o qədər qarışıb ki… Ümumiyyələ, biz azərbaycanlı olaraq tam xoşbəxt deyilik. Bunun üçün çox gözəl olar ki, qadın-kişi fərq etmədən, bütün yaş təbəqəsindən olan insanlar bizim seminarlarda iştirak etsinlər. Amma bunu çərçivəyə bölsək, deyərdim ki, xanımların iştirakı daha mütləqdir. Terapistlərin belə bir fikri var: “Bütün münasibətləri qadın başladar, qadın da bitirər”. Ona görə yox ki, qadın günahkar və ya səbəbkardır. Ona görə ki, qadın çox şeyə qadirdir. Qadınlar maariflənərsə bir ailə, nəsil, cəmiyyət, ölkə maariflənər, dünya uğura doğru gedər. 

 

– Bizdə ödənişsiz kursları, nədənsə, qəribə qarşılayırlar, inanmırlar. Həm də, “ucuz ətin şorbası olmaz” deyərək, qeyri-ciddi yanaşırlar. Sizin seminarlarda bu durum necədir?

– Seminarlar barədə elan verəndə bizə suallar gəlir ki, “həqiqətən ödənişsizdir, biz orda iştirak edəndən və ya sertifrikat verdikdən sonra hər hansı məbləğdə ödəniş tələb edilməyəcək ki”. Bunu çox gözəl başa düşürəm, bir psixoloq, neçə illərdir bu sahədə olan insan kimi onu deyə bilərəm ki, şəxsən mənim özümə indiyə qədər heç kəs təmənnasız heç nə öyrətməyib. Bildiyiniz kimi, universitetlərimizdə psixologiya ancaq nəzəriyyə formasında tədris olunur. Konsultant-terapevt kimi əldə etdiklərimizi isə müəyyən ödənişlər qarşılığında öyrənirik. Bunu da heç kim bizə ödənişsiz etməyib. Mənim birinci il dərs keçdiyim tələbələr düz 2 ay eyni sualı verdilər ki, “dəqiqmi pulsuzdur, bir neçə aydan sonra bizdən pul tələb etməyəcəksiniz?”. Bunu da çox gözəl anlayıram, ödənişsiz kurslara o qədər az təsadüf edirik ki, insanlarda bu addımımız qəribə müəmma doğurur. Ancaq çox xoş sözlər eşidirik, xoş auralı insanlarla tanış oluruq, bəzən bilmədən kiminsə “yarasına” toxunuruq və ya kiməsə məlhəm oluruq. Nəticədə insanlar bizə çox gözəl geridönüş edirlər.

– Bu gün ölkəmizdə kifayət qədər psixoloq var, yəni sahənizdə rəqabət genişdir. Belə bir ortamda ödənişsiz seminarlar keçməyinizə həmkarlarınızın münasibəti necə oldu?

 

– Həmkarlarımdan çox gözəl sözlər eşidirəm. Ümumi götürdükdə, fikirlər, yanaşma  müsbətdir. Əksəriyyəti işimi təqdir edir. Düzdür, bəzən həmkarlarımdan, yaxın rəfiqələrimdən, dost-tanışlardan belə fikirlər də eşidirəm ki, “lazım deyil, maarifləndirmək üçün olsa belə, ödənişsizin qiyməti bilinmir”. Ancaq seminarlarım silsilə şəklində gedir deyə, artıq hər kəs tərəfindən bəyənilir. Çünki mən işimi sevirəm, o insanları lap çox sevirəm. Onların çöhrəsndə gördüyüm “çox sağ olun, təşəkkür” ifadələrindən dolayı çox xoşbəxt oluram, eyforiya yaşayıram.  

 

– Etiraf edək ki, bəzilərimizin aylıq məvacibi psixoloqların qəbuluna düşməyə imkan vermir. Siz bu addımla sanki onların “bazarını öldürürmürsünüz” ki?

– Yox. Deməzdim ki, kiminsə “bazarını öldürürəm”. Düzdür, ola bilər, əksəriyyətinin ödənişli etdiyi təlimi mən ödənişsiz keçirəm. Ancaq psixologiyada individual terapiya var. İndi bütün insanlar buna meyl edir. Həmkarlarımla ona görə aramızda problem yaşanmır ki, mənim etdiyim təlimdir, individual yanaşma, qəbul deyil deyə, problem yaratmır. 

– Ölkəmizdə psixologiyanın hazırkı səviyyəsi bu sahənin içində olan bir şəxs kimi, sizi qane edirmi?

 

– Hazırda Azərbaycanda psixologiya sahəsi çox inkişaf edib. Haradasa, 10-11 il əvvəl Elnur və rəhmətlik Dəyanət müəllimlə aramızda bir diskusiya olmuşdu. O zaman danışmışdıq ki, görəsən, Azərbaycanda nə vaxtsa, psixologiya inkişaf edəcəkmi? Nə vaxtsa, biz kütləvi auditoriyaya bu elmin vacib olduğunu çatdıra bilcəyikmi? O gündən bu günə baxanda, psixologiya sahəsində çox inkişaf gedib. 

 

– Bəzi insanlar, xüsusən də ziyalı təbəqə, eləcə də mən, düşünürük ki, insanın psixoloqa getməsinə ehtiyac yoxdur. Çünki insanın ən yaxşı psixoloqu elə özüdür. Bəzi məşhur psixoloqların ailədaxili problemləri, hətta intihara əl atmaları bizi bu qənaətə gəlməyə daha çox varar etdi.  Sizcə, bu düşüncədə haqlıyıqmı?

– Bu sualı çox gözəl vurğuladınız. Məlum hadisə ilə bağlı çox danışmaq istəmirəm. Çünki həm həmkarım olub, müəyyən müddət bir yerdə fəaliyyət göstərmişik. Həmçinin şəxsin özü Azərbaycan üçün səviyyəli, savadlı kadr idi. Burada incə bir məqam var: məsələn, mən bilirəm ki, şəkər insana ziyandır və bunu sizə elmi yolla izah edirəm. Bir də var ki, şəkərin ağ ölüm olduğunu bildiyim halda, özüm ondan istifadə edirəm. Bu, bir qədər ona bənzəyir. Ümumiyyətlə, birmənalı olaraq, ailə psixoloqu olmaq üçün psixoloqun özünün ailəli olması şərtdir. Həmçinin psixoloq gündəmə öz işi ilə gəlməlidir, ailədaxili problemləri cəmiyyətə yansımamalıdır. Əgər bu baş veribsə, bu, artıq həmin psixoloqun qeyri-peşəkarlığından xəbər verir. 

Düzdür, insanın ən gözəl motivatoru özüdür, insanı özündən gözəl heç kim tanıya bilməz.  Ancaq bəzən insan elə bir halda olur ki, kimsə ona özünü göstərməlidir. Kimsə görməlidir ki, bu insan problem içindədir, məhvə doğru gedir. Bəzən balaca bir problem insana çox böyük gəlir. Yarım bardaq suyun içində batan insanı o suyun içindən çıxarıb göstərmək lazımdır ki, sən dəryada boğulmursan. Ancaq heç kim onun probleminin daxilini görmür. Onun üçün psixoloqa müraciət etmək mütləqdir.

İyirmi il bundan öncə əgər ailədaxili münasibətlərdə ağsaqqal mövzusu var idisə, indi artıq ağsaqqallar özü problem yaşayır. Bir ata 20 il əvvəl qızını ərə verirdisə və deyirdisə ki, getdiyin evdən ancaq kəfənlə çıxa bilərsən. Ancaq bu gün atalar deyir ki, “qızım, sən nə zaman çağırsan, atan hazırdı”. Bu gün psixoloqlar bəzən həmin ağsaqqalların rolunu oynayır. Amma professional psixologiya yaranmadığından, sizin dediyiniz kimi, bəzi ziyalılar belə yanaşa bilir.  

 

– Bu gün özünüzə hansı psixoloqu rəqib hesab edirsiniz?

– Ölkəmizdə öz sahəsini bilən yetərincə psixoloq var. Amma, bir qədər yekəxanalıq kimi çıxsa da, mən bu sahədə özümə rəqib görmürəm. Çünki mənim xəttim, anlayışım, savadım, bir sözlə, mənə aid olanlar məndədir. Başqa bir psixoloqa aid olanlar isə onun özünə aiddir. Yəni mən o, o da mən ola bilməz. Hər birimizin individual yanaşması var deyə, deməzdim ki, kimsə pisdir və ya yaxşıdır. Çox xoşbəxtəm ki, mənim bu gün Azərbaycanda rəqim bildiyim, problemim olan psixoloq yoxdur. Qarşılaşdıqları məclislərdə bir-birinə salam verməyən psixoloqlarla belə, mən çox yaxınam. Çoxu ilə müsbət münasibətlərim var. Bu gün psixoloq hazırlığında da bu, bizə lazımdır. Əgər tərəf çəkirsənsə, kimisə psixoloq kimi yetişdirə bilməzsən.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır